Fəthullah Gülən sadə bir insan kimi

Şəxslər haqqında yazmaq olduqca çətin bir təşəbbüs və araşdırmadır. Xüsusilə, bu şəxs bir çox xüsusiyyətə və dərinliyə malik, cəmiyyətin yaxından tanıdığı və bir çox insanın sevib ehtiram göstərdiyi bir şəxsdirsə, iş daha da çətinləşir və zərif bir mahiyyətə bürünür.

Araşdırmamızın ilk dörd hissəsində Fəthullah Güləni daha çox xaricə əks olunan yönləri ilə, daha çox yazdıqlarına və başqalarının dəyərləndirmələrinə əsaslanaraq, düşüncələri, aksiyonu və İslami anlayışı ilə tanıtmağa çalışdıq. İndi isə, yenə müşahidəçi kimi qalaraq onu şəxsiyyət və xarakteri ilə, sadə bir insan kimi tanımağa çalışacağıq.

F. Gülənin xarakterinin üç nəzərçarpan xüsusiyyəti

Həm ata, həm ana tərəfdən olduqca dindar, istedadlı, həssas bir ailədən nəşət edən Gülənin şüuraltı düşüncəsi nənəsi Munisə xanımın, daha sonra atası, anası və babasının, ailə xaricində isə Alvarlı Məhəmməd Lütfi Əfəndinin dərin təsirləri altında formalaşdı. Bu şüuraltı düşüncə F.Gülən xarakterinin üç əsas məziyyətini formalaşdırdı və inkişaf edərək onun ən bariz keyfiyyətlərini təşkil etdi. Bunların birincisi, bütün ailədə müşahidə edilən çox dərin dini bağlılıq və yaşayış; ikincisi, Peyğəmbər və Səhabə sevgisi başda olmaqla, ailə daxilində və bütün varlığa qarşı duyulan dərin bir sevgi və münasibət; üçüncüsü isə, istər ailənin kasıblığından, istərsə də, Birinci dünya müharibəsi illərində və daha sonra çəkdiyi əziyyətlərdən və düçar olduğu çilələrdən və uşaqlığında bir saat fərqlə baba və nənəsinin, həmçinin, bir neçə qardaşının və Məhəmməd Lütfi Əfəndinin vəfatından qaynaqlanan, daha sonra isə, İslamın qəribliyi, Müsəlmanların və Türklərin son əsrlərdə ard-arda məruz qaldığı fəlakətlər və başqa ağrı-acılarla yoğrulan dərd, iztirab və göz yaşıdır.

Allaha qulluqda ölçü: Özünü varlıqlar arasında ən həqir görmə

Fəthullah Gülən üçün Allaha qulluq hər şeyin başında gəlir. Bu qulluğun son və son olduğu üçün də ən mükəmməl nizamnaməsi İslamdır, dolayısilə də, o, şübhəsiz, İslam mövusunda olduqca həssasdır. Hələ kiçik yaşlarında Quran oxumağı öyrənib onu ilk dəfə xətm etməsinə və o gündən bu yana, bəlkə də, bir namazı belə qəzaya qalmamasına, gecələri də heç vaxt təhəccüdsüz keçirməməsinə baxmayaraq, o, qulluq vəzifəsini layiqi ilə yerinə yetirdiyinə əsla inanmır. İnsanda Allah elminin, mərifətinin artmasına paralel şəkildə özünü insanların ən aşağı səviyyəlisi, ən günahkarı kimi görmə duyğusu da artır. Belə ki, Fəthullah Gülən də özünü bütün insanların ən həqiri, varlıq içində ən günahkarı hesab və hiss edir.

Peyğəmbər və Səhabə sevgisi

F.Gülənin şəxsiyyət və xarakterinin ən mühüm xüsusiyyəti qəlbindəki Allah mərifəti və sevgisi ilə, özünü Rəbbi qarşısında bütün varlıqların ən günahkarı kimi görməklə yanaşı, Peyğəmbərə və sonra səhabəyə bəslədiyi sevgidir. Əsl Peyğəmbər və Səhabə aşiqi olan Fəthullah Gülən Allah Rəsuluna olan eşqini, həsrət və yalvarışlarını da bəzən şeirin misralarına düzür:

