Fırtınalar zamanı doğru yoldan ayrılmamaq, səbir və hacət namazı

Fəthullah Gülən: Fırtınalar zamanı doğru yoldan ayrılmamaq, səbir və hacət namazı

  • Həzrəti Pir deyir: “Mühüm və böyük ümuri-xeyriyyənin (xeyirli əməllərin) çox müzirr (zərərli) maneələri olur. Şeytanlar o xeyirli xidmətin xadimləri ilə çox məşğul olur.” Bəli, əgər xeyirli əməllərin izindəsinizsə, şeytan və onun cinni-insi dostları sizdən də əl çəkməyəcək. (00:35)
  • Bir Haqq dostu deyir: “Cənabi-Haqqın qəhrindən qorxursansa, dində sabitqədəm ol, unutma ki, ağaclar şiddətli rüzgarların qorxusundan torpağın dərinliyinə kök salırlar”. Büdrəyib yıxılmaqdan narahat olmayanlar bir də baxarlar ki, ayaqları yerdən üzülüb. (02:07)
  • Şiddətli küləklər əsə bilər, insanları qabağına qatıb sovura bilər... Zəif xarakterli insanlar mənafe və mənfəət ucbatından bu rüzgarla sovrulub gedə bilər... Baş verənlər mömini qətiyyən sarsıtmamalı, yəsə (ümidsizliyə) sürükləməməli və onu əzməməlidir. (04:08)
  • Fırtınalar heç vaxt səngiməyib, axan qanlar heç vaxt dayanmayıb, kin və nifrət dalğaları heç vaxt sakitləşmək bilməyib. Bəzən bir tiran, bəzən bir firondan, bəzən bir nəmruddan, bəzən bir Sezardan, bəzən də namazda yan-yana durduğunuz insandan... Eyni namazı qılarkən zərbə ala bilərsiniz. Bu kimi hallarla qarşılaşanda duyğu-düşüncədə sarsıntı keçirməmək üçün Allahın ipindən bərk-bərk yapışmaq lazımdır. (05:36)
  • İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) Uhudda başını yaran, dişini sındıran və üzünü qanadan insanlar haqda: “Allahım bu insanlara hidayət ver; məni tanımırlar, tanısaydılar, bunu etməzdilər!” deyir. Kimə tabe olmusunuzsa, kimin izindəsinizsə, kimin sözləri yolunuzu işıqlandırırsa, kim sizin üçün rəhnümadırsa (yol göstərən), doğru sözdürsə, məncə, onun ardınca getməlisiniz. (06:40)
  • Yəqin ki, bizim bu dostlarımız ümumən ruhi-mənəvi halımızı bilmədən bu cür xoşagəlməz şeyə əl atdılar. İgidcəsinə “Allahım, bizim əhvalımızı, əfkarımızı (fikirlərimizi), əməllərimizi islah buyurduğun\buyuracağın kimi, onların da əhvalını, əfkarını, əfalını (əməllərini) islah et. Könülləri Uca dərgahına yönəlt!” demək lazımdır; başqa cür hərəkət etmək bizə yaraşmaz. (09:04)
  • Uhud döyüşündən əvvəl Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) döyüş strategiyası barədə səhabələrini toplayıb məşvərət etmişdi. Özü şəhərdən çıxmaq yerinə Mədinədə qalıb müdafiə müharibəsi aparmağı təklif etmişdi. Meydan müharibəsinin tərəfdarları çox olduğuna görə Uhuda çıxdı. Oxçular təpəsində keşik çəkənlərin ictihad xətalarının da bir nəticəsi olaraq döyüş yetmiş səhabənin