Zikr və Tərk

Sual: 1) “Qəlbin Zümrüd Təpələri” kitabının "Zikr" mövzusunda "Cəhri (yüksək səslə edilən), xəfi (gizli) – hər növ zikr duyğu, düşüncə və şüur ətrafında halqalanan "sübühati-vəch"in ziyasının bədənə ötürülməsi və ruha mənimsədilməsi prosesidir (əməliyyatıdır)" deyilir. Bu cümlə ilə hansı xüsuslar nəzərdə tutulur? “Sübühati-vəch ziyasını vücuda ötürmək” və “ruha mənimsətmək” nə deməkdir?

  • Ümumiyyətlə, Allahın ad və ünvanlarını tək-tək və ya bir neçəsini birlikdə anmaq və təkrar etmək kimi anlaşılan zikr anmaq, xatırlamaq, varlığın dəhlizlərində gəzərkən demək olar, hər nəsnədə Allaha aid bir məna görmək və Onu ins-cin hər kəsə elan etmək deməkdir. Zikr Haqq Təalanı Onun o mübarək isimləri ilə yad etmək, sifəti-Sübhaniyəsi (nöqsansız sifətləri) ilə anmaq, əfali-ilahiyyəsi (ilahi feilləri) ilə xatırlamaq və "Allah bu işləri necə də min bir hikmətlə görür" deyərək təqdir və minnət hislərini ifadə etməkdir. Zikir bəzən səsli və ucadan, bəzən də içdə, ürəkdə də edilə bilər. (01:05)
  • Bəzi böyüklərə görə açıq yerlərdə, təbiətin qoynunda hər varlığın təsbehinə, onların ab-havasına qoşulma əhval-ruhiyyəsi ilə səsli zikr etmək, insanlar arasında isə Haqq Təalanın mübarək isim və sifətlərini qəlbin döyüntüləri ilə için-için anmaq daha gözəldir. (03:58)
  • "Sübuhatı-vəch" Haqq Təalanın ariflərin qəlbindən bütün masivaullahı (Allahdan qeyri hər şeyi) silib-süpürüb örtmə mənasında kəmiyyət və keyfiyyətdən uzaq o mütəal (ali, böyük) varlığını onların o təmizlərdən təmiz könüllərinə hiss etdirmə muradı-sübhanisi ilə (özünəxas nöqsansız istəyi, muradı ilə) bağlı olaraq təcəlli edən və bütün bəşəri ihsaslar (cismani hislər), ixtisaslar (ruhi-mənəvi hislər) üfüqünü əhatə edən Zati (Zata məxsus) bir nur və ziya tufanıdır. "Vəch" kəlməsi ilə Zati-Barinin (üstün, mükəmməl, nöqsansız olan Zat, yəni Allah) nəzərdə tutulması baxımından ona əsma və sifəti-sübhaniyə nurlarını da əhatə edən "ənvari-Zat" deyənlər də olmuşdur. (05:45)
  • Əslində, Allahın rizası bütün təmənna və istəklərdən üstün tutulmalıdır. Allahı sevmək, Allah tərəfindən sevilmək, Ondan xoşnud olmaq və Onun xoşnudluğunu qazanmaq elə böyük bir payədir ki, Cənnət nemətləri belə onunla müqayisəyə gəlməz. (09:00)
  • Bəzi Əhlullah məsələyə tədəlli (ən alidən başlayıb aşağıya doğru getmə) zaviyəsindən yanaşmış və "Allah sevməyincə siz sevə bilməzsiniz. O sizdən razı olmayınca, siz riza üfüqünə çata bilməzsiniz" demişlər. Onlar bir az da əşyanın pərdə arxasına görə hökm vermişlər, yəni əvvəlcə Allah Təalanın rizası gəlir, sonra da qulun Allahdan razı olması isə onu izləyir. Belə ki ayələrdə də "Allah onlardan, onlar da Ondan razıdır" (“Maidə” surəsi, 5/119; “Beyyinə” surəsi, 98/8) bəyanları ilə əvvəlcə Allahın xoşnudluğu zikr edilmişdir. (10:14)
