Gerçəkləşən röya

Sual: Qurani-Kərimin Əshabı-Kirama verdiyi müjdələrin sonra gələn müsəlmanlara aid yönləri nələrdir? Bununla yanaşı, "Fəth" və "Rum" surələrindəki təbşiri (muştuluğu) necə oxumalı və necə anlamalıyıq? Bu hadisələrə tarix gözü iləmi baxmalıyıq, yoxsa, iman çərçivəsindənmi nəzər yetirməliyik?

  • Nüsrət (zəfər, qələbə) və fəthi müjdələyən ayələrdə mütləq istiğfar çağırışı və insanların öz mənlikləri ilə üzləşmələrinə bir dəvət də vardır. (01.30)
  • İnananları ümidsizliyə salan hadisələrin iç-içə cərəyan etdiyi Hüdeybiyə sülhü əsnasında müahidə (müqavilə) şərtlərini görən bəzi möminlərin qəlbləri sızlamışdı; Əshabı-Kiram gözlərini Əfəndilər Əfəndisinin (s.ə.s.) çöhrəsinə dikib, yeni bir muştuluq gözləyirdi.. nəhayət, gözlədikləri oldu və "Fəth" surəyi-cəlilə nazil oldu. Bəli, Quran:"Allah-Təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız." (Fəth, 48/27) deyirdi və dediyi kimi də oldu. Qısa müddət sonra İlahi Bəyanın təsvir etdiyi kimi Məkkəyə girildi və Kəbə təvaf edildi. (05.00)
  • Cənabi-Haqq daha sonra nazil olan ayədə də gələcəyə aid bəşarətlər verir və müsəlmanların daha geniş üfüqlərə açılacaqlarını müjdələyirdi. Və bu yeni müjdə çərçivəsində möminlərə: "Onu (İslamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur" (Fəth, 48/28) -deyirdi. Vaxtı gələndə bu böyük hadisə də gerçəkləşdi və müsəlmanların can verən, həyat bəxş edən nəfəsləri dünyanın bir çox qitəsində duyulmağa başlandı. (06.25)
  • Hər müvəffəqiyyət və zəfər özü ilə birgə iki böyük təhlükəni də gətirir: Birincisi, müvəffəqiyyəti əldə etmiş və müzəffər olanların bu zəfərin mənbəyini özlərində görərək xudbinləşmələri, həyasızlaşmaları və böyük-kiçik şirkə yuvarlanmaları; ikincisi isə, rəqiblərin qeyzlə, hiddətlə köpürmələri, həsəddən çatlayamaq dərəcəsinə gəlmələri, həcv eləmələri və özlərindən saymadıqlarını həyatın, yaşamın xaricinə atmalarıdır. (07.55)
  • (Hər şeyi İslam xidmətinə həsr etməyi tələb edən yolda getdiyi halda) fəaliyyətləri öz hesabına bağlı görmək kafiranə bir mülahizədir. (13.15)
  • Möminlər, ən məsum, ən günahsız fəaliyyətləri ortaya qoyarkən belə çox təmkinli davranmalı; böyüdükcə və inkişaf etdikcə daha çox gözə batdıqlarını hesaba almalı; həyatı yalnız bu dünyadan ibarət zənn edən və gücün yalnız başqalarının əlindən onu-bunu qapıb almağa yaradığını sananların müəyyən gizli planlar qurulduğu paranoyyasına qapılmamaları üçün həmişə şəffaf olmalı və təcavüzkarların hücumlarına qarşı "şəffaflıq" qalxanı ilə qorunmalıdırlar. (17.04)
  • Müsəlmanların Məkkədə müxtəlif təzyiqlər altında inim-inim inlədikləri bir dövrdə Qurani-Kərim inanılmaz bəşarətlərlə yanğılarına su səpir və "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə-yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə-onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur" (Nur, 24/55) -buyururdu. (20.15)
  • Müsəlmanların təzyiq altında olduqları bir dövrdə romalılarla Sasanilər arasında da mütəmadi döyüşlər vardı; iranlılar bu döyüşlərdə romalıları İstanbul (Konstantin) önlərinə qədər sürmüş və onları çox ağır vergilərə məhkum etmişdilər. Bu günlərdə müşriklər müsəlmanlara söz atıb sataşır; "Atəşpərəst iranlılar Yaradana inanan xristianları əzib keçdiyi kimi, biz də sizin axırınıza çıxacağıq!.." -deyir və o bir ovuc möminə daim hədə-qorxu gəlirdilər. (21.02)
  • Bu əsnada, Allah bu müjdə ilə onları sevindirdi və ürəkləndirdi: "Rumlular (bizanslılar iranlılara) məğlub oldular. (Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya İordaniyada). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!" (Rum, 30/2-5) (22.40)
  • Vaxtı gəlincə hər şey Quranın dediyi kimi oldu; Romalıların yenidən ayağa qalxaraq Sasaniləri məğlub etdikləri gün, möminlər də Bədir zəfərinin sevincini yaşayırdılar. (23.30)
  • Bıdı-sinin; üç, beş, yeddi, ya da doqquz il üçün istifadə olunan və dilimizə "bir neçə il" şəklində çevirə biləcəyimiz bir ifadədir. "Rum" surəsindəki ayədə bu ifadənin istifadə edilməsi, hadisələrin insan iradəsinə, keyfiyyətinə və həyəcanına bağlı olaraq cərəyan etdiyini göstərmək üçündür. Necə ki, Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) əvvəllər özündən sonra həqiqi xilafətin yetmiş il davam edə biləcəyini söyləməsinə baxmayaraq, daha sonra bu müddətin otuz il olacağını ifadə etmişdir. (25.35)
  • Müəyyən bir tarixə bağlı olan işlər, onu təmsil edənlərin keyfiyyəti ilə düz mütənasib olduğuna görə tez ya da geç reallaşa bilər. Bəzən üç il tələb olunan bir iş yeddi ilə tamamlana bilər; bəzən də yüz illik hadisələr yarım əsrə sığdırıla bilər. (26.54)
  • Möminlər üçün həyəcan zəruri ehtiyacdır, lakin onun dinin əsasları ilə tarazlanması lazımdır. (29.33)

Bu dosyeni yükləmək üçün sıxın

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.