Bəzi aktual, sosial və siyasi məsələlər və anlayışlar

Fəthullah Gülən istər məqalələrində, istər söhbətlərində, istərsə də ona ünvanlanan suallara cavab verərkən “xalqı və Haqqı razı salma məqsədli idarəçilik sənəti” olaraq siyasətlə yanaşı, respublika, demokratiya, zorakılıq, terror, rüşvətxorluq və təmiz cəmiyyət axtarışı kimi aktual, sosial və siyasi mövzularda da fikirlərini bildirmişdir və bildirməkdədir.

Siyasət: İdarəetmə, dövlət-millət münasibətləri, haqq və qüvvət əlaqəsi

Fəthullah Gülən aktiv siyasətdən tamamilə uzaq olmaqla yanaşı, ölkə və insanların idarəsi, “xalqı və Haqqı razı salma məqsədini daşıyan idarəetmə sənəti” kimi başa düşdüyü və görmək istədiyi siyasət haqqında, onun necə olması mövzusunda da bəzi düşüncələrə malikdir.

Gülən: “Bir idarəetmə sənəti kimi hər yerdə siyasətdən danışmaq olar” – deyir. O, siyasətdən daha çox bir ölkəni, bir milləti idarəetmə sahəsi kimi bəhs edir və belə bir siyasəti həyata keçirən adamların “öz mənfəətlərini düşünməyib, sadəcə millətin istəkləri ilə gərilən, onun dərdlərinə aşina olan” insanlar olacağını vurğulayır. Onun fikrincə, “yaxşı idarəetmə və səviyyəli siyasət yüksək mənəviyyatlı insanlar, düşünən beyinlər və həqiqət aşiqlərində axtarılmalıdır.”

Məsələyə insan perspektivində yanaşan Fəthullah Gülən qanunları tətbiq edənlərin xarakterinə qanunların əhatəliliyi, boşluqların olmaması, doğruluğu və işləkliliyi qədər əhəmiyyət verir. Qanunlar hər zaman, hər yerdə və hər kəsə şamil olmalı, onları tətbiq edənlər də həm cəsur, həm ədalətli olmalıdır ki, bir tərəfdən insanlar onlardan qorxsun, digər tərəfdən də inam və etimadlarını tamamilə itirməsin. Gülən yaxşı idarəçi və siyasətçi üçün haqq düşüncəsi, hüququn aliliyi, vəzifə şüuru və çətin, ağır işlərdə məsuliyyət anlayışının, zərif işlərdə də məharət və qabiliyyətin çox əhəmiyyətli olduğunu xüsusi vurğulayır.

Gülən: “Möhtəşəm hökumətlər möhtəşəm millətlərdən doğur, möhtəşəm millətlər də elmi potensiala, maliyyə imkanlarına və geniş düşüncələrə malik mənəviyyatlı, sağlam ruhlu nəsillərdən və “özü olma” mücadiləsi aparan seçilmiş fərdlərdən... – deyir. O: “Bir millətin güclü olmasında duyğu, düşüncə və mədəniyyət birliyi nə qədər vacibdirsə, parçalanıb dağılmasında da dini və əxlaqi vəhdətin pozulması o qədər təsirlidir” – düşüncəsindədir. Gülənə görə, toplumların həyatında din böyük əhəmiyyətə malikdir. O, bu konteksdə “millətləri idarə edənlər tərəfindən dinin birləşdirici, bütünləşdirici xüsusiyyətləri nəzərə alınmalıdır və din elə bir həyati müəssisədir ki, daim onun yenilməz gücünə sığınmaq lazımdır,”– deyir. F.Gülən vicdanlara hökm edən ən böyük güc kimi dinin əmin-amanlıq və asayişdəki roluna diqqət çəkir, fərdlərin hərəkət və davranışlarının nəzarət altına alınmasında, idarə olunmasında da dinin ən güclü faktor olduğunu bildirir və: “Məhz buna görə də, idarəçilər dini həyatı millətin həyatı bilərək onu insan vicdanında həmişə canlı saxlamağa çalışmalıdırlar,” – deyə xatırladır.

Fəthullah Gülənə görə, hökumətlər güc və iqtidarları ilə xalqı şərlərdən, ədalətləri ilə zülmlərdən qoruduqları nisbətdə siyasətdə müvəffəq sayılır və gələcəyə ümid vəd edir.

