Türkiyənin AB-yə üzv olması avropalıları sevindirməlidir!

Böyük millət sevgisi…

Müşahidələrim…

Səssiz sürgün…

Fəthullah Gülənin yaşadığı məkana, səsinə, simasına hüznlü sürgünün dərin izləri hopub – budur ilk təəssüratlarım. Buraya çökən dərin səssizlik hər sözə-söhbətə sirayət edir.

Yenə bir sükutdan sonra “Necəsiniz?” deyə soruşdum.

Fəthullah Gülən halını bir şeiriylə dilə gətirdi:

Beynim sanki bir sorular xırmanı,
Fikrimdə suallar, cavabı sisli;
Sarmış hüzn buludu hər yanı,
Qəlbim anamın qəlbi kimi hisli.
Var-gəl edirəm yorğun və avarə..
Hər halım qəribliyimə əmarə...
Düşüncəm “vida” deyir bu yerlərə
Doğ, ey işıq, doğ könlümün içindən!
Kədərlə dolaşdığım bu yerlərdə,
Bir səs ver o əski bəstələrindən,
Bu hüznlü şəfəqdə pərdə-pərdə…
Hüznlü qürbət...
Hüznlü qürbət...
Ah, zalım qürbət!
Yenə səssizlik çökdü...

Bu dəfə sükutu pozan Gülən oldu: “Axır vaxtlar ürəyim məni yaman incidir... Bir az dincəlim, bir-iki günə müsahibəyə başlayarıq. Sizə də əl verirsə, səhər 9-12 arası...” İki-üç günlük müsahibə onun səhhətindəki problemlərə görə on bir gün çəkdi.

Türkiyənin AB-yə üzv olması avropalıları sevindirməlidir!

İstər Avropa, istərsə Amerikada digər müsəlman toplumları ilə müqayisədə Türk toplumuna daha yaxşı münasibət var. Türklər onlarda daha mülayim təəssürat oyadır. Bəlkə də, bu münasibət demokratik quruluşla, cümhuriyyət sistemi və dünyəviliklə bağlıdır, ona görə də bir mənada rahatdırlar. Hətta “Türk müsəlmanlığı” Amerika və Avropada Türkiyədən çox səsləndirilir.

Avropa Birliyi dekabrın 17-də Türkiyəyə üzvlük müzakirəsi üçün tarix (03.10.2005) verdi. Avropa Birliyinin ilk dəfə bir müsəlman ölkəsiylə müzakirə prosesini başlatmasını Avropanın xarakteri və gələcəyi baxımından necə qiymətləndirirsiniz?

AB-yə üzvlüyün daha çox Türkiyəyə faydalarına toxunuldu. Avropa ölkələri, bilmirəm, anlayırmı, amma bu məsələdə Türkiyənin Avropa Birliyinə verəcəyi fayda daha əhəmiyyətlidir. Əgər bunu bilə-bilə hələ də inadkarlıq edirlərsə, demək ki, inadkarlıq düzgün qərar vermələrinə, soyuq ağılla düşünmələrinə mane olur. Əslində, bu üzvlüyün Avropanın etibarı və gələcəyi baxımından böyük perspektivləri var.

Ziyalılarımız çoxdandır avropalaşmağa can atır. Tənzimatdan başlayan Cümhuriyyət dövründə sürətlənən avropalaşma prosesinin içindəyik.

Bildiyiniz kimi, ilk ciddi razılıq 1963-cü ildə əldə edildi. Arxasınca lehinə və əleyhinə konfranslar keçirildi. 1966-67-ci illərdə bir çox tanınmış ziyalının bu prosesin əleyhinə çıxmasına şahid oldum. Onların fikirləri ilə hal-hazırda AB-nin əleyhinə çıxanların qənaətləri üst-üstə düşür: “Ora xristian ittifaqıdır, bizi aldadıb xristianlaşdırarlar”.

İndi də bəzi müsəlmanlar kitab çap etdirib payladılar: “birdən gələrlər, görünüşlərinin, dünyagörüşlərinin, din anlayışlarının, Allah düşüncələrinin təsirinə düşərik, cavanlarımız yoldan çıxar”...Bəlkə də, avropalılar bizdə maddi rifah səviyyəsi aşağı olduğuna, müsəlmanlığımıza görə ciddi təşvişə düşmüşdülər. Bəlkə də, öz dini dəyərlərinə tam etibarları yoxdu, ancaq bunu üzə vurmurdular.

Hal-hazırda da bu narahatlıqları varmı-yoxmu, bilmirəm, bildiyim odur ki, indiyədək bizi qəbul etməyə açıq-aşkar niyyətləri yoxdu.

Türkiyəli müsəlmanlara isti münasibət var

Yeni mərhələdə həmin niyyətlərində bir fərq hiss edirsiniz?

Bir az hiss olunur. Bir vaxtlar Almaniyada əksəriyyət Türk toplumunun assimilyasiya olacağını düşünürdü, ancaq əksinə bu top­lum həm öz varlığını qoruyub saxladı, həm də iki-üç nəsil sonra özünə gəldi. Təsir altında olan bir toplum artıq təsir edən bir topluma çevrilməyə başladı.

