Üləma ənənəsi və fikir öndərləri

  • Bir an da olsa, Allahla irtibatın kəsilməsinə razı olmamaq və bu duada əksini tapan düşüncə ilə Allah-taalaya sığınmaq lazımdır: "Ey hər şeyi var edən Hayy və ey hər şeyin varlığını davam etdirən Qayyum, əngin rəhmətinə güvənərək Səndən mərhəmət diləyirəm, bütün hal və əhvalımı islah et, hər cür hərəkət və davranışımı qulluq şüuru ilə bəzə və bir gözqırpımı qədər də olsa məni nəfsimlə baş-başa buraxma, daima pis əməlləri təlqin edən amansız nəfsimin ümidinə qoyma!" (00:40)
  • Qəflətin qarşısını alan və varsa onu aradan qaldıran ən mühüm vəsitələrdən biri də laübalılıqdan uzaq durmaq, hər məclisdə faydalı əsərləri oxuyub müzakirə etmək və hər söhbətdə sözü Canana gətirməkdir. Unutmamalıyıq coşqun bir mərifəti əldə etməkdə, fikir və duyğuları bölüşməklə ürfan odunu alovlandırmaqda, beləliklə, qəlblərdə Allah eşqi və iştiyaqını daim canlı saxlamaqda bir-birimizə görə məsuliyyət daşıyırıq. (05:13)
  • İşini mükafat üçün görən insanların uğuru çox çəkməz. "Filan şey üçün xidmət edirəm, amma bu da olsa yaxşı olar" deyənlər yanlış yerə sərmayə qoymuş olarlar. (06:46)

Sual: İslamda alim-üləma ənənəsinin dini təməlləri varmı? Tarix boyu müsəlman cəmiyyətində alimlər hansı funksiyaları yerinə yetirmişdilər? Bu gün xalqın güvən və etibarını qazanan və insanları xeyirxah işlərə sövq və təşviq edən fikir öndərləri bu ənənənin davamçısı sayılırmı? (09:34)

