Həkim nəzarətində alınan müsahibə

Həkim nəzarətində alınan müsahibə

Həkim nəzarətində alınan müsahibə

2004-cü ilin son günləri.

18 dekabr...

Axşam çağı Nyu Yorkda təyyarədən düşdüm. Havada iliyə işləyən sazaq vardı. Sabah bazar günüydü. Pensilvaniya və ya Nyu Cersi... Fəthullah Gülənlə görüşəcəyəm...

Qayıdış biletimin tarixi 30 dekabr...

Bir illik müsahibə xahişim, nəhayət, həyata keçəcək...

Nyu Yorkda keçirdiyim gecə qurtarmaq bilmir...

Əlimdə on üç səhifəyə sığan sualların siyahısı var. Xəyalımda suallar ora-bura uçuşur.

Ancaq Gülənlə görüşəcəyəm, suallarımı bir-bir soruşacağam deyə ürəyim rahatdır... Görəsən, məni nələr gözləyir, nə qədər vaxt ayıracaqlar...

Bu suallar ağır yük olub yüklənir çiynimə...

Üstəlik xeyli “cansıxıcı” sualım da var siyahıda...

Nyu Yorkda günəş doğdu...

Müsahibəni müşayiət edən şəkillərin fotoqrafı Arda Yavuz və iki həmkarımla erkəndən yola düşdük...

Müsahibəyə yolda başladım. Vaxtsız təcrid etdim özümü, erkən qopdum yoldaşlarımdan. Bütün diqqətimi cəmlədim suallara, bir də hələ almadığım cavablara.

Nadir hallarda bu qədər fikrimi cəmləyirəm...

İki saat yarımlıq yoldan sonra budur, Pensilvaniyadayıq.

Hava o qədər soyuqdu ki, indidən Nyu York üçün darıxmağa başladım. Bu bölgə dağ və meşələri ilə məşhurdur. Ərazidəki evlərin əksəriyyəti xüsusi mülkdür. Çoxu da iki-üç mərtəbəlidir. Göz oxşayır. 15-20 sot da həyətləri var.

Bu evlərdən çox da fərqlənməyən bir evə sarı gedirik. Mansardanı saymasaq, ev iki mərtəbəlidir. Bura şəxsi mülkdür.

Fəthullah Gülən burada qardaşı oğlanlarının evində qalır.

Özünün evi yoxdur.

“Bəsdir ətrafa göz qoyduq” deyib  içəri giririk.

Buradan qonaq evi kimi istifadə edirlər. Bizi qarşıladılar, bir salona apardılar. Ev çöldən təmtəraqlı görünsə də, içi çox sadədir. Gülənə bu qonaq evində bir otaq ayrılıb və qonaqlarını ümumiyyətlə bu otaqda qəbul edir.

Fəthullah Gülənlə bu salonda qarşılaşırıq.

Otağın qapısı salona açılır.

Səmimi təbəssümlə “Xoş gəldiniz, Mehmet bəy” deyir.

Bir az səndələyir...

Sonradan öyrəndim ki, şəkər xəstəliyi bəzən dizlərinə vurur.

Yəqin Türkiyədən, Türkiyədəki mübahisələrdən, stressdən uzaq yaşadığını, səhhətinə də çox diqqət etdiyini düşündüyümə görə onu belə görməyi gözləmirdim.

Mən şad-xürrəm ömür sürən, sağlam bir adamla qarşılaşacağımı düşünürdüm...

Gülənin yaşadığı məkana, səsinə, simasına hüznlü sürgünün dərin izləri hopub – budur ilk təəssüratlarım. Buraya çökən dərin səssizlik hər sözə-söhbətə sirayət edir.

Yenə bir sükutdan sonra “Necəsiniz?” deyə soruşuram.

Fəthullah Gülən halını bir şeiriylə dilə gətirir:

Hüznlü qürbət…

Yenə səssizlik çökür...

Bu dəfə sükutu pozan Gülən olur: “Axır vaxtlar ürəyim məni yaman incidir... Bir az dincəlim, bir-iki günə müsahibəyə başlayarıq. Sizə də əl verirsə, səhər 9-12 arası...”

