Ağılımız Ona qurban

Həyatımızın hər anında Allah Rəsulunu mülahizə etmək, daima Onu düşünmək, gördüyümüz hər işlə Onun sevgisini və Onun şəfaətini qazanmağa səy göstərmək çox vacibdir.

Məsələn, O, misvaq istifadə etməyi tövsiyə buyurubsa, mənə düşən onun xeyrini və sağlamlıq cəhətdən faydasını nəzərə almadan sırf O istifadə və tövsiyə etdi deyə misvaq istifadə etməkdir. Bu işdən xeyir güdmək ayıb deyilmi? O istifadə edibsə, mən də istifadə edərəm. Əfəndimiz mənə desə ki, mayallaq at. Bunun bir məntiqi varmı? Ağlım belə incəliklərdən baş açmaz mənim.. Sənin məntiq dediyin şey nədir ki? Mövlana Həzrətləri demirmi ki: "Ağlını Həzrəti Muhammədə qurban et". Mən də ağılımı Əfəndimə (s.ə.s.) qurban verib, Onun tövsiyə və əmrlərini  yerinə yetirərəm.

Elə isə, siz də bir iş görərkən öz hislərinizi, sizə gələn fayda və xeyri nəzərə almayın. Həmin işin içində xeyir də ola bilər; Allah o işdən sizə bəzi faydalar da verə bilər. Lakin siz şəfaət üçün zəmin hazırlayacaqsınız. Onunla tanış olmağa və görüşməyə çalışacaqsınız. Onun qüdsi dairəsinə girincə onsuz da nəisə tələb etməyə ehtiyac qalmayacaq. Xahiş edərəm, evinizə qonaq gələndə siz nə edəcəyinizi bilmirsiniz? Bura indiyə qədər gələn qonaqlardan kim ac qaldı, kim çay, qəhvə içmədi? Siz qonaqlarınızı heç boş qaytararsınız? Siz Onun maidəyi-səmaviyəsinin (səmavi süfrə) başına gedin və Onun nə edəcəyini bildiyinə iman edin. Allah nə edəcəyini, qonaqlarını necə ağırlayacağını bilir. El isə ibadət və xeyir əməllərinizin qarşılığını niyə Allahın əngin mərhəmətinə buraxmırsınız? Niyə belə şeylərə diaqnoz qoyub məsələni daraldırsınız? Niyə məsələni: "Şəfaəti liəhlil-kəbairi min ümməti – Mənim şəfaətim ümmətimdən böyük günah işləyənlərədir," – deyən bir Sultani-Zişanın sizə olan təvəccöhünə buraxmırsınız, özünüzə görə milçək qanadı qədər kiçik mənfəətlərə bağlayırsınız. Bu həm Ona qarşı hörmətsizlik, həm də himməti daraltma və veriləcək şeyləri bir mənada süzgəcdən keçirmək deməkdir.

Bu baxımdan, misvaq istifadə etmək, misvaq yoxsa, barmaqlarınızı dişlərinizə sürtüb ovxalamaq (sivaq), dəstəmaz alanda gənizə su vermək... və buna bənzər şeyləri Əfəndimiz etdiyi üçün etmək buna bir şüur, məntiq qatmaq mənasına gəlir. "Ya Rəsulullah, bunu Sən etdin, mən də bunun üçün edirəm. Dəstəmaz dualarının Sənə aid olub-olmadığını bilmirəm, ancaq madam İbn Hümam onları Sənə isnad edir və "bunlar dəstəmazda oxunsun" deyir, bunları Sən dəstəmaz alanda dediyin üçün mən də deyirəm. Dəstəmazdan sonra bir qurtum su içdiyin üçün mən də içirəm..." Bütün bunlar Onu duymağa çalışmaq, həyatın hər anını Onun həyat və ab-havası ilə bütünləşdirmək və Onun etdiyi şeyləri bölüşmək cəhd və səyidir.

Sən "Həbibim!" desən, O "ümmətim!" deməzmi?

Siz Onun sevgisi, rizası və şəfaəti arxasınca getsəniz, o Mərhəmət Peyğəmbəri də mütləq sizə dönüb sizə təvəccöh edəcək və əlinizdən tutacaq. Alvar İmamının misraları ilə soruşum:

"Sən Mövlanı sevən də Mövla səni sevməzmi?
Rizasına ivən də Haqq rizanı verməzmi?
Sən Haqqın qapısında canlar fəda eyləsən,
Əmrincə xidmət etsən, Allah əcrin verməzmi?"

Bəli, "Sən səmimi qəlbdən bir dəfə "Ya Rəsulullah" dəsən, O "Ümmətim!.." deyib imdadına çatmazmı?" Qaldı ki, Ustadımızın dediyi, bəzi sadiq kəşşafların ifadə etdiyi və bir qisim kitablarda da keçdiyi kimi, məhşərdə: "Ümməti, ümməti," – deyən Şəfqətli Nəbi, dünyaya gəldiyi zaman da "Ümməti, ümməti," – demişdir. Allah Onu xüsusi mahiyyətdə yaratmış və könlünü bəşəriyyətin qurtuluşuna bağlamışdı. Digər peyğəmbərlərin şəfqəti Onun şəfqətinin yanında dəryada bir damladır. Elə isə, siz bir dəfə "həbibi" desəniz, o da mütləq "ümməti" deyə sizcə cavab verəcək.

