Haqda ittifaq və istiqamət

Çay süfrəsində həqiqət damlaları

  • Mömin faydasız, hətta bəzən zərərli söz, bəyan və fikirlərdən uzaq olub "Dilindən çıxan elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın." (“Kaf” surəsi, 50/18) ayəsinin hökmü ilə təmkini əldən verməməli, düşüncələrini yalnız və yalnız Allah rizası üçün və zərurətə görə dilə gətirməli, Haqqın sevmədiyi mövzulara girməməli və yersiz danışmamalıdır. Ağızdan çıxan hər söz kimi, hər hal, davranış və hərəkətinin də yazıldığını unutmamalı, bunun şüurunda yaşamalıdır. (00:57)
  • Ustad Həzrətləri “On dördüncü nota”nın “üçüncü rəmz”ində insanın mahiyyətinə yerləşdirilən mənəvi istedad və lətifələrin müxtəlifliyindən, onlardan bəzilərinin dünyanı udsa belə, doymamasından, bəzilərində isə bir zərrəyə belə yer olmamasından bəhs edir. O, bəzi lətifələrin tük ağırlığına, yəni zərrə qədər qəflət və zəlalətə tab gətirə bilmədiyini xatırladaraq "Diqqətli ol, (addımını) diqqətlə at, batmaqdan qorx. Bir loğma, bir kəlmə, bir danə, bir ləma, bir işarə və bir öpməklə batma!" deyir. Bütün Haqq dostları ömrünü bu şüurda və bu həssaslıqda keçirmişdir. (03:30)
  • Üsulda səhvə yol verməmək üçün hər fikri Qurani-Kərim və Sünnəti-səhihə süzgəcindən keçirmək lazımdır. Həzrəti Ustad deyir: "İnsan fitrən mükərrəm olduğundan haqqı axtarır. Bəzən əlinə batil keçir, onu haqq zənn edərək qoynunda gizlədir. Həqiqəti axtaranda qeyri-ixtiyari başına zəlalət düşür, onu həqiqət sanıb başına qoyur." (06:20)
  • Bədiüzzaman Həzrətlərinin sözü ilə desək: "Qurana ayna lazımdır, vəkil deyil: Kitablar və ictihadlar Quranın durbini, aynası olmalı, kölgəsi və vəkili deyil". (07:31)
  • Görülən işlər və irəli sürülən fikirlər Quran məntiqinə istinad etməlidir. Əgər insan özü bunu bacarmırsa, sələfi-salehinin ictihadlarına baş vurmalıdır. Həzrəti Ustad Cənabi Allahın muradını anlama barəsində sələfi-salehinin necə böyük səy göstərdiyini və bu mövzuda müasir insanın talesizliyini belə izah edir: "Sələfi-Salehin əsrində və o “zəmanənin çarşısında” ən çox rəğbət görən “əmtəə” Səma və Ərzin Xaliqinin rizasını və bizdən istəyini kəlamından (Qurani-Kərim) istinbat etmək (çıxartmaq) və Nübüvvət nuru və Quran ilə açılan əbədi axirət səadətini qazanmaq idi. O dövrdə zehin, qəlb və ruhlar var-gücü ilə yer və göyün Rəbbinin rizasını anlamağa çalışdığına görə, bəşər cəmiyyətinin sözü, söhbəti, danışığı, hadisə və əhval-ruhiyyəsi ona istinad edirdi. Sırf buna görə, kimin istedadı vardısa, qəlbi və fitrəti qeyri-iradi hər şeydən mərifət dərsi götürür, o dövrdə cərəyan edən hadisə və söhbətlərdən Onu öyrənirdi. Sanki hər şey bir müəllimə dönüb onun fitrət və istedadına ictihad qabiliyyətini aşılayırdı. (…) Ancaq dövrümüzdə Avropa mədəniyyətinin hökmü, təbiət fəlsəfəsinin istilası, dünya həyatının ağırlaşması ilə fikir və qəlb dağılmış, himmət və inayət parça-parça olmuş, zehinlər mənəviyyata yadlaşmışdır. Buna görə də, bu dövrdə Quranı dörd yaşında əzbərləyib alimlərlə mübahisə edən müctəhid Süfyan ibni Uyeynə kimi istedadlı insanlar olsa belə, onların Süfyanın səviyyəsinə çatması üçün on qat çox vaxta ehtiyacı var. Süfyan on ildə ictihadı öyrənibsə, onlara bunu üçün yüz il lazımdır."(10:20)
  • Əbu Hənifə Həzrətləri yüz, bəzən min tələbəsi ilə səhərdən axşamadək müəyyən mövzularda fikir mübadiləsi aparardı. İmam Əbu Yusif, İmam Məhəmməd, hətta İmam Züfər kimi tələbələrinin bəzi fikirləri onun düşüncələri ilə üst-üstə düşməzdi, bir məsələni aydınlaşdırmaq üçün Ustad Nəcib Fazilin sözü ilə desək, beyinlərini burunlarından qusardılar. İmam Əzəmin onların fikirlərini dinləyər, öz mülahizələrinə zidd olsa da, böyük bir haqpərəstliklə "Həqiqət budur" deyərək doğru nədirsə ona üstünlük verərdi. Xülasə, bu günün nəsli də hər hansı bir məsələdə öz hisləri ilə hərəkət etməməli, şəxsi fikirlərini əsas meyarlardan üstün tutmamalı, hər mövzuda haqda ittifaq yollarını axtarmalıdır. (12:03)
  • Vəz və söhbətlərdən əvvəl bu ayə və duaların oxunması adətə çevrilmişdir: "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”(“Bəqərə” surəsi, 2/32)", “Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar!"(“Taha” surəsi, 20/25-28). Əslində bu və bu kimi ayələri oxumaq həqiqət axtarışında Allah-taalaya sığınmağın müxtəlif yolları və mömin düşüncəsinin təzahürüdür. (15:42)

