Ölümsüzluk iksiri və elmlə zöhd arasında əlaqə

Fəthullah Gülənn: Ölümsüzluk iksiri və elmlə zöhd arasında əlaqə

Çay söhbətindən həqiqət damlaları: “Ölümsüzlük iksiri”

  • Əksər xətaların kökündə insanın hər şeyi bildiyini zənn etməsi, heç kimin köməyinə baş vurmaması və başqalarının fikirlərinə müraciət etməməsi dayanır. Çağımızda bu mərəz geniş yayılmışdır. Halbuki, əsas olan “Ağıla məğrur olma Əflatuni-vaxt olsan belə \ Bir ədibi-kamil gördükdə tifli-məktəb ol!” (Nəfi) misralarına sadiq ömür sürməkdir. Çünki “Çəkinmə aqil isən etirafi-nöqsandan \ Əmin olan dəlidir ağlının kamalından”. (M.Naci) (01:50)
  • Xalq arasında geniş yayılmış bir deyim var: "Mərifət iltifatdan asılıdır". Bəlkə, çox adam üçün bu prinsip keçərli ola bilər. Ancaq məncə, bu eqoist yanaşmadır. Yəni xalq iltifat etdikcə bəzi insanlar mərifətini ortaya qoyur, qabiliyyətini nümayiş etdirir. Əslində, bu cür iltifatı təşviqedici ünsür, hətta zərurət kimi götürmək olar. Lakin adanmış bir insana görə, iltifat mərifətdən asılıdır. Siz etməli olduğunuz hər şeyi etməli, ortaya qoyulası nə varsa ortaya qoymalı, − el-aləm buna istər iltifat göstərsin, istər göstərməsin – iltifat təmənnası ilə iş görməməlisiniz. Hətta bəzən xalqın iltifat və təqdiri ilə qarşılaşanda: "Deyildir bu mənə layiq bu bəndə, mənə bu lütf ilə ehsan nədəndir" deyib nəfsinizi sorğu-suala çəkməlisiniz. (03:00)
  • Bir ayədə Həzrəti İbrahimin bu duasını oxuyuruq:

    وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ
    “Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)” (“Şuəra” surəsi, 26\84)

    Allah Həzrəti İbrahimin bu duasını qəbul etmişdir, belə ki, müsəlmanlar, hətta xristian və yəhudilər belə onun xatirəsini əziz tutur və dualarla yad edirlər. Rəsuli-Əkrəm (sallallahu aleyhi vəsəlləm) elə bir ömür yaşamışdır ki, Onun xatirəsini əziz tutmamaq mümkün deyildir. Siz niyyətinizdə Allahı tutub xidmət edin “Balıq bilməsə də, Xaliq bilər” həqiqəti sizin üçün də təzahür edəcək, sizin də xatirinizi əziz tutacaqlar. (04:14)
  • Mahmud yer-göy sakinlərinin öydüyü, mədh-səna etdiyi zat deməkdir. Peyğəmbərimizin isimi kimi bu ad Quranda yer almasa da, azan duasında keçdiyi üzrə Sünneyi-səhihədə əksini tapmışdır. “Məqami-Mahmud” yalnız İnsanlığın İftixarı Peyğəmbərimizə xas olub həmidiyyət və mahmudiyyətin bir araya gətirdiyi ülvi bir məqamdır. Belə ki, O (sallallahu aleyhi vəsəlləm), Cənabi-Allaha həmd etməsinə görə həmid, göyün və yerin sakinləri tərəfindən mədh edildiyinə görə də mahmuddur. Bəli, O, həmd-şükürlə Allaha ibadət etmiş, ibadət etdikcə Cənabi-Haqq tərəfindən öyülmüş, öyüldükcə mütəmadi ibadət etmiş, Allah Onu öymüş, O da Allaha həmd etmiş və beləcə öyülmə məqamına yüksəlmişdir. (06:50)
  • Allah Rəsuluna (aleyhissalati vəsəlləm) göndərilən salavatın nəticəsi yenə bizə qayıdır. Çünki onun şəfaət dairəsi genişlənir. Himmətinə can atanlar himmətyab olur. Kövsərə tələsənlər abi-həyat içir, ölümsüzlük iksiri ilə əbədiyyətə qovuşur. (07:10)
  • Çağdaş insan insanlığını dərk etməkdən, Allaha ibadət üçün yaradıldığını anlamaqdan, axirətə namizəd olduğunu qavramaqdan... uzaqlaşıb. (07:45)
  • Möhtərəm Xocaəfəndinin işarə etdiyi xütbədə oxunan yazı: “Yolda qalanlar da var” (Sızıntı jurnalı, aprel 1982, Başyazı) (09:09)
  • Yalana, insanları aldatmağa alışmış və hər kəsi də özü kimi sanan binəvalar “Hansı planlarınız var?” deyib dururlar. Planımızda imanı-billah, mərifətullah, məhəbbətullah və zövqi-ruhani var. Cənabi-Allahı tanımaqdan doymamaq var, özümüzü qəriblərdən qərib, fəqirlərdən fəqir görmək var. Zirvələrdə qanad çırpsaq da, “Niyə hələ də yerdə sürünürəm?!” düşüncəsi ilə hərəkət etmək var. Planımızda bunlar var, amma dərdi-səri dünya olan bunu necə başa düşsün!.. (10:40)
  • “Mən, mən” deyən “Hu”nu hiss etməz. (12:16)