“Hökumət ədalət və asayiş deməkdir. Bu faktorların olmadığı bir yerdə hökumətin varlığından bəhs etmək mümkün deyildir. Hökuməti dəyirmana bənzətsək, çıxardığı un nizam, firavanlıq və əmin-amanlıqdır. Bunları çıxarmayan dəyirman isə sadəcə quru bir gurultudur və həmişə hava üyüdür” – deyən Fəthullah Gülən hökümət-xalq münasibətlərində önəmli bir dəyərləndirmə təqdim edir: “Bir hökumətin millətinə ”Mənim millətim” deməyindən daha çox, bir millətin başındakı hökumətə “Mənim hökümətim” deməsi vacibdir və zənnimcə, əsas məsələ də elə budur. Əksinə, millət başındakı hökuməti vücuduna dadanmış qurd kimi görürsə, onda o bədənlə o baş çoxdan bir-birindən qopmuşdur. (Ölçü veya Yoldakı Işıklar, 167-175)

Fəthullah Gülən hökümətin və dövlətin sadəcə qüvvətə söykənməsini qəbul etmir. O, “Qüvvət haqdadır, haqq qüvvətdə deyildir,”– deyir. Bununla yanaşı, ona görə, gücün yaradılmasının da bir hikməti vardır; bu baxımdan, dövlət və hökumət güclü olmalı, lakin o, yəni dövlət idarəetmədə ilk növbədə qüvvətə arxalanmadığı kimi, haqqı da gücdə görməməli, qüvvəti özbaşına, nəzarətsiz buraxmamalı və onu hikmət və qanunların əmrinə təslim etməlidir. (Ergün, 41) Hikmət-qanun-qüvvət münasibətlərini şərh edən Gülən: Hikmətin düsturları qanunlarla və qüvvətlə təchiz edilməzsə, hər şey kağız üzərində qalar və insanlar üzərində istənilən təsiri icra edə bilməz. Bundan başqa hikmətin həyata tətbiqi də asanlıqla mümkün olmaz. Beləliklə, qüvvətin də yaradılışında bir hikmət vardır. Bu səbəbdən hər birinə layiq olduğu qiymət və əhəmiyyət verilməlidir. Hikmət, qanun və qüvvət üçü bir yerdə və ittifaq içində olmalıdır. (Prizma, 1/190-191; Sızıntı, oktyabr, 1992)

Fəthullah Gülən dövlət və ya hökumət iqtidarının zorakılıqla, zülmlə, təzyiq və aldatma yolu ilə əldə saxlanılmasının mümkün olmayacağını vurğulayır və “xalqın dövlətə sevgisini, hökumətə hörmətini məmurun təzyiqi ilə deyil, dövləti idarə edənlərin davranışlarındakı ciddiyyət, iş və xidmətlərindəki səmimiyyətlə qazanmaq lazımdır. İndiyə qədər nə zalım məmurların istibdadı, nə də insanların aldadılması ilə heç bir idarə uzunömürlü olmamışdır” – düşüncəsindədir. Ona görə, dövlət və hökümətdə vəzifə tutan bütün məmurlar xarakterlərindəki, fikirlərindəki, hisslərindəki alicənablığa görə seçilirsə, onda o dövlət yaxşı və güclü dövlətdir. Gülən məmurların qanun çərçivəsində hərəkət etmələri, lakin vicdanlarının yumşaldıcılığına görə yumşaq olmaları zərurətini vurğulayır, belə davranmaqla onların həm öz etibarlarını, həm qanunların etibarını, həm də dövlətin etibarını qorumuş olacaqlarını qeyd edir. İfrat dərəcədə sərt davranışların gözlənilməz partlayışlara, ifrat dərəcədə mülayimliyin də cəmiyyətdə əsassız, arzuolunmaz düşüncələrin meydana gəlməsinə səbəb olacağını bildirir. O, bu mövzuda bir az da təfsilata varır, “İcra hakimlərində qayğı, həssaslıq və məsuliyyət; bələdiyyə başçılarında təmizlik, nizam-intizam və küçə, bazar və şəhər təhlükəsizliyi, hakimlərdə də haqq düşüncəsi, bitərəflik və mədəni cəsarət əsasdır” – deyir. (eyni yer)