Səni sevən hər ruh uludur, ya Rəsulallah!
Könlü-gözü onun doludur, ya Rəsulallah!
Camalın nurundan zərrə şövq alan, billah,
Qapının ayrılmaz quludur ya, Rəsulallah!
Gözləməz başqa bir iltifat Sənə erənlər,
Səmtin iltifatla doludur, ya Rəsulallah!
Könül gözləri ilə bir kərə Səni görənlər:
Onlar ruhların bir qoludur, ya Rəsulallah!
Uçuşur iqlimində qızıl qanadlı quşlar;
İqlimin quşların yoludur, ya Rəsulallah!
Cənnət yamacları kimidir orda üfüqlər;
Camalın bu üfüqün tülüdür, ya Rəsulallah!
Sənə ermək imanlı könüllərin röyası,
Səni bilməyənlər ölüdür, ya Rəsulallah!
Sənə qovuşmaq bu qərib qitmirin hər dəm xülyası,
Bu, mənim könlümün gülüdür, ya Rəsulallah!
(Gönlümün Gülü Kırık Mızrap, 90–91)

Keçmişin hicranı, indinin iztirabı, gələcəyin ümidləri

Fəthullah Gülən şübhəsiz tənqidlərə qapalı insan deyildir. Lakin bu da bir həqiqətdir ki, Gülənin niyyətinə şübhə edilə bilməz, o, buna görə sorğu-suala çəkilə bilməz. Söhbətində olmamış, az da olsa yanında qalmamış bir insan onun 22 ildir yazdığı yazılara bir dəfə də olsun baxsa, 15 yaşından təqribən 55 yaşınadək məscidlərdə etdiyi söhbətlərin bir və ya ikisini dinləsə, ondakı dini həssasiyyəti təqdir edəcəkdir. Gülən həyatını Allaha qulluq çərçivəsində Allah adının yüksəldilməsinə, yəni mümkün olsa və ilahi hikmət izn versə, hər kəsin hidayətə gəlməsinə, yəni bir mənada özünü insanlara xidmətə həsr etmiş insandır. Onun niyyətinə və səmimiyyətinə zərrə qədər şübhə ola bilməz.

Qurani-Kərim bir neçə yerdə Peyğəmbərimizə (s.ə.s.) “Yoxsa insanlar gətirdiyin bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlakmı edəcəksən!” (Kəhf, 18/1) şəklində şəfqətlə xəbərdarlıq edir. Elə Fəthullah Güləni bu nöqtədə eyni iztirab və ağrını, eyni dərd və sızıltını, heç şübhəsiz, peyğəmbər səviyyəsində olmasa da, öz ölçüsündə hiss edən, yaşayan bir insan olaraq, tanımağa çalışmaq lazımdır. O, qarşısındakı bir insana: “Sizin hər gün hidayət yolunda səbatınız üçün gündə əlli dəfə ölüb dirilməyə, dirilib təkrar ölməyə razıyam”– deyəcək dərəcədə özünü insanların Allah yolunu tapmasına, bu yolda səbatlılıq göstərib axirətə köçməsinə və əbədi həyatlarını qurtarmasına həsr etmiş, fəda etmiş bir insandır. Bu, Allah mərifət və eşqinin onun könlündə coşdurduğu duyğular qədər, insanlar üçün, ya sonsuz bir səadət, ya da dözülməz əzab çuxurlarında keçən əbədi həyatın əhəmiyyəti və Allah üçün Allahın yaratdıqlarına duyduğu sevgidən irəli gəlir.

Hər insan yaradılış etibarilə, əvvəlcə ətrafına, sonra da dərəcə-dərəcə daha geniş çevrəyə, daha sonra ölkəsinə və millətinə bir yaxınlıq hiss edər. Bu məqamda, demək olar ki, Gülənin ən yaxın çevrəsi Türkiyə və Türk insanı, ikinci mühiti də Türk dünyası, İslam dünyası və bütün insanlıqdır. Bir mütəfəkkirimiz: ”Kimin bütün düşüncəsi və hədəfi milləti isə, o, təkbaşına bir millətdir!” – deyir. Allah mərifətini qazanmış və İslama həqiqi könül vermiş insanlar Gülənin əksər yazılarında müşahidə olunduğu kimi, özlərini deyil, Allah üçün Allahın yaratdıqlarını düşünürlər. Peyğəmbər Əfəndimiz (sallalahu əleyhi və səlləm) haqqında “ (Ya Rəsulum!) Səni aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik,” (Ənbiya, 21/107) ayəsində buyurulduğu kimi, bu insanlar özlərini Allahın rəhməti, Allaha iman, Allah mərifəti və sevgisi naminə Onun yaratdıqlarına həsr etmişlər. Onların hər biri Allahın təcəlli mərkəzi, Rəbbin rəhmətinin digər varlıqlara əks olunmasında bir ayna kimidir. Onlar başqa bir şey üçün yaşamırlar; ürəkləri ancaq varlıqların Allaha qovuşması, Ona imanla əbədi həyatların xilas olması amalı ilə döyünür, düşüncələri bu qayə üzərində cəmlənir. Elə Fəthullah Gülən də, şübhəsiz, özünə heç bir mövqe və səviyyə verməsə də və özünü bütün varlıqlardan daha aşağı görsə də – belə ki, Ərzurumlu İbrahim Haqqı Həzrətləri: “Özünü bütün varlıqlardan aşağıda görməyən insana irşad vəzifəsi verilməz” – deyir, çünki onlar çiyinlərini digər insanların ayaqları altına qoyacaqlar – bütün həyatını, varlığını bu amala həsr etmiş bir insan olaraq ilk növbədə Türk insanının, sonra da bütün insanlığın eyni hədəfə yönəlməsini arzulayır. O, Allaha təslim olmuş bir Müsəlman kimi, Türk millətinin və Türk dünyasının, sonra bütün insanlığın həqiqi qurtuluşunda da Allaha imanı, Onun mərifət və sevgisini qazanmağı və həyatın da, xarakterin də bu təməl üzərində naxış-naxış toxunmasını ən önəmli ünsür hesab edir. (Sızıntı, yanvar 2000)

