398-ci nəğmə: “Daima sülh yolunda…”

Fəthullah Gülən: 398-ci nəğmə: Daima sülh yolunda…

  • Xüsusilə də, hal-hazırda nifaq və çəkişmələrin köpürməsi qarşısında insanları etidala çağıran, gərginliyi azaldan davranışlar sərgiləmək daha məqsədəuyğundur. Ayrılıq və parçalanmanı sürətləndirməmək üçün bəzi insanlar baş verən hadisələri sinələrinə çəkməli və xarakterlərinə uyğun olaraq yerlərində sabitqədəm dayanmalıdırlar.
  • Bir vaxtlar bir çox insan Xarici, Həruri, Zübeyri kimi adlar altında təfərrüata aid məsələlərin davası ilə meydana atılmışdı. Onların içində namaz qılmaqdan alınları qabar bağlamış insanlar da vardı. Fəqət ixtilaf və təfriqə gözlərini elə tutmuşdu ki, təfərrüata aid məsələlərin davası ilə aradakı bütün mənəvi körpüləri yıxmışdılar. Sabaha qədər namaz qılıb, bəlkə də, üç-dörd gündə bir Qurani-Kərimi xətm etmələrinə baxmayaraq, qardaşlıq və ittifaqda olduqca geri qalmışdılar. Dünən bu cür insanlar yaşadığı kimi, bu gün də belə insanlar vardır və sabah da olacaq. Bunları ortaya çıxarmaq və batili təsvir etməklə saf zehinləri bulandırmaq doğru deyil. Lakin bu reallığı diqqətə çatdırmaqla baş verən bəzi hadisələr qarşısında möminləri ayıq-sayıq olmağa və təmkinli davranmağa çağırmaqda fayda var.
  • Adanmışların fəaliyyət və müəssisələrindən söz açılanda bu işi “Hizmət”, “Hərəkat”, “Camaat” və “Cameə” kimi müxtəlif cür adlandırırlar. Əslində bu işdə hər anlayışda, hər rəngdə və hər düşüncədə adamlar var. Bu, çox işləməli və çox naxışlı gərgəf kimidir. Bunları cameyə gəlib birlikdə səf tutan insanlara bənzətmək olar, bəlkə də, çoxu heç bir-birini tanımır, amma məqbul və ağlayatan bir amal onları birləşdirib.
  • Qitmir (özünü nəzərdə tutur – tərc.) 20 il əvvəl bir toplantıda dövrün şərtlərinə baxıb dünyanın müəyyən bir istiqamətə yönəlməsi ilə əlaqədar “Demokratiyadan geriyə yol yoxdur” demişdi. Hazırda müəyyən bəhanələrlə sizə qara yaxan o qara ruhlu, qara qələmli, qara mürəkkəblə başqalarını qaralamağa çalışan insanlar o vaxtlar: “Baxın bu adam demokratiya dedi” demişdilər. Aradan beş-on il keçəndən sonra, bəlkə də, əlli dəfə “demokratiya” deyildi, hətta “dünyəvilik” sözü belə dilə gətirildi. Bu fikirlər hətta başqa kəsimlər tərəfindən etirazla qarşılandı.
  • Hal-hazırda da Qurandan qaynaqlanan bir amal ətrafında birləşmiş insanlar haqda “təşkilat” sözü işlədilir. Bunu müsəlmanların edəcəyinə inanmıram. “Yəqin ki, bəziləri kiminsə adından istifadə edərək bunları yayır” deməklə bu dəfə də məsələyə hüsnü-zənnlə baxıram.
  • İcazənizlə, “təşkilat” deyənlərin bu sözünə “xainlik” deyəcəyəm. Əsasən, dövətin elan etdiyi rəsmi teror təşkilatları var. Bu təşkilatlar 30-40 ildir Kürdü, Türkü, Lazı, Çərkəzi, Zazası ilə (bir bütünü meydana gətirən) Anadolu insanının başına bəla olmuş xarici qüvvələrə bağlı bir qisim fitnə-fəsad yuvalarıdır.
  • Həzrət Bədiüzzaman hələ Məşrutə dövründə, yüz il bundan qabaq Mədrəsətüz-Zəhra adı ilə Vanda bir universitet açılmasını təklif edəndə orada Ərəb dilinin fərz, Türk dilinin vacib, Kürd dilinin də caiz qəbul edilərək hər üçünün bərabər tədris olunmasının vacibliyini qeyd eləmişdi. Hələ bu yaxına qədər biz bunu dilə gətirə bilmirdik. Yenə sizin kimi bu karvana qoşulan dostlar televiziya kanalları, radioları, dil tədris kursları və universitetləri ilə bu işə “bəli” dedilər. Müəyyən bir cəbhəyə mənsub olanlar “Sülhün bərqərar olmasında heç bir töhfəsi olmadı” deyir. Xeyr, vallah oldu, billah oldu, tallah oldu. Həm də hamıdan əvvəl.. Müəyyən bir təbəqə “töhfəsi olmadı” deməklə bu Hərəkatı “sülh prosesini baltalamaqda” ittiham edir. Sülh, dostluq və qardaşlığa qənim kəsilmiş bəlli bir təbəqə də “Hazırlıq kursları bağlansın, biz də orada öz yataqxanalarımızı, tələbə evlərimizi, düşərgələrimizi açaq, beləliklə, bölünmə prosesi sürətlənsin!” düşüncəsi ilə çıxış etdilər. “Hazırlıq kursları bağlansın, onun yerini biz dolduraq” fikri indi ucadan səsləndirilir. İndi desinlər görək, görülən işlər faydalı olub, yoxsa yox? Bu gün bəzi insafsızlar buna “bəli” deməsələr də, gələcək nəsillər və tarix bu gün buraxılan səhvləri lənətlə yad edəcək və “Bir boşluq meydana gətirdiniz, sizə ar olsun” deyəcəklər.
