İsar ruhu

Fəthullah Gülən: İsar ruhu

  • İnsanın başqalarını özündən üstün tutması mənasına gələn isar əxlaqçılara (moralistlərə) görə toplumun mənafeyini şəxsi mənafedən üstün tutmaq.. təsəvvüf ərbabına görə isə ən xalis təfani (bir-birində fani olmaq) düşüncələri ilə şəxsi mənafedən tamamən imtina edib yaşama zövqünün əvəzinə yaşatma həzzi ilə var olmanın ünvanıdır. "Onlar möminlərə verilən şeylərə görə narahat olmaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar" (“Həşr” surəsi, 59/9) ayəsində – Əshabı-kiramın yüksək əxlaqının bir dərinliyi olaraq – isarın zirvə nöqtəsi öz əksini tapır . (00:25)
  • Abdullh ibn Ömər (radiyallahu anhuma) həzrətlərinin rəvayət etdiyi bu hadisə özündə əshabın isar ruhunu əks etdirir: “Yeddi ailə vardı, hamısı da yoxsul. Bir nəfər bu ailələrdən birinə bir kəllə (heyvan kəlləsi) göndərmişdi. Ev yiyəsi “Qonşumun daha çox ehtiyacı var”, deyib kəlləni onlara göndərir. Həmin qon şu da eyni düşüncə ilə kəlləni üçüncü qonşuya göndərir. Beləcə kəllə yeddi ailəni də gəzərək gəlib çıxır təkrar birinci ailəyə”. (01:40)
  • Həzrəti Əbu Hüreyrə rəvayət edir: “Bir gün Allah Rəsulunun hüzuruna bir nəfər gəlib Ona yaxınlaşdı və belə dedi: "Ya Rəsulullah! Neçə gündür, dilimə bir loğma da dəyməyib. Dalbadal ac-acına oruca niyyət etmişəm". Allah Rəsulu ətrafa göz gəzdirdi, lakin onu evinə aparıb qonaq edəcək bir adam görə bilmədi. Xeyli sonra Allah Rəsulunun çox sevdiyi səhabələrdən Əbu Talha ayağa qalxıb: "Ya Rəsulullah, onu mən qonaq edim" – dedi və onu götürüb evinə apardı. Bu insanlar hər şeyini İslam yolunda sərf etmiş, əldə-ovucda bir şey qalmamışdı hərdənbir evlərində şorba bişərdi. Ehtimal ki, həmin gün Ümmü Süleym uşaqlarına bir qədər şorba bişirə bilmişdi. Və onu uşaqlarına yedirəcəkdi. Evinə qonaq gələn ər-arvad öz aralarında sözləşdilər: "Bu gecə yeməyi Allah Rəsulunun qonağına yedirək. Biz bu gün də ac-acına oruc tuta bilərik. Uşaqları birtəhər yatırdarıq.. səhər ona da bir çarə taparıq". Belə qərar verdilər: Yemək süfrəyə gələndə Ümmü Süleym “yanlışlıqla” şamı söndürəcək və ev yiyəsi qaşığı boş aparıb boş gətirəcəkdi çünki yemək iki adamı doyuracaq qədər deyildi beləliklə qonaq qarnını doyuracaqdı. Razılaşdıqları kimi də elədilər. Beləliklə səhər oldu və hər kəs səhər namazında Allah Rəsulunun arxasında səflərə düzüldü. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) səhər namazını qıldırdı. Üzünü onlara çevirib Əbu Talha və qonağını soraqladı: "Bu gecə nə etdiniz ki, haqqınızda bu ayə (“Həşr” surəsi, 59/9) nazil oldu: "Özləri ehtiyac içində olsalar belə, başqalarını özlərindən üstün tutarlar" (01:35)
  • Yermuk döyüşündə yerdə yaralı yatan və susuzluqdan yanan səhabələrin (Haris b. Hişam, İkrimə b. Əbi Cəhil və İyaş b. Rəbia) onlara uzadılan suyu bir-birinə ötürməsi, lakin bircə qurtum su içmədən üçünün də şəhid olması isara ən gözəl nümunələrdən biridir. Bu ibrətli səhnəni Mehmet Akif “Səfahət”ində necədə gözəl təsvir edir:

    "Huzeyfətül-Ədəvi der ki: “Hərbi-Yermukun,
    Yaman qızışdığı bir gündü, çox isti bir gün.
    İlkindi üstü bir az səngiyincə, sanki, qital* (müharibə),
    Silahı atdım əlimdən, su yüklənib dərhal,
    Mücahidin arasından tələsdim imdada,
    Ağır yarayla uzaqlarda qalmış əfrada* (əsgərlər).

