Giriş

İzahlar və şərhlər

Oxucu neyləsin...

“Milliyyət” və Fəthullah Gülən...

Biri Türkiyənin yarım əsrlik keçmişə malik köklü qəzeti...

O biri isə haqqında çox danışılan, fikirləri maraqla qarşılanan, Türkiyədə başlatdığı təhsil hərəkatını ölkənin sərhədlərini aşaraq dünyaya yayan, yəni dünya miqyaslı bir hərəkatın “fikir lokomativi” olan nəhəng bir şəxsiyyət...

İlk baxışda fərqli dünyalara bənzəyir “Milliyyət”lə Gülən. 1999-cu ilin iyun ayında mediada, xüsusilə də “Milliyyət” qəzetində əksini tapan Gülən faktı, Gülən sərlövhələri, xəbərləri, şərhləri ilə 2005-ci ilin başında 22 gün boyunca yenə də “Milliyyət”də dərc olunan Gülənin müsahibəsi arasında çox fərq var. Düzü, ortada təzadlı mənzərə canlanır: 1999-ci ildə çıxanlara inanaq, yoxsa 2005-ci ildə çıxanlara?! Hansı həqiqətdir?

Fəthullah Gülən artıq altı ilə yaxındır, Amerikada yaşayır. Bu zaman ərzində onun barəsində bir çox iddialar ortaya atıldı. Gülənin səhhəti ilə bağlı Amerikaya getməsi və üç ay sonra Türkiyə ekranlarında çıxan kasetlər onun dövləti gizlincə ələ keçirmə planlarına dəlil-sübut kimi irəli sürüldü.

Verilməyən suallar

“Kasetlərdə keçən sözləri niyə xatırlatmadın?” deyə məni tənqid edənlər də oldu. Tənqid etdilər, amma mənə elə gəlir ki, müsahibədə verilən sualları və Gülənin cavablarını diqqətli oxumayıblar. Ya da cavabları bəyənməyiblər, görünür, istədikləri kimi olmayıb. Hələ də mənə “Niyə sıxışdırmadın?” deyənlər var.

Fəthullah Gülən “Kasetlərim” demir, “Kasetlərdəki sözlər montajla dəyişdirildi” deyir və buna misallar verib sözügedən şantajdan əvvəlcədən xəbəri olduğunu söyləyir. Yəni Gülən “O sözlər o şəkildə mənə aid deyil” deyir. İddiaları bu qədər açıq və qəti rədd etdikdən sonra kasetlərdə keçən sözləri bir-bir təzədən soruşmağın nə mənası var?

Müsahibim açıq şəkildə və qətiyyətlə rədd edincə öz-öz­lü­yündə kasetlər haqqında veriləsi sual qalmadı. Ümumi götürəndə müsahibədə Gülən barədə ortaya atılan, demək olar, bütün iddialar haqqında sual vermişəm.

Mən bəzi israrları qərəzli düşüncədən doğan anlayış zəifliyinin bir nəticəsi kimi düşünürəm.

Gülən uzun müddət susdu. Açıqlama vermədi. Bir il əvvəl başqa bir qəzetə müsahibə verdi. 2005-ci ilin başında isə “Milliyyət” qəzetinə müsahibəyə razı oldu. “Milliyyət” qəzeti bu müsahibəni “Soruşulmayan sualları verdik” cümləsi ilə oxucularına çatdırdı və müsahibə “Fəthullah Gülənlə 11 gün” adı altında düz 22 gün qəzetdə dərc olundu.

Oxucuların fikri qarışıqdır...

Oxucu təəssüratlarına nəzər yetirsək....

“Milliyyət”in oxucusu çaş-baş qalıb, Güləni sevənlər isə heyrət içindədir...

Heyrətlə fikir qarışıqlığı zaman-zaman yerlərini dəyişir.

“Milliyyət” oxucularının fikirlərini bir kənara qoysaq...