  • Peyğəmbərlərin məna aləminə bələd olması ilahi bir mövhibədir (ehsan, ərməğan). Bu ilahi mövhibə Haqq Təalanın onların gələcəkdə iradələrini ortaya qoyaraq sərgiləyəcəyi yüksək xarakter və müvəffəqiyyətə müqabil əvvəlcədən bəxş etdiyi bir “avansdır”. Çünki Haqq Təala onların nə edəcəyini, necə hərəkət edəcəyini əzəli elmi ilə bilir. Digər tərəfdən də bu həqiqət yaddan çıxmamalıdır ki, Allah Malikül-mülkdür (mülkün malikidir), mülkünü istədiyi kimi idarə edər. Bir peyğəmbəri digərlərindən daha böyük amacla göndərə bilər. Dolayısilə, həmin amaca uyğun istedad və qabiliyyət lütf edər. Bir başqasına bu qədər vacib bir missiya verməz, onun istedad və qabiliyyəti də buna uyğun olar. Məsələn, "İnsanlığın İftixarı"na baxıb belə deyə bilərsiniz: Allah bu Zatı digər peyğəmbərlərə nisbətən daha böyük missiya ilə göndərmiş və istedad və qabiliyyətini da buna müvafiq vermişdir. Bu yanaşma tərzi ilə eyni məsələyə əks istiqamətdən baxıb belə də deyə bilərsiniz: O zat gələcəkdə öhdəsinə götürəcəyi missiyaya layiq olduğunu göstərmiş, Allah da əzəli elmi ilə bunu bildiyinə görə ona başlanğıcdan həmin missiyaya uyğun istedad və qabiliyyət lütf etmişdir. (13:00)
  • Könül diliniz güclənib şüurunuzu, idrakınızı və iradənizi təsir altına alanda sözləriniz tamamilə məna aləminin səsi-sədasına çevrilər. Tədricən diliniz könül dilinə, şivəniz də hal şivəsinə dönər, və dilinizin də, halınızın da mənbəyi yenə də könülünüzdən fışqıran mənalar olar. İnsanlara da təsir edən məhz bu könül dili və hal şivəsidir. Bunları sulayan bulaq Ondan gəldiyi üçün könülünüzə süzülən mənalar əvvəlcə sizə təsir edər və qəlbinizi xəşyətlə doldurar. Qəlbində xəşyət olanın hərəkət və davranışlarında da xəşyət olar. Bu cür zahir-batin bütövlüyünə nail olan insan həm dil, həm də halla haqq və həqiqətə tərcümanlıq edər, görənlərə Allahı xatırladar. Haqq Təala ilə münasibət və Ona qarşı hörmət insanın içində pətəkləşincə mərifət balı olub çölə sızar. (16:52)
  • Normal vəziyyətdə Allah (cəllə cəlaluhu) insan iradəsini çox əhəmiyyətli sayır, həm də onun vəfasına da böyük dəyər verir. Onu vəfa üçün bir müqavilə maddəsi kimi qəbul edir, "Əvfu bi əhdi ufi bi əhdikum" (Əvvəla siz sözünüzdə durun, Mən də əhdimi yerinə yetirim) (“Bəqərə” surəsi, 2/40) buyurur. Bu, insana dəyər vermək deməkdir. "Sən addımını at, mən onu əvəzsiz qoymaram" deməkdir. Yoxsa, bu, mükəlləfiyyətə məcbur edilmə kimi başa düşülməməlidir. Həmçinin belə buyurur: "Fəzkuruni əzkurkum" (“Bəqərə” surəsi, 2/152). "Fəzkuruni…" (Məni anın…) Bu, müxtəlif şəkillərdə izah edilmişdir "Məni ibadətü-taətlə anın, Mən də sizi lütflərimlə anım. Məni sizə bəxş etdiyim nemətlərimlə anın, Mən də yeni nemətlər verməklə sizi yad edim. Siz Məni yer üzündə mükəlləfiyyətlər çərçivəsində anın, Mən də sizi məleyi-alinin (ali ruh və mələklər) sakinləri arasında anım". Bu, insan iradəsinə dəyər verməkdir. Onu öz icraatı-sübhaniyəsində, bir mənada əsas kimi qəbul etməkdir. (19:10)

Sual: 2) Niyazi Misrinin "Mən sanırdım aləm içrə mənə heç yar qalmadı / Mən məni tərk eyləyincə gördüm ki, əğyar qalmadı" misralarında keçən "özünü tərk" ifadəsi nə deməkdir? Hər kəsi insana “yar” edən və “əğyar” qoymayan "tərk" necə mümkündür? (22:34)

  • Ustad həzrətləri müxtəlif yerlərdə "tərk" məsələsindən bəhs edir; əcz (acizlik), fəqr (fəqirlik), şövq, şükür, şəfqət və təfəkkür yolunu izah edərkən Nəqşibəndi təriqətində əsas olan "tərk" yoluna da toxunur. Bəli, Məhəmməd Bahauddin Nəqşibənd həzrətlərinin yolunda dörd şeyi tərk edilir. Bu, farsca bir beytdə belə ifadə olunmuşdur: "Dər tariqi-Nəqşibəndi lazım aməd çar tərk / Tərki-dünya, tərki-üqba, tərki-həsti, tərki-tərk" (24:05)
