Yuxu Bilməz Gözlər

Sual: 1) Hədislərdə cəhənnəm odu toxunmayan iki gözdən bəhs edilir ki, bunlardan biri olan "uyunu-sahirə", ümumiyyətlə, sərhədlərdə keşik çəkmə, yəni maddi cihad kimi götürülür? Bu gün "uyunu-sahirə" necə başa düşülməlidir?

  • Uyunu-sahirə sözünün lüğəvi mənası yuxu bilməz, həmişə oyaq olan göz deməkdir. Keçmişdən bu günədək sərhədlərdə keşik çəkən əsgərə, sərhədləri qoruyan qoşunlara da "uyunu-sahirə" deyilmişdir. (00:53)
  • Qəlbi dini-milli hislərlə dolu halda, vətənə, millətə, dinə, diyanətə zərər gəlməsin deyə bir saat keşik çəkən insan bəzən bir illik ibadət qədər savab qazanar. (01:30)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur: "Axirətdə iki gözə od toxunmaz: Allaha xəşyət hissi ilə yaş tökən göz və sərhəddə düşmən qarşısında keşik çəkən göz”. (02:07)
  • Bir mənada sərhədlərin qalxdığı, insanların sıx münasibətlər qurub yaşadığı və qurdun gövdənin içinə girdiyi belə bir dövrdə dinimizə, diyanətimizə, ruh və məna köklərimizdən süzülüb gələn dəyərlərimizə qarşı qurulan planları, törədilən sui-qəsdləri və müxtəlif cərəyanların hücumlarını dəf edə bilmək üçün həmişə ayıq-sayıq və iztirablı olma.. dəyərlərimizi gözləyən təhlükələri qabaqcadan təsbit etmə.. bunların qarşısını almaq üçün bir sədd deyil, alternativ sədlər, hətta ta daxili qalaya qədər ard-arda qalalar tikmə... bu gün uyunu-sahirənin tələbidir. (03:30)
  • Dünya qaynayır… "Filan tiranın hakimiyyətini devirək!.." düşüncəsi ilə hər yanda qiyamlar baş qaldırır. Bu qiyamların böyük əksəriyyətindən də başqaları yararlanır. Belə iğtişaş və hərcü-mərcliyin də hansı nəticəni verəcəyini təxmin eləmək mümkün deyil. Bu kimi hadisələr, çox vaxt qan tökülməsinə, insan ölümünə səbəb olur. Üstəlik millət cana yığıldığı bir tiranı hakimiyyətdən salarkən onun ruh yüksəkliyindən, hiss və həyəcanından sui-istifadə edib xalqın arasına soxulan başqalarının əlaltıları başqa bir tiranı hakimiyyətə gətirirsə, Ramzes gedib yerinə Amnofis gəlirsə, o yerdə heç nə dəyişmir. Bu da belə iğtişaşların çox ağır nəticəsidir. Buna görə, planlaşdırılan bütün işlərdə, başdan-ayağa hər addım nəzərə alınmalıdır. Üstəlik problem nəsil, insan və imanla bağlıdırsa və əgər bunu insanda imanla həll etməsəniz, Mefisto öz oyununu oynayacaq və onunla yolun sonuna varmaq mümkün olmayacaq. Şübhəsiz, orada gözəl niyyətlə hərəkət edən insanlar da az deyil, lakin hadisələrin çoxunun sui-istifadə edilməsindən, iğtişaşların başqa-başqa ölkələrdə bir-birinin ardınca baş verməsində xarici güclərin barmağı olmasından və köhnəlmiş simaları, vaxtı keçmiş düşüncələri aradan qaldıraraq millətin başına yeni bir firon gətirilməsinə dair planların olmasından əndişə edirəm. (06:54)
  • Sosial məsələlərin uzunmüddətli həlli problemlərin insanmərkəzli həllindən asılıdır. Seyid Qütb ən son yazdığı zindan xatirələrində deyir ki, "Biz problemi anlaya bilməmişik, əsas məsələ insanlığın iman məsələsiymiş". Bəli, insanlar imanı itiribsə, o böyük boşluğu başqa şeylə doldurmaq mümkün deyil. (09:43)
  • Ruhumuzun heykəlini ucaltmaq, insanı yenidən inşa etmək və təhlükələri düzgün təsbit edib bu istiqamətdə cəhd və səy göstərmək bu dövrdə "uyunu-sahirə"liyin şərtidir. Bəli, bütün bunları ümumiləşdirərək uyunu-sahirəni daha geniş çərçivədə götürmək lazımdır. Məhz bu mənada yuxu bilməz gözlər cəhənnəm odu görməz. (10:50)