Sual: Ürfana ərməmiş elmi-zahir ərbabı yalnız qəliblərlə məşğul olur, onların mahiyyətini\qayəsini görə bilmir və مَنِ ازْدَادَ عِلْماً وَلَمْ يَزْدَدْ زُهْداً لَمْ يَزْدَدْ مِنَ اللهِ إِلاَّ بُعْداً hədisində də buyurulduğu kimi, əlayi-illiyyunda ola-ola əsfəli-safilinə düşürlər. Bu baxımdan sözügedən hədisdəki zöhdü necə başa düşməliyik? (13:38)

  • Dünyəvi zövqləri tərk edib cismani meyillərin qarşını almaq mənasına gələn zöhd sufilərə görə, dünya ləzzətlərinə etinasız olub ömür boyu günahlardan uzaq olmaq, təqva düsturunu əsas götürərək dünyanın nəfsə aid tərəflərinə münasibətdə gözü-könlü tox, məsafəli olmaq deməkdir. Yalnız öz qutuluşunu düşünənlərə halal nemətlərə şükür və mal-mülkün haqqına da riayət etməkdən ibarət olan zöhd kifayət eləsə də, səhabə yolunu seçən bir mömin üçün zöhd dünya zövqünə etinasız yanaşıb ömür boyu bir mənada pərhiz saxlamaq və əbədi axirət səadəti naminə dünyanın fani zövqü-səfasını tərk etməkdir. Bizim seçdiyimiz əzəmi zöhd isə ən çətin şəraitdə belə dinin qanunlarına əməl etmək, xoş gündə, dar gündə başqaları üçün yaşamaq, dünyəvi uğurlara sevinməmək, əldən çıxan şeylərdən ötrü kədərlənməmək, mədh-səna ediləndə sevinməmək, tənbeh olunanda inciməmək və Haqqa bəndə olmağı hər şeydən üstün tutmaqdır. (14:14)
  • Alvarlı Efe Həzrətləri deyir: “Elə bir dildara dil ver, eyləyə dilşad səni \ Elə bir daməni tut ki, edə bərmurad səni!” Yəni ürəyini elə bir sevgiliyə ver ki, könlünü şad etsin. Elə bir ətəkdən yapış ki, səni murada çatdırsın. (16:50)
  • Bir insanın araşdırmağa ehtiyac bilmədən ata-babalarından görüb eşitdiyi kimi etiqad etməsi, dolayısilə bu cür yaşaması təqlidçilikdir, dayazlıqdır. Bu davranışlarda mühakimə, yəni “elmül-yəqin” olmadığından kütləvi axınlar, xarici təsirlər onların tez-tez yer və yön dəyişməsinə səbəb olur. Üstəlik təqlidçi müsəlmanlar müasir elm və fəlsəfədən doğan zəlalət və küfrə müqavimət göstərə bilmirlər. Belələrin əksəriyyəti məscid kölgəsində və sağlam bir cəmiyyətdə yetişdiklərinə görə müsəlman olublar, əgər kilsənin həndəvərində böyüsəydilər, (səbəblər baxımından) yəqin ki, xristian olardılar. (18:55)
  • Təhqiq bir şeyin doğru olub-olmadığını araşdırmaq və həqiqəti tapmaq üçün çalışıb-çabalamaq, cəhd və qeyrət göstərmək deməkdir. İman əsaslarının mahiyyət və həqiqətini araşdırmaq, sonra da ona əməl edərək xarakterə hopdurmaqla əldə edilən imana “təhqiqi iman” deyilir. Çağdaş insan bu cür təhqiqin sorağına düşməyib təqlidlə təskinlik tapdığına görə və bəzi məddahlara baxıb aldandığına görə saysız hesabsız “mehdi” zühur edib, hal-hazırda bir mənada mehdi “inflasiyası” ilə qarşı-qarşıyayıq. (20:50)