Mən də bu əsnada müşahidələrimi qeydə alıram.

İlk günlər qısa çəkən söhbətimiz səfərimin yeddinci günü axarına düşür.

O yeddi gün ərzində, Allah bilir, neçə ssenari yazdım bey­nimdə.

Vaxtın uzanması məndə müşahidələrimi də oxuculara çatdırma fikrini oyatdı və qısa qeydlər götürdüm.

Müşahidələrimlə, Gülənin gündəlik həyatından aldığım qeyd­lərlə oxucuları, bir mənada, söhbət məclisimizə qonaq etdim...

Nələrdən danışdıq?

Fəthullah Güləni bir neçə gün o halda görəndə təşvişə düşmədim desəm, yalan olar. Xırda şeylər belə təzyiqini, şəkərini qaldırır, ürəyini incidirdi. Bütün bunlara şəxsən şahid oldum.

“Səni kölgə kimi izləyən bir həkimin nəzarətində yaşamaq yaman çətindir” deyə düşündüm.

Suallarımın əksəriyyəti cansıxıcı idi, amma verməliydim. Elə sual olurdu ki, verəndə üzülürdüm, amma soruşmalıydım...

İlk günkü söhbətlərdə iki dəfə təzyiq dərmanı qəbul etdi. Kölgə kimi onu izləyən həkim təzyiqini ölçdü, mənə də arada bir qaş-göz işarəsi eləməyi də unutmadı.

AB-Türkiyə əlaqələrindən başlayaraq üstü açılmamış cinayətlər haqda xəbərdarlıqlar, niyə Amerikanı seçməsi, burada görüşdüyü insanlar, Böyük Yaxın Şərq Layihəsi, Şimali Afrika və Yaşıl Nəsil nəzəriyyələri barədə düşüncələri, Amerikanın İraq siyasəti...

Dialoq və tolerantlıq fəaliyyətlərinin strateji addım olub-olmaması, bu fəaliyyətlərin missionerliklə əlaqələndirilməsi, Gülənin şəxsiyyəti, ona münasibət, keçmişdə “Turançı”, “Neo-Osmanlıçı”, “Millətçi”, “Dövlətpərəst”, indi də Amerika tərəfdarı, MKİ-nin xəfiyyəsi, Kardinal deyənlərə verdiyi cavabı...

“Könüllülər hərəkatı” adlandırdığı fəaliyyətlərin əsas məqsədi, xəyalını qurduğu Türkiyə, nə vaxt və necə qayıdacağı, “sağ qolu” olub-olmamasından, Nurəddin Verənin iddiaları, onun haqda ölüm əmri verib-verməməsi, necə dolanması, “dəyirmanın suyu”ndan, Şəmsəddin Günaltay və plagiatlıq iddiaları, “dövləti ələ keçirmək” məqsədinin olub-olmaması, İslamda dövlət anlayı­şı, “Üsul fərqli, məqsəd eynidir. Demokratik yollarla da olsa, məqsəd İslam Cümhuriyyətini qurmaqdır” iddiaları...

Terrorizm, kamikadze hücumları haqda fikirləri, cihad, radikal İslam cərəyanları, Xomeyni və İran inqilabına baxışı, qadın və hicab məsələsi, Ələvilərin dövlətdən tələbləri, Türkiyədən kimlərlə görüşməsi, rahiblik məktəbi və patriarxlıqla bağlı mübahisələr...

Orta Asyaya getməməsinin səbəbi, Yaxın Şərqdə deyil, məhz Orta Asiyada məktəb fəaliyyətlərinə təşviqinin xəta olub-ol­maması, bu məktəblərin missiyası, prezidentli respublika sistemini dəstəkləməsi, hərbçilər, Türkiyə Silahlı Qüvvələri və daxili işlər orqanlarında təşkilatlanma iddiaları, kəşfiyyatının olub-olmaması, Türkiyə həsrəti...

Kimi neçə-neçə mövzudan danışdıq...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.