Digər xarakterik xüsusiyyətləri və gündəlik həyatı ilə Fəthullah Gülən

Zidd məziyyətlərdən hörülən tarazlıq xarakteri

Varlıqlar arasında insan özünəməxsus yerə malikdir. Kainata varlıq qazandıran Allahın isimləri fərqli-fərqli və iç-içə aləmlərdən yaranmış kainatda, hər bir aləmdə ayrı təcəlli edir. Bu dünyada belə, eyni isimlər sosial sahədə, elmlərdə, din sahəsində ayrı-ayrılıqda təcəlli halındadır. Buna eyni gerçəyin fərqli alıcılara görə fərqli rəng, ton və şəkillərdə görünməsi kimi də baxmaq olar. Qısaca, insan da daxil olmaqla kainatda nə varsa: hər şey, hər hadisə Allahın isimlərinin təcəllisinin nəticəsidir. Məsələn, bir çiçəkdə Allahın şəkilləndirən (Musavvir), rəng verən (Müləvvin), gözəlləşdirən (Cəmil), ən gözəl şəkildə Yaradan (Əhsənül-Xaliqin) kimi isimləri hər bir çiçəyin tutumuna və xüsusiyyətinə görə təcəlli edir. İnsanda isə, demək olar ki, Allahın bütün isimləri təcəlli edir. Bir-birinə zidd əsərləri ilə ahəngdar bir bütünlük meydana gətirən bu ilahi isimlər məhz insanda fərqli və bir-birinə zidd, lakin bir-birini tamamlayan sifət, qabiliyyət və təzahürlərin də mənbəyini təşkil edir. Allah-Təalada şiddətli mərhəmət və şəfqətlə sonsuz cəzalandırma ilk anda bir-biri ilə uyğun deyilmiş kimi başa düşülə bilər. Lakin hər bir ilahi ismin özünəxas təcəlli yeri və sahəsi, yəni mərhəmət və şəfqət kimi, cəzalandırmanın da təcəlli sahəsi vardır. Bu isimlər insanda da eyni şəkildə əks olunduğu üçün onda bir-birinə zidd duyğuların meydana gəlməsinə səbəb olur. İnsanın üzərinə düşən vəzifə bütün bu zidd duyğulardan yerində və lazımi dərəcədə istifadə etmək və ortaya zidd xüsusiyyətlərdən ibarət bir ahəngdar naxış çıxarmaqdır.

Necə ki insanın görmə, eşitmə, dad bilmə, hiss etmə və qoxu bilmə kimi xarici duyğu orqanlarının hər biri özünəxas funksiyaya malikdir və dolayısilə, özünəməxsus qidalarla təmin olunmaq istəyir, eləcə də onun daxili hiss və duyğularının hər biri özünəməxsus funksiyaya malikdir və beləliklə də, özünəxas doyum istəyir. "Zehin" anlayışına daxil etdiyimiz ağılın, düşüncənin, yaddaş, mühakimə və öyrənmənin insan üçün ifadə etdiyi spesifik məna və ifa etdiyi spesifik funksiya, dolayısilə, yenə özlərinə xas fəaliyyət şəraiti və bəslənmə mühiti əsas məsələdir. Bunun kimi, insanın duyğuları və qəlb, ruh kimi daxili hissələri hansı səviyyədə özlərinə xas funksiyanı yerinə yetirir, "qidalanırsa", insan da o səviyyədə daxili ahəngini təmin və mənəvi rahatlığını əldə edir. Bəli, nə vaxt ki ağıl-qəlb və ya zehin-ruh arasında lazımi əlaqə qurulur və daxili, mənəvi-ruhi ahəng təmin edilir, həmçinin qüvvət, qəzəb və şəhvət kimi zahirə meyilli cəhətlər doğru istiqamətdə istifadə edilir, məhz o zaman insan hərəkətlərinə "hikmət" çərçivəsində istiqamət verir və ölçülü, ahəngdar bir həyat yaşayır. Qısaca, insan nə zaman öz içində ədaləti, tarazlığı, orta yolu tapar, o zaman başqaları ilə münasibətlərdə ədalətli və ölçülü olar. Əks halda, ağıl ruhun və ya ruh ağılın təsiri ilə, ağıl-ruh qüvvət, şəhvət və ya bədənin təsiri ilə dövrədən çıxarsa, yarım və ya dörddə bir insanlar meydana gələr və eyni vəziyyət cəmiyyətdə də əksini tapar. Bu baxımdan, kamil bir insanın yetişdirilməsi, başqa sözlə, insanın kompleks təlim-tərbiyə görməsi insan və cəmiyyətdə tarazlıq, ədalət və mənəvi rahatlığın təmin edilməsindən, insana bütün hiss, duyğu və fakültələri ilə yanaşılmasından asılıdır.