Sual: 2) Uyunu-sahirə ilə iztirab arasında necə əlaqə var? Bir tərəfdə ictimai coğrafiyada sarsıntılar, digər tərəfdə də Quran və Sünnə qalasının mühafizəsi məsələlərində uyunu-sahirənin mövqeyi necə olmalıdır? (11:55)

  • İztirab insana təkcə şəxsi və ailəsi üçün deyil, hətta kəndi, eli-obası, ölkəsi üçün də deyil, bütün bəşəriyyət üçün dərd çəkmə üfüqünə yüksəldən, hər kəsə qucaq açmağı öyrədən ali duyğudur. Bu hislə dolub-daşan insan, təbii ki, yorğanı bir kənara atacaq, bəşəriyyətin dərdləri ilə sancı içində qıvrılacaq, gecələri dəli kimi sağa-sola gəzişəcək, yuxusuz sabahlayacaq, yuxusuz axşamlayacaqdır. Bu baxımdan iztirab çəkmək uyunu-sahirədən olmaq üçün ən böyük vəsilələrdən biridir. (12:20)
  • İmam Qəzalidən Həzrəti Bədiüzzamana qədər bütün Haqq dostları iztirab çəkmiş, insanlığın dərdinə dərman olmaq üçün "çarə, çarə" deyə-deyə dəli kimi dağlar, dərələr gəzib-dalaşmış və yararlı düşüncəni, mülahizəni ortaya qoymağa çalışmışlar. Həzrəti Musa və Həzrəti İsada (alə nəbiyyinə və əleyhiməssalatu vəssəlam) olduğu kimi, bunu bütün peyğəmbərlərdə də görmək mümkündür. İnsanlığın İftixarı (əleyhi əkməluttəhiyyati vəttəslimat) vəhy gəlmədən öncə Hira (mağara) sultanlığındakı "təhannüs"ünü də bu nöqteyi-nəzərdən dəyərləndirmək olar. (15:35)
  • Bunu da qəbul etməliyik ki, iki üç əsrlik təxribatı bir həmlədə, bir dəfəyə düzəltmək çox çətindir. Ustadın ifadəsi ilə, biz əsrlərdən bəri rəxnədar olmuş (sökülüb dağılan) bir qalanı təmir etməyə çalışırıq. Bu gün iman əsasları belə sarsılmış, ana-ata haqqı ayaqlar altındadır. Allah haqqından ana-ata hüququna qədər, demək olar, hər bir dəyəri layiqli mövqeyinə yüksəltmək lazımdır. Əgər iki-üç əsrdən bəri müəyyən duyğu, düşüncə, anlayış, fəlsəfə, dünyagörüşü, hətta şəkil-şəmailimiz ciddi deformasiyaya uğraymışdırsa, bunun birdən-birə düzəlməsi mümkün deyildir: dağıtmaq çox asan, təmir etmək isə çətindir. (18:00)
  • Kəbəni ilk dəfə görəndə və ya Ərafatda əlləri aşağı salmadan on saat dua etməkdən daha müqəddəs və məqbul bir şey var, o da İslam aləminin çəkdiyi iztirabı qəlbən yaşayaraq bircə dəfə əlləri qaldırıb "Allahım qəlbimi və yer üzündə bütün qullarının qəlbini (imana, İslama, Qurana) yönəlt, diriliş nəzdi-Uluhiyyətində nə mənaya gəlirsə, insanları o şəkildə dirilt" deyərkən gözlərin yaşarması, qəlbin ürpərmə və tüklərin biz-biz olmasıdır. (19:55)
  • Müqəddəs iztirab və müqəddəs xəfəqan bəzən insanı bir anda şaquli övci-kamalati-insaniyyəyə (insani kamillik zirvəsinə) yüksəldər, ona nurani anlar bəxş edər. İmam Rəbbani Həzrətlərinin də dediyi kimi, "Bir anı-səyyalə vücudi-ənvər min illər vücudi-əbtərə mürəccahdır. (Bir an nurlu həyat yaşamaq min illərlə səmərəsiz həyatdan üstündür)" (21:00)

Sual: 3) Təmənnasızlıq uyunu-sahirəyə mahruti baxış (konusavari baxış) qazandıra bilərmi? Bu nöqteyi-nəzərdən təmənnasızlıqla uyunu-sahirə əlaqəsini izah edə bilərsinizmi? (24:00)