Gülən idarəetmədə məsləhətləşməyə də böyük önəm verir və bunun üçün də düşüncələrə hörmətlə yanaşılmasını, xüsusilə, xoş niyyətli, səmimi və sahəsinin mütəxəssisi olan insanlara düşüncələrini ifadə etmək üçün zəmin hazırlanmasını vacib hesab edir. Gülənə görə, bu insanlar fərqli düşüncə və dünyagörüşə malik olsalar da, onların mütaliə və fikirlərindən istifadə yollarını axtarmaq və onlarla dialoq qurmaq lazımdır. O, bu mövzuda əhəmiyyətli bir məqama toxunur: “Kimin olur-olsun, insan öz sisteminə, öz düşüncəsinə, öz dünyasına faydası toxunan məlumat və düşüncələrdən faydalanmağı bacarmalı və təcrübəli insanların təcrübələrindən istifadə etməyi də əsla unutmamalıdır.” (eyni yer)

Lider

F.Gülən millətlərə rəhbərlik edə biləcək liderlərin xüsusiyyətlərindən bəhs edir və ona görə, lider özü ilə, özünəməxsus şəxsiyyəti ilə həmişə özünü hiss etdirən və könüllərdə yaşamağı bacaran insandır. O, elə bir xarakterdir ki, zahiri görünüşündəki inandırıcılığı, müdrikliyi, fikirlərindəki incəliyi, əhatəsindəki genişliyi, təsbitlərindəki dəqiqliyi, öyrənmə eşqi, öyrətmə istedadı və üzərinə götürdüyü hər şeyin öhdəsindən gəlmə qabiliyyəti ilə – istəmədiyi halda – diqqətləri öz üzərində cəmləşdirir, sevilir, sayılır, dolayısilə də, onun uğrunda minlərlə, yüz minlərlə insan hər zaman ölməyə hazır olur.

Fəthullah Gülən doğru düşünmə, doğru danışma, doğruluğu sevmə və yalandan diksinməyi, həmçinin səmimiyyəti, vəfanı və etibarı təlqin etməyi liderin başlıca xüsusiyyətləri hesab edir və liderin yeməyi-içməyi, oturub-durmağı, davranış və hərəkətlərindəki diqqəti, təmkini, ciddiyyəti, bunlarla yanaşı, ətrafındakı insanlara təbii gülərüzlülüyü ilə, eyni zamanda, dərin bir şəfqət, ali bir idrak, nizamlı bir cəsarət, qərarlılıq, səbir və mətanət sahibi olmasının vacibliyini də qeyd edir. Lider cəmiyyətdə özündən böyüklərlə ata-anası, kiçiklərlə də övladı kimi rəftar edən bir hörmət, ədəb və sevgi insanıdır.

Gülənə görə, lider eyni zamanda, əxlaq və fəzilət abidəsidir. O, mərhəmət və mülayim xarakteri ilə bütün canlıların döyünən ürəyi, vuran nəbzi, cəsarət və igidliyi ilə ölkə və millətinin sarsılmaz və yorulmaz keşikçisi, hiss və könül dünyası ilə zəiflərin ən möhkəm sığınacağı, təvazökarlığı ilə qapılardan qovulmuşların yeganə təsəlli yeri, əfvediciliyi və müsamihəsi ilə büdrəyib yıxılanların ümid çırağıdır. Lider ədalətli olduğu zaman mərhəmətli, mərhəmətlə coşduğu zaman da doğru istiqamətlidir. Onun dünyasında nə zalımların toyu-bayramı, nə də məzlumların ah-naləsi eşidilir. Liderin ruh dünyası heybət və xəşyəti (Allaha qorxu qarışıq sevgi) vicdanında hiss edən zidliklər xəlitəsidir. Ona sırf böyüklük nöqteyi-nəzərindən baxanlar aşılmaz bir zirvə ilə üzbəüz olduqlarını hiss edər, heyrət və heyranıqla ürpərər, onu o biri dünya ilə əlaqəsi, ixlas və səmimiyyəti ilə tanıma fürsəti olanlar isə bir ruhani ilə üz-üzə oturduğunu zənn edər və sərməst olarlar. (Yeni Ümit, yanvar-mart 1991)