Fəthullah Gülən kimi, insanlara təsir edən şəxslərdə ilahi isimlərin təcəllilərini qəbul etmə və əks etdirmə səviyyəsi normaldan yüksəkdir. Bu, zehni və ruhi bacarıq və ya fakültələrdə belə olduğu kimi, duyğularda, hirs, arzu, şəhvət kimi hislərdə də belədir. Məsələn, Fəthullah Gülən fitrətən enerjili, çox hərəkətli, izzətli, cəsur və gözütox, nizam-intizam tərəfdarı, olduqca həssas, həmçinin çox ciddi tarixi düşüncəyə malik və bahadırlıq hisləri ilə dolu biri insandır. Bununla yanaşı, o, ailə yaxınlarına olduqca bağlı, son dərəcə həssas, hər varlığa qarşı sevgi ilə dolu və "Payızda bir yarpağın budaqdan qopub düşdüyünü görsəm, qolum qopmuş kimi ağrı hiss edərəm," deyəcək, bir çuxura düşmüş qarışqanı çıxarmaq üçün yarım saat məşğul olacaq, namazda mənəvi-ruhi rahatlıqla çulğalandığı əsnada belə bir uşağın ağlamasını eşidincə huşunu itirəcək dərəcədə də şəfqətli və mərhəmətlidir. Bu şəfqət, mərhəmət, yaxınlarına bağlılığı və sevgi ilə dopdolu olması ilə, dünyaya gəlişi ilə daddığı məhrumiyyətlər, zərif və həssas atasının dostlardan gördüyü cəfalar və köçlər uşaq ruhunu dərindən yaralayan vəfatlarla birləşincə, uşaqlıqdan bütün mənliyində daha sonra İslamın aldığı yaralar və insanlığın dərdləri ilə böyüdükcə böyüyən dərin iztirablar meydana gətirmişdir. Bu cür müxtəlif təsirlər tarazlanmadığı təqdirdə çox vaxt şəxsiyyətin süqutuna gətirib çıxarsa da, Allah Fəthullah Güləni xarakterindəki bütün bu cəhətləri və onu yetişdirən təsirləri bir tarazlıq halında bütünləşdirməyə müvəffəq etmişdir.

Tale Fəthullah Güləni eyni vaxtda dini elmlərin, yenə eyni vaxtda ruh tərbiyəsinin, həmçinin müsbət elmlərin, bunlarla yanaşı, ədəbiyyat, tarix və fəlsəfənin içinə çəkdi. Ata ocağında başlayan təhsili Ərzurumda davam etdi. Yenə evində başlayıb Məhəmməd Lütfü Əfəndinin yanında davam edən mənəvi təhsili dini təhsili kimi, ömrü boyu heç kəsilmədi. Təhsil aldığı illərdə tanıdığı Risaleyi–Nurlar da buna müəyyən ölçüdə fayda verdi. Nəticədə, Yaradanın fitrətinə həkk etdiyi istedadları şəraitə uyğun ahəng içində inkişaf etməyə başladı. İbtidai məktəbdə başlayan modern təhsilini, xüsusilə, təbiət fənləri, fəlsəfə, ədəbiyyat və tarix kimi sahələrdə özü davam etdirdi. Bir tərəfdən fizikadan kimyaya, biologiyadan astronomiyaya qədər, müasir elmlərin əsas prinsiplərini dərindən öyrəndi, bir tərəfdən də Ekzistensialist filosoflar və Şərq, Qərb fəlsəfəsinin başqa əsas qaynaqları ilə tanış oldu. Bütün bunlar, ortaya coşqun eşq və dərin mərifətlə birlikdə, geniş bir elm, əhatəli bir məntiq və mühakimə və eyni zamanda bir hikmət, həyəcan, lakin hər şeyi tarazlaya bilən bir bəsirət və firasət (kəşf etmək, uzaq görənlik), sonra paklıq, mülayimlik və səxavətlilik, təslimiyyət, iztirab və sızlamaq, iffət və təqva, şəfqət, mərhəmət və xoşgörü və bütün bunlara qarşılıq bahadırlıq, ümid, ideal və ölçülü bir intizamla birlikdə, dərin bir səbir timsalını, ictimaiyyətin Fəthullah Xoca olaraq tanıdığı və xüsusilə, yaxından tanıyanlar tərəfindən Xoca Əfəndi olaraq anılan bir təhsil və aksiyon insanını çıxardı.