Sual: 1) Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) "“Hud” və buna bənzər surələr məni əldən saldı, qocaltdı" sözünü necə başa düşməliyik? (19:25)

  • Allah Rəsulu (s.ə.s.) bir rəvayətdə: "“Hud” surəsi məni qocaltdı!" Digər bir rəvayətdə isə: "“Hud” və bu kimi surələr qəddimi bükdü, saçıma dən saldı?" buyurur. Əslində o həssas insana bu cür təsir edən, Onu öz sözü ilə desək, “qocaldan” çoxlu surə və ayə vardı. (19:44)
  • Peyğəmbərimiz "“Hud” surəsi qəddimi bükdü, məni qocaltdı" sözü ilə "Əmr edildiyi kimi doğru ol" (“Hud” surəsi, 11/112) ayəsini nəzərdə tuturdu. Onun duyğu, düşüncə və davranışları daim istiqamət üzrəydi. Qurtuluşun və əbədi səadətin yollarını axtaran bir səhabəyə: "“Allaha iman etdim” de və doğru ol" deyərək iki cümləlik "cəvamiül-kəlim”lə (az sözlü, dərin mənalı kəlam)" bütün etiqadi və əməli əsasları əhatə edən istiqaməti tövsiyə edir. (19:55)
  • Lüğəvi mənası "doğruluq" olan “istiqamət”in istilahi mənası etiqadda, əməldə, müamilədə və yemə-içmə kimi bütün davranışlarda ifrat və təfritdən uzaq olub təqva dairəsində nəbi, siddiq, şəhid və salehlərin yolunda olmağa etina göstərməkdir. Lakin istiqamətin də dərəcələri var və Allah Rəsulu "İstiqamətdən ayrılma!" əmrini öz qulluq üfüqü səviyyəsində çox geniş mənada anlayaraq həyatını bu müstəvidə yaşamışdır. (21:12)
  • İnsanlığın İftixarının (s.ə.s.) qulluğu o qədər dərindi ki, ondan o tərəfi yoxdur. Busiri Onun übudiyyətini belə təsvir edir: "Mən gecələri ayaqları şişənəcən ibadət edən O Zatın sünnəsinə əməl etməməklə zülm etdim". (22:02)
  • Həzrəti Aişə anamızın rəvayətinə görə, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ayaqları şişənə qədər ibadət edərmiş. Bir gün: "Allah sənin keçmiş və gələcək günahlarını bağışladı. Niyə bu qədər özünü həlak edirsən?" sualına Peyğəmbərimiz "Bu lütfü mənə bəxş edən Allaha çox şükür edən qul olmayımmı?" cavabını vermişdi. (22:33)
  • Kimi çay-çörəyə, oğul-uşağa və evə-eşiyə, kimi bunlarla yanaşı sağlamlığa, səhhətə, kimi imana, ürfana, ruhani zövqlərə və hüzura, kimisi də həmd və minnət şüuruna şükür edir. İnsan həmd şüuru ilə acizliyindən, fəqirliyindən və zəyifliyindən sərmayə kimi istifadə edib şükür dairəsinə (şükürün şükürü doğurduğu dairə) girə bilsə, həqiqi şakirlərdən olar. Bir hədisdə bəyan edildiyi kimi, "Ya Rəbb! Sənə necə şükür edim ki, Sənə şükür etmək belə öz-özlüyündə şükrü tələb edir!" şəklində niyaz edən Davud əleyhissalama Allah-taala "İndi həqiqətən şükür etdin" buyurur. (26:35)

