Qoy Türkiyə deyil, başqaları narahat olsun

Böyük millət sevgisi…

Müşahidələrim…

İnanan və inandıran…

Fəthullah Gülən həm şəxsiyyəti ilə, həm də ətrafındakı insanlarla, mərkəzdən kənarlara doğru yayılan təsiri ilə dəyərlidir. Ona hər iki cəhətdən qiymət vermək lazımdır.

Fəthullah Gülən bütün suallarıma səmimi cavab verdi. Nə suallarıma təəccüb etdi, nə də cavab verərkən hansındasa tərəddüd elədi. Arxayın, dəqiq və açıq danışdı.

Hal-hərəkəti, üz ifadələri, vücud dili də sözlərini tamamlayırdı. Üzüağ, alnıaçıq bir insanın arxayınlığı vardı simasında.

Gülən “Könüllülər hərəkatı”nı Türkiyənin tarixində nadir əlamətdar hadisələrdən biri hesab edir.

Daha gözəl Türkiyə və daha gözəl dünya naminə bu “türkiyəli” hərəkatın zəruriliyinə ürəkdən inanmış və özünü büsbütün bu yola həsr etmişdir.

Mən Güləni yoluna inamlı, açıq və şəffaf gördüm.

Gülən inanan və inandıran bir insandır...

Qoy Türkiyə deyil, başqaları narahat olsun

Dini dəyərlərimizin assimilyasiyaya məruz qalmasından, sıradan çıxmasından qorxuruqsa, unutmayaq ki, biz necə müsibətlərə sinə gərmiş, neçə dəfə köynək yerinə kəfən geymiş bir millətik. Bölgənin başqa xalqları ilə müqayisədə daha çox məşəqqətə düçar olsaq da, qıtlıq, yoxsulluq görsək də, dəyərlərimizdən uzaqlaşsaq da, bəzən ayaqlarımız yerdən üzülsə də, ancaq gördüyünüz kimi hələ də millətimizin səksən-doxsan faizi tarixi dəyərlərinə, ruh və məna köklərinə möhkəm bağlıdır.

Avropa Birliyi-Türkiyə əlaqələrində sanki qazanan AB olacaq. Bu proses ərzində bəzilərinin dediyi kimi, dinimiz əldən gedərmi?

Bəzi insanlar AB-yə üzvlüyü Avropa tərəfindən istila olunmaq kimi görür: yadlar gələcək, torpaqlarımızı tutacaq, buraya sərmayə qoyacaqlar... Onsuz da nə qədər adam sərmayə qoyur.

Onlar milli məsələlərə görə narahatdırlarsa, buna gərək yoxdur. Çünki milli dəyərlərimiz ruhumuza elə işləyib ki, onları güzəştə getmək mümkün deyildir. Dini dəyərlərimizin assimilyasiyaya məruz qalmasından, sıradan çıxmasından qorxuruqsa, unutmayaq ki, biz necə müsibətlərə sinə gərmiş, neçə dəfə köynək yerinə kəfən geymiş bir millətik. Bölgənin başqa xalqları ilə müqayisədə daha çox məşəqqətə düçar olsaq da, qıtlıq, yoxsulluq görsək də, dəyərlərimizdən uzaqlaşsaq da, bəzən ayaqlarımız yerdən üzülsə də, ancaq gördüyünüz kimi hələ də millətimizin səksən-doxsan faizi tarixi dəyərlərinə, ruh və məna köklərinə möhkəm bağlıdır.

“Ortaq bazar”, “Gömrük birliyi” məsələlərinin ortaya atıldığı dövrlərdə də, bu gün də xalqımızın nə milli, nə də dini dəyərlərindən vaz keçməyəcəyinə əmin olmuşam və əminəm. Torpağın əldən getməsi də mümkün deyil. Narahat olmağa ehtiyac varsa, qoy başqaları bizdən əndişə etsin.

“Hökumət Türkiyəni satdı”, “Türk millətinin dəyərlərini satdı” deyənlər fikirlərini tutarlı faktlarla əsaslandırmalı, izah etməli, yanlışları ortaya qoyub doğrunu göstərməli, dövlətin gözünü açmalı idilər

Sizcə, hökumət bu mərhələ ərzində hansı məsələlərdə prinsipial olmalı, qətiyyən güzəştə getməməlidir?

Sualınıza ümumi cavab verəcəyəm. Hökumət prinsipial olmağı bacarmalı, ora qətiyyətsiz getməməlidir. AB-yə girmək əsas deyildir, əsas məsələ ora daxil olarkən əldə edilənlərdir.