İstər Avropa, istərsə Amerikada Türk toplumuna digər müsəlman xalqlarla müqayisədə daha isti münasibətin olduğunu görür və eşidirik. Türklər onlarda daha mülayim təəssürat oyadır. Bəlkə də, bu münasibət demokratiya, cümhuriyyət sistemi və dünyəvilikdən irəli gəlir, ona görə də bir mənada rahatdırlar.

Hətta “türk müsəlmanlığı” Amerika və Avropada Türkiyədən çox səslənir. Bu məsələ haqqında çox danışıldığına görə, vurğulamağa ehtiyac duymuram.

Bugünkü Avropanın siyasəti, cəmiyyəti və fikir adamları “Türk İslamı”na necə baxır?

Hər kəsi eyni kateqoriyaya daxil etmək insafsızlıq olar. İnsaflıları Yəsəvi, Yunus və Mövlananın İslam anlayışına müsbət baxırlar. Çünki bu cür yanaşanlar bütün dünya ilə həmrəy olmağa, uzlaşmağa çalışan insanlardır.

İkinci kateqoriyaya daxil olan insanlarda, yəni belə demək mümkünsə, Pyer Martinin nəvələrində İslamiyyətə qarşı bünövrədən fitri düşmənçilik var. Əllərindən gəlsə, bu gün də mü­səlmanların üstünə at sürər, eyni zülmlərə əl ata bilərlər.

Üçüncü zümrə yumşaq görünsə də, İslamın nuru gələcək nəsillərinə təsir edər deyə, o qədər yaxın durmaq istəmir.

Müzakirə tarixinin 3 noyabr 2005 – ci il tarixinə təyin edilməsini necə qiymətləndirirsiniz?

Girəcəyikmi və ya nə vaxt girəcəyik? Bunlar məlum olmasa da, müzakirə tarixinin verilməsi Türk xalqına psixoloji təsir etdi. Hazırkı hökumətin bir uğuru kimi görünür. Gözdən keçiriləsi cəhətləri, sual doğuran yönləri var, amma siyasi fikirlər kimi qəbul edilər deyə, toxunmaq istəmirəm. Əslində bu xəbərə biz deyil, avropalılar daha çox sevinməlidir.

Niyə avropalılar daha çox sevinməlidir?

Çünki bu bölgəyə hakim olmaq istəyən başqa qüvvələr var. Çin ticari rəqabət gücü və yumşaq siyasəti ilə çoxdan oraya ayaq basıb. Nə Amerikanın, nə də Avropanın onlarla mübarizə aparmağa gücü çatmaz.

Gələcəkdə dünyanın iqtisadi sistemində köklü dəyişikliklər olacaq. Bu məsələdə Çin dünyanı təhdid edir.

Avropa Birliyi öz gücünü Türkiyə ilə birləşdirsə, böyük qüv­vəyə çevrilər

Türkiyənin Avropa Birliyinə üzv olması (Avropa Birliyinə) Çinin güclənən nüfuzu ilə mübarizədə hansı töhfələr verə bilər?

Əslində, Türkiyə həm Qərblə Yaxın Şərq, həm də Uzaq Şərq arasında körpü rolunu oynaya bilər. Avropanın Yaxın Şərqdə dərin və zəngin dəyərlərə malik bir Türkiyəyə ehtiyacı var. Cənubi Kipri Avropa Birliyinə qəbul etdilər, amma Türkiyənin Cənubi Kiprdən daha əhəmiyyətli olduğunu görməlidirlər.

Digər tərəfdən, bir sıra xalqların – mövcud hakim dairələr bunu dəyərləndirməsələr də – tarixinə, psixologiyasına və qazandığı etibara görə Türk toplumuna böyük rəğbət və sevgisi var. Keçmişdə də belə olmuşdur, cümhuriyyət və demokratik sistemimiz etibarilə bu gün də belədir. Təhsil fəaliyyətlərinin həyata keçirildiyi müxtəlif ölkələrdə bunu açıq-aşkar müşahidə edirik. Dolayısilə, AB ancaq Türkiyəni üzvlüyünə qəbul etməklə bölgədə böyük qüvvəyə çevrilə bilər.

Amerika da regionda nüfuzunu qorumaq istəyir. ABŞ rəhbərləri Türkiyənin AB-yə girməsini müsbət qarşıladıqlarını dilə gətirirlər, ancaq bunu həqiqətən istəyirlərmi, deyə bilməyəcəyəm. Bölgədə nüfuzunu qorumaq istəyən ABŞ Türkiyə kimi bir müttəfiqini itirmək və ya onu başqa bir ittifaqda görmək istəməz.

Avropalılara dərs verdilər

Hökumətin Brüssel zirvə toplantısında ortaya qoyduğu mövqeyi necə qiymətləndirirsiniz? Zəif yoxsa qətiyyətli?