Təvazökarlıq və "insanlardan bir insan olma"

Fəthullah Gülənin ən mühüm məziyyətlərindən biri də onun təvazökarlığıdır. Həm təbiətinin, həm də aldığı tərbiyənin bir nəticəsi olan bu təvazökarlıq onun şəxsiyyətinin bariz vəsflərindəndir. Liderlik, öndə olmaq kimi dünyəvi sevdalardan çox-çox uzaq bu "dərviş profili", Fəthullah Güləndə özünü unutma və ya çox işlətdiyi ifadə ilə desək, "sıfırlama" şəklində büruzə verir.

Fəthullah Gülən: "Bu dünyanı söküb, yerinə cənnət kimi bir dünya qursanız, çəkilib bir ağacın dibində oturacaq və "Bunları edən mən deyiləm" düşüncəsi içində insanlıq uğrunda etdiklərinizi bir kənara qoyaraq, "Bütün bunlar Allahın yardımı və gözəl insanların himməti ilə olan şeylərdir" – deyə düşünəcəksiniz," şəklində xəbərdarlıq edir. "Heç vaxt özümü heç bir etibara layiq görmədim", – deyən Fəthullah Gülən əlini öpmək istəyənlərə icazə verməz, ona göstərilən ehtiram və etibardan narahat olar. Yanında olan insanların təbii olmalarını dilər, süniliyə, olduğu kimi görünməməyə, ürəkdə olmayanı dilə gətirməyə nifrət edəir. Yüksək, nəzakətli və ölçülü rəftar və davranışlar bir insanın təbiətinə çevrilmişsə, Gülən bu cür insanları çox bəyənir. Bununla yanaşı, kobud, lakin səmimi söz və rəftarlardan da inciməz.

Özünə bir müvəffəqiyyət və ya fəaliyyət aid ediləndə bir cəmiyyətdə və ya toplumda önə çıxarılmaqdan çox narahat olar və hər zaman özündən əvvəlki böyük insanların vəfalı bir davamçısı olaraq qalmağı üstün tutar. "İnsanlardan bir insan" (adi, sadə bir insan ) olmaq, elə qalmaq onu ən çox məmnun edən xüsuslardandır. Bu baxımdan, o, zaman-zaman: "Estetik əməliyyatla üzün və şəklin dəyişdirilməsinə dinimiz icazə versə, tanınmamaq üçün bunu edərəm", – deyir.

Söhbəti, üslubu və həmsöhbətləri ilə münasibəti

Fəthullah Gülən yanlışlara qarşı olduqca diqqətlidir, ən kiçik doğrunu təqdir edən həssas təbiəti ilə insanlarla zehin və qəlb mübadiləsində olmağı sevir. Təvazökar və utancaq fitrətinə paralel olaraq, ümumiyyətlə, özündən nəsə soruşulmadıqca danışmaz..

