Peyğəmbərimizin ibadət və qulluğu

Fethullah Gülen: Peyğəmbərimizin ibadət və qulluğu

Allah Rəsulu, namazda Allaha qulluğu elə dərindən təmsil edirdi ki, demək olar, ürpərib ağlamadığı namaz yox idi. Səhabələr namaz qılarkən Onun sinəsinin dəyirman daşı kimi səs çıxardığını söyləyir.

Qulluğun ağır mükəlləfiyyətləri Onun iztirabını birəmin artırırdı. Əlbəttə ki, bu hal Onun qulluğu ən mükəmməl şəkildə ifa etmə səyindən irəli gəlirdi.

Namaz Onun gözünün nuru idi. Heç bir şeydən namaz qədər zövq almırdı. Onun üçün də bir gün belə buyurmuşdu: "Mənə (üç şey) sevdirildi: Qadın, gözəl qoxu və gözümün işığı namaz."

Kişinin meyil etdiyi ən önəmli ünsürlərdən biri də qadındır. Həzrət Adəm (ə.) bu duyğu ilə yaradılmışdır. Bu hissin çoxluğu şəhvətdir. Şəhvət isə nəsilin davam etdirilməsində bir mənada "avans" rolunu oynayır. Bu hiss olmasaydı, heç bir insan nəslini davam etdirməyi düşünməzdi. Çünki digərləri məcburi mükəlləfiyyətlərdir. Tək başına uşaq istəmək də nəslin davamı üçün kafi deyil. Onun üçün Allah (c.c.) kişinin qadına, qadının da kişiyə meyil etməsi üçün şəhvəti yaratdı. İnsan mahiyyətində var olan və yaradılışla