“Dünən Gülən haqqında filan xəbərləri, filan manşetləri bizə oxudurdunuz. Bəs indi nə dəyişdi...” sözlərinin ardınca...

“Cümhuriyyəti ələ keçirmək istəyən bir adamla niyə əlbir olmusunuz? Yoxsa Türkiyəyə qayıtmasına zəmin hazırlayırsınız? Nə qədər pul almısınız? Siz də satıldınız...” şəklində etirazlar gəldi.

“Heç bu aspektdən baxmamışdım... Əslində düz deyir... Belə bilməzdik... Çox maraqlıdır...” deyənlər olduğu kimi...

Fəthullah Gülənin rəsmlərini “gözəl və estetik” olmasından narahatlığını dilə gətirərək “məsum göstərirsiniz” deyə etirazlarını bildirənlər də oldu...

Bir neçə cılız səs də mənim əvvəllər “Zaman” qəzetində çalışdığımı, “Bazar söhbətləri”ni hazırladığımı, hətta “Zaman kitab”ının qurucusu olduğumu, daha sonra ayrılıb İlıcaqların “Tərcüman”ında “Gündəmdəkilər” rubrikasında müsahibələr dərc etdiyimi, arxasınca “Milliyyət”ə keçdiyimi və bu dəhşətli həqiqətləri böyük bir məharətlə gizlətdiyimi bildirərək guya böyük gerçəkləri faş etdi. Bəzi yazılarımdan sitat gətirərək məni “Fəthullah Gülənin müridi” olmaqda ittiham etdilər.

Mənə gəlincə...

Mən nə Fəthullah Güləni, nə də onun rəhbərliyində böyüyən hərəkatı, – təkcə indi deyil, lap əvvəldən də – nə daxili, nə də xarici təhlükə saymışam. Əksinə həm ölkəmizdə, həm də xaricdə bizim etibarımız bilmişəm. Bu hərəkata yüksək dini həyəcana malik bir vətəndaş hərəkatı kimi baxmışam, hərəkatda milliliyin ümumbəşəri dəyərlərlə birləşdiyini müşahidə etmişəm, Gülənin söz və fəaliyyətləri ilə indiyədək qarmaqarışıq hala salınan “vətən sevgisi” məfhumunu əsl çərçivəsinə oturtmasına şahid olmuşam.

Bəzilərinin iddialarına görə, “Əsas yazılarım deyil, düşüncə və eləmək istədiyimmiş”. İstədiyimi, onsuz da, illərdir edirəm...

2000-ci ildə qələmə aldığım “Məsumiyyətin gücü şəxsində təcəlli edən insan” adlı bir yazımda Gülənə haqsızlıq edildiyini vurğulamışdım.

İllər keçdi və kimin haqsız, kimin haqlı olduğunu hamımız birlikdə gördük...

Bu məlumatlar və tərcümeyi-halım işıq üzü görən və dəfələrlə çap olunan kitablarımda da yer almaqdadır. Bunu əldə etmək üçün xüsusi araşdırmaya ehtiyac yoxdur.

Deyirlər ki, Fəthullah Güləndən müsahibə alan jurnalistin (yəni mənim) kimliyinə heç kim fikir verməyib.

Digər tərəfdən Gülənə verilən suallara, ondan alınan cavablara o qədər də diqqət yetirilmədiyini söyləyənlərin sayı da az deyil!..

Mənə elə gəlir ki, onlar qəliblərdən kənara çıxmağa qorxurlar.

Bəziləri də müsahibədə əksini tapan sual və cavabların dəqiqliyini şübhə altında qoymağa çalışdılar...

“Milliyyət” qəzetində Fəthullah Güləndən müsahibə alacağam deyə, özümü ona düşmən kimi baxmağa məcbur hiss etmədim, hiss etmərəm də! Mən Fəthullah Gülənə düşmən deyiləm. Gülənin təşviqi ilə meydana gələn hərəkatı əhəmiyyətli görə bilərəm, yazılarımda bunu açıq-aşkar dilə gətirə bilərəm...