Bunun bir başqa səbəbi talib olmayan, maraqlanmayan, zehni, düşüncə dərdi olmayan insanlara bir şey izah etməyin hər halda qeyri-mümkünlüyü və ya əhəmiyyətsizliyi də ola bilər. İstər verilən sualları cavablandırarkən, istərsə də bir mövzudan danışarkən və ya onu xatırladarkən məlumat satma (bilik nümayiş etdirmə), özünü reklam etmə kimi duyğulara nifrət etdiyi kimi, özü də, mövzunun aydınlaşması qədər irşadı əsas götürür, dolayısilə müxatəbi (həmsöhbəti) nəzərə alır. Yəni istər sualı verən, istərsə də digər dinləyicilər mövzunun işıqlandırılması qədər, cavabdan istifadə etməli, onunla bir məsələlərini həll etməlidir. Həmçinin bu cavab onların mənəvi həyatında müsbət təsir icra etməlidir. Bu baxımdan cavab bəzən soruşulan problemin tam qarşılığı olaraq deyil, sualı soruşanın və digər həmsöhbətlərin istifadəsinə uyğun şəkildə olur. Bununla yanaşı, Fəthullah Gülən çox vaxt bir suala əsaslanaraq, həmsöhbətlərinə söyləmək istədiyi bəzi şeyləri söyləyər; bunlar o sualla birbaşa bağlı olmaya bilər, amma cavabla bir qayə izlənilir, bir xatırlatma səsləndirilir, bir xəbərdarlıq edilir və ya başqa bir məsələ öz həllini tapır. Fəthullah Gülən insanlarda gördüyü xətaları xatırlatmaq və düzəltmək üçün daha çox ümümi danışır və hər kəsin bundan dərs çıxarmasını istəyir. O, şəxslərin səhvlərini üzə vurmaz. Lakin səhvinin üzünə deyilməsindən məmnun olan və ya bundan heç vaxt narahat olmayan insanlara səhvlərini üsulluca söyləyə bilir. Çox vaxt da bu cür insanlardan öz ifadəsi ilə, "yazı taxtası" kimi istifadə edər, yəni sanki xətanı onlar etmiş kimi onlara xəbərdarlıq edər, fəqət ünvanı başqadır. Həmin müxatəbin bu şəkildə dərs götürməsini gözləyər. Daha əvvəl də ifadə edildiyi kimi, Gülən xüsusilə söhbətlərində təlmih (Bir şeyi açıq söyləməyib başqa bir məna ifadə etmək üçün söz arasında mənalı söyləmək. Eyham ilə söz arasında başqa bir mənanı ifadə etmək. Ədəbiyyat: İbarədə bəhs olunmayan bir hekayəyə, lətifəyə, atalar sözünə və ya məşhur bir şeirə, bir sözə işarə etmə), istiarə, kinayə, təvriyə (Bir neçə mənaya malik olan bir sözün ən uzaq mənasını nəzərdə tutmaq) kimi ədəbi vasitələrdən çox istifadə edir və bu şəkildə, həm sözə fərqli və birdən çox mənanı, həm də funksiyanı eyni anda yükləyir. Beləliklə, F.Gülən bəzən onun üslubunu bilməyən və ya onu ilk dinləyənlərin iltifat zənn edəcəyi bir sözlə xəbərdarlıq edir, xəbərdarlıq zənn edəcəkləri bir kəlmə ilə də iltifat göstərir. Bəzən bunları anlamayan dinləyicilərin zaman-zaman onun sözlərini fərqli şəkildə şərh etməsi mümkündür. Bu mövzuda yanlışlığa yol verməmək üçün onun düşüncəsini, dünyagörüşünü, üslubunu və dilini heç olmasa müəyyən ölçüdə qavramaq lazımdır. Fəthullah Gülən söhbətlərində bəzən mövzuya uyğun lətifələr danışır, bəzən də özündən lətifələr söyələyir. Lakin davranışlarında həmişə ölçüyə diqqət edir.