  • “Bax bu gədənin halına \ Bənd olmuş zülfün telinə \ Barmağım eşqin balına \ Batırdıqca batırdım, bir su ver!” deyən Gədayi kimi mərifət axtarışından doymamaq və daha artığını əldə etmək üçün çalışmaq lazımdır. Dadma və doyma (itminan) mərtəbələrini keçəndən sonra doymadığına inanmaq və daim “doyma” dalınca düşmək lazımdır. Allahın dərgahında fövqəladə tərəqqi ilə fövqəladə təvazönü birləşdirmək əsasdır. (23:20)
  • Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm): “Allahım, məni öz gözümdə kiçik, insanların nəzərində isə (çiynimə qoyduğun vəzifəyə uyğun şəkildə) böyük göstər”, − deyə dua edərdi. Haqq dostları da: “Allahım, məni öz gözümdə lap kiçik, birə boyda, milçək qanadı boyda göstər, amma dinimi kamil et. (25:45)
  • Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) Maizə və qamidiyəli qadına tövbə yolunu göstərmiş, israr etdiklərinə görə onları cəzalandırmış, daha sonra da onlardan biri haqqında: “Elə bir tövbə etdi ki, bu tövbə bu iki dağ arasındaki insanlara paylansaydı, hamısına çatardı!”, digəri haqqında da: “Elə bir tövbə elədi ki, əgər xərac alan bir mömin bu tövbəni etsəydi, Allah onu bağışlayardı!” buyurmuşdur. (27:12)
  • İnsanın imanı, məhəbbəti, zövqi-ruhanisi, eşqü-iştiyaqı və mərifəti dərinlərdən də dərin olmalı... Ancaq özünü ən dayaz məxluq kimi görməlidir. Həqiqətən mənən dərin olan insanlar özlərini ən həqir adam sayırlar. Əksinə, özünü başqalarından üstün sayanlar isə ən zavallı bəndələrdir. Mömin də olsa, münafiq də olsa, kafir də olsa, bu, belədir. Xəyalında özünə məqamlar verən, “Mən filankəsəm... Allah mənə xüsusi qabiliyyətlər ehsan edərək bəşəriyyətin əlindən tutmağa, onlara kamillik yolunu göstərməyə və mühüm bir vəzifəni yerinə yetirməyə göndərmişdir!” şəklində düşünən insan, zavallıdır və onun milçək qanadı qədər də dəyəri yoxdur. Böyüklərdə böyüklüyün əlaməti təvazö və məhviyyətdir, kiçikliyin əlaməti də təkəbbürdür. (28:00)
  • Elmi-zahir ərbabı əşya və hadisələrin nəyə işarə edib nəyi göstərdiyini dərk etməyə çalışmaqdan daha çox, bəzi təbiətpərəstlər kimi, yalnız qəliblərlə məşğul olurlar. Belələri əşya və hadisələrin mahiyyətini və qayəsini bilmir, görmürlər və: “Kimin elmi artdıqca zöhdü artmazsa, Allahdan daha da uzaqlaşar”, kəlamında bildirildiyi kimi, əlayi-illiyunda ola-ola əsfəli safilinə düşürlər. (29:45)
  • Alvarlı Efe Həzrətləri

    Nə elmim var, nə amalım (əməllərim),
    Nə xeyrü-taətə qaldı macalım;
    Qariqi-üsyanam, çoxdur vabalım,
    Əcəb ruzi-cəzada nə ola halım!

    deyərək özü haqqında düşüncəsini ortaya qoyur. Əslində bütün böyüklər özləri haqqında belə düşünməlidir. (31: 47)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.