Neçə-neçə dövlət xadimi tər töküb, xidmət edib, Avropa yollarında can qoyub. Bu dəfə də nəticə alınmasaydı, onların bütün əməyi hədər getmiş olacaqdı. Hökumət bu psixologiya içərisində idi. Brüsseldə baş verən bir çox hadisəni mən də təqdir edirəm.

Məsələn?

Toplantını qətiyyətlə tərk etmək, məncə, millətimizin qüruruna yaraşan hərəkətdir. Yəni bizim ehtiyacımız yoxdur, qoy bir az da qarşı tərəf ehtiyacını düşünsün. O dönüş nöqtəsində ortaya qoyulan qətiyyətli mövqe bizim xeyrimizə, onların isə geri addım atmasına səbəb oldu. Dönüş nöqtələri həmişə insanın lehinə nəticələnməyə bilər. “Gedirsən, xoş getdin!” də deyə bilərdilər.

Həmçinin məsələlərin bir-bir müzakirə edilməsi də bəyəndiyim addımlardır. Bütün bunlar müxtəlif dövlət adamlarının bu sahədəki xidmətlərinin gözəl yekunu oldu. Üstəlik, orada avropalılara dərs verdilər.

Nə dərs?

Gözlərim doldu. Hər ölkənin nümayəndəsi harada dayanırsa, oraya həmin dövlətin bayrağı qoyulmuşdu. Orada Tayyib bəy də, Abdullah bəy də bayrağımızı bir müqəddəs varlıq kimi yerdən götürdülər... kaş onu öpəydilər, tozunu üfürüb təmizləyəydilər...Abdullah bəy bayrağımızı cibinə qoydu. Türk xalqının dəyərlərə münasibətini göstərən bu hərəkət, fikrimcə, o toplantının özü qədər əhəmiyyətlidir.

Bir az da hər şeyin gözəl tərəfinə baxmaq lazımdır. Mənfi tərəflərini oturub ağılla, kamalla mühakimə edək, tənqid edək. Ancaq millətimizin adını, etibarını ucaldan gözəl hadisələr də olur. Zənnimcə, bunları bütün ziyalı təbəqəsi gördü və təqdir ediləcək. Təqdir edilməyən tərəfləri də hissə qapılmadan, siyasi mənafeyə alət etmədən “Dostum, bu, yanlışdır,” – deyə göstərsinlər. Bunu ölkəmiz naminə kim edir etsin, təqdirlə qarşılayıram. Mövcud hökumətin də təqdirəlayiq tərəfləri vardırsa, məncə, alqışlamaqda xəsislik etməmək lazımdır.

Yaxşı dövlət adamı çox, yaxşı müşavir azdır

Baş Nazir Tayyib Ərdoğana məktub yazsanız, ya xəbər gön­dərsəniz, nə deyərsiniz?

“Filan məsələ haqqında filan sözləri söylərdim” deməkdənsə, məsələni Peyğəmbərimizin bir sözü ilə açıqlamaq istərdim: “Allah bir dövlət başçısına, bir məlikə, bir hökmdara mərhəmət etmişsə, onu əyrilikdən qoruyan, doğruluğa yönəldən yaxşı vəzirlər lütf edər”. Osmanlıda da, Cümhuriyyətdə də böyük dövlət adamları yetişmişdir. Heç bir şəxsi mənfəət güdmədən, vəzifə və şöhrət arzusuna qapılmadan sırf dövlətin və millətin mənafeyi naminə o insanları (yəni dövlət xadimlərini) doğruya yönəldə bilən, hisləri ilə hərəkət etməyən müşavirlər isə həmişə az olmuşdur.

Həddim olmadığı halda, bundan əvvəl dövlətimizin başına keçən bir insana bir dostum vasitəsilə salamlarımı çatdırmaqla ya­naşı, bu fikirlərimi də demişdim: “Türkiyədə təkcə sizin partiyaya rəğbət bəsləyən insanlardan müşavir götürməklə, ancaq öz təşkilatlarınızla məsləhət-məşvərət aparmaqla kifayətlənməyin. Türkiyəni sevən, heç kimlə əlaqəsi olmayan ağıllı, savadlı insanlar var. Onlar məsələlərə obyektiv yanaşır, mənfəət güdmürlər”... Vəzifə ehtirası insanın gözünü kor edir. Bəzi şəxslərin adlarını çəkib “Türkiyənin bəzi məsələlərini bunlarla məsləhətləşsəniz, faydalı olar” söyləmişdim.

Tayyib bəyə bir ismarıc göndərməli olsaydım, “Ümumi məsələlərin həllində heç bir siyasi düşüncəyə xidmət etməyən, nəf­sani arzuların əsiri olmayan, haqpərəst və elmli insanları tapıb tez-tez onların fikirlərinə müraciət edilsə, faydalı olar” deyərdim. Bu məsələ gördüyü işlərin, atdığı addımların effektiv olması baxımından, məncə, çox əhəmiyyətlidir. Cənab Bülənt Ecevitə də, cənab Süleyman Dəmirələ də ismarıc göndərməli olsaydım, eyni şeyləri deyərdim.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.