şəhid edilməsi ilə sona çatdı. Buna baxmayaraq, döyüşdən dərhal sonra nazil olan və olub-keçənlərə baxmayaraq yenə də məşvərəti əmr edən “Ali-İmran” surəsinin 159-cu ayəsi kimsəni günahlandırmamağa dair inananlara bir üslub öyrədir: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbindən sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanma dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (“Ali-İmran” surəsi, 3\159) (10:50)
  • İncidəcəklər, çuvalduz batıracaqlar, qabağınızı kəsəcəklər, yolunuzdan eləməyə çalışacaqlar, bəzən bunun kökündə küfr, bəzən həsəd, bəzən qısqanclıq dayanacaq... Bunlar insan ruhuna “daraşmış” elə mərəzlərdir ki, beynə yoluxmuş elə viruslardır ki, neyronları bürümüş elə xəstəliklərdir ki, dəlixanalarda belə müalicəsi qeyri-mümkündür... Gəlin siz də, Allah xatirinə, bu dəlilik edən insanlardan küsməyin, qəlbiniz qırılmasın, onları Allaha həvalə etməyi düşünməyin. (15:05)
  • “Qazı ola davaçı və mühzir dəxi şahid \ Ol məhkəmənin hökmünə derlərmi ədalət?” (Ziya Paşa) (16:34)
  • Nəinki çuvalduza, mizrağa belə iynə ilə cavab verməməmliyik. İynədən belə istifadə etməməkdə qərarlı olmalıyıq. İncinsək də, incitməməliyik, ürəyimiz sınsa da sındırmamamlıyıq. Yollarımız daraldılsa da, başqalarının yollarını daraltmamalıyıq. (17:50)
  • Sənə çuvalduz batırmayıblarsa, “Onlara iynə belə batırmamışam!” deməyin nə qiyməti var. Əsas məsələ incidənə, rəncidə edənə, oturub-durub əleyhinizə planlar cızana, yalan danışana alicənablıq göstərmək, “yalandır” deyib nəzakətsizlik etməməkdir. (19:25)
  • Allah-taala Həzrəti Musa və Həzrəti Harunu (aleyhissalam) fironun yanına göndərərkən: “Ona mülayim sözlə xitab edin, mülayim şəkildə davranın, mülayim bir düşüncə ilə qarşısına çıxın, incitmədən sözünüzü deyin!” (“Taha” surəsi, 20\44) − buyurur. Sizin qarşınızdakı insanlar Nəmrud deyil, Firon deyil, Sezar deyil, İskəndər deyil, Napoleon deyil, dəli Hitler deyil... Alnı səcdəyə dəyən insanlardırsa, bizim vəzifəmiz onlara hörmət göstərmək, həmişə təqdir etmək, təbcil etmək və Firdövs cənnətinə onlarla birlikdə getmək arzusunda olmaqdır. (22:50)
  • İnsan həmişə Allaha mütəvəccöh olmalıdır (həmişə Ona yönəlməlidir). Heç bir problemin olmadığı zamanlarda belə iztirarla Allaha dua etməlidir. Çünki yüsr (rahat və dinc) vaxtlarda Cənabi-Allaha təvəccöh etsəniz, bir gün bir çətinliklə (üsr) üzləşəndə Allah da onu yüsrə çevirər. (25:15)