  • İlahi rizanı qazanmaq üçün tərk ediləcək dörd şeydən birincisi dünyadır. Ustad həzrətləri “Məsnəviyi-Nuriyyə” əsərində “dünyanı tərk etmə” məsələsinin ölçüsünü verərkən onu kəsbən (çalışma, iş görmə baxımından) deyil, qəlbən tərk etməyin əsas olmasına diqqət çəkmiş, "dünya işlərindən əldə edilənlərə sevinməmə, əldən çıxanlara da kədərlənməmə" prinsipindən bəhs etmişdir. Yəni dünyanı tərk etməyi bacaran insan bütün yer üzü onun olsa da, dünya qədər mal-mülk əldə etsə də, çox sevinməyəcək, nemətə şükür etməklə yanaşı, "Bu qazanc əhəmiyyətli deyil, Allahım, çünki mənim üçün Sən və Sənin rizan vacibdir" deyəcək, bütün dünya əlindən çıxsa da, səbir göstərəcək, qəm çəkməyəcək, kədərlənməyəcək. (24:42)
  • "Tərki-üqba" adanmış insanın məfkurəsi uğrunda göstərdiyi bütün cəhd və səylərin müqabilində axirət səadətini belə ummaması, yalnız Allah rizasını məqsəd seçməsi deməkdir. Bir insanın Allaha qulluğu, ibadətü-taəti, övradü-əzkarı, hətta ileyi-kəlimətullah uğrunda mücahidəsi, bu yolda zindanlara düşməsi, bəla və müsibətlərə məruz qalıb əzilməsi, əziyyət çəkməsi bilavasitə Cənnəti qazanmaq üçündürsə və bütün bunlarla onun əsas məqsədi Cənnətə getməkdirsə, o, qazanma qurşağında itirmiş sayılır.. (25:00)
  • Tərk ediləsi şeylərdən biri də insanın öz nəfsidir. "Tərki-həst" insanın öz nəfsini də tərk etməsi, nəfsini düşünməməsi deməkdir. (25:15)
  • Bütün bu “tərk”lərdən sonra insanın ağılına "Mən dünyanı tərk etdim, üqbanı tərk etdim, özümü də tərk etdim. Mən, Onun uğrunda hər şeydən imtina edən bir insanam" kimi hiss və düşüncə gələ bilər. Şahı Nəqşibənd beytdə bir “tərk”dən də bəhs edir, "tərki tərk"dən. Yəni insan bu “tərk”ləri də tərk etməli, hətta tərk etdiyini belə unutmalıdır. İnsan "onu tərk etdim, bunu tərk etdim" mülahizəsinə daşıyırsa, əslində, bütün bunları tərk etməmiş sayılır. (25:25)
  • Bu xüsuslar çərçivəsində "tərk" mühüm bir əsasdır. Lakin insanların dünyəviləşdiyi (dünyaya hədsiz bağlandığı) və eqoizmin qüvvətləndiyi bir dövrdə bunu reallaşdırmaq çox çətindir. Buna görə də, Həzrəti Ustad alternativ bir yol göstərir və "Dər tariqi-əczi-məndi lazım aməd çar çiz: fəqri-mütləq, əczi-mütləq, şükrü-mütləq, şövqü-mütləq, ey əziz!" deyərək dörd əsası diqqətə çatdırır. (27:10)
  • İnsan məsələləri özü ilə əlaqələndirir, yəni məsələyə öz ağlını, öz sözünü, öz biliyini, öz “qəhrəmanlıq dastanlarını” qarışdırırsa, "aləm içrə" özünə “yar” tapa bilməz. Amma nəfsini bir büllur kimi yerə çırpıb parçalasa, əğyarın qalmadığını, hər şeyin ona dost olduğunu görər. Bəli, insan Allahla özü arasına girərsə (sadəcə bir ayna olduğunu unudaraq özünə bir pay çıxararsa), “ay və günəş tutulması” baş verər. Ənaniyyətdan uzaqlaşa bilməyən insan Allahın hüzurunda özündən vaz keçə bilməz; bu səbəbdən də ruhi-mənəvi həyatı daim “ay və günəş tutulmasına” məruz qalar; bu tutulmalardan canını qurtara bilməz, qurtulub gerçək aydınlığa çıxa bilməz. (31:12)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.