Müzakirə masasında təkcə onların öz aralarında planlaşdırıb qarşımıza qoyduğu strategiyalara deyil, bizim fikirlərimizə də yer verilməlidir. Orada tərəflər bərabər hüquqlu olmalıdır... Məhluqə Sultana aşiq gənclər kimi kor-koranə AB-nin arxasınca düşsək, yorulub yollarda qalarıq.

Dövlətimiz təcrübəlidir... Bu qədər insanın günün günorta çağı yolu azacağından ehtiyat etmək də doğru olmaz. Onlar da fikirləşirlər. Tarixə qara ləkə kimi düşmək ehtimalı olan bir mə­sələdə kor-koranə addım atmazlar.

Məsələnin bir ucunun qeyri-müəyyən olmasını biz də öz xeyirimizə dəyərləndirməliyik. Qarşıda hələ on-on beş il var. Bu qədər uzun mərhələdə bilmək olmaz, nə baş verəcək. Bəzi mə­sələlərdə öz kəm-kəsirimizi görə bilmirdik. Bu məsələnin müzakirəyə açılması nəticəsində özümüzü Kopenhagen kriteriləri ilə bir də nəzərdən keçirmək imkanı qazandıq. Dünyəviliyi gözdən keçirdik, demokratiyanı gözdən keçirdik, Cümhuriyyəti gözdən keçirdik, kəsirlərimizi, qüsurlarımızı gördük. Yaxın zamanlarda qəbul edilmiş qanunlara baxanda demokratiya sahəsində çox geridə qaldığımızı etiraf etməmək olmur.

Orduda filançı, fəsməkançı olmamalıdır

Ordu və hərbçilər... Bu iki məfhuma olduqca ehtiramla yanaşırsınız. Oxuduqlarım və müşahidələrim sizin bir peşə kimi hərb sənətinə ruhən yaxın olduğunuzu pıçıldayır. Bu məhrəmliyin kökü haradan gəlir?

Osmanlılar döyüşkən millətdir. Hətta onu militarist də adlandırıblar – hərblə başlayıb, hərblə də başa çatıb, amma ürəklər haqq və ədalət düşüncəsi ilə döyünəndən sonra narahat olmağa əsas yoxdur. Heç vaxt sivil təşəbbüslərin qarşısı alınmamış, əngəllənməmiş, baltalanmamışdır. O, bizim gözümüzdə daha da müqəddəsdir. Bədiüzzaman ona “bayraqdar” deyirdi. Malik ibn Nəbi də “Əgər İslam aləminin şimalında Türk milləti olmasaydı, bu gün İslam dünyası olmazdı”, – deyir.

Bu, bir mənada atlı, silahlı, qalxanlı qəhrəman əsgərlər sa­yəsində olmuşdur. Dolayısilə, biz məsələyə bir ruh kimi, məna kimi, bir şəxsi-mənəvi (Bir şəxs olmayıb bir şəxs kimi rəftar edilən şirkət, camaat, cəmiyyət kimi müştərəkliklər. Bir topluluğun mənəvi güc və məziyyətləri.) kimi baxır və ona hörmətlə yanaşırıq. Haqq və ədalət anlayışı ilə hərəkət etmişlər.

Ancaq bəzi dövrlərdə bu həssaslıq və incəliyi qoruyub saxlaya bilməmişlər. Bu cür sui-istifadə hallarını millətin çox şey borclu olduğu o şəxsi-mənəvini gözdən salmaq üçün bir vasitəyə çevirsələr, orduya ziyan vurarlar. İnsanlar ondan qaçmağa başlayar. Milləti düşünmək lazımdır.

Orduda bir islahat aparılacaqsa, nöqsanlarını aradan qaldırmaq üçün nəsə planlaşdırılırsa, bunu dövlət düşünməli, yol-yöntəminə uyğun həyata keçirməlidir. Bir islahat aparılacaqsa, onlarla görüşüb məsləhətləşərək aparılmalıdır.

Küncdə-bucaqda gəzib heç bir işə yaramayan tənqidlərlə ordunu qaralamaq doğru deyildir.

Çox adam razılaşar ki, orduda yüksək əhval-ruhiyyə var. Neçə-neçə övliya və əsfiya bu quruma ehtiram göstərmişdir.

