Şəfaət etmək varmı? Kim hansı səviyyədə şəfaət edə bilər, izah edə bilərsinizmi?

Bəli, şəfaət (Peyğəmbər Əfəndimizin (s.ə.s.) ümmətini qiyamətdə himayə etməsi) haqdır, doğrudur. Bir çox Qurani-Kərim ayəsində və Peyğəmbər Əfəndimizin (s.ə.s.) hədislərində şəfaətdən bəhs olunur və beləcə, bunun doğruluğu dilə gətirilir. Yeri gəldikcə bu ayə və hədisləri qeyd edəcəyik. Əvvəlcə, sualın ikinci hissəsini, yəni, "Kim və hansı səviyyədə şəfaət edə bilər?" sualını cavablandırmaqla mövzuya başlamaq istəyirik. Sualın ikinci hissəsinə verilən cavab həm də bir baxımdan şəfaətin doğruluğunun izahı olacaq.

Peyğəmbərlər, övliya, əsfiya və şəhidlər -dərəcələrinə görə- Cənabi-Haqqın onlara bəxş etdiyi ölçüdə şəfaət edə bilərlər və edəcəklər də. Ancaq bu mövzuda da yenə zirvə Allah Rəsuludur (s.ə.s.) ki, O fətanəti-əzama (Peyğəmbər məntiqinin zirvəsi. Bütün məsələlərini ağıl, qəlb, ruh, hiss və lətifələri ilə birgə mütaliə və ən böyük çətinlikləri belə çox rahatlıqla həll edən fövqəladə məntiq.) malikdir. Hər nəbi Allahın bəxş etdiyi hüdudsuz, lakin bir dəfəyə məxsus olan şəfaət haqqını dünyada istifadə edərkən O (s.ə.s.), bunu axirətə saxlamış və axirətdə də "şəfaəti-uzma"ya (böyük şəfaət) malik olacaqdır. Onun "Hammadun" (çox-çox həmd edən, davamlı şükr edən) adlanan ümməti, "Livaül-həmd"in (Qiyamət günündə Peyğəmbər Əfəndimizə (s.ə.s.) ehsan edilən və altında bütün peyğəmbər və inananların toplanacağı "Həmd Bayrağı".) altında toplanacaq və "Məqamı-Mahmud"un (Axirətdəki ən böyük şəfaət mövqeyi) sahibi ünvanı ilə Onun (s.ə.s.) edəcəyi şəfaətdən hər kəs öz payına düşənlə şərəflənəcək və qurtu­lacaqdır.

Dünya fani və ötəridir. Burada çəkilən çətinliklər də bir cəhətdən günahlara kəffarə sayılır. Ancaq insanların pərişan, dərbədər olacaqları və onları xilas edəcək yeni bir əmələ də fürsət tapa bilməyəcəkləri bir gün gələcək -ki, biz ona axirət deyirik- o gün Allahın Elçisi (s.ə.s.) bütün insanlığı əhatə edən şəfaəti ilə ortaya çıxacaq və "ən böyük şəfaət" mənasına gələn "şəfaəti-uzma"sı ilə şəfaət edəcəkdir. Əlbəttə, Allah Rəsulunun (s.ə.s.) şəfaətinin də bir sərhədi var. Bütün şəfaətlər ancaq Cənabi-Haqqın icazə və qoyduğu ölçü nisbətində olacaqdır ki, "Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər?" (Bəqərə, 2/255) məalındakı ayə də bizə bunu bildirir.