  • Doğma qardaşlarımdan da yaxın bildiyim Kürt qardaşlarımın bu sahədəki çatışmazlıqlarını aradan qaldırmaq, universitet və liseylərdə təhsil almalarını təmin etmək, bununla yanaşı, problemlərin həll yolunun düşmənçilik və nifrət olmadığını başa salmaq üçün səy göstərilirsə, bunu dövlətin nüfuzlu dairələrini ələ keçirmək adlandırmaq olmaz. Bir insanın öz ölkəsində həmvətənləri üçün lazımi işləri görməsi onun haqqı və vəzifəsidir.
  • Bəli, qara ruhlu insanlar görülən işlərə qara yaxmağa çalışırlar. İndi də “təşkilat” deyirlər. Müxtəlif təbəqələrə mənsub insanlardan ibarət bir topluluq olan və məqbul bir amal uğrunda birləşən insanlardan ibarət bir cameə... sizi tanımadığı halda, “Məktəb açmaq, kültür mərkəzləri təsis etmək, etüd mərkəzləri açaraq yoxsul şagirdlərə ödənişsiz təhsil vermək xeyirli bir xidmətdir” düşüncəsi ilə gəlib “Qoyun bir məktəb də mən tikdirim” deyərək bu karvana qoşulanlardan meydana gəlmiş bir cameə.. Belə bir cameəni “təşkilat”la eyniləşdirmək mümkün deyil. Bundan başqa “təşkilat” sözü termin kimi tamam başqa mənaya gəlir. Demək ki, bu mənfur niyyətli insanlar bu sözdən qəsdən istifadə edirlər.
  • Digər tərəfdən əgər bu cameəyə təşkilat desəniz, (haşa, mən o tərbiyəsizliyi eləmərəm) bu günə qədər dinimizə, diyanətimizə, mənəvi həyatımıza böyük xidmət göstərmiş Küfrəvi təriqətinin təmsilçisi Alvar İmamının düşüncə dünyası ətrafında cəmləşmiş insanlara da “təşkilat” demək məcburiyyətində qalaraq onlara qarşı da ədəbsizlik etmiş olarsınız. Üftadə Həzrətlərindən bəhrələnən və millətimizin mənəvi-ruhi həyatına böyük töhfələr verən Əziz Mahmud Hüdayi həzrətləri kimi bir insanın yolunu tutmuş, onun düşüncə və qayəsi ətrafında birləşmiş insanlara da (minlərlə ruhumuz onlara qurban olsun) “təşkilat” demək məcburiyyətində qalarsınız. Bir məfkurə ətrafında birləşən insanlara qara yaxmaq üçün belə bir adla adlandırsanız, Məhəmməd Rəşid Əfəndi həzrətləri kimi bir mənəviyyat böyüyünə tabe olan, özünəxas bir anlayış, dünyagörüşü və fəlsəfə çərçivəsində birləşən tər-təmiz insanlardan ibarət Mənzil Camaatına da “təşkilat” demək məcburiyyətində qalarsınız. Türkiyədə yalançı şəfəqin belə görünməz olduğu vaxtlarda yüzlərlə Quran kursu açmış Süleyman Əfəndi həzrətlərinin yolunu davam etdirən, ölkəmizdə və xaricdə Quran kursları, yataqxanalar açan və din yolunda digər xidmətlərə imza atan insanlara da “təşkilat” demək məcburiyyətində qalarsınız. Üstəlik Milli Görüşü də “təşkilat” adlandırmağa məcbur olarsınız.
  • Loğmanı udmamışdan əvvəl çiynəmək nədirsə, danışmamışdan əvvəl düşünmək də odur. Kaş ki müxatəblərim mömin olmayaydı, mən də rahat olardım. Mömin bu cür necə gəldi danışmamalıdır. Ağzından çıxan söz mömin adına layiq olmalıdır. Dilə gətiriləndə də təmiz vicdanlı insanlar tərədinən qabul edilməli və “Nə yaxşı ki, bizim çatışmazlıqlarımızı xəbər verdin, səhvlərimizi söylədin” sözləri ilə qarşılanmalıdır.