Orduda xidmət edən insanların hər biri inancı səviyyəsində şəhidliyə namizəddir, çoxu da qazidir. Onlar arasında çox sayda əlil və şikəst vardır. Əl-ayağı şikəst, barmaqları şikəst..

Bunları nəzərə alaraq, həqiqət naminə orduya və əsgərə bu cür baxmaq və hörmət bəsləmək lazımdır. Dövlətin sarsılmaması, dövlət sirlərinin faş olmaması məsələlərinə nə qədər həssaslıqla yanaşırıqsa, onun mühüm bir parçası olan bu quruma da eyni həssaslığı göstərməliyik.

Ara-sıra mediada “Gülən camaatı ilə əlaqəsinə görə ordudan xaric edilənlər” məzmununda xəbərlər çıxır. Bu barədə nə deyə bilərsiniz?

O qurumun zabit qəbulunda spesifik qaydaları olduğu kimi, ordudan xaric edərkən də əsaslandığı müəyyən kriterilər vardır. Məncə, bu məsələ də hüquqi çərçivəyə salınmalıdır.

Cənab Süleyman Dəmirəl bir dostumuza belə bir söz demişdi: “Bəzi dövrlər satqınlıq dövrü olmuşdur”. Bundan yaxa qurtara bilməsəniz, satılan da gedər. Məsələn, bir nəfərin kimdənsə xoşu gəlmir və onun ordudan uzaqlaşdırılmasını ürəyindən keçirirsə, şəxsi işinə “...çı” yazması kifayət edir. Belə bir şey vardırmı, yoxdurmu, doğrudan da belə bir “ – çı”, “ – çu” varmı, yoxmu, araşdırmadan dərhal damğalarını vururlar. Belə şəraitdə hər kəsi qaralamaq mümkündür...

Onların ordudan xaric edilməsinin səbəbi ətraflı araşdırılmalı, hüquqi qərar verilməlidir. Xaric edilənləri də təhlükəsizlik orqanları təqib etsin, görsün, belə bir şey varmı, yoxmu?!

Türkiyədə dinləməyə çox az adam var

Ordu içində sizi sevənlər də var?

Bəzi adamlar məni sevə bilərlər, bir şey deyə bilmərəm. Bir dəfə birindən eşitmişdim, təqaüdə çıxmışdı, bir yerdə rastlaşdıq. “Mən sizin vəzlərinizi dinləyirdim. Bir çox zabitə də qulaq asdırdım”, – dedi.

Zənnimcə, hər peşənin, sənətin adamları məscidə də, konfranslara da gəlib qulaq asmışlar. Türkiyədə çox az adam olar ki, qulaq asmasın. Dinləməyə dəyərmi, dəyməzmi, bu, başqa məsələdir. Dinləyənlərə, hətta səsimi yazanlara da dəfələrlə “Əbəs yerə vaxtınızı itirirsiniz”, – demişəm. Hətta biri: “Qara qaşına, qara gözünə aşiq deyiləm. Sən danışırsan, mən də bunları yazıram”, – deyə cavab vermişdi. Onlara nə deyim!

Həddim deyil, amma simpatiya bəsləyə bilərlər. Mən ancaq “İctihad xətasına yol veriblər”, deyərəm. İctihad xətalarını düzəltmək isə mənim vəzifəm deyildir.

Zənnimcə, kimlərsə qərəzli niyyətinə çatmaq üçün bundan istifadə edir. Bu qurumun islahatlar apararaq daha düzgün qərarlar verəcəyinə inanıram. Lazım gələndə təhqiqat aparar, təqib edər, intizamsızlıqdırmı, əmrə itaətsizlikdirmi...

Son vaxtlar sui-istifadə hallarında adı çəkilən, bəlkə də, çapıb-talayan və bu əməllərinə görə ordudan uzaqlaşdırılanlar barədə xəbərlər eşidirik. Bəzən bu cür əməlləri əhəmiyyətli saymırlar. Məsələni böyütmək üçün “...çı” demək kifayət edir.

Ordudur, əsgərdir, zabitdir, komandirlərinə tabedir. Bunların içində filançı-fəsmançı olmaz.

Daxili işlər orqanlarında və Türkiyə Silahlı Qüvvələrində təş­ki­latlanma iddiaları ilə bağlı nə deyirsiniz?

Bilmirəm, mən burada ola-ola necə təşkilatlanma aparıram, bunu necə edirəm? Bunu özləri araşdırmalıdır. Kimdir o təşkilatın üzvləri? Tapıb üzə çıxartsınlar.

