Nə olar əfvinin sərinliyini duyur ruhuma

Ey qüdrəti sonsuz, mərhəməti sonsuz, bütün aləmlərin yeganə sahibi Ucalardan Uca Rəbbimiz! Əfəndilər Əfəndisinə, Onun pak əhli-beytinə, seçkinlərdən seçkin səhabələrinə salətu-salam edərək bunları Səndən diləyirik, Rəbbimiz!

Ey Ucalardan Uca Rəbbim! Bütün mal və mənsəb sahibləri qapılarını bağladılar. Sənin uca dərgahının qapısı əsla bağlanmaz və Səndən diləyənlərə daim açıqdır.

Ya Rəbbi, Ya İlahi! Ulduzlar qeyb aləminə, gözlər də yuxuya getdi. Sən isə ey Rəbbim, "Hayy"san, "Qəyyumsan"; yuxudan münəzzəh və mübərrasan.

Ya Rəbb! Gecə qaranlığını varlıq aləminin üstünü örtüncə döşəklər də sərildi və sevənlər sevgililəri ilə baş-başa qaldılar. Sən Sənin yolunda, Sənə vasil olmaq üçün cəhd və səy göstərənlərin yeganə sevgilisi, (mənim kimi) tənhalıq qürbətinə məruz qalanların da yeganə dostusan!

Ya İlahi! Ulu dərgahına sığınan bu kimsəsiz qulunu qapından qovsan, gedib hansı qapıya sığınım! İlahi! Yaxınlığından məhrum etsən, mən kimin yaxınlığına ümid edim! İlahi! Əgər Sən mənə əzab verməyi murad edirsənsə, bilirəm ki, cəzaya layiqəm! Lakin əfvinlə məni qucaqlasan, o da Sənin lütfün və kərəmindir.

Ya Seyyidi, ya İlahi! Mərifət ərbabı bəndələrin Səni tapandan sonra Səndən qeyri nə varsa, hər şeydən üz çevirmişlər. Saleh qulların Sənin fəzlinlə nicat tapmışlar. Təqsiri çox olan günahkarlar da "Tövbə, ya Rəbbi!" deyib yenə Sənin qapına yönəlmişlər.

Ey əfvi gözəl Rəbbim! Nə olar, əfvinin sərinliyini və mərifətinin şirinliyini mənim ruhuma da duyur və məni bunlarla doyur! Hər nə qədər mən bunlara layiq olmasam da, xəşyətlə önündə boyun əyiləsi, əzabından qorxulası Sən, şanına günahkarların günahlarını bağışlama yaraşan da Sənsən!

Aləmlərin Rəbbi Allaha sonsuz həmd-səna, Onun ən böyük elçisi Həzrəti Muhammədə (əleyhissalətu vəsəlləm), digər peyğəmbər əfəndilərimizə, Haqqın mükərrəm, əziz bəndəsi olan mələklərinə, yer və göy əhlindən saleh qullara da Allah-Təalanın elmi qədər salətu-saləm olsun.

Sən etdiklərinin qarşılığını aldın

Qənaətimcə, insanı Allahla irtibatda yanlışlığa sürükləyən ən mühüm səbəb mərifətullahında (Allahı bilmək) nöqsan, qüsur və cahillikdir.

Bu da qüdrət sahibi Zatın iradə və məşiətinin (arzu, muradı) görülüb dərk edilməsinə; nəticəni yaradan Allahın vicdanlarda duyulub hiss edilməsinə mane olur. Və nəticədə hər səmərəni özündən bilən, ən azı özünə bir pay çıxaran adam xudbinliyə və təkəbbürə qapılır, gördüyü işləri başqalarına göstərmə, eşitdirmə, özünü ifadə etmə dərdinə düşür, "Mən, mən!" deyib nağara kimi gümbuldamağa başlayır.

Buna adi xudbinlik demək olar, bəzi insanlar isə daha da mürəkkəb eqoizmə girir və tamamilə eqoist kimi davranmağa başlayır. "Mən olmasam, bu işlər getməz" kimi inanmağa, aldanmağa başlayır.

Bəziləri də "eqosentrist" (mənmərkəzçilik) kimi özünə aşiq olur, özünə tutulur, həyatını özünün görüb bəyəndiyi işlər üzərində qurur, onların hər şey olduğunu qəbul edir.