Respublika və demokratiya

Fəthullah Gülən respublika tipli idarəetmə sisteminin tam tərəfdarıdır. O, “Respublika xalqın seçmə-seçilmə və məşvərət haqqı olan idarəetmə sistemi deməkdir və onu ilk dəfə qüsursuz şəkildə izah edən kitab da Qurani-Kərimdir. Respublika idarəetmə sisteminin Qurana zidd olduğunu göstərmək, məqsədli olmasa da, bir məlumatsızlıq; respublikaya tərəfdar olub onun mənbəyini görməməzliyə vurmaq da inadkarlıqdan başqa bir şey deyildir, “ – deyir və əlavə edir: “Peyğəmbər (s.ə.s) krallıq iddiasında olmadığı kimi, Onun seçilmiş xəlifələri də özlərini kral və ya sultan elan etmədilər. Krallıq İslamın ruhundan uzaqlaşma nəticəsində meydana gəldi və uzaqlaşma qədər də zülm və diktatura vasitəsinə çevrildi”. (Ölçü veya Yoldakı Işıklar, 165-166)

Fəthullah Gülən formal respublikaya deyil, azadlığı dəstəkləyən, qoruyan və azadlığa aşiq nəsillər yetişdirən və əxlaq və fəzilət azadlığı hökümətinə ‒ həqiqi respublikaya tam tərəfdardır. Bu məqamda o, yenə insan məsələsinə toxunur və: “Həqiqi respublika yüksək mənəviyyatlı insanların idarəetmə üsulu və insan ləyaqətinə ən uyğun olanıdır. Hələ kamilliyə çatmamış və ya insani kamillik yollarını sezə bilməmiş xam insanlar üçün isə o, çöldə bir ilğım və sığınmağa yaramayan üstüaçıq bir çardaq kimidir”, – deyir. Respublikanın həqiqi azadlıq və ədalət anlayışı üzərində formalaşan yüksək və sağlam idarəetmə sistemi olmasını da vurğulayır, onun anarxiya və özbaşınalıq məskəninə çevrilməməsinin vacibliyini qeyd edir. Bu məqsədlə də bəzi prinsipləri nəzərə çatdırır:

Gülən hər şeydən əvvəl, insan ruhundakı azadlıq arzusuna, öz üzərində hakim güc qəbul etməmə təmayülünə, düşüncə, davranış və sözlərinə qoyulacaq məhdudiyyətləri əks reaksiya ilə qarşılayacağı, beləliklə, insanın anarxiya ünsürü də ola biləcəyi həqiqətinə diqqəti çəkir: “Buna görə, respublikanı idarə edənlər bir tərəfdən fərdlərə geniş hüquq və azadlıqlar verməli, digər tərəfdən də onları əxlaq, fəzilət, düşüncə və iradə insanı səviyyəsinə yüksəltməlidir” – deyir. Gülənə görə, əxlaq, fəzilət, məsuliyyət duyğusu, düşüncə və iradə kimi ali keyfiyyətlərin ən önəmli mənbəyi dindir. Dolayısilə, respublika dini duyğu və düşüncəni qoruyub saxlamalıdır. (Ölçü veya Yoldakı Işıklar,166-167)

Demokratiya mövzusunda fikrlərini yeri gəldikcə dilə gətirən Fəthullah Gülən İslamla demokratiyanı eyni əsasda birəbir qarşılaşdırmanın, müqayisə etmənin doğru və elmi bir yanaşma olmadığını bildirir. Gülən bu günün anlayış və mədəniyyət mühitində belə bir qarşılaşdırmanın çətin olduğunu vurğulayaraq, İslamın əsasən bir “din”, yəni ilk növbədə insan həyatının sabit tərəfləri ilə maraqlanan bir təcrübə, dadma, yaşama elmi olduğunu bildirir. Bunun müqabilində, müasir mədəniyyətdə istər antropoloji, istər dinlər tarixi, istərsə də psixoloji və psixianaliz aspektindən olsun, dinin empirik (təcrübi) metodlarla nəzərdən keçirildiyini, həmçinin, özlərini dinlə əlaqələndirənlərin də onu (dini) ya bir fəlsəfə və mühakimə (dəlil) vasitəsi, ya da mistik bir hadisə kimi gördüyünü bildirir. Gülən mövzuya İslami aspektdən yanaşdıqda çətinliyin iki qat artdığını qeyd edir, bunun səbəbi kimi dövrümüzdə İslamın həm bir qisim müsəlmanlar, həm də modern dünyanın hakim siyasi gücləri tərəfindən siyasi-ictimai-iqtisadi bir ideologiya kimi təqdim edilməsini göstərir.