Xülasə, salavatın mənası rəhmətdir. Allah-Təala Əfəndimizə bilavasitə səlatu-salam etmiş, mələklərin də Peyğəmbərimizə səlat və salam etdiyini bildirmiş və bizə də bunu vəzifə vermişdir. Bizim səlatımız, "Ya Rəbb! Yanımızda Elçiniz və dərgahınızda Elçimiz olan Rəisimizə mərhəmət et ki, bu rəhmət bizə də sirayət etsin" kimi bir duadır. Bununla birlikdə, səlatu-salamın ayrı bir xüsusiyyəti də var. Səlatu- salam məqbul bir duadır. Edilən digər duaların əvvəlində və sonunda səlatu-salam gətirəndə iki məqbul dua arasında istənilən şeylər də qəbul olunar. Buna görə, həm duanın başında, həm də sonunda salavat gətirmək lazımdır. Hərçənd Əfəndimiz (əleyhissalatu vəssalam) duaların "Ya zəl-cəlali vəl-ikram" ifadəsi ilə bitirməyi tövsiyə edir, ancaq bu sözü biz Əfəndimizin təvazökarlığı kimi qəbul edib duaları "Ya zəl-cəlali vəl-ikram"la birlikdə salavatla bitirməyi daha doğru bilirik. Bəli, həm Əfəndimizin özünün ifadəsi ilə, həm səhabənin həssaslığı ilə, həm də böyük şəxsiyyətlərin kəşfi ilə salavatın ayrı bir yeri var və o geri qayıtmayan bir duadır.

Allahummə salli və səllim alə seyidinə Muhammədin və alə alihi və əshabihi əcmain.

(Allahım, Əfəndimiz Həzrəti Muhammədə, Onun ailə üzvlərinə və səhabələrinə səlat və salam et.)

Niyə ağlar, niyə sızlarsan?

Təlim və tərbiyə üçün görülən işlərin ən təsirlisi davranışlarla ifadə olunandır. Ailədə gündəlik həyatı tənzimləmək uşaqlara istiqamət vermək baxımından əhəmiyyəti böyükdür.

Bir təhəccüd namazını -mümkünsə- onun oyaq olduğu vaxta salmaq, yalnız Allahın sizi gördüyü o qaranlıq dəqiqələrdə eynən Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) kimi gecələri nurlandırmaq övladınızın şüuraltına nə qədər ilhamlar bəxş edəcəyinə təxmin edə bilməzsiniz. O, "Niyə ağlayır, niyə sızlayır, niyə inləyir?" deyəcək; əgər bunları səsli düşünəsi olsa, siz də ona Allahın hüzuruna çıxıb Onun nemətlərindən məhrum qalacağınızdan, əzabına düçar olacağınızdan qorxduğunuzu, əndişə duyduğunuzu izah edəcəksiniz. Həm sevgi və ümid dolu baxışlarınızla, həm də əndişəli halınızla Allaha ehtiramınızı onun körpə ruhuna duyuracaq və hər an onun nəzarəti altında olduğunuzu vurğulayacaqsınız. Tənzimlədiyiniz bu həyat tərzini və əgər varsa iç dərinliyinizi ona hiss etdirməyə çalışacaqsınız. Əks halda hələ ruhunuzda kök salmadan, mənimsəmədiyiniz şeyləri təlqin etsəniz, onu inandıra bilməyəcək və ona təsir göstərə bilməyəcəksiniz.

Beləliklə bizim davranışlarımız başqa, sözlərimiz başqa olmamalıdır. Əslində buna əməli (əməl cəhətdən) münafiqlik deyilir. Daxilən başqa, zahirən başqa olmaq uşağı riyakarlığa, dual anlayışa sürükləyər, Quranın ifadəsi ilə, onu gah orada, gah burada "müzəbzəb" (qatmaqarışıq) gətirər.

Siz övladınıza Allahın nemətlərindən danışdıqca, o da Allaha (c.c.) qarşı sizinlə birgə şükran hisləri, həmd-səna hisləri ilə dolacaq və: "O sizin dediyiniz bizi yaradan, insan edən və saysız nemətləri bəxş edən, sağlamlıq lütf edən, ana-ata verən, hər gün müxtəlif nemət süfrələrini göndərən, havanı, suyu, torpağı, ağacları yaradan, yaradıb əmrimizə verən Allaha (c.c.) minlərlə həmd-səna olsun," – deyəcək.

Üstəlik bəzən bunları təlqin edib evdəki söhbətləri, görüşləri bu dairədə aparsanız hər şeyə başqa bir gözlə baxacaq.

Əgər yetişdiyiniz yerdəcə qalıb özünüzə sərhədlər qoymusunuzsa, Xızırdan (ə.s.) dərs alsanız da, siz müəyyən bir darlığa məhkumusunuz. Əksinə, hər tərəfdən xəbərdarsınızsa, hər yeri, demək olar ki, ovcunuzun içi kimi tanıyırsınızsa, ancaq o zaman dünyanın gələcəyi adına ümid vəd edə bilər, dirilişdən danışa bilərsiniz.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.