  • Bu şiddətli fırtınanın səngiməsi üçün səcdələrimdə hacət duasını oxumuşam. Bu işdə bizim əməyimiz onda birdir, bəlkə də, heç yoxdur. İndiyədək bu yolda zəhməti olan qəhrəmanlar, bir əsrdir, baldırğan zəhəri içə-içə bu işi davam etdirən, zindanlarda ömür çürüdən, dünyanın zərrə qədər zövqü-səfasını dadmayan, şəhər-şəhər sürgün edilən, həbsxanalara atılıb təcrid edilən, dəfələrlə zəhərlənən, “bu da bu vətənin övladıdır” sözünə layiq görülməyən insanlar... Bu işin içində belə insanların əməyi var... Və bu əməyin nəticəsində əldə edilənlər sizin çiyninizdə əmanətdir. “Allahım, bu, bir əmanətdir, bizə aid deyildir, çiynimizə müvəqqəti yüklənib. Sən onu qorumasan, biz bu yükü çəkə bilmərik, bunu Sənə təslim edirik, Allahım!” (28:30)
  • Dünya zövqü nədir bilmirəm. Dünya malından heç nəyim olmayıb. Dünyanı mənə təklif edənlərə, anama-atama... Canım Yaşar xocam məni qucaqlayıb ağlamışdı: “Sən də mənə qulaq asmasan, kim qulaq asacaq!”, − demişdi... Təklif edən hər kəsə, ən sevdiyim insanlara: “Hizmətin insana ehtiyacı olduğu belə bir dövrdə ayağıma zəncir vurmaq istəyirsiniz? Mən başqa şey haqda düşünmək istəmirəm, yalnız O, yalnız O!..” demişdim. Yalnız Ondan danış, yalnız Onu söylə, yalnız Onu düşün, yalnız Onu virdü-zəban eylə, yıxılsan, yalnız Onun üçün yıxıl, dursan, yalnız Onun üçün dur, yalnız Onun adını pıçılda... (30:15)
  • And içirəm, bu məsələnin onda birinə zərər verməkdənsə, bir gündə on dəfə ölməyə razıyam; on dəfə Əzrail gəlsin, öldürsün məni, bir də dirilim, yenə öldürsün... Buna and içə bilərəm, çünki dünya ilə zərrə qədər bağlılığım olmayıb. Bəzi “uzağı görməyənlər” “malikanələrdə yaşıyır” deyə bilərlər. Neyləyək, çəp baxdıqları üçün səhv görə bilərlər. İbrahim Haqqı həzrətləri “Avərə (çəpgöz) olma yaxın ki, sənə əyri baxar” deyir. Avər Allaha da əyri baxar, Peyğəmbərə də əyri baxar, dinə də əyri baxar; yalnız özünə doğru baxar, o da özünü doğru görərmi, görməzmi?!.. (31:45)
  • Müxtəlif səbir növləri var; mütəmadi ibadət etməkdə səbir, günaha girməməkdə səbir və müsibətlər zamanı səbir ən çox bilinən səbir növləridir. (34:05)
  • Vaxt tələb edən və müəyyən zamanda hasil olan işlərdə səbir göstərmək də səbirin ayrı bir növüdür. (37:37)
  • Sevgilinin həsrəti ilə yanıb qovrularkən belə, vəzifə bitənədək dünya həyatına dözmək və qəlbdəki vüsal arzusunu məsuliyyət hissi ilə cilovlamaq ancaq seçilmiş bəndələrə xas bir səbir növüdür. Müqərrəbinə aid bu “vüsal həsrətinə səbir” həsrət odunda yanan Haqq dostlarının dinə xidməti nəfslərindən üstün tutaraq burada, dünyada qalıb vəzifələrinə davam etməsi, hər anı “Vüsal nə vaxtır, Allahım?!..” düşüncəsi ilə keçsə də taleyin yazısına boyun əyərək ölümü deyil, Onun rizasını istəməsi və məfkurəsi uğrunda dünyanın keşməkeşlərinə bir qədər də dözməsidir. (39:55)