Fəthullah Gülən İslamın təməlinin vəhyə əsaslandığını, hədəfində ilk növbədə axirət səadəti və ona söykənən dünya səadəti və dünyada sülh, əmin-amanlıq, asayiş və ədalətin bərpası olduğunu göstərir, İslamın bu əsas tərəfləri ilə zamana və məkana bağlı olmayan dəyişməz prinsiplər ehtiva etdiyini, halbuki demokratiyanın daha çox idarəetmə forması və anlayışı olduğunu bildirir, müqayisənin demokratiya ilə İslamın idarəetmə prinsipləri arasında mümkün olacağını xatırladır. Bu mövzuda o, İslamın bütün insanları insan olduqları üçün və bir də qanunlar qarşısında, bir hədisi-şərifdə buyurulduğu kimi, “darağın dişləri kimi bərabər” qəbul etdiyini (Deylemi, Əl-Firdevs, Beyrut, 1986, 4/300), “Hamınız Adəmdən törəmisiniz. Adəm isə torpaqdan yaranıb. Ey Allahın qulları, qardaş olun!” (Tirmizi, “Tefsir” ve “Menakib”, “el-Cami es Sahih”, Beyrut, səh 49, 73) hədisinin də bu mövzuda çox vacib və əsaslı bir prinsip olduğunu nəzərə çatdırır. Daha sonra, “İslama görə qüvvət haqdadır və haqq daim alidir, heç bir şey ondan ali (üstün, yüksək) ola bilməz,” – deyən Gülən İslamda ədalət və qanun hakimiyyətinin mütləq mənada əsas olduğunu vurğulayır. Gülən bunların ardınca inanc, ağıl, həyat, mal və nəsil azadlığından bəhs edir, mülahizələrini: “Fərdin günahsızlığı kimi, günahın şəxsiliyi də əsasdır və günah dəqiqləşmədikcə, heç kim günahkar sayıla bilməz, heç kimin üzərinə başqa birinin günahı qoyula bilməz. Sonra haqqın böyüyü-kiçiyi olmaz və fərdin haqqı cəmiyyətə fəda edilə bilməz,” – şəklində davam etdirir.

Gülən bu şəkildə İslamın demokratiya ilə müqayisə ediləcək bir qisim əsas prinsip və əmrlərinə toxunur, insanları Tarixin “motor”u hesab edir. İslamın “Hər hansı bir toplum özünü, daxili dünyasını (zehniyyətini, inancını, xarakterini, həyat tərzini) dəyişmədikcə Allah da onların durumunu dəyişdirməz”, (Rəd, 13/11) ayəsi ilə, “Necəsinizsə, elə də idarə olunursunuz” (“Kenzül Ummal” Beyrut, 1985, 6/9) hədisində ifadə edilən əsas düsturu ilə mövzuya qədəri (qədərə aid) bir meyar qatdığını da bildirir.

Fəthullah Gülən Quranda modern dövlət funksiyalarının müəyyən ölçülərdə, əmrlər və qadağalar şəklində əksini tapdığını və topluma yükləndiyini, bununla da, toplumun şəxsən özünü idarəetmədə məsulliyyət daşıdığını və bu məsuliyyətin bəzi müəssisələrin formalaşmasına yol açdığını, İslamda idarəetmə anlayışının bir baxımdan “ictimai müqavilə” mənzərəsi ərz etdiyini vurğulayır.

Gülənə görə, İslam fərd və toplum həyatı üçün son dərəcə əhəmiyyətli olmaqla yanaşı, demokratiyanın nəzəri şəkildə də olsa bəhs etmədiyi bəzi mühüm düsturları da ehtiva edir:

İslam cəmiyyət həyatının dayaq nöqtəsi kimi, güc əvəzinə haqqı qəbul edir. Fəzilətli insan, fəzilətli cəmiyyət və bu yolla Allahın rizasını qazanma ictimai sistemin hədəfidir. Bu sistem həyatda mübarizənin yerinə yardımlaşmağı və həmrəyliyi əsas götürür. İslamın ictimai təbəqələr arasında təsis etdiyi əlaqə irqçilik yerinə, inanc, ortaq duyğu və ortaq dəyərlərdir. Nəfsani arzuları hər nə yolla olur-olsun təmin etməyi deyil, ruhu kamilliyə sövq etməklə kamil insanlar yetişdirməyi cəmiyyət həyatının qayəsi olaraq qəbul edir. Haqqın xüsusiyyəti və nəticəsi ixtilaf yerinə ittifaqdır, fəzilətin xüsusiyyəti və nəticəsi bir-birinə arxalanmaqdır, yardımlaşmanın xüsusiyyəti və nəticəsi ixtilaf yerinə birləşmə, bütünləşmə və bir-birinin köməyinə yetməkdir, inancın, ortaq duyğu və dəyərlərin xüsusiyyəti və nəticəsi düşmənçilik yerinə qardaşlıqdır, ruhu kamilliyə sövq edib kamil insan olmanın xüsusiyyəti və nəticəsi isə, həm dünyada, həm də axirətdə səadətdir. (Sais Review, 133-138)