Buna heç kimin qarışmaq haqqı yoxdur.

Bu “müridlik” deyil, azad fikirli bir insanın hadisələri müşahidə edib onları dərk etməyə çalışması və anladıqlarını ortaya qoyma cəhdi, yəni əsl ziyalı mövqeyidir.

“Milliyyət” qəzetində dərc olunan müsahibə obyektiv şəkildə və peşə prinsipləri çərçivəsində götürülmüş jurnalist “əməyi”dir. Kimlərsə öz beyinlərində “qərəz” qələmi ilə çəkdikləri Fəthullah Gülən portretini məndən də gözləyirsə, məni bağışlasınlar, bunu etmərəm, edə bilmərəm...

Ortaya atılan iddiaya baxın: “Fəthullah Gülən müridi olmayan adama müsahibə verməzmiş...”

Oral Çalışlar, Taha Akyol, Cingiz Çandar, Rəha Muxtar, Mehmet Əli Birand, Nəvval Sevindi, Nuriyə Akman, Yalçın Doğan...

Bu insanlar nə vaxtdan Gülənin müridi oldular, düzü, mənə də maraqlıdır...

Mən kimsənin müridi deyiləm, olmamışam da... Fəthullah Gü­lən də şeyx deyil...

Mardin, Sarıbay, Gölə...

Fəthullah Gülənə əqli, elmi və sosioloji aspektdən yanaşıram. Türkiyənin məşhur sosioloqlarından öyrəndiyim kimi... İllər əvvəl Şərif Mardin, Əli Yaşar Sarıbay, Nilüfər Gölə Gülən və hərəkatını bu sözlərlə dəyərləndirmişdi:

Professor Şərif Mardin: Fəthullah Gülənin müasir dövrün gerçəkləri ilə imanı əlaqləndirməsi və bu əlaqəyə verdiyi böyük əhəmiyyət, məncə, mühüm hadisədir. Fərd, cəmiyyət və tarix faktorlarının yüksək düşüncə ilə, iman və dinlə əlaqələndirilməsinə sosioloqlarda belə nadir rast gəlindiyini nəzərə alsaq, bu uzlaşdırıcı zəkanın yeri əvəzsiz görünür. Həqiqətən Gülənin fikirlərindən ilham alan insanlarda dövrümüzdə az hallarda rastlanan fədakarlıq nümunələri ilə qarşılaşırıq.

Professor Əli Yaşar Sarıbay: Fəthullah Güləni anlamaqda köməyimə bir açar məfhum çatdı: “Heroic life” (qəhrəman həyatı). Sosioloq Mayk Fiterstona aid olan, ancaq təəssüf ki, dilimizdə tam qarşılığını tapa bilmədiyim bu məfhum dünyəvi, adi və olduğu kimi qəbul edilən gündəlik həyatın əksinə, mübarizə cəsarəti, çətini ba­carmaq, fəzilət, şərəf və şan axtarışı ətrafında təşəkkül tapan qeyri-adi bir həyat mənasını ehtiva edir... Həqiqətən də, Fəthullah Xocanın söz və fəaliyyətində bu həyat məfhumu bariz şəkildə özünü göstərir. Orta Asiyada görülən işləri xalis “mübarizə cəsarəti” ilə izah etmək, mədrəsə məfhumunu lisey formuluna yerləşdirib şagirdlərin dəqiq elmlərdə qazandığı nailiyyətləri ancaq “çətini bacarmaq” kimi xarakterizə eləmək mümkündür. Bu aspektdən baxanda Fəthullah Xocanı, hər şeydən əvvəl onun “Türkiyə İslamı” və ya “Türk İslamı” sözlərində əksini tapan dini millətçiliyini “heroic” kimi qiymətləndirmək olar.

