Fitrət, din və firqələr

Fəthullah Gülən: Fitrət, din və firqələr

Sual: “Rum” surəsinin 30-cu ayəsində işlənən “hənif”, “fitrət”, “xəlqullah” və “dini-qayyim” ifadələri hansı mənalara gəlir? Bunların ardıcıl şəkildə sıralanmasının hikməti nedir? (00:19)

  • Cənabi-Allah buyurur: “Elə isə Sən batildən uzaqlaşaraq üzünü və özünü haqq din İslama tərəf tut. Yəni Allahın insanları yaradarkən əsas götürdüyü o fitrətə uyğun hərəkət et. Allahın bu xilqətini heç kim dəyişdirə bilməz. Doğru din budur. Lakin insanların əksəriyyəti bunu bilməz, anlamaz.” (“Rum” surəsi, 30, 30) (00:40)
  • Əsaslarını Qurandan götürən, Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) tərəfindən təbliğ və təmsil edilən, yaşanan və yaşadılan İslam səmavi bir dindir və bu dinə inanaraq ona riayət edən də mömin və müslimdir. Onun əsasında və batinində iman, izan və təslimiyyət, zahirində də itaət, inqiyad və saleh əməl dayanır. Sələflərimiz bu dinə “İnsanları iradə və ixtiyarı ilə bilavasitə xeyrə sövq edən ilahi qanunlar məcmusu” şəklində tərif vermişlər. Bu dinamik sistem nə səviyyədə tətbiq və təmsil edilirsə, o qədər də dünyəvi-üxrəvi fayda gətirir. Həyatdan təcrid ediləndə isə bir nəticə əldə etmək mümkün deyil. İman və İslam istilahlarının lüğəvi mənası arasında fərq olsa da, “İman İslamsız, İslam da imansız ola bilməz” fikri ən sağlam görüşdür. İman batin, İslam isə onun qövli, feili şəkildə ortaya qoyulması, yəni zahirdir Və “haqq din” adlanan ilahi sistem də bunların cəmindən ibarətdir Bəli, iman və İslamın bütün prinsiplərinin həyata keçirilməsi din, bu sistemi olduğu kimi qəbul edib yaşamaq möminlik, onu bu şəkildə təmsil edən şəxs də dindardır. (01:39)
  • “Hənif” əyrilikdən üz çevirib doğruluğun arxasınca gedən şəxs deməkdir. Adətən Həzrəti İbrahim millətinin ünvanı kimi məşhur olub batil din və məbudlardan uzaqlaşıb yalnız Allaha üz tutan və “Ona şərik qoşmadan bir Allaha inanan” (“Həcc” surəsi, 22\31) mənasına gəlir. Yuxarıdakı ayədə işlənən “hənifən” sözü şirkin və nəfsə cahilanə itaətin tam əksi olaraq haqqa meyil, doğruluq, tövhid mənasına gəlir. (02:55)
  • Şirkin böyük-kiçik, gizlisi-aşkar - bir çox növü var. Cənabi-Allahın icraatına şərik qoşmaq aşkar və çox böyük bir şirk olduğu kimi, yaxşı əməlləri göstərmək, eşitdirmək, alqışlanma ummaq, axirətə aid əməllərdə dünyəvi mənafe güdmək də bir şirkdir. (03:50)
  • “Fitrət” sözün “xilqət, yaradılışdan insana verilən xüsusiyyətlər, xarakter, maya (əsil, kök), təbiət, məzac, nöqsansız-qüsursuz yaratmaq, Peyğəmbərin yolu, İslam dini, səlim qəlb və Allahın yolu (adətullah)” kimi leksik mənalara gəlir. Bəzi alimlər fitrəti “ilk yaradılış” kimi izah etmiş, Qurani-Kərimdə Cənabi-Allahın ismi kimi işlənən “Fətirüssəməvəti vəl-ərz – Göylərin və yerin yaradanı” ibarəsini əsas gətirmişlər. “Fitrət”in istilahi mənası isə “hər bir insanın xilqət etibarilə Allaha inanmağa və ibadətə meyilli yaradılması” demək olub ülvi həqiqətləri qəbul və dərk etmək qabiliyyətidir. (09:07)
  • İnsanın hər bir orqanının, cövhərinin, lətifəsinin (qəlbə aid duyğu), zahiri-batini duyğularının bir yaradılış hikməti və özünəxas vəzifəsi vardır. İnsan təbiət etibarilə dünyaya göndəriliş hikmətini öyrənməyə, ibadət məsuliyyətini qavramağa və daima xeyirxahlıq etməyə meyilli yaradılmışdır ki, buna da “fitrət” deyilir. Fitrət pozulmamışsa, daima haqqa üz tutur. Ona görə də fitrəti səlim insan ağlı kəsəndən Haqqı tanımağa ehtiyac hiss edir, daim Onu axtarır və Ona ibadət sayəsində mənən rahatlıq tapır. Bəli, insanın fitrətində iman əsli (əsas), küfr isə arizidir (təbii olmayıb sonradan ortaya çıxan). Ancaq əsli təmiz olan fitrət də sui-istifadə nəticəsində kirlənə bilər. Dolayısilə əgər fitrət qorunub saxlanmasa və tədbir görülməsə, insanın küfür axınlarından birinə qapılması gözləniləndir. (12:48)