Fəthullah Gülən demokratiyanın yaşanan bir mərhələ və bir çox növünün və ya demokratik iddiaların olduğunu göstərir və onun (demokratiyanın) inkişaf etdirilməsinin mümkünlüyünü, hətta inkişaf etdirilməsinin vacib olduğunu qeyd edir. “Mən elə bir demokratiya arzulayıram ki, dünyadakı müəyyən fikir inqilablarını qucaqlamaqla, qorumaqla yanaşı, mənim axirət həyatımla bağlı problemlərimi də həll etsin” – deyən Fəthullah Gülən daim elmi və ruhi təkamül keçirən insanın buna nail ola biləcəyini ifadə edir. Gülən həmçinin bu nöqtədə “Demokratiya uğrunda atılacaq hər addım yenə demokratik yollarla olmalıdır,” – deyərək, demokratiya yolunda əl atılan sui-istifadələri xatırladır: “Fərqli mövqelərə, fərqli düşüncələrə malik insanlar olaraq birgə yaşamaq məcburiyyətindəyik və bu səbəbdən azadlığımızın bitdiyi nöqtə başqasının azadlığının başlanma yeridir. Xalqımızın qəbul etdiyi dəyərlər, əxlaqi normalar və milli əbədiliyimiz, bir ölkənin ərazi bütövlüyü ilə bağlı mövzular azadlıqlarımızı istifadə etməkdə ölçü olmalıdır. Yoxsa anarxiya meydana gələr və anarxiya mühitində ən əsas azadlıqlar belə tətbiq edilə bilməz. (Hülusi Turqut və Nəvval Sevindinin reportajları, nəql: Ergün, 65, 76)

Anarxiya və terror

Fəthullah Gülən XX əsrin, xüsusilə, XX əsrin ikinci yarısının ən mühüm hadisələrindən birini təşkil edən və XXI əsrdə daha şiddətli şəkildə davam edən anarxiya, terror və (səbəbkarı) naməlum cinayətlər haqqında fikirlərini açıqlayarkən əvvəlcə mühüm bir məqama toxunur:

“Adam öldürməklə halal, haqq olan bir məqsədə çatmaq olmaz. Onun üçün də ilk başda “Terrorist müsəlman ola bilməz, müsəlman da terrorist ola bilməz, ”– dedik. Bəli, İbn Abbasa görə, adam öldürmək şirk qoşmağa bərabərdir. Halbuki, hal-hazırda başımızın bəlası olan terror hadisələrində daim günahsız insanlar öldürülür. Yuvalar dağıdılır, qadınlar dul, uşaqlar da yetim qalır. Bütün bunları İslami inanc sistemində izah etmək qeyri-mümkündür. Bədiüzzaman İslamdakı ədalət prinsipindən bəhs edərkən: “Bir gəmidə ölümə məhkum doqquz cani ilə bir günahsız olarsa və həmin caniləri cəzalandırarkən o məsum qurban gedəcəksə, gəmi batırıla bilməz,” – deyir. (Prizma, 1/246-247)