Hacət namazı: (42:35)

Hacət namazı: Cənabi-Allaha ərz edilən istəklər əl açanların himmət hissindən asılı olaraq dəyişir. Kimisi yaxşı həyat yoldaşı, saleh övlad, geniş ev, bol ruzi və s. arzularla hacət namazı qılır, adanmışlar isə gecə-gündüz ileyi-kəlimətullah üçün yalvarıb-yaxarırlar. Bir ehtiyacı, sıxıntısı, dərdi və istəyi olan mömin dörd rükət namaz qılar, Cənabi-Allaha həmd-səna edər, Peyğəmbərimizə (sallallahu aleyhi vəsəlləm), ənbiyayi-izama, məlaikeyi-kirama və sələfi-salehə salavat gətirər, Məhəmməd ümmətinə dua edər, sonra bu cür niyaz edib arxasınca istəklərini söyləyər:

لَا إِلَهَ إِلَّا اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ سُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ أَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ وَعَزَائِمَ مَغْفِرَتِكَ وَالْعِصْمَةَ مِنْ كُلِّ ذَنْبٍ وَالْغَنِيمَةَ مِنْ كُلِّ بِرٍّ وَالسَّلَامَةَ مِنْ كُلِّ إِثْمٍ لَا تَدَعْ لِي ذَنْبًا إِلَّا غَفَرْتَهُ وَلَا هَمًّا إِلَّا فَرَّجْتَهُ وَلَا حَاجَةً هِيَ لَكَ رِضًا إِلَّا قَضَيْتَهَا يَا أَرْحَمَ الرَّاحِمِينَ

اَللّهُمَّ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ لاَ إِلهَ إِلاَّ اللَّهُ الْعَلِيُّ الْعَظِيمُ لاَ إِلهَ إِلاَّ اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ سـُبْحَانَ رَبِّ السَّـموَاتِ السَّـبْعِ وَرَبِّ الْعَـرْشِ الْعَظِيمِ اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

اَللّهُمَّ كَاشِـفَ الْغَمِّ مُفَرِّجَ الْهَمِّ مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ إِذَا دَعَوْكَ رَحْمانَ الدُّنْيَا وَاْلاخِرَةِ وَرَحِيمَهُمَا فَارْحَمْنِي فِي حَاجَتِي هذِهِ بِقَضَائِهَا وَنَجَاحِهَا رَحْمَةً تُغْنِينِي بِهَا عَنْ رَحْمَةِ مَنْ سِوَاكَ


“Həlim və Kərim Allahdan başqa ilah yoxdur. Əzəmətli Ərşin Rəbbi Allahı təsbeh edirəm. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəbbim, rəhmət və mərhəmətini gətirən əməlləri, şəkk-şübhə olmayan əfvini, günahlardan hifzini, bütün xeyir əməlləri, hər cür günahdan uzaq olmağı istəyirəm. Məndə bağışlamadığın bir günah, sovuşmayan bir kədər, təmin etmədiyin heç bir ehtiyac qoyma, ya Ərhamərrahimin.

Allahım, bəndələrin ixtilafa düşdükləri məsələlərdə hökm verən Sənsən. Uca və Əzim Allahdan başqa ilah yoxdur. Həlim və Kərim Allah yeganə ilahdır. Yeddi göyün və ərşin Rəbbi Allahı təsbeh edirəm. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.

Ey kədəri, qüssəni sevincə çevirən, dua edən naçarların duasına cavab verən Allahım, ey dünya və axirətin Rəhman və Rəhimi! Bu ehtiyacımı elə təmin et ki, kimsənin mərhəmətinə, rəhminə möhtac qalmayım”.

Çarəsiz görünən dərdi, bir xəstəliyi olan mömin dəstəmaz alar, iki rükət namaz qılar, həmd-səna, səlatu-salam və ümmətə dua etdikdən sonra bu niyazı edib arxasınca istəyini dilə gətirir:

اَللّهُمَّ إِنِّي أَسْأَلُكَ وَأَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيّـِكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ، يَا مُحَمَّدُ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى رَبِّي فِي حَاجَتِي هَذِهِ لِتُقْضَى لِي، اَللّهُمَّ فَشَفّـِعْهُ فِيَّ.

“Allahım Səndən diliyirəm, rəhmət peyğəmbəri Həzrəti Məhəmmədi vəsilə edərək Sənə yönəlirəm. Ey şanı uca Rəsul (aleyhissalatu vəsəlləm), bu ehtiyacımın təmin edilməsi üçün Səni vəsilə edərək Rəbbimə üz tuturam. Allahım, Peyğəmbərimizin şəfaətini məndən əsirgəmə”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.