  • Hər bir uşaq təmiz fitrətlə dünyaya gəlir. Uşaq ağac olub meyvə vermə potensialına malik toxuma bənzəyir. Bu toxumun təmiz torpağa səpilməsi, təmiz hava ilə havalandırılması, təmiz şüalarla işıqlandırılması, təmiz su ilə suvarılması və budanması fitrətinin qorunub saxlanması, yaradılışın hikməti istqamətində yaşaması üçün şərtdir. Bu məsələdə ailə, məktəb və mühit kimi faktorlar mühüm rol oynayır. (14:30)
  • Üçdə iki ehtimala görə, insan yolunu azıb zəlalətə düşə bilər. Doğrunu tapıb doğruya yönəlməsi, daha sonra doğru ilə əl-ələ verməsi isə üçdə bir ehtimaldır. Belə ki, insan iradəsini ortaya qoyub doğru yolun şərtlərinə riayət etməz, ziqzaq hərəkət edərsə, zəlalətə düşməsi qaçılmaz olar. İkincisi, insan yerindən tərpənməz, özünü ətalətin durğun qoynuna atarsa, onun da zəlalətə düşmə ehtimalı var. Yerdə bir ehtimal qalır ki, o da insanın iradəsini ortaya qoyması, özünü məcbur etməsi və beləliklə, hidayətə çatmasıdır. Bəli, insan bir ehtimalla hidayətə çatır. Əgər o, bu ehtimaldan istifadə eləməsə, iki ehtimala görə zəlalətlə üzləşəcək. Demək ki, doğru yolu tapıb o yolda yaşamaq ciddi cəhd və qeyrət tələb edir. (16:43)
  • Qurani-Kərimdə “sünnətullah” və “adətullah” da adlanan “xəlqullah”ın təbdil və təhvil edilməz olduğu bildirilir (“Əhzəb” surəsi, 33\62, “Fatir” surəsi, 35\43, “Fəth” surəsi, 48\23). “Təbdil” bir şeyi başqa bir şeylə dəyişmək, “təhvil” isə bir vəziyyətdən başqa bir vəziyyətə keçmək mənasına gəlir. Bu ayələr gələcək zaman formasında olub “Sən Sünnətullahda heç bir dəyişiklik görə bilməzsən, görməyəcəksən də!” buyurulur. Odur ki, “sünnətullah” termini Allah-taalanın külli hökmlərini və hikmətini icra etdiyi yol, sistem mənasına gəlir. Peyğəmbərlərin təbliğ etdiyi şəri hökmlərdə bəzi fərqlər olsa da, əsas prinsiplərdə fərq olmadığını deyən Raqib əl-İsfəhani (502\1108): “Allahın əzəldən qayda-qanunu belədir. Sən Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən!” (“Fəth” surəsi, 48\23) ayəsində də Allahın əzəli qayda-qanunlarının mövcudluğuna toxunulduğunu vurğulayaraq, ayədə keçən “sünnətullah” məfhumunun “dini hökmlər” şəklində də izah edildiyini açıqlayır. (19:09)
  • Pakistan alimi İnamullah ikinci Eynşteyn kimi məşhur olan Ceyms Cinsə (Sir James Jeans) tez-tez baş çəkir. Əksər hallarda onun atomlardan qalaktikalara qədər bu möhtəşəm sistemin, nizam-intizamın ağlasığmaz ahəngini heyran-heyran düşündüyünü görür. Bir gün: “İnamullah, təəccüb edirəm! Elmin bu qədər inkişafına baxmayaraq, elm ocaqlarında hələ də inkarçılıq hökm sürür”, - deyir. İnamullah bu fürsətdən istifadə edib “Ustad, bilirsən, Həzrəti Məhəmmədə (sallallahu aleyhi vəsəlləmə) vəhy olunan Qurani-Kərimdə belə bir ayə var ki: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar.” (“Fatir” surəsi, 35\28). Ceyms bunu eşidəndə döyüküb: “Bunu Həzrəti Məhəmməd deyir? Elədirsə, O, haqq peyğəmbərdir!” - deyir. (21:43)İnsan
  • Fitrətin varlığını hiss eləmək üçün şirkdən uzaqlaşmaq şərtdir. İnsan nə qədər böyük-kiçik şirkdən uzaq olarsa,fitrətin qanunlarını bir o qədər yaxından duyar, görər və dərk edər. (21:43)

Sual: “Rum” surəsinin 31 və 32-ci ayələrində “hizib-hizib” (dəstə-dəstə, qrup-qrup, firqə-firqə) bölünüb mənsubluq anlayışı ilə lovğalanmaq müşriklərin xüsusiyyəti kimi təqdim olunur? Bu ilahi bəyan möminləri nəyə səsləyir?

