Nəfs, iqbal və axirət

Sual: 1) Bir təfsirə görə, Həzrəti Yusif "Nəfsimi təbriyə etmərəm (təmizə çıxarmaram)" deyir. Rəsuli-Əkrəm isə bir hədisində "Məni nəfsimlə baş-başa buraxma" deyə dua edir. Bu kimi ifadələr hansı mənaya gəlir, peyğəmbərlər də nəfsdən qorxub?

  • Qurani-Kərim Həzrəti Yusif qissəsində açıq şəkildə “nəfsə etibar etməyin” deyə xəbərdarlıq edərək Züleyxanın sözlərini nəql edir: "Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!" (“Yusuf” surəsi, 12/53)
  • Əksər müfəsssirlərin qənaətincə, bu söz Həzrəti Yusifə aiddir. Həzrəti Yusifin bu sözünü Onun öz nəfsini təzkiyə etməməsi (təmizə çıxarmaması) kimi götürsək, yerinə düşür, ancaq unutmayaq ki, peyğəmbərlər nəfsi-mütməinə ilə dünyaya gəlirlər, Yusif Peyğəmbərin (əleyhissalam) nəfsi nəfsi-əmmarə deyildi, onda xitab etdiyi kütlənin xarakterini bilmək üçün nəfsin bir nüvəsi vardı. Həzrət Yusif bu sözü çox ehtimal ki, təmsil etdiyi xalqın adından söyləmişdir. (00:46)
  • Məşru dairənin zövq və ləzzəti keyfə kafidir (halal dairədə əylənmək mümkündür, harama girməyə ehtiyac yoxdur). Siz məşru dairədə güzəranınızı təmin etməsəniz, nəfsi-əmmarə sizi qeyri-məşru (yəni şəriətin qadağa qoyduğu) dairəyə sövq edər. Siz cismani istəklərinizi məşru dairədə təmin etməsəniz, qeyri-məşru yollara düşərsiniz. Digər peyğəmbərlər kimi, Həzrəti Yusif də nəfsində bunu müəyyən qədər hiss edirdi. Hiss etməsəydi, xitab etdiyi kütləyə rəhbərlik edə bilməzdi. (05:47)
  • Həzrəti Bədiüzzaman deyir: "Təzkiyəsiz nəfsi-əmmarəyə malik olub öz nəfsini bəyənən və sevən insan başqasını sevməz. Zahirən sevsə də, səmimi qəlbdən sevə bilməz, bir mənada ondakı mənafe və ləzzətini sevər. Daim özünü bəyəndirməyə və sevdirməyə çalışar. Nəfsində qüsur görməz, vəkil kimi özünü müdafiə və təbriə edər (özünü təmizə çıxarar)." Bəli, insan nəfsi-əmmarəsini yerdən-yerə vurmasa, nəfsi onu yerdən-yerə vurar. (07:57)
  • Nur Müəllifi (Həzrəti Bədiüzzaman) deyir: "Ey riyakar nəfsim! “Dinə xidmət etdim" deyə qürurlanma. "Şübhəsiz ki, Allah bu dini facir (günahkar, haqq yoldan çıxan) adamla da qüvvətləndirər” hədisini unutma, təmizlənmiş, pak deyilsən, dolayısilə, özünü o facirdən biri bilməlisən. Xidmət və übudiyyətini verilən nemətlərin şükrü, fitri bir vəzifə, yaradılışın fərzi və sənətin nəticəsi bil, kibir və riyadan qurtul." Demək ki, nəfsini təzkiyə edə bilməyən insan din və diyanət yolunda xidmət etsə belə, qürur, ucb (kibir, təkəbbür) və riyadan qorunmaq üçün çox təmkinli hərəkət etməli və özünü bir facir sayıb tir-tir əsməlidir. Gördüyü işlərlə fəxr etməməli, qürura qapılmamalı və arxayın olmamalı, əksinə Allah yolunda verdiyi mücahidəni təbii bir vəzifə, qulluq borcu və Allahın lütf etdiyi nemətlərə bir şükür saymalıdır. Günaha meyilli olduğunu unutmamalı, nəfsiylə baş-başa qalanda hər günah edə biləcəyinə