Belə olması da çox təbiidir, çünki şəfaət edənlər də hissi davrana bilər, ölçünü qoruya bilməz və ilahi mərhəmətdən daha çox mərhəmət irəli sürmüş... və beləcə də, Rəbbə qarşı ədəbsizlik etmiş ola bilər. Buna görə də, Allah (c.c.) bir mizan, ölçü və tarazlıq qoymuşdur. Kimin kimə və hansı nisbətdə şəfaət edə biləcəyini O (c.c.) təyin edir. Cənabi-Haqqın bütün icraatlarında ədalət və tarazlıq olduğu kimi, axirətdə verəcəyi şəfaət səlahiyyətində də ədalət və tarazlıq var. Əgər bu cür hədd və sərhəd qoyulmasaydı, bəziləri şəfaət etmə haqlarını da müvazinəsiz istifadə edərdilər. Bəlkə də sərhəd qoyulmayan şəfaət səlahiyyəti onların hisslərini coşduracaq, məsələn, bəzi insanların Cəhənnəm alovu içində yandıqlarını görüncə, şəfqətləri qabaracaq, kafir-münafiq-günahkar demədən hər kəsin Cənnətə girməsini tələb edəcəkdilər. Halbuki, belə bir tələb bəzən milyardlarla möminin hüququna təcavüz də ola bilərdi.

Çünki şəfaət belə şəxslərin hisslərinə qalsaydı günahkar və ya kafir, hər kəsin bu hissi himayədən faydalanma ehtimalı olacaqdı. Bu isə, bütün varlıqların hüququna baxmayaraq dağlar qədər günahı olan kafirə də mərhəmət etmək deməkdir. Halbuki, kafir kainatda Allaha aid bütün gözəllik, bütün nizam, bütün hikməti inkar edib, alçaldıb təhqir etdiyinə görə, yerə-göyə sığmayan cinayət işləmişdir ki, həyatının hər dəqiqəsi yüzlərlə cinayətlə qaralanmış belə qapqaranlıq bir ruha mərhəmət etmək, hər halda mərhəmət adına hörmətsizliyin ən böyüyüdür.

Peyğəmbər Əfəndimiz (s.ə.s.) şəfaətinin böyük günah işləyənlərə olacağını ifadə etmiş və "Mənim şəfaətim, ümmətimdən böyük günah işləyənlərədir." (Əbu Davud, sünnət 21; Tirmizi, qıyamə 11; İbn Macə, zühd 37) -deyə buyurmuşdur. O (s.ə.s.), hər mövzuda olduğu kimi, bu mövzuda da bir tarazlıq və müvazinət insanıdır. Bütün ümmət Onun (s.ə.s.) bu ifadələri ilə təsəlli tapır və Allah Rəsulunun (s.ə.s.) şəfaətinə nail olmağı ümid edir.

Həllac Mənsur bir gün bu hədisi şərh edərkən, cəzbə qapılıb ölçünü qaçıraraq, Əfəndimizə (s.ə.s.): "Ey Nəbilər Sultanı! Niyə bu cür sərhəd qoydun, bütün insanlar üçün demədin?! Sən bütün insanları himayə etməyi tələb etsəydin, yenə də Rəbbin Səni məhrum etməz və Sənə bu səlahiyyəti bəxş edərdi." kimi sözlər deyir. Bu vaxt Allahın Elçisi onun gözünə görsənərək başındakı sarığı onun boynuna dolayır və: "Bunu başınla ödə, sən elə bilirsən ki, mən o sözü özümdən dedim!?" -buyurur. Həllac bir ağac kimi biçilib budanarkən belə təbəssüm edirdi. Çünki bilirdi ki, bu hökm ali bir məclisdə verilib və bu hökmə razı olmaq lazım idi...

Bəli, bəlkə də, Həllacın dediyi kimi, Allahın Elçisi (s.ə.s.) Cənabi-Haqqdan bütün insanlara şəfaət etməyi tələb etsəydi, Rəbbi Ona (s.ə.s.) bu səlahiyyəti verərdi. Ancaq O (s.ə.s.), Allaha qarşı bizim anlaya bilməyəcəyimiz ölçüdə ədəb anlayışına sahib idi. Rəbbinin dediyindən başqasını demir və verilən səlahiyyət sərhədini də əsla aşmırdı.

Allahın qoyduğu şəfaət çərçivəsinə, şəfaət ediləcək şəxsin buna haqq qazanmış olması da daxildir. Bununla əlaqəli Qurani-Kərimdə belə buyurulur: "Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!" (Müddəssir, 74/48). Bununla da anlayırıq ki, şəfaət hər kəsə aid və hüdudsuz deyil. Kim kimə şəfaət etsə, "şübhəsiz qəbul ediləcək" -deyə bir şərt də yoxdur. Bütün işlərdə olduğu kimi, bunda da əsas olan İlahi iradədir.