Digər tərəfdən Xocanın dinə aid şərhləri həm praqmatist bir yanaşmanı oturtmağa, həm də islami həyat tərzini adilik qə­li­bin­dən çıxarmağa xidmət edir. Şəxsən Fəthullah Xocanı və ardıcıllarını İslamın şəhərli, kitabi, yəni elit təmsilçisi sayıram.

Professor Nilüfər Gölə: Fəthullah Gülənin təlimi Qərb müasirliyini İslami mühafizəkarlıqla sınağa çəkir, izah edir, mə­nalandırır, üstəlik müasirliyi Qərb “inhisar”ından azad etmək istəyir. Mədəniyyətlə Avropanın bir sayıldığı, təvazökarlıqla fərdiyyətçiliyin ziddiyyət təşkil etdiyi, mühafizəkarlıqla müasirliyin toqquşduğu dəyərlər silsiləsini alt-üst edir. Türkiyədə ilk dəfə mühafizəkar düşüncə ilə siyasi liberal tolerantlığın dərin “izdivac”ına şahid oluruq...

Mardini, Sarıbayı, Göləni bəyənməyənlər, yəqin ki, məni də bəyənməzlər...

Şəxsən Gülən hərəkatının təhlükəli olduğuna dair bircə dənə elmi araşdırmaya rast gəlməmişəm. Çünki elm obyektiv olmağa məcburdur. Ancaq hesabatlar şəxsi maraqlardan asılı olaraq dəyişə bilər...

Üstəlik, hesabatlar bir hərəkatı təhlil etmək üçün kifayət deyil.

Bəziləri ilə fikirlərim heç vaxt üst-üstə düşməyib

1999-cu ili mən də yaxşı xatırlayıram. Əvvəlini də, axırını da...

Ölkəmizdə sivilləşmənin, siyasət və demokratiyanın ciddi əngəllərlə qarşılaşmasına neçə dəfə şahid olmuşuq. Belə dövrlərdə ilk öncə ağlın əhəmiyyəti inkar edilir, sonra da həmin ağıla təzyiq göstərilirdi. İllərdir, şahid olduqlarımıza deyil, qısa vaxtda hazırlanıb bizə təqdim edilənlərə inanmağımızı istəyirdilər.

Mən təzyiq nəticəsində ortaya çıxan bu cür “məyus şüur”u, onun arxasınca gələn “sönük, cılız şüur”u qəbul edə bilməzdim, bu yükü çəkə bilməzdim...

Plana əsasən hər şey bir düymə ilə dəyişməli idi...

Əsas məqsəd cəmiyyətə, siyasətə və fərdlərə ağalıq etməkdi. Dünyəvilik və demokratiya carçılarının canfəşanlığı isə yalandan, həyasız riyakarlıqdan ibarətdi. Yeni qazanc və iqtidar sahələrini ələ keçirmək üçün “dövlət”, “dünyəvilik”, “demokratiya”, “vətənpərvərlik”, “irtica” kimi həssas məfhumlardan amansızcasına istifadə edirdilər. Mən bu çirkin təqiyyəni “azad cəmiyyətin düşmənləri” kateqoriyasına daxil edib onların cümhuriyyət və demokratiya məsələsində yanlış düşüncədə olduğunu gördüm.

Qorxu ilə fikirləri dəyişdirmək olmaz.

Ötən illərin məni bir daha haqlı çıxardığını indi görürəm.

Naqislik, yoxsa zənginlik?

Bu gün də bəziləri “Milliyyət qəzetində dərc olunan müsahibəni, yəqin ki, həzm edə bilmədiklərinə görə məsələni başqa tərəflərə yönəltmək niyyəti ilə “Fəthullah Gülən camaatına yaxınlığı ilə tanınan jurnalist Mehmet Gündəm...” deyirlər.

Bir jurnalist üçün cəmiyyətin bütün təbəqələri ilə yaxın əlaqələr, dostluq münasibətləri qurmaq naqislik deyil, əksinə zənginlikdir.