inanmalı, bir sözlə daim Allaha sığınmalı, nöqsan, qüsur, xəta və günahlarına baxmayaraq hələ də imana xidmət dairəsində olmasını günahlardan təmizlənmək üçün ələdüşməz fürsət kimi görməlidir. (09:50)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz bu duayla ağlımıza, məntiqimizə, güc-qüvvəmizə, iradə və ixtiyarımıza güvənməməyi və Cənabi Allahın himayəsini diləməyi necə də gözəl ifadə edir: يَا حَيُّ يَا قَيُّومُ، بِرَحْمَتِكَ أَسْتَغِيثُ، أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ وَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ"Ey hər şeyi var edən həyat sahibi Hayy və ey hər şeyin varlıq və bəqasını (həmin varlığın yaşamasını) öz qüdrət əlində saxlayan Qəyyum! Rəhmətinin vüsətinə etimad edərək Səndən mərhəmət diləyirəm; məni hər cəhətdən islah et, hər hərəkət və davranışımı qulluq şüuruyla bəzə və bir göz qırpımı qədər də məni nəfsimlə baş-başa buraxma, daima pis əməllərə sövq edən mərhəmətsiz nəfsimin ümidinə qoyma!" Bəzi rəvayətlərdə "ولا أقل من ذلك" əlavəsi də keçir ki, bu da, "Göz açıb yumana qədər... " deyil, "Ondan da az müddətdə olsa, məni nəfsimlə baş-başa buraxma!" mənasına gəlir. Siz bu duanı daha da genişləndirib: "Allahım, məni ibadətlərimlə, xeyirxah əməllərimlə də baş-başa qoyma, məni haramdan ictinabımla da baş-başa buraxma.. əməllərə arxayınlıq hissini ürəyimdən qopar at, yalnız Sənə etimad hissiylə doldur. Sən xüsusi siyanətinlə qoru məni, xüsusi himayənə götür, vəkilim ol mənim!" deyə bilərsiniz. Üstəlik bu duanı yoldaşlarınıza, dostlarınıza və bütün Müsəlmanlara da edə bilərsiniz. (11:50)

Sual: 2) Qurani-Kərim Misirdə Həzrəti Yusifin etibarını təsdiq etməsindən, ölkənin adlı-sanlı adamına çevrilməsindən sonra axirətdə verilən mükafatı vurğulayır. Bunu necə başa düşməliyik? (17:44)

  • Misirdə Həzrəti Yusufa "müknət (güc, qüdrət, qüvvə)" verilməsi haqda Qurani-Kərimdə buyurulur: "Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, Misirdə istədiyi yerdə mənzil sala bilir, istədiyi kimi oranı idarə edirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını hədər etmərik." (“Yusuf” surəsi, 12/56) (17:58)
  • Həzrəti Yusif o qədər əzab-əziyyətdən sonra bir çox imkanlara sahib olmuşdu. Belə bir vaxtda Cənabi Haqq onun baxışlarını tamamilə axirət yamaclarını çevirir və belə buyurur: "İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir." (“Yusuf” surəsi, 12/57). Əslində iffət abidəsi Yusif əleyhissalam bu məsələdə sədaqətinə də zərrəcə şübhə yoxdur, Allah-taala onun şəxsində bizə xəbərdarlıq edir, yəni "Qızım sənə deyirəm, gəlinim sən eşit! ". (23:45)