Kafir etdiyi küfrü ilə əvvəlcədən bu şəfaət çərçivəsinin xaricində qalmışdır. Ona heç kəs şəfaət edə bilməz, etsə də, ona fayda verməz.

Qurani-Kərimdə Cənabi-Haqq bizə bir dua öyrədir. Bu dua ilə himmətin yüksək tutulması barəsində işarələr var. Dua belədir: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!" (Furqan, 25/74).

Yəni, "Allahım, uşaqlarımız, həyat yoldaşlarımız üzümüzü ağardacaq insanlar olsun. Bizə elə həyat yoldaşları ver ki, bizi dinə təşviq etsin. Övladlarımız da daima arxamızdan xeyir göndərsin və bu səbəblə rəhmət leysanları üzərimizə yağsın! Bizi yalnız müttəqi (Təqvalı insan, dinin əmr, qadağa və tövsiyələrinə dəqiqliklə tabe olan) yox, onlara imam və rəhbər et. Bizə elə şeylər lütf et ki, bu, İslama xidmətin arxa plana atıldığı dövrdə və dinə xidmətin ar qəbul edildiyi bir zəmanədə dininə xidmət etdir və müttəqqilər önündə bizə imamlıq rütbəsini ehsan et!"

Belə bir anlayış himməti ali tutmanın bir ifadəsidir. Cənabi-Haqqdan Onun öyrətdiyi qayda ilə şəfaət edə bilmə səlahiyyəti tələb etməkdir. Əgər O vermək istəməsəydi, əvvəla, istəməyi verməzdi. Madam ki, bizə istəməyi vermiş və öyrətmişdir, deməli, istədiyimizi də verəcək. Onun sonsuz rəhmətindən bunu ümid edir və gözləyirik. Buna görə də burada diqqət ediləcək xüsusu yaxşı başa düşmək lazımdır. Bəli, Rəbbimizdən yalnız Cənnətin bir küncünə bizi qəbul etməsini istəmək yüksək himmət deyil. Halbuki, Allah (c.c.) bizə himmətimizi yüksək tutmamızı öyrədir. Bəli, himmətimizi yüksək tutmalı və Ondan müttəqilərə bizi imam etməsini, onlara şəfaət edə bilmə səlahiyyətini verməsini istəməliyik...

Peyğəmbər Əfəndimiz (s.ə.s.) bir hədisində axirətdən bir mənzərəni belə təsvir edir: Allah (c.c.) Həzrəti Nuhdan (ə.s.) soruşacaq: "Sən vəzifəni haqqıyla yerinə yetirdinmi?" O böyük peyğəmbər: "Bəli ya Rəbb, yerinə yetirdim. Mənə verdiyin təbliğ vəzifəsini qüsursuz şəkildə yerinə yetirdim." Cənabi-Haqq Həzrəti Nuhdan (ə.s.) buna şahid istədikdə O, ümməti-Məhəmmədi şahid göstərib belə cavab verəcək: "Sən onları ümmətlərə şahid etdin... onlar da əllərindəki Kitabda gördülər ki, Nuh vəzifəsini yerinə yetirib. Və mən də bu gün onları özümə şahid olaraq göstərirəm" (Buxari, ənbiya 2; təfsir (2) 13; itisam 19).

Bəli, Qurani-Kərimdə bir ayədə belə buyurulur: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun" (Bəqərə, 2/143).

Şəfaət haqq və həqiqətdir. Bütün böyüklər Cənabi-Haqqın qoyduğu sərhəd çərçivəsində şəfaət edəcəklər. Əgər şahidlik, prinsipcə, şəfaət olaraq qəbul edilsə, bu mənada ümməti-Məhəmməd tamamilə şəfaət edəcəkdir.

Şəfaəti inkar edənlərin dünyada da, axirətdə də qazanacaqları bir şey yoxdur. Çünki Allah (c.c.) orada, qulları Onu dünyada necə bilib tanıyıblarsa, onlarla o cür rəftar edəcək...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.