Hər kəslə görüşürəm. Mənim üçün mühüm olan görüşlərin mahiyyəti, gördüyüm işlər, müsahibələrdə verdiyim suallardır.

Deməli, fərqli fikirlərə qeyri-tolerant münasibət hələ də davam edir. Fərqli fikirləri boğmaq üstündə qurulmuş ibtidai düşüncə...

Kim ört-basdır edir?

Gülən barəsində “dünyəvi dövlət quruluşunu dəyişdirərək şəriət dövləti qurmaq məqsədi ilə qeyri-qanuni təşkilat qurub bu istiqamətdə fəaliyyət göstərmək” ittihamı ilə məhkəmə işi açıldı.

Bir neçə il davam edən məhkəmə işi qüvvədən düşdü...

İddialar boşa çıxdı...

Bu qədər “ciddi” ittihamlardan sonra məhkəmə Güləni məhkum etmədi...

Prokurorun iddiasını təkrar-təkrar ortaya atanlar hakimin qərarını hər dəfə görməməzliyə vurdular...

Neyləyim...

Nə prokuroram, nə də hakim...

Ortada bir problem varsa, dövlətin işidir...

Dövlət xəta işləyir, mən də bunu bir müsahibə ilə ört-basdır edirəm?

Kim özünü pis vəziyyətdə qoyur? Mən, yoxsa məni tənqid edənlər?

Güləni sevənlər...

Fəthullah Güləni sevən oxucular da – yəqin köhnə məlumat­lara görə – “Milliyyət” qəzetində dərc olunan obyektiv müsahibəni böyük maraqla qarşıladılar. “Milliyyət”in bu çıxışı onları xeyli təəccübləndirdi. Gələn məktubların əksəriyyəti müsahibənin məzmunundan çox, “Milliyyət” qəzetinə təşəkkür edirdi. İncik bir sevinclə “Milliyyət”in bu müasir, azad, demokrat, obyektiv və cəsur çıxışını alqışlayır və davam etməsini arzulayırdılar.

Bəzən mənə görə virtual qarşıdurmalar da oldu. Oxucuların bəziləri məni “satqın, xain”, bəziləri də “qəhrəman” elan etdi.

Mən nə “xainəm”, nə də “qəhrəman”.

Peşəsinə sadiq qalaraq öhdəsinə düşəni yerinə yetirməyə çalışan bir jurnalistəm.

Oxucunu alıb aparmaq...

Yazı və müsahibə üslubumla oxucuları hadisələrə, yaşananlara yaxından baxmağa səsləyirəm...

İstəyirəm ki, oxucu məni qonağımla tək qoyub getməsin, müsahibimin sözlərini diqqətlə oxuduğu qədər onun insani keyfiyyətlərini də görsün...

Əgər oxucunu görmədiyi yerlərə aparmağı bacarıramsa, heç tanımadığı insanlarla tanış edə bilirəmsə, həmin insanların kədərini, sevincini hiss etdirə və şübhəsiz istəyindən asılı olaraq, təəssüratlarını bölüşməyə vadar edə bilirəmsə, bunu özüm üçün uğur sayıram.

Dərc olunan müsahibədə qələmə aldığım “müşahidələrim” hissəsi ilə də buna nail olmağa çalışdım...

“İnsan mərkəzli jurnalistika” müasir medianın hazırkı vəziyyətdən çıxış yollarından biri hesab olunmurmu?

Peşəmə prinsipial yanaşmağım bəzilərinə görə cinayətdirsə, mən bu cinayəti bundan sonra da sevə-sevə işləyəcəyəm...

Niyə məhz Gülən?

Bəziləri də “niyə məhz Fəthullah Güləndən müsahibə alırsan?”, “O qədər önəmli insandır?”, “Ona nə sual verəcəksən?” kimi suallar düzür ard-arda.

Əvvəla, kim istəməz ki, Fəthullah Güləndən müsahibə almasın?

Gülən kimi neçə insan var?