    Nə marəkəydi ki, hər tərəf, sinəsi qandı yerin!
    Xudaya ürəyini açmış, yatan bu gövdələrin,
    Şəhidi çoxsa da, qazisi heçmi yox.. derkən,
    Dərin bir inləmə eşitdim... Lakin bu səs haradan
    Sırayla oxşadım sinələr bütün biruh...
    Məgər əmim oğluymuş inləyən məcruh* (yaralı).

    Dedim: "Bir az su gətirdim, içərsənmi, versəm"
    Gözüylə "Ver!" demək istəyərkən, arxadan bir ələm,
    İnilti başladı. Baxdım: Nigahı-mərhəməti* (mərhəmətli baxış),
    "Apar!" deyib mənə imada səs gələn tərəfi.
    Nə etsəm, içməyəcək, boşdu, anladım ibram* (israr, təkid);
    O yüksələn səsə qaçdım ki, Asın oğulu Hişam.

    Görüncə kölgəmi birdən kəsildi nəvhaları (ağı);
    Su istəyirdi qəribin dönüb duran nəzəri.
    İçirmək üzrə əyildim, üçüncü bir qısa "ah!"
    Xırıltılarla boşaldı qarşıdan, nagah* (ansızın)!
    Hişamı gör ki, o halında qaşlarıyla mənə,
    "Mən istəməm, haydı, get ver, deyirdi, hayqırana."

    Bir qədər axtardım “ah” edən o möhtəziri* (can verəni)...
    Yetişdim, “oh”, qovuşmuşdu Haqqa son nəzəri!
    Hişamı barı bulayım, dedim, dərhal döndüm:
    Məgər şikarına məndən tez çatmış ölüm!
    Demək, bir əmim oğuluna vardı, varsa, ümid...
    Qaçıb yanına gəldim: O qəhrəman da şəhid."