Fəthullah Gülən gözəl niyyət və səmimiyyətlə deyilən hər sözü dinləyər; bir söz və ya hərəkətdən xoşu gələndə ya dodaqlarında, ya da üzündə bir təbəssüm görünər: yerinə görə bəzən də bir iltifatla cavab verər. Xoşlamadığı sözdən əgər bu sözdə, xüsusilə, sünilik, riyakarlıq və özünü göstərmə arzusu, ifadə edilən fikir və ya təklifdə qərəz varsa, bu dəfə simasını buludlar alar.

Yoldaşlarına, əşyalara və xatirələrə qarşı vəfasi

Fəthullah Gülən istər yoldaşlarına, istərsə də istifadə etdiyi əşyalara, müvəqqəti də olsa qaldığı yerə, qısaca, əlaqəsi olan hər şeyə vəfalıdır. "Bir zaman bir səfər əsnasında bir ağacın altında dincəlsək, həmin yoldaşlarla oradan illər sonra belə keçsək və bu yoldaşlar: "Burada bir zaman dincəlmişdik" deyə xatırlamasalar, qəlbim sızlar"– deyir. Bunun kimi, qaldığı bir yerin dekorasiyasının dəyişməsini istəməz, oranın eynilə saxlanmasını istəyər. Gülən bir insanın qəlbinə toxunduğunu hiss etsə və ya başqa bir səbəblə birinin qəlbinin qırıldığını anlasa, bunu özünəxas və lazımi şəkildə düzəltməyə çalışar.

Əliaçıqlığı və hədiyyələşməsi

Fəthullah Gülən olduqca əliaçıqdır. "Mən ailə və yaxınlarım etibarilə səxavətli, əliaçıq qəhrəmanların mühitində yetişdim. Belə ki, sanki həyatımda heç xəsis görmədim. Bir şeyi götürüb saxlayan insan olmadığım üçün də, "Vermək" dəyəndə tir-titrəyənləri və ya mal yığıb infaq etməmək düşüncəsini başa düşə bilmədim. Əliaçıqlıq elə bir xüsusiyyətdir ki, insan fasiq belə olsa, onun vasitəsi ilə Cənnətə girə bilər. Cənnətə girmək üçün Cənnət yolunda olmaq lazımdır. "İnsanı ona aparacaq yollardan biri də əliaçıqlıqdır" (Fasıldan Fasıla, 3/47-48) deyən Gülənin, demək olar ki, iki dəstdən artıq paltarı olmaz. Artıq paltar, köynək, corab, jaket, plaş kimi geyimlərini dərhal hədiyyə edər. Bunun xaricində, bir insanda bəyəndiyi xüsusiyyət, Allah yolunda xidmət naminə ixlas və səmimiyyətə köklənən bir müvəffəqiyyət, duyğu və düşüncədə bir ürəkaçanlıq görsə, bunu müxtəlif hədiyyələrlə mükafatlandırar. Verdiyi hər bir hədiyyənin bir mənası var. Gülən hədiyyə verdiyi kimi hədiyyə də qəbul edir; verilən hədiyyələri isə çox vaxt cavabsız qoymur. Bunun kimi, ona gələn çoxsaylı məktublara da cavab yazmağa çalışır.

Oxuması və ədəbiyyatla münasibəti

Gülən çox oxuyan bir insandır. Qəlbi dözülməz görünən dərd və iztirablarla çox çırpınmadığı zamanlarda gündə təxminən 150-200 səhifə oxuyur. Uşaqlığında Siyər, yəni Peyğəmbər Əfəndimizin həyatı və Səhabə mənqibələri (hekayələri) ilə başlayan oxuma həyatı, sonrakı illərdə elmi, fikri, fəlsəfi kitablarla davam etmiş, bu vaxt Şərq klassikləri ilə yanaşı, hərbi xidmət zamanı bir komandirinin tövsiyəsi ilə az qala bütün məşhur Qərb klassiklərini də mütaliə etmişdir. O, Mövlana, Sədi, Hafiz, Molla Cümə, Firdovsi, Ənvəri kimi Şərq klassiklərini necə oxumuş və tanıyırsa, Şekspirə, Balzaka, Volterə, Russoya, Kanta, Zolyaya, Höteyə, Kamusa, Sarterə də elə bələddir. Həmçinin, Bernard Russeli, Puşkini, Tolstoyu və başqalarını da bilir.