O, qədim və köklü bir ənənədən gəlir... Müasir dövrün fikri, siyasi və ictimai sahələrdə bütün köklü dəyişikliklərinə də şahid bir insan olaraq, o, fikirlərini səsləndirməklə kifayətlənmir, dünya miqyasında əməli layihəyə çevirir, həyata keçirir.

Buna görə də fikirləri, sözləri ən çox müzakirə edilən və böyük maraqla qarşılanan bir şəxsiyyətdir Fəthullah Gülən. Amerikada keçirdiyi altı ildə ictimaiyyətin ona qarşı marağı azalmadı, əksinə get-gedə artdı.

Mənim də ona çox sualım vardı...

Çünki öyrənmək, düşünmək, anlamaq və dərk etmək is­tə­yirdim...

Mənim dünyamda “anlama”ğa və “kəşf etmə”yə çalışmaq bir fəzilətdir...

Anlayaraq tənqid etmək və ya anlayaraq təqdir etmək...

Anlamadan, bilmədən edilən tənqidləri əsassız qəbul edirəm...

Tanımadan sevmək də, tanımadan düşmən kəsilmək də insanı kor edir...

Hansı jurnalist belə bir fürsət ola-ola “Xeyr, mən Fəthullah Güləndən müsahibə almaram, ona verəsi sualım yoxdur” deyər...

Mən tanımıram belə bir jurnalisti...

Varsa da, bu hərəkəti ilə peşəsinə xəyanət edir...

Bir natamamlıq var...

Cəmiyyətdə böyük əks-səda doğurdu, amma tənqidlərin əksəriyyəti səthi xarakterli idi.

Bunu da qeyd etməliyəm ki, müsahibə hissə-hissə dərc olunduğu günlərdə məzmun haqda, demək olar, etirazla qarşılaşmadım.

Bilmədən danışan bəzi kəsimlərin tanış etirazları mənə bir şey öyrətmədi.

Belə ki, Fəthullah Gülənin adını belə – yəqin, düşmənçilikdən – doğru-dürüst tələffüz etməyə hövsələsi çatmayan bəzi şəxslərin etirazlarına qətiyyən məhəl qoymadım.

İstərdim ki, müsahibə müzakirə olunsun...

Ancaq müzakirələr müsahibənin başlıqları ilə məhdudlaş­masın, mətnə, mahiyyətə də toxunsun. Dərin və elmi olsun...

Demək ki, müzakirə edən bəzi insanlarda ya belə bir niyyət yoxdur, ya da dünyagörüş...

Bəyənənlər də təqdir və təşəkkürdən o tərəfə keçmədilər...

Kaş həyata, hadisələrə və insana hərtərəfli baxa biləydik...

Təşəkkür...

Bu ölkədə faktlar əsasında danışmaq, məsələlərə fərqli aspektdən yanaşmaq çox çətindir...

Dərhal başının üstünü kəsdirirlər...

Ancaq “Milliyyət” qəzeti ortaya qoyduğu baxış bucağı ilə bu ənənəni silkələdi...

“Fəthullah Gülənlə 11 gün” adlı müsahibənin qəzetdə çapı zamanı göstərdikləri diqqətə görə “Milliyyət”in redaksiya heyətinə, başda baş redaktor Mehmet Yılmaza, texniki redaktor Əli Acara, Xəbər şöbəsinin müdiri Tunca Bənginə, təqdir və tənqidlərini üslubuna uyğun şəkildə dilə gətirən “Milliyyət” qəzetinin oxucularına təşəkkür edirəm...

Bu çətin işin öhdəsindən birlikdə gəldik.

Gülənin həyatından bəzi səhifələri fotoşəkillərə həkk edən və kitaba rəng qatan Arda Yavuza da təşəkkür edirəm.

Son təşəkkürüm də məni 11 gün boyunca qəbul edib “Milliyyət” qəzetinə səmimi müsahibə verən möhtərəm Fəthullah Gülənə...

 

 

 

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.