475-ci nəğmə: “Yenilənmə mövsümü və ramazan müqabiləsi”

475-ci nəğmə: Yenilənmə mövsümü və ramazan müqabiləsi

Fəthullah Gülən Xocaəfəndi sözə Allah-taalanın qəzəbi ilə lütfü arasında fərq qoymamaq və dərdi dərman bilmək lazım gəldiyini xatırladaraq başladı.

Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Əbu Zərr həzrətlərinin timsalında bütün ümmətinə belə buyurduğunu söylədi və bu dörd bəndli nəsihətin mənasını izah etdi:

جَدِّدِ السَّفِينَةَ فَإِنَّ الْبَحْرَ عَمِيقٌ
وَخُذِ الزَّادَ كَامِلاً فَإِنَّ السَّفَرَ بَعِيدٌ
وَخَفِّفِ الْحِمْلَ فَإِنَّ الْعَقَبَةَ كَئُودٌ
وَأَخْلِصِ الْعَمَلَ فَإِنَّ النَّاقِدَ بَصِيرٌ

“Gəminə bir daha əl gəzdir, çünki dəniz çox dərindir. Azuqəni tam götür, səfər çox uzundur. Çiynindəki yükünü yüngülləşdir, çünki yoxuş olduqca sərtdir. Əməlində ixlaslı ol, çünki görən və dəyərləndirən Rəbbin hər şeydən xəbərdardır.”

Xüsusilə “ixlas” məsələsini vurğulayan Fəthullah Gülən Xocaəfəndi Bəyazid Bistami həzrətlərinin bir kəlamını söylədi: “Düz otuz il Allah-taalaya ibadət elədim. Bir gün qeybdən: “Ey Bəyazid, Allah-taalanın xəzinəsi ibadətlərlə doludur. Əgər Onun rizasına nail olmaq istəyirsənsə, Haqqın qapısında təvazökar və əməlində ixlaslı ol!” səsini eşitdim!”

Ardınca Fəthullah Gülən Xocaəfəndi ramazan ayının bərəkətindən və müqabilədən bəhs etdi.

Bildiyiniz kimi Qurani-Kərimin Allahın nazil etdiyi şəkildə olduğu kimi qorunub saxlanması, ayə və surələrin düzgün tərtibatı və nəzarəti üçün Həzrəti Cəbrail (aleyhissalam) hər il ramazan ayında, bir rəvayətə görə ramazan ayının hər gecəsində Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) yanına gələrdi. Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) Quran ayələrini Cəbrail əleyhissalama oxuyar, ardınca da onun tilavətini dinləyərdi.

Kainatın İftixarı Peyğəmbərimizlə Cəbaril əleyhissalamın Qurani-Kərimi bu şəkildə qarşılıqlı oxumasına “müqabilə” deyilir. Həm bu müqəddəs xatirəyə ehtiram göstərmək üçün, həm də Quranın ramazan ayında nazil olduğuna və xüsusilə bu ayda Qurani-Kərim oxuyanlara çoxlu savab yazılacağına görə möminlər məscidlərdə və evlərdə “müqabilə” oxumağı və xətm etməyi adət halına gətirmişlər.

Sələflərimiz Qurani-Kərimi ayda bir dəfə xətm etməməyi ona qarşı vəfasızlıq hesab etmişlər. Bu baxımdan Fəthullah Gülən Xocaəfəndi ramazan ayının bərəkətli günlərini dəyərləndirərək çoxlu Quran oxumağı vərdiş halına gətirməyin mümkün olduğunu söylədi.

“Qurani-Kərimin mənasını anlamasa da böyük ehtiramla, təzimlə, fikrini cəmləyərək, bütün ruhu ilə onu oxuyan da savab qazanar. Ancaq ondaki ilahi məqsədi anlamağa çalışmaq, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) göndərilmə qayəsini öyrənmək çox vacibdir. Bu isə onun mənasına ətraflı vaqif olmaqdan asılıdır” deyən Fəthullah Gülən Xocaəfəndi fərqli bir “müqabilə” tərzi təklif etdi. İmkan daxilində möminlərin gündəlik müqabiləni ikiyə, ya da üçə bölməyi, beləcə oxunan ayələrin məal və məzmununa da baxmağı tövsiyə etdi.

Quran oxumağı bilmiriksə, bu ayı fürsət bilib öyrənməli, oxuyur, lakin anlamırıqsa, məallara baş vurmalı, ya da bir təfsir kitabını mütaliə etməli və ramazan ayını həqiqi Quran ayı kimi keçirməyə çalışmalıyıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.