    (12:27)
  • Həzrəti Bədiüzzamanın ifadəsiylə, təbiiyyəti (tabe olmağı, tabeçiliyi) məsuliyyət və xətər (qorxu, təhlükə) olan mətbuiyyətdən (başçılıqdan) üstün tutmaq, imamət və liderlikdə başqalarını narahat edəcək qədər irəlidə görünməmək, digər möminlərin xidmətlərini də alqışlayıb onların uğurlarına sevinmə də isarın bir dərinliyidir.
  • Ölüm döşəyində can verən Həzrəti Ömərdən (radiyallahu anh), oğlu Abdullahı (radiyallahu anhuma) xəlifəliyə təyin etməsini istəyirlər. O, təklifi gətirənlərə bir cümlə ilə cavab verir: “Bir evdən bir qurban bəsdir!” Xəlifə, bununla, idarəçiliyin məsuliyyətinin çox ağır olduğunu çatdırmaq istəmişdir. (08:00)
  • Güman edirəm ki, burada isar şüuru ilə ömür keçirənlər Cənnətə girəndə belə bu ruhla hərəkət edəcəklər. Hədis kitablarında axirətdən bir mənzərə təsvir edilir, varlılarla alimlərin qarşılaşması diqqətə çatdırılır. Var-dövlətini Allah yolunda infaq edən varlılarla elminə əməl edən alimlər Cənnət qapısında görüşürlər. Alimlər səxavətli zənginlərə: “Buyurun birincilik sizin haqqınızdır, əvvəlcə siz girin. Çünki əgər siz var-dövlətinizi Allah yolunda infaq etməsəydiniz, elm ocaqları açmasaydınız, təhsil üçün şərait hazırlamasaydınız, biz elm öyrənə, doğru yolu tapa bilməzdik. Biz sizin vəsilənizlə elm yolunu tutduq və alim olduq, biz sizə borcluyuq. Dolayısilə, bu haqq sizə aiddir, buyurun!” deyir və hörmət əlaməti olaraq bir addım geri çəkilirlər. Ancaq səxavətli zənginlər: “Əslində biz sizə borcluyuq. Əgər siz o əngin elminizlə gözümüzü açmasaydınız, bizə gözəl rəhbərlik etməsəydiniz, təkvini və təşrii qanunlara birlikdə əməl etməyi, halal qazanıb Allah yolunda infaq etməyi öyrətməsəydiniz, biz var-dövlətimizi belə bir xeyir işə sərf edə bilməzdik. Siz irəli düşüb bir verib min qazanmağın yollarını göstərdiniz. Buna görə də dünyada olduğu kimi, burada da siz bizim öncülərimizsiniz, buyurun əvvəlcə siz girin!” deyirlər. Bu şirin mükalimədən sonra alimlər qabağa keçir və sıra ilə Cənnətə girirlər. Rəsuli-Əkrəm (sallallahu aleyhi vəsəlləm) Peyğəmbərimiz bu hadisəni sırf gələcəkdən xəbər vermək üçün nəql etməmiş, bununla O, ümmətinə isar üfqünü göstərmişdir”. (10:15)
  • Şəfqət Peyğəmbəri (əleyhissalatu vəssalam) mələklər aləmini seyr etmiş, daha sonra ürucunu (yüksəliş) nüzulla (eniş) süsləmiş və ümmətini Cənabi-Allahın yoluna, lütfünə yönəltmək üçün geri qayıtmışdır. Böyük övliya Əbdülqüddüs həzrətləri deyir ki: "Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm) meracda ilahi aləmlərə yüksəldi, Sidrətül-müntəhaya çatdı, Cənabi-Allahla mükalimə etdi. Ancaq Cənnətin gözəlliyi Onu ovsunlaya bilmədi, qayıdıb gəldi ümmətinin yanına. Allaha and olsun ki, əgər mən oralara getsəydim, o mərtəbələrə çatsaydım, geri qayıtmazdım!.." Böyük simalardan biri bu sözlərə istinadən: "Budur nəbi ilə vəli arasındakı fərq" deyərək mühüm bir həqiqətə toxunmuşdur. Peyğəmbərimizin bu xüsusiyyəti – Qəlbin zümrüd təpələrində – “isaru-isarillah” adlanır. Həzrəti Şərəfi-Növi-İnsan və Fəridi-Kövnü-Zaman bir isar qəhrəmanıdır. Onun ülvi aləmlərdən insanların arasına geri qayıtması, duyub hiss etdiyi həqiqətləri ümmətinə də çatdırmaq üçün müşriklərin cəfasına məruz qalacağını bilə-bilə bu yolu seçməsi heç bir bəni-adəmə nəsib olmayan bir “isar” mərtəbəsi; ümməti naminə Cənnətdən çıxıb göz yaşı tökməsi, Allahdan insanların qurtuluşunu diləməsi təsvirəgəlməz, çox fərqli bir dərin isar anlayışıdır. (17:00)
  • Adanmış insanlar böyük isteğna və fədakarlıq göstərməli, bir mənada “isarlaşmalıdır”. Təkcə maddi fədakarlıqda deyil, mənəvi feyzlərdə də başqalarını özlərindən üstün tutmağı bacarmalıdır. Həzrəti Ustadın "Gözümdə nə Cənnət sevdası, nə də Cəhənnəm qorxusu var; millətimin imanını salamat görsəm, Cəhənnəmin alovları içində yanmağa razıyam!" prinsipi idealınız, bu səviyyədə isteğna da məqsədiniz olsun. “Adanmış”ın həyat fəlsəfəsi bu olmalıdır. (26:02)
  • Həzrəti Əli (radiyallahu anh), insanın mükəmməl xilqətini və Allah-təalanın dərgahındakı yüksək dəyirini belə dilə gətirmişdir: “Sən özünü kiçik bir varlıq sanırsan, halbuki, bütün aləmlər səndədir. Sən, kainatın xülasəsisən”. M. Akif də Həzrəti Əliyə isnad edilən bu sözdən ilham alaraq belə səslənir: Xəbərdar olmamışsın kəndi zatından da hələ sən,

    “Mühəqqər (həqir) bir vücudam!” dərsin ey insan, fəqət bilsən.
    Sənin mahiyyətin, hətta mələklərdən də ülvidir:
    Əvalim (aləmlər) səndə pünhandır, Cahanlar səndə mətvidir (bükülmüş, sarınmış)”.

    Bəşəriyyətə onun bu mahiyyətini tanıtmaq müasir nəslin ona ən böyük ərməğanı olacaqdır. (31:44)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.