Bir vaxt “daxili işlər orqanlarında təşkilatlanma” adı altında bir siyahı vermişdilər. Sonra məlum oldu ki, siyahıda olanların hərəsi bir yerdən imiş, fərqli, hətta bir-birinə zidd dünyagörüşünə malik adamlarmış. Demək ki, kiminsə və ya kimlərinsə arxasından dəymək lazım imiş. Başqalarını qaralayıb özlərini “isbat eləmək” üçün masanın başına oturub siyahı tərtib etmişdilər.

O ki qaldı orduya, orada necə təşkilatlanacaqsan?! Fərz edək ki, həmin insanlar ordunun içindədirlər, başlarında da cümhuriyyətin, dünyəviliyin, demokratiyanın keşiyində duran zabitlər var. Bu za­bitlər belə bir təşkilatlanmaya imkan verərmi?! Müntəzəm tə­lim-tədris aparılır. Onların ağlında, hissində, düşüncəsində belə, bu cür fikirlərin meydana çıxmasına imkan verməzlər. Sözün düzü, bunu başa düşməkdə çətinlik çəkirəm.

Bunları açıq-aşkar söyləmişəm

Heç ətrafınızda olanları həmin məktəbləri “ələ keçirməyə” təşviq etdinizmi?

Bir dövr gəldi, məscid minbərlərindən camaata səsləndim, dedim ki, niyə ancaq “Quran kurslarından yapışmısınız? Niyə övladlarınızı “İmam xətib” liseylərinə qoymursunuz? Gün gəldi, bu dəfə də: “Uşaqlarınızı niyə ancaq “imam xətib”lərə verirsiniz, nə üçün başqa liseylərə göndərmirsiniz? Nə üçün universitetdə oxumağa, hərbi məktəblərə buraxmırsınız?” dedim.

Bunları demişəm...

Açıq-aydın, hamının gözü qabağında dediyim bu sözlərə görə indi məndən nə istəyirlər? İndi durub qəzetdə, televiziyada elanmı verim, “Ay camaat, bir vaxtlar sizə filan şeyləri demişdim, yanlış demişəm, indi sözlərimi geri götürürəm. Amandır, uşaqlarınızı başqa məktəblərə qoymayın. “İmam-xətiblərə” göndərin. Ancaq Quran kurslarına qoyun. Övladlarınızı mülki, hərbi məktəblərdə, hüquqda oxutmağı qətiyyən ağlınıza gətirməyin. O məktəblərə sizdən başqa kim uşağını qoyur-qoysun”mu deyim?

Mən bu hislərimi məsciddə və konfrans kürsülərindən insanlara şəffaf şəkildə çatdırmışam. Bəzi valideynlər mənim fikirlərimi ağlabatan görüb uşaqlarını həmin məktəblərə yönəltmişsə, mən fikrimi dəyişəsi deyiləm ki!

Bu fikirləri məscid minbərlərində səsləndirəndə nə umurdunuz?

İstəyirdim ki, Anadolu insanı bütün sahələrdə olsun. Niyə də olmasın? Nədən qorxurlar? Bir vaxtlar valideynlər uşaqlarını oxutmaq istəmir, “Quran oxusun, bəsdir”, – deyirdilər. Belə adamlar ölkənin şərq, cənub-şərq bölgələrində bu gün də vardır. Bu yaxında televiziyada xəbərlərin birində eşitdim ki, bir qaymaqam (Türkiyədə illərin (rayonların) başçısı, icra hakimi) qapı-qapı gəzib ailələri dilə tutur, qız uşaqlarını öz maşınında məktəbə aparıb-gətirir. Bu, dövlətin də ümumi siyasətidir. Yox, siz yalnız Quran kursunda oxutdurmalısınız... Sonra da “İmam-xətib” liseylərinin və ilahiyyat fakültələrinin çoxluğundan danışmağa başladılar. Niyə uşaqlarınızı təkcə müəyyən məktəblərə göndərirsiniz, amma baş­qa məktəblərə qoymursunuz?

Bir vətəndaş nəyə görə uşağını Türkiyədə istədiyi məktəbə qoya bilməz? Bu, mənim haqqımdır və ya deyildir, amma bunu çatdırmağı özümə ictimai vəzifə bildim və belə də elədim. Əgər həqiqətən, səhvdirsə, biri durub desin ki, səhvdir... (“Hayat felsefemiz”, Yeni Ümit, Yanvar 1997)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.