Söhbət və yazılarında zaman-zaman Bekonun "Məntiq"indən Russelin "Nəzəri Məntiq"inə, Paskaldan Hegelin "Dialektika"sına, Dantenin "İlahi komedyası"ndan Pikassodakı obyekt-subyekt münasibətinə qədər müxtəlif istinadlara əsaslanır. Türk ədəbiyyatından isə, Füzuli, Baqi, Nəfi, Şeyx Qalib, Leyla xanım kimi klassik ədəbiyyatımızın nəhəngləri ilə yanaşı, Yəhya Kamal, Nəcib Fazil, Mehmet Akif Ərsoy, Sezayi Qaraqoç başda olmaqla, Namiq Kamal, Şinasi, Tofiq Fikrət kimi xüsusilə qabaqcıl şair və yazıçılara yaxından bələddir. Lakin Fəthullah Gülənin əsas sahəsi İslami elmlər olduğu üçün, o daha çox Quranın mənası, təfsiri, bəlağəti, incəlikləri, hədisi-şəriflər və şərhləri, Allah mərifəti, qəlbi-ruhi (mənəvi) halları və İslami həyat tərzi mövzuları üzərində dayanır və bu sahələrdə söhbətə üstünlük verir. Bununla yanaşı, başda ədəbiyyat olmaqla, musiqi kimi sənətləri də xoşladığı üçün bu sahələrdə də söhbət etməyi sevir.

Fəthullah Gülənə başqa işləri mane olmadığı müddətcə, demək olar ki, hər gün insanlarla müxtəlif elm sahələrində mütaliə edir, çalışır və oxuyur. Bir Ramazan ayında bəzi dostları ilə, İslam hədis külliyyatının ən irihəcmlisi olan və 46000-dən çox hədis ehtiva edən Müttaqil-Hindinin 16 cildlik "Kənzül-Ummal"ını başdan sonadək mütaliə etmişdi. Bunun kimi olmasa da, İslam fiqhi, təfsir, təsəvvüf və bəlağət külliyyatının bəzi dəyərli əsərlərini də ‒ bəzilərini bir neçə dəfə ‒ oxumuş və müzakirə etmişlər.

Geyimi, hərəkətləri, qidalanması, xəstəlikləri və gündəlik həyatı

Fəthullah Gülənin səlim (sağlam, qüsursuz) zövqü var, təmiz, uyğun və gözəl geyinir. Hər geydiyi ona son dərəcə yaraşır. Tələbəlik illərində belə ütüsüz şalvar geyinmədiyini, ütü tapa bilməyəndə şalvarını axşam yatarkən yatağının altına qoyduğunu deyir. Təmiz və səliqəli geyimi kimi, üzü də hər zaman təmiz olar, saqqal olmaz, təraşına diqqət yetirər. Özünəməxsus bir yerişi var. Dik yeriyər, addımlarını geniş və uzun atar, qollarını tam aşağıda, lakin möhkəm saxlayar və çox yelləməz. Bir neçə il əvvələ qədər, yəni ürək narahatlığının indiki səviyyədə olmadığı vaxtlarda hərəkətli, həyəcanlı təbiəti və xüsusilə, hər cür problemi dərhal həll etmə həssaslığına görə, bəzən pilləkənləri iki-iki, üç-üç çıxırdı. İndi səhhəti yaxşı olanda pilləkənləri bir-bir çıxmağı bacarmadığını söyləyir.

Ümumiyyətlə, Fəthullah Gülən az yeyir. Lakin şəkər xəstəsi olduğu üçün bəzən öyün aralarında yeməyə məcbur olur. Fəqət bu yemək də lap azdır. Gülənin özünün və onu tanıyanların dediklərinə görə, o, gənclik illərindən bu yana həddən çox dərman qəbul edir. Demək olar ki, bütün xəstəliklər vücuduna yerləşmiş, hər biri müəyyən müddət qonaq qalıb getmiş, yerinə başqaları gəlmişdir. Gəncliyində əl, üz və ayaqları daxil bütün bədənində yaralar meydana gəlmiş, şiddətli ağrı verən bu xəstəlik 15 ilə yaxın davam etmişdir.