  • Cənabi-Allah buyurur: “Hər şeydən keçərək Ona tərəf dönün. Ona üsyan etməkdən qorxun, namazı layiqincə qılın və müşriklərdən olmayın! O kəslərdən ki, öz dinlərini parçalayıb firqə-firqə oldular. Hər bir firqə (hizib) öz dəstəsi ilə lovğalanır.”
  • Xətaları etiraf edib peşmançılıq hissi ilə qıvranmaq, fövtə verilən məsuliyyətləri yerinə yetirərək təkrar ayağa qalxıb Cənabi-Allaha yönəlmək mənalarına gələn tövbə həqiqət əhlinə görə, Zati-Üluhiyyətə zidd duyğu, düşüncə, təsəvvür və davranışları tərk edib Onun əmr və qadağalarına riayət edərək təkrar Onunla müvafiqət (uyğunluq, münasiblik, uzlaşma) və mütabiqət (müvafiqlik) qurma cəhdidir. Saliqin ilk mənzili, talibin ilk məqamı tövbə, ikinci məqamı inabədir. Tövbədə duyğu, düşüncə və davranışların müxalifətdən (düzgün gəlməmə, zid olma) müvafiqətə, müarizədən (qarşı gəlmək) mütabiqətə keçid var. İnabə isə mövcud mütabiqət və müvafiqəti sorğu-suala çəkmək, yoxlamaqdır. İnabə tövbə ilə övbə (Allahdan qeyri hər şeydən vaz keçmək) arasında bir yönəlişdir. (26:30)
  • “Təqva” haramlardan qətiyyətlə üz çevirmək, fərzləri nöqsansız yerinə yetirmək, vacib ibadətləri həssalıqla etmək, şübhəli şeylərdən çəkinmək və şübhəli olan bəzi mübahlardan da uzaq durmaqdır. Həzrəti Pirin cızdığı təqva çərçivəsinə baxanda onun məsələyə daha yumşaq üslubla yanaşdığını, asanlaşdırma yolunu seçib əhatə dairəsini genişləndirdiyini görürük. Məsələn, bir yerdə o: “Bu zəmanədə təxribat və mənfi cərəyan dəhşətli hal aldığı üçün təqva bu təxribata qarşı ən böyük əsasdır. Fərzlərə riayət edən, böyük günaları işləməyən xilas olar” sözləri ilə təqvanın sərhədlərini müəyyənləşdirir. Həzrəri Pirin ilhama (ilahidən qəlbə gələnlər), varidata və ya bir xutura (ilahidən ağıla gələnlər) binaən ortaya qoyduğu bu təqva tərifini kamil təqvaya çatmağın çətin olduğu, bır sıra ziddiyyət, problem və zərurətlər ucbatından yaşanmadığı bir dövrdə insanları haramlardan çəkindirib fərzləri nöqsansız yerinə yetirərək təqvaya və onun gözəl nəticələrindən faydalanmağa səslənişi kimi başa düşmək olar.