Sual: 2) Peyğəmbərimiz (s.ə.s.) buyurur: "Hər səhər insanın üzvləri (orqanları) dilə: “Bizə görə Allahdan qorx, sən istiqamətdə olsan, biz də olarıq, sən əyrilsən, biz də əyrilərik” deyir”. Bu hədisə əsasən demək olarmı ki, hər üzvün özünəxas istiqaməti var? İstiqamətin nəticəsi dünya və axirətdə özünü necə göstərəcək? Bu barədə fikirlərinizi bildirərsinizmi?

  • İstiqamətin bir başqa yönü də Cənabi Allahın bizə bəxş etdiyi nemət, mövhibə və varidatı (bəxşiş, hədiyyə, ehsan, vergi) Onun rizası istiqamətində sərf etməkdir. Allah-taala bizə əl verib, ayaq verib, göz, qulaq, dil, dodaq verib, Ona minlərlə həmd-səna olsun. Bu əzaların istifadəsi üçün əşyanı yaradıb. O əşyaya qiymət verən dadbilmə, qoxubilmə, lamisə .. kimi hislər yaradıb, üstəlik bizə hiss və ihtisas (ruhi-mənəvi hislər) verib. Bu nemətlərin qiymətini ancaq ondan məhrum olanlar bilər. Bunların hər biri bir mövhibədir və hər biri də şükür tələb edir. Bunun şükrü də Cənabi Allahın verdiyi bütün nemətləri ilahi rizasını qazanma istiqamətində sərf etməklə yerinə yetirilir. (28:10)
  • Axirətdə bütün əza (orqanlar) və cövhər insanlar barədə şahidlik edəcək, dünyada dili danışdıran Allah axirətdə bütün orqanları danışdıracaq və onları necə istifadə edilmələri haqda şahid gətirəcək. Qurani-Kərim buyurur: "Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: “Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız!” Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahidlik edəcəyindən qorxub (günah işləməkdən) çəkinmir və elə sanırdınız ki, Allah əməlləriniz çoxunu bilməyəcək. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz!"(“Fussilət” surəsi, 41/21-23) (30:16)
  • Göz, qulaq, əl, ayaq – bütün orqanlar Allahın əmanətidir. Bu əmanətlərə xəyanət etmək, onlardan yaradılış qayəsinə zidd bir yöndə istifadə etmək, onların axirətə aid qabiliyyət və potensialını öldürmək deməkdir. Beləliklə, göz o biri aləmdə potensial olaraq görə biləcəyi şeyləri artıq görə bilməz, qulaq da onun kimi... artıq eşidə bilməz. (32:25)
  • Axirətdə əzaların şahidliyi barədə “Yasin” surəsinin 65-ci ayəsində məalən buyurulur: "Bu gün onların ağızlarına möhür vurarıq. Əlləri Bizimlə danışar, ayaqları da şahidlik edər." (35:16)
  • İstiqamət dərin yönlərə malik bir məqamdır. İnsanlar ilk növbədə həm Allah-taala, həm özünə, həm də xalqa qarşı istiqamətdə olub adil davranmalıdır. Cənabi Allaha qarşı istiqamətdə olub adil davranmaq Onun qanunlarına tabe olmaq, əmr və qadağalara qarşı həssaslıq göstərməkdir; nəfsə qarşı istiqamət və ədalət özünə və ailəsinə əmanətə riayət şüuru ilə hərəkət edib ifrat-təfritdən uzaq hər şəraitdə mötədilliyi əldən verməməkdir; xalqa qarşı istiqamət isə onların haqq və hüquqlarına riayət etmək, onlara xeyirxah bir dost kimi davranmaqdır. Haqq yolunun yolçusuna sirr qapılarının aralandığı elə bir məqam da var ki, ora ilahi varidatın kəramət və ikram ünvanı ilə endiyi qütb nöqtəsidir və eyni zamanda ilahi lütfün leysantək yağdığı bir möcüzələr aləmidir. (36:54)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.