Bu qayənin dərdi, iztirabı Fəthullah Gülənin maddi-mənəvi bütün varlığında açıq-aşkar görünür. Bu dərd və iztirab onun məqalə və söhbətlərində dərhal nəzərə çarpır. Bundan əlavə, şanlı, amma bəxtsiz bir dövlət və möhtəşəm bir mədəniyyətin süqutundan doğan hicran, Türkiyənin və türk insanının hələ tam özünə gələ bilməməsi dərdi və bütün bunlara rəğmən, gözlənilən ümidlər bu məşəqqət və iztirabın ayrılmaz hissələridir. Demək olar ki, F.Gülən həyatının hər parçası Allaha iman, Allah mərifəti və eşqi yolunda keçmişin hicranı, dövrün acınacaqlı halı və gələcəyin ümidləri ilə toxunur. Bunu həm yazılarında, həm də bir çox şeirlərində görmək mümkündür. (Kırık Mızrap, 171-172)

Fəthullah Gülən bir hicran, həsrət, iztirab və ümid insanı olaraq son dərəcə zərif qəlbə sahibdir, göz yaşı onda çox vaxt boşalma hadisəsidir, dərdlərin, əzabların boşalması... Özü göz yaşını saf şeirə bənzədir və deyə bilərik ki, onun şeirləri də hicran, həsrət, dərd və ümid damlalarından meydana gələn göz yaşlarıdır. Fəthullah Gülən dərd, iztirab və göz yaşını ilk insandan bu günə bütün problemlərin həllində və bütün peyğəmbərlərin istifadə etdiyi ən əsas açar hesab edir və belə deyir:

“Dərdli Nəbi, tufan Peyğəmbəri göz yaşları ilə aləmi selə qərq etmədimi? Yaradılışın sirrinə ilk toxunan Mövlanın Xəlili “Hasbi, Hasbi” (Allah mənə yetər) deyərək göz yaşları ilə alovu sərin və əmin etmədimi?

O zəriflərdən zərif, Haqq sirlərinin mərkəzi, Faraklit (Hz. Məhəmməd (s.ə.s.)) müjdəçisi Ruhullahın (Hz. İsanın) halı daim ağlamaq deyildimi?

Və son dayanacaqda, ən doğru yolun başında böyük müəmmanın kəşşafı (kəşf edəni), yaradılışın əsası, əziz Ruh (Hz.Məhəmməd (s.ə.s.)) kor düyünü açar kimi, bu sirləri göz yaşlarıyla açmadımı? Ana qucağında min niyaz ilə “Ümməti, Ümməti...” dediyi andan ölümdən sonra dirilişə qədər daima eyni şey üçün inləmədimi?” (Sızıntı, sentyabr 1979)

Bir insan Fəthullah Güləni sadəcə məqalələrindən tanısa belə onun doğulduğu və ya özünü tanıdığı andan uzun bir gecə ‒ “acı” və “şirin” yuxularla dolu bitməz bir qış gecəsi yaşadığını dərhal təsdiq edəcəkdir. Hərçənd o, şeirində uzun qış gecələrini təsvir etsə də, onun həyatının romanı, sərgüzəşti “qış gecələridir.” (Kırık Mızrap, 1-2, 167-168)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.