Gülən İslamla cinayətin, anarxiya və terrorun bir arada olmasının qeyri-mümkünlüyünü bildirir. Ona görə, İslamın hədəfi sülh, sabitlik, ümumdünya sülhü, yer üzündən fitnə və özbaşınalığın (fəsadın) qaldırılmasıdır. Başqa heç bir din və sistem İslam qədər insan həyatına dəyər və qiymət vermir. Bu mövzuda Quranın “haqsız yerə bir insan öldürənin bütün insanları öldürmüş, bir canı qurtaranın da bütün insanların canını qurtarmış kimi olacağı” hökmünü örnək verir. (Zaman, 12 sentyabr 2001) O, bu səbəbdən, dünyada, xüsusilə, İslam ölkələrində baş verən bəzi terror aktlarında və cinayətlərdə İslamın heç bir məsuliyyət daşımadığını, dolayısilə, İslamı həqiqətən qəbul edən və yaşayan insanların bu terrror hadisələrini və cinayətləri həyata keçirməsinin qeyri-mümkünlüyünü vurğulayır. Əgər bu hadisələrdə adı müsəlman olan bəzi insanlar müəyyən rol oynamışsa da, bunlar ya aldadılmış, istismar edilmiş, istifadə edilmiş və İslamla yalnız ad bağlılığı olan bəzi tiplərdir və ya bunların daxil olduğu və yenə adında İslam kəlməsi olan bəzi terror təşkilatları mövcuddursa, bu təşkilatlar da çox ehtimal ki, ya terror və cinayətlərin əsl icraçıları tərəfindən qurulmuş, təşkil edilmiş sifarişçi və ya sadəcə adı olan təşkilatlardır.

Gülən bu gün bir qisim müsəlmanın İslamın ruhuna uyğun olmayan bəzi sərt İslami şərhlər verdiyini və tərfədarlıq hissi ilə, İslam naminə atılan sərt addımlara ən azından qarşı çıxmadığını da qəbul edir. Bununla yanaşı, o, bir müsəlmanın cana qıymaq, cinayət işləmək, anarxiya və terror törətməklə İslami bir amala çata bilməyəcəyini bildirir. Tarixdə də Xaricilər, Qərmətilər, Xaşxaşilər kimi yenə İslam adı altında hərəkət edən və terrora meyillənən bəzi qrupların varlığı məlum olmaqla yanaşı, onların da təməldə İslamla əlaqələrinin olmaması, müsəlmanların böyük hissəsini təşkil edən Sünnət və Camaat əhlinin bütün bu qrupları dalalət əhli, yəni yoldan sapmış, azmış, İslamın xaricinə çıxmış qruplar kimi dəyərləndirməsi də açıq-aşkardır. Məsələn, Xaricilər və bənzərləri, bir hədisə əsaslanmaqla, Quran oxusalar da, çox namaz qılsalar da, bütün davranışlarında İslama əsaslanırmış kimi görünsələr də, onlar oxuduqları Quran qırtlaqlarından aşağı keçməmiş və oxun yaydan çıxdığı kimi İslamdan çıxmış insanlar kimi dəyərləndirilmişdir. Bu halda, terrorun, cinayətin dini ola bilməz. Necə ki Yəhudilik, Xristianlıq və ya başqa din mənsubları arasından xeyli cani, terrorist çıxmışdır və bunlarla təməldə cinayət və terroru əmr etməyən, xoş qarşılamayan dinləri ittiham etmək doğru deyildir, eyni şəkildə, aldadılmış, istifadə edilən və ya son əsrlərdə sürəkli təzyiqlər nəticəsində mötədilliyini (orta yolu) itirmiş bəzi müsəlmanlar əgər həqiqətən, terror və cinayət işləyirsə, bunlarla da İslam qətiyyən ittiham edilə bilməz. Gülən müsəlman, onun əsl hədəfi və bu hədəfə gedən yol mövzusunda bunları deyir:

İslamiyyətdə terror yoxdur. Müsəlmanın dünyada yalnız bir qayəsi vardır: O, dünya həyatında bütün düşüncələrini, əməllərini o qayə ətrafında hörür, plan və layihələrini ona qovuşmaq üçün qurur. Nədir o qayə? Yalnız və yalnız Allahın rizası! Bəli, Müsəlman, müsəlmanlığı həqiqətən dərk etdisə, dərk edə bildisə, Allahın rizasından savayı heç nə düşünməz. Müsəlman belə mübarək və ali hədəfə, qayəyə doğru gedərkən yolların da halal, dinin buyurduğu şəkildə olmasına diqqət yetirmək məcburiyyətindədir. Çünki belə bir ali hədəfə, ali məqama ancaq dinin məqbul saydığı halal vasitələrlə çatmaq olar. Küçələrdə çığırmaqla, kimi gəldi öldürməklə bu hədəfə çatmaq qeyri-mümkündür. Bu çərçivədə terror, cinayət, işğal, adam oğurluğu və s. hadisələrin İslamiyyətlə əlaqələndirilməsi mümkün deyildir. (eyni yer)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.