  • Təmənnasızlıq uca bir məfkurəyə könül verən və həyatını tamamilə ona həsr edən fədakar ruhların vəsfidir. Dilbəstə olduğu məfkurə ilə düşüncə dünyasını təkrar inşa etməyə çalışan, başda öz milləti olmaqla, bütün insanlığa yeni bir “basu-badəl-mövt” bəxş etmək üçün çalışıb-çabalayan bir insanın heç bir dünyəvi təmənası olmaz, olmamalıdır. Hətta cəhənnəmdən qurtulub cənnətə getmək kimi Haqq-Təalanın fəzlindən umulan mənəvi təmənna da ummamalıdır. Səhih hədislərdə də bildirildiyi kimi, insanın ibadətlərlə Cənnəti qazanması mümkün deyil, onlar (ibadətlər) kiçik bir vəsilədir. İnsan ancaq Allahın fəzli və rəhməti ilə oraya gedə bilər. (24:24)
  • Təmənnası olan (dünyaya) güzəştlərdən qurtula bilməz. Xüsusilə, hər şeyin dünyadan ibadət olduğunu düşünən insanlarda yüksəlmə marağı, mövqe arzusu və təvəccöh ehtirası hədsiz dərəcədədir. Bəziləri siyasət, ədliyyə, cəmiyyətdə və ya hərbidə bir mövqe əldə etməyə can atırlar. İnsanların gözünə parlaq görünən bəzi məqamlara çatmaq və xalqın təvəccöhünü qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu insanlar bir mövqeyə yüksəlmək üçün ard-arda güzəştlərə gedirlər və elə düşünürlər ki, həmin mövqeyə çatmaqla qəlbləri itminana qovuşacaq. Arzuya nail olanda da bu dəfə bir tərəfdən növbəti arzularını həyat keçirmək, digər tərəfdən də əldə etdikləri mövqeyi qorumaq üçün yeni güzəştləri normal qarşılamağa başlayırlar. (25:00)
  • Siyasət səhnəsində rol almaq və idarəçilik etmək də cəmiyyət həyatı üçün vacibdir. Bəzi insanların dövlət idarəsində söz sahibi olması, məsələn, millət vəkili olması da ictimai ehtiyacdır. Yox əgər siz həyatınızı iman və Quran xidmətinə həsr etdiyinizi deyirsinizsə və zehininizi, hislərinizi, ağlınızı, məntiqinizi dağıtmadan, təmənnasız qulluq etmək istəyirsinizsə, bu seçimdən sonra artıq siyasətə və dünyəvi məqamlara baxa bilməzsiniz. Çünki siz bu dövrdə ən böyük təhlükənin qəlblərin və imanın zədələnməsi olmasına inanmış, bütün himmətinizi qəlblərin islahına yönəldərək bu təhlükəyə sinə gərməyə söz vermişsiniz. O rəsmi vəzifələri kim yerinə yetirir-yetirsin, kim hansı mövqeyi təmsil edir-etsin, heç kimi dəyərsiz saymaz, qınamazsınız, hər kəsin niyyətinə və əməllərinə görə axirətdə mükafat alacağına, ya da cəzasını çəkəcəyinə inanar və hökmü Əhkamül-Hakimun olan Allaha həvalə edərsiniz. Bununla yanaşı, yürüdüyünüz ileyi-kəlimətullah yolunda rizayi-ilahidən başqa heç bir şeyə bilavasitə və bilvasitə yönələ, sizi əsas vəzifənizdən uzaqlaşdıran heç bir şeyə dilbəstə ola bilməzsiniz. Haşa, nə Sultan Fatehi, nə də onun əsgərlərini əhəmiyyətsiz hesab etmirəm, amma sizə İstanbulun fatehliyi kimi bir məqam da təklif edilsə, "Allah, Allah, məndən nə xəyanət gördülər ki, belə bir dünya işini təklif edir və məni dünyaya çağırırlar" deyər və təmənnasızlığınızı göstərərsiniz. (26:30)
  • İnsan təmənnasız olsa da, qədər bəzən onu bir neçə pillə yuxarı çıxarır. Bu zaman da adanmış insan böyümə düşüncələrini ayaq altına atıb yalnız "Bu vəzifə məndən nə tələb edir?" sualına cavab axtarar. Çünki mənəvi mövqe etibarilə subyektiv mükəlləfiyyətlər ağırlaşdığı kimi, maddi mövqe etibarilə də obyektiv mükəlləfiyyətlər artır. Bəli, hər pillənin bir məsuliyyəti var; təmənnasız insan uca məfkurəsi naminə o məsuliyyətin tələbini ortaya qoymalı və vəzifəsini layiqincə yerinə yetirməlidir. (29:30)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.