  • İbrətli hadisələrin ən gözəl üslubda rəvayət edilməsi və ən gözəl qissə mənasına gələn "Əhsənül-qəsas" ‒ “Yusuf” surəsi Quranın ən təfərrüatlı qissəsi kimi Həzrəti Yusifin (əleyhissalam) ibrətamiz həyatından bəhs edir. Surənin sonuna yaxın, qissənin axırında Həzrəti Yusifin bir duası keçir: "Ey Rəbbim! Sən mənə səltənət və hökmdarlıq verdin. Mənə yuxu yozmağı, müqəddəs yazıları oxumağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!" (“Yusuf” surəsi, 12/101) Bu ayədə o qədər çətinlik və məşəqqətdən sonra Misirdə yüksək vəzifəyə gələn, ana-atasına qovuşan, qardaşlarıyla barışan Həzrəti Yusifin bu ən xoşbəxt anında axirət yamaclarına üz tutub ölümü arzulamasından bəhs olunur. Quyuya atılanda, dəyərsiz bir əşya kimi satılanda, kölə kimi işlədiləndə, böhtanla üzləşəndə, bir cani kimi zindana atılanda və zülmə məruz qalmaqla yanaşı, vətən həsrəti ilə qovrulanda... ölümün adını çəkməyən, yalnız risalət üçün yaşadığını sübut edən Həzrəti Yusif (əleyhissalam) var-dövlətə, ailəsinə, firavanlığa və səadətə qovuşanda Cənabi Haqqa əl açıb Ondan ölüm istəyir. Demək ki, qəbrin o tayında dünya səadətindən daha cazibədar bir xoşbəxtlik var ki, Həzrəti Yusif kimi həqiqətpərəst bir zat da dünyanın hər cür nemətinə sahib ola-ola zahirən qorxunc görünən ölümü istəyir. Qurani-Hakim Yusif qissəsinin sonunda diqqətimizi Uca Peyğəmbərin bu istəyinə çəkərək bizə öyüd verir: qəbrin o biri üzü üçün çalışın, həqiqi səadət və ləzzət ordadır. (27:17)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) vəfatından əvvəlki gecə Həzrəti Əbu Bəkri imam təyin edir. Həzrəti Əbu Bəkirə belə bir vəzifə verilməsi böyük bir nemət olduğu kimi, camaatın onun imamlığını qəbul etməsi də ayrı bir lütfdür. Bəli, yüksək şüura malik səhabeyi-kiram bunu qəbul etmiş və o zata tabe olmuşdu. Peyğəmbərimiz (əleyhissalatu vəsəlləm) məscidlə otağını ikiyə bölən pərdəni çəkib camaatın o mübarək zatın arxasında hüzur içində ibadət etdiyini görmüş, vəzifəsini yerinə yetirdiyinə görə təbəssüm etmiş və pərdəni örtmüşdü. O pərdə həm də dünyanın üzünü örtmüşdü, ancaq Kainatın İftixarı ruhunun üfüqünə qanad açanda sürurlu idi. Çünki gələcəkdə iman davasına çiyin verən o seçilmiş insanlar birlik və bərabərlik ruhuyla Allah hüzurunda müntəzir dayanmışdılar. İki Cahan Sərvərinin həyatının məqsədi də elə bu idi. Ona görə də pərdəni arxayın və hüzurla çəkmişdi. Bəli, İki Cahan Sərvəri sırf vəzifəsini yetirmək üçün yaşayırdı. Vəzifəsi bitər-bitməz bu tən qəfəsindən qurtulub Həqiqi Dosta qovuşmağa can atırdı. Eyni ülvi yanaşma tərzi, eyni duyğu və düşüncə Həzrəti Yusuf kimi digər peyğəmbərlərə və saleh qullara da xasdır. (29:15)
  • Həqiqi qul və məfkurəsinə sadiq insan nə qədər böyük uğurlar qazansa da, bu düşüncə ilə yaşayar: "Mənim yerimdə başqası olsaydı, bu iş daha gözəl olardı. Demək ki, mən bu işə zərər verdim". Digər tərəfdən də: "Allahım, səy və cəhdlərim bir nəticə verəcəksə, o nəticələri mənə göstərmə, nəfsi-əmmarənin bunu görüb qürürlanmasına imkan vermə!" (34:00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.