  • Ayədə əmr olunan “inabə” və “təqva” bir mənada məsələnin nəzəri yönünü ortaya qoyur. Namaz isə məsələnin əməli yönünü və o iki fəzilətə aparan yolu göstərir. (30:10)
  • Sünnət və nafilə namazlar “cəbrən lin-nöqsan”dır, yəni fərz namazların nöqsanlarını aradan qaldırır, çatışmazlıqlarını tamamlayır. Cənabi-Allah sünnət və nafilə namazlarını qılanlara müstəsna yaxınlığını vəd edir. Onları əhəmiyyətsiz saymaq və yola vermək qətiyyən doğru deyil. (30:47)
  • Bizim xalq namazın əda edilməsi ilə bağlı “namaz qıldım” ifadəsini işlədir. Halbuki Qurani-Kərim və Sünnədə namazın qılınması mənasında “iqamə” sözü işlədilir. “İqamə” masivadan (Allahdan qeyri hər şey) üz çevirib namazı daxili və xarici şərtləri ilə nöqsansız yerinə yetirmək, Allahın bizə verdiyi bu əmanətin haqqına həssaslıqla riayət etmək və bu abidəni özünəxas rəng, naxış və cizgiləri ilə mükəmməl bir şəkildə ortaya qoymaq deməkdir. (31:47)
  • Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisdə buyurur: “Beş vaxt namaz evin önündən axan və gündə beş dəfə yuyunduğunuz suyu bol çaya bənzəyir. Allah bu beş vaxt namaz hörmətinə gühanları təmizləyir”. Demək ki, namazın bir digər faydası da günahları təmizləməkdir. Üstəlik gündə beş-on dəfə Allahın hüzuruna çıxıb Ondan kömək istəyən bir bəndənin günah işləməsi çətindir. Beləliklə namaz insanın nəinki keçmiş günahlarını təmizləyir, həm də günah işləməyə mane olur. (34:30)
  • “Müşriklərdən olmayın! O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular. Hər bir firqə (hizb) öz dəstəsi ilə lovğalanır” məallı ayə ilk növbədə Cənabi-Allahın göndərdiyi dini bəşəri fikirləri qarışdıraraq dəyişdirən və müxtəlif yollara dini don geydirən, Allah yolundan uzaqlaşıb firqə-firqə, dəstə-dəstə bölünən insanlardan bəhs edir. Burada (mərhum Həmdi Yazırın qeyd etdiyi kimi) tövhidin əksi olan müşrikliklə yanaşı, gizli-aşkar hər cür şirkdən çəkindirmə də var. Ona görə də ayə daha geniş mənaları ehtiva edir. Məsələn, Haqq yoldan uzaqlaşaraq dinlərini firqələrə, dəstələrə bölənlərdən olmayın; ümumi fitrəti qavrayan ruh və geniş haqq vicdanı ilə hərəkət etməyən, hər biri öz xüsusiyyətinə, öz mənafeyinə, dar düşüncəsinə uyğun olaraq bir rəhbərin dalınca düşən və qruplara, firqələrə bölünən, yalnız özünü haqlı sayıb bununla lovğalananlardan da olmayın. (37:10)
  • Əsasını Kitab və Sünnədən götürən etiqadi, yaxud da əməli məzhəbləri bu ayənin çərçivəsinə daxil etmək qətiyyən doğru deyil. Zira məzhəblər zərurətdən ortay çıxmışdır və bu haqq məzhəbin imamları Kitabla Sünnəni qəbul edib həqiqətin yalnız öz məzhəbi olduğunu da iddia etmirlər. Üstəlik onların digər məzhəb imamlarına da böyük hörməti var. Hətta onlar o qədər mütəvazi və haqpərəstdirlər ki, biri digərinə bu şeir həsr eləmişdir: “Müsəlmanların imamı Əbu Hənifə hədis və fiqhə dair əsərləri ilə səhifələrə yazılmış Zəbur ayələri kimi, ölkələri və sakinlərini bəzəmişdir. Şərqdə, qərbdə, Kufədə (heç bir yerdə) Onu tayı-bərabəri yoxdur.” (40:50)
  • Fərqli yollarla Haqqa xidmət edən insanlar sözügedən ayədəki bədbəxtlərin aqibəti ilə üzləşməmək üçün çox diqqətli yaşamalıdır. Zira şəxsi ənaniyyət camaat ənaniyyəti ilə birləşəndə daha da qüvvətlənir. Bu baxımdan ali təriqətlərdən birinə və ya bir camaat və hərəkata mənsub insanlar getdikləri yola, yaxud da rəhbərlərinə inanıb böyük məhəbbət bəsləməklə yanaşı, başqalarını haqsız saymaqla haqsızlıq etməməlidirlər. Qurtuluşun illah da bir təriqətə, camaata, yaxud da bir hərəkata mənsubluqda olduğunu düşünmək, bir silsilə ilə gələn bir mürşidin yolunu tutmağı zəruri bilmək və hətta həmin mürşidə tabe olmayanlara zəlalət damğası vurub onların nicatını mümkünsüz saymaq qətiyyən doğru deyil. Həzrəti Pirin sözləri ilə desək, “Öz yolunun məhəbbəti ilə hərəkət etmək digər yollara ədavət bəsləməyi tələb etmir”. (42:00)
  • Allaha aparan yollar Kitab və Sünnəyə müvafiq olmaq şərtilə, məxluqatın nəfəsi qədərdir. Bu baxımdan Əbdülqadir Geylani həzrətləri də haqdır... Məhəmməd Bahaüddin Nəqşibəndi həzrətləri də haqdır... Həsən Şazəli həzrətləri də haqdır... İmam Rəbbani həzrətləri də haqdır... Mövlana Xalidi-Bağdadi həzrətləri də haqdır... Əbu Hənifə də haqdır, Maliki də haqdır, Şafei də haqdır, Hənbəli də haqdır, Sevri də haqdır, Əvzayi də haqdır. (44:10)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.