  • Bilik, məlumat, və bilmək mənalarına gələn “elm” Haqq-taalanın sübuti sifətlərindən biridir. Allahın digər sifətləri kimi “elm” sifəti də mələk, insan, cin və ruhanilərin elminə bənzəməz. Onun elmi hər şeyi əhatə edir və heç bir şey bu əhatə dairəsinin kənarına çıxa bilmir... o cümlədən bu qüdsi sifətin nə azalma-çoxalma, nə inkişaf etmə-kamala çatma, nə də öyrənərək əldə etmə xüsusiyyəti yoxdur. Àlim, Alìm və Əllam isimləri əsmayi-hüsnadandır. (10:00)
  • Nisbi planda hər şeyi ən yaxşı və doğru bilənlər Haqq-taalanın elmi ilə irtibatı olan insanlardır. Ənbiya [1] və mürsəlin[2], onlar arasında da xüsusilə Ülul-əzm peyğəmbərlər həqiqi alimlərdir. Qurani-Kərim o peyğəmbərlərdən belə buyurur: "Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq..." (“Əhzab” surəsi, 33/7) Ayədə keçən "Səndən" ifadəsi ilə Allah Rəsulu Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm) qəsd olunur. Digər Ülul-əzm peyğəmbərlər isə Həzrəti Nuh, Həzrəti İbrahim, Həzrəti Musa və Həzrəti İsadır (salavatullahi və salamuhu ala nəbiyyinə və əleyhim). (11:42)
  • Peyğəmbər elminin varisləri əsfiya, əbrar və müqərrəbindir (Allaha yaxın insanlar). Quran dərin elm sahibi olan insanları məalən belə təsvir edir: "Bu kitabı nazil edən Odur. Onun bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar sırf fitnə-fəsad salmaq, insanları azdırmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrdən yapışıb onlarla məşğul olarlar. Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar (rasixun) isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər" (“Ali İmran” surəsi, 3/7) (15:27)
  • Səhabələr üləma silsiləsinin ilk cərgəsində dayanan insanlardır. Həzrəti Əbu Bəkir əngin məhviyyət və təvazö insanı olmaqla yanaşı, dərin elmə malik idi. (17:15)
  • Həzrəti Əli vəlayətdə "lədün elmi"nin[3] bambaşqa dərinliyinə sahib idi. Digər xəlifə və səhabələr də səviyyəsi nisbətində elmə yiyələnmişdilər. Ancaq o dövr bir mənada isimsiz müsəmma dövrü idi, yəni alim vardı, amma bu ünvanla çağırılan ya yox idi, ya da çox az idi. Əbu Hüreyrə və Həzrəti Aişə kimi dərin elmi olanlar belə heç vaxt alimlik iddiasında olmasalar da, səhabələr içində bir çox alim var idi. (20:17)
  • İlk müsəlmanlar elm, həqiqət və araşdırma eşqi ilə varlıq və əşyanı ələk-vələk etmiş, əsrlər boyu insanlar üçün mənbə təşkil edən mühüm təsbitlər ortaya qoymuş, getdiyi hər yeri öz əngin zövqünə uyğun təkrar formalaşdırmış, Cənnətlərin dəhlizlərinə çevirmişlər. Onların insanlığa ərməğan etdiyi əsərlər əsrlərin ucalığında dayanır və mahiyyətcə Qərb İntibahına öndərlik səviyyəsindədir. Çoxlarının dediyi kimi, Qərb İntibahının kökləri Əndəlüsdəki İslam mədəniyyətinə gedib çıxır. Təəssüf ki, hicri beşinci əsrdən sonra bu eşqü-iştiyaq tədricən sönməyə üz tutdu. O “beyin fırtınaları” tamamilə səngidi, hər şey tərsinə döndü.. və bu millət öldürücü yorğunluğa mübtəla olmağa başladı. (23:02)
  • Haqq-taala üləmanı təqdir edərək buyurmuşdur ki: "Allahdan bəndələr arasında ancaq alimlər qorxar" (“Fatir” surəsi, 35/28). Bəli Allaha (cəllə cəlaluhu) ancaq alimlər ehtiram göstərər, çünki üluhiyyətə ehtiram Onu tanımaqdan asılıdır. Allahı (cəllə cəlaluhu) tanımayanlar və üluhiyyətin sirrinə bələd olmayanlar ehtiram və xəşyətdən məhrum insanlardırlar. (24:45)
  • O Qızıl dövrdən sonra nə baş verdisə, beşinci əsrdən elmi fəaliyyətlər durğunlaşmağa başladı. Bir tərəfdən mədrəsələr qapılarını müsbət elmlərin üzünə bağladı, digər tərəfdən də qəlb və mənəviyyatdan uzaqlaşmağa başladı. Nəticə etibarilə təkyə və mədrəsə bir-birindən uzaqlaşmış, müsbət elmlər, dini elmlər və qəlbi-ruhi həyat bir-birindən ayrılıb hərəsi bir tərəfə sovrulmuşdur. Son dövrdə elm istiqamətində ortaya qoyduğumuz cəhdlər baxımından, məsələni bənzətmə ilə izah etsək, sistemli düşüncə, həqiqət eşqi və araşdırma iştiyaqından tələqi-səlasə[4] ilə boşandıqdan sonra, təkrar bunları əldə etmək üçün zövci-axirə ehtiyac vardı. Biz onları boşadıqdan sonra yad düşüncələrlə zifafa girdiyimizə görə, bu şərt də yerinə yetirilmiş oldu. Dolayısilə artıq elmlə qəlbin zifaf vaxtı gəlib çatmışdır. (26:26)
  • Müsəlman cəmiyyətində alim həmişə yol göstərmiş, obyektiv hərəkət və davranışları ilə hər kəsin etibarını qazanaraq həm xalqa, həm də idarəçilərə rəhbərlik etmişdir. Buna örnək kimi ilk olaraq Osman Qazinin Şeyx Ədəbalıya, İkinci Muradın Hacı Bayram Vəliyə, Fateh Sultan Mehmetin Molla Xüsrəv və Aqşəmsəddinə, Yavuz Sultan Səlimin Zənbilli Əli Camalı Əfəndiyə və Qanuninin Əbussuud Əfəndiyə olan hörmət və etibarı ağlıa gəlir. (31:35)
  • Bu gün də həm Diyanət camiasında, həm də digər insanlar arasında fikir öndərləri var. Bu sahə tamamilə boş deyildir, amma böyük bir boşluğu doldurmaq üçün kifayət qədər fikir öndərlərinin olduğunu da demək olmaz. Həzrəti Yusifin quyusundan daha dərin bir quyuya düşmüşük, böyük bir boşluğun içində çırpınırıq. Oradan qurtulmaq üçün böyük fərasət və zəkaya ehtiyac var. (36:46)
  • Həqiqi fikir öndəri xalqın rəğbətini fürsət bilib böyüklük taxtına oturaraq ondan sui-istifadə edən insan deyil, onların duyğu və düşüncə ehtiyacını təmin edən, onları xeyirxahlığa istiqamətləndirən və səhv etmələrinə imkan verməyən insanlardır. (37:30)
  • "Mənim göydə iki, yerdə də iki vəzirim var. Göydəki vəzirlərim Cəbrail və Mikail, yerdəki vəzirlərim də Əbu Bəkir və Ömərdir" deyən İnsanlığın İftixarı bu iki dostunun dəyərini çatdırmaqla yanaşı, bir peyğəmbər də olsa, hər kəsin köməyə ehtiyacı olduğuna işarə etmişdir. Məalən "Allah bir sultana və ya idarəçiyə mərhəmət edəndə ona iki vəzir göndərər. Biri onu pis əməllərdən çəkindirər, digəri də daim xeyirxahlığa yönəldər” buyurmuşdur. Bu gün də bir tərəfdən özünə arxayın olmyan və istişarəyə hörmət edən idarəçilərə, digər tərəfdən də məsələləri siyasi mövqelərə qurban vermədən həqiqətin carçısı olan fikir öndərlərinə ehtiyacımız var. (38:33)
  • Millətimizin keçmişdə etdiyi yaxşılıqlar və gözəl əməllər gələcək yaxşı və gözəl əməllərinin ən güclü və doğru istinadgahıdır. Allahın izni və inayəti ilə, bu millət bir daha özünü dərk edəcək və insanlığa indiyə qədər eşitmədiyi nəğmələr dinlədəcək. (41:20)
[1] Nəbilər, peyğəmbərlər.
[2] Allah tarafından insanların doğru yola çıkarılmaları için gönderilen elçiler.
[3] Lədün elmi və ya elmi-lədün çalışaraq əldə olunmayan elmdur. Allah-taalanı insan qəlbinə ilham verdiyi ilahi sirlərə aid elmdir. Bu elmə nail olanlar hadisələrdəki gizli sirləri ve hikməti bilir.
[4] İslam hüququnda kişinin arvadını üç kərə boşamaqla evliliyin sona çatması.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.