Bəziləri isə "narsist" bir əda ilə hər işinə aşiq və məftun olur, hər gözəl əməlin özünə məxsus olduğunu zənn edir, başqalarının heç bir şeyini bəyənmir, heç bir gözəlliyi qəbul etmir, ona aid olmayan hər müsbət şeyə etiraz edir. Elə bir anlayışla yaşayır ki, işin içində o olmasa, heç bir gözəllik olmaz.

Bu yazığın heç xəbəri yoxdur ki, bu duyğu onu addım-addım məhv edir, qəlbini addım-addım öldürür. Daha dəhşətlisi o hələ də yerində sabit durduğunu zənn edir və bu firon, bu narsist halı ilə qıldığı namaz, etdiyi ibadət, etdiyi söhbət və insanlarda meydana gətirdiyi süni bir həyəcanla xilas ola biləcəyini zənn edib "əsfəli-safilin"ə yuvarlanıb getdiyinin fərqinə varmır.

Allah dostlarının halı

Göründüyü kimi təhlükənin qarşısı başdan alınmazsa -Allah qorusun- işin sonu "əsfəli-safilin"də bitər. Buna görə də, əhlullah təxəyyül və təsəvvürdə belə nəfsani qıcıqlanmalara böyük günah nəzəri ilə baxıb qorxmuş və vaxt itirmədən dərhal onunla mübarizəyə girmişlər. Məsələn, onlardan biri: "Sübhanallahi və bihamdihi sübhanallahil-azim- Allahı hər cür nöqsandan uzaq bilir və Ona həmd edirəm. Əziz olan Allah hər cür nöqsandan uzaqdır," deyərkən qəlbinin dərinliyindən qopub gələn bu təsbeh və təhmidlərlə ətrafdakı insanlarda həyəcan oyandırır. Kimi vəcdə gəlir, kimi hönkürtü ilə ağlayır. Bu zaman "Mənim zikrimlə, mənim ifadələrimlə bu insanlar coşdu..." kimi bir hiss qəlbinə gəlincə zahirən əlaqəsiz kimi görünsə də, birdən-birə zikri kəsir, dəhşətli bir halda, bütün bədəni titrəyərək: "Əstağfirullah, ya Rəbbi! Əstağfirullah, ya Rəbbi! Əstağfirullah, ya Rəbbi!" deyib inləyir, qəlbinə gələn o düşüncə ilə o böyük üsyan əxlaqı ilə mübarizəyə başlayır.

Bəli, sizin səpdiyiniz toxumlar göz önündə birdən-birə cücərsə; bir toxum min sünbül versə və hər sünbüldə min buğda yetişsə... buna görə ağlınızın bir küncündən "Bu işdə bizim də payımız var," – mülahizəsi keçsə, böyük bir günah işləmiş kimi istiğfar etmirsinizsə, gördüyünüz hər iş "həbaən mənsura - toz-duman" olar, hədər olub gedər. Sizə aid olduğunu zənn etdiyiniz nə varsa, əlinizdən alınar. Hədisdə də ifadə edildiyi kimi axirətdə: "Sən gördüyün işləri səni alqışlasınlar deyə edirdin və onlar da alqışladılar. Bu səbəblə sən gördüyün işlərin əvəzini aldın. Axirətdə sənə veriləsi heç nə qalmadı," sözü ilə üzləşərsiniz. Bu baxımdan bu məsələyə hazır olmalıyıq. Rəbbimizin rizasına zidd olan, Onu bizdən uzaqlaşdıran düşüncələrlə içimizi bulandırırıqsa, yəni hər müsbət nəticəni Ondan deyil, özümüzdən bilərək qafil, cahil və nadanlar kimi hərəkət ediriksə, gördüyümüz işi dərhal yarıda kəsməli və nəfsi dərindən sorğu-suala çəkib: "Əstağfirullah, ya Rəbbi! Mən yenə nəfsimə ilişdim," deməliyik. Çünki nəfsinə ilişib qalan, qətiyyən Allaha çata bilməz, nəfsini ayaqaltına almayan əsla Ona qovuşa bilməz.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.