Fəthullah Gülən, hərbi xidmətdə ikən serroza çevrilən ciddi bir sarılıq keçirmiş, həzmlə bağlı narahatlıq heç vaxt onu tərk etməmiş, bir vaxtlar sağ ayağı dözülməz dərəcədə, hətta həkimin "kəsilməlidir" deməsi qədər ağrımışdı.

Gülən şəkər xəstəliyini 12 Sentyabr dövründə hiss edir. Ürək xəstəliyi də həmin vaxtda ortaya çıxır. Son dönəmdə bu narahatlıqların bir kompleksi olaraq qollarında ağrılar, barmaq oynaqlarında şişlər olur. Bu səbəbdən, barmaqlarını tam bükə bilmir, əllərini işlətməkdə əziyyət çəkir.

Fəthullah Gülənin bir başqa tipik və xroniki xəstəliyi tez-tez tərləməsidir. Dörd rükətlik namazla, yatağını düzəltməklə, yüngül bir hərəkətlə bütün vücudunu tər basır. Xüsusilə, çox ağır keçən qrip narahatlıqları zamanı daha çox tərləyir. Bir gecədə – onun bəlkə də, ancaq yarım saatını yata bildiyi yuxu müddəti 2 saata qədərdir – dəfələrlə köynək dəyişdirir.

Yenə çox tipik bir hadisə kimi, vücudunun yuxarı hissəsi tərlədiyi vaxt aşağı hissəsi də üşüyür. Ayaqlarına elektriklə isinən corablar geydiyi, ədyala büründüyü və bu şəkildə yatağa girdiyi halda, heç cür isinə bilmir.

Fəthullah Gülən şəkər, təzyiq və ürək narahatlıqlarının artdığı son zamanlara qədər, öz yeməyini və paltarını hazırlamaqla yanaşı, qonaqlarına yeməyi də öz əlləri ilə hazırlayardı. Uşaqlığında ev işlərində, hətta süd sağmağa qədər anasına kömək etməkdən və daha sonra tək yaşamaq, İzmirdə ilk illərində Kestanepazarı Quran kursunda həm müəllim, həm tərbiyəçi olaraq çalışmaq kimi həyatının müəyyən mərhələlərindən irəli gələn məharətlə gözəl yeməklər hazırlayır. Kartofdan 10 çeşid yemək bişirdiyini söyləyir.

Fəthullah Gülən gecələrin çoxunu, demək olar ki, yata bilmir. Xüsusilə, bu yalnız anlarda könül verdiyi və varlığını həsr etdiyi amalı yolunda qarşısına çıxan problemlər, ölkəsinin və insanlığın dərdləri, başqa insanlardan ona çatdırılan xüsusi məsələlər, bəzilərində görüb hiss etdiyi, amma onlardan gözləmədiyi və İslama, Allahla münasibətə yaraşdırmadığı söz, rəftar və davranışlar onu gecələr daha çox narahat edir. Bir də, yuxarıda ifadə edildiyi kimi, davamlı tərləməsinə səbəb olan xəstəlikləri onu gecələr heç tək və rahat buraxmır. Bütün bunlara baxmayaraq, səbri və dözümü heyrətamizdir. Sübh namazından sonra bəzən istirahətə çəkilsə də, bəzən kitab oxuyur, bəzi mövzuları müzakirə edir və bu şəkildə bəzi günlər günortaya qədər istirahət etmir.

Fəthullah Gülən bu dövrün, insanlar arasında da, təkbaşına da dərin bir yalnızlıq və sükut içində öz taleyini yaşayan qəribidir. Haqqında, mənim üçün obyektiv, amma başqalarına subyektiv gələ biləcək və yanlış anlaşılmalara səbəb ola biləcək müşahidələrimi özümdə saxlayaraq bu bəhsi burada yekunlaşdırmaq istəyirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.