  • Əgər görülən işlər ağıla müvafiqdirsə, gələcəyimiz üçün vacibdirsə, Türkiyənin etibarı və ulduzunun parlaması üçün faydalı olacaqsa, məncə, bu yolda qətiyyətli və mətin dayanmaq lazımdır. Heç kimin öz dövləti və iqtidarı ilə mübarizə eləmək kimi bir niyyəti yoxdur. Düşünürəm ki bu məsələni o cür göstərmək istəyənlər fitnə-fəsadçılar, arada söz aparıb-gətirənlər, məkrli və hiyləgər insanlardır. Cənabi-Allah islah eləsin.
  • Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) Hüdeybiyədə ciddi bir məsələ ilə üzləşmişdi. Bu zaman O, dahiliyin fövqündə dayanan yüksək fətanəti ilə, zahirən əleyhində görünən bir qərar vermişdi; qan tökmədən və kimsəni incitmədən problemin öhdəsindən gəlmiş və bir mənada gələcək nəsillərin könüllərində taxt qurmağa və işin inkişaf edib irəliləməsinə vəsilə olmuşdu. Peyğəmbərimizin hamımıza örnək olan o fərasət və fətanətini diqqətə çatdırmaq üçün Hüdeybiyə misalını, müxtəlif məsələlərə aydınlıq gətirdiyindən, fərqli versiyalarla təqdim etməyə çalışdım.
  • (Kürd məsələsinin həlli ilə əlaqədər söhbətdə) “Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, sülhü (barışığı) bərqərar etmək üçün bəzi məsələlərdə güzəştə getməsində heç bir qəbahət yoxdur. Çünki sülh daha xeyirlidir...” (“Nisa” surəsi, 4/128) məallı ayə cəmiyyətin ən kiçik strukturu sayılan ailədən başlayaraq hər sahədə sülhün birmənalı şəkildə xeyir olduğunu buyurmuşdur. Çünki ailə cəmiyyətin “molekulu” sayılır. Molekul nə qədər sağlam olarsa, cəmiyyət də bir o qədər sağlam olar. Bu baxımdan əvvəlcə Qurani-Kərimin bu buyruğunu xatırladaraq, “Sülh xeyirdir. İnsanın nəfsi xəsisliyə düşkün olmuşdur. Bu səbəbdən insanlar arasında anlaşılmazlıqlar meydana gələ bilər. Hakimlər müəyyənləşdirin, ağsaqqallara müraciət edin, sülhü bərqərar edin, razılığa gəlin” deyəndən sonra Hüdeybiyyə sülhünü misal çəkirsiniz.
  • Başqa bir yerdə 2004-cü ildə MGK-nın aldığı qərarla əlaqədar Hüdeybiyyə müqaviləsini misal çəkmişdim. Sözügedən misalı verərkən o qardaşların hərbiçilərlə və o dövrdə dövlətin başında duran insanlarla birlikdə o qərara imza atmalarını, ogünkü şəraitin bunu tələb etdiyini də nəzərə alaraq, Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) Hüdeybiyyədə təhlükəni az zərərlə sovuşdurmaq üçün geri addım atmasına bənzətmişdim. Özü də bu cümləni işlətmişdim: “Bəzən geriyə bir addım atmaq irəliyə atılan on addıma tən olur”. Söhbətin əvvəlinə və axırına baxsalar, əslində o sözlərin orada imza atan qardaşlarımızı qorumaq və onları müdafiə etmək üçün deyildiyini görəcəklər.
  • Bəli, həmin söhbətdə “Qolum-qanadım qırıldı!” ifadəsini də işlətmişdim, çünki həmin sənəd imzalandıqdan sonra özünü gözə soxmağa çalışan bəzi “işgüzarlar” sözügedən qərarı icra etmişlər, ardı-arxası kəsilmədən təqiblər olmuş. Kaş, Allahın köməkliyi ilə, o məsələni məntiqi yolla həll etdikdən sonra icrası ilə məşğul olmayaydılar... Eşidəndə “Qolum-qanadım qırıldı!” demişdim, bunu da başqa cür başa düşdülər. Verilən Hüdeybiyyə misalından “MGK-da imza atanlar müşrikdir” nəticəsini çıxarmaq mümkündürmü? Yaxşı, bəs Peyğəmbər kimdi orada? Halbuki, misalda onlar Peyğəmbər yolu ilə gedən insanlar kimi təqdim edilmişdi. Təqdir etmək əvəzinə, yenə bəzi qara ruhlu, qara düşüncəli, qara ürəkli qaranlıq dünyanın insanları, fitnə dəllalları, − kaş belə olmayaydı, − bu məsələni bu şəkildə yayaraq müxtəlif kəsimlərin arasını vurmaqda, bir-birinə düşmən etməkdə canfəşanlıq göstərirlər.
  • Əbülfəth əl-Büsti həzrətləri necə də gözəl deyib: “Üzünü ruhuna (insanın əsl mahiyyətinə) çevir, onun fəzilətlərini kamala çatdır! Çünki sən cisminlə deyil, qəlbinlə, ruhunla insansan.”
  • Şeytandan Allaha sığınmaq üçün: “Ya Rəbbi! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından Sənə pənah gətirirəm!” (“Muminun” surəsi, 23\97-98) dua ayəsini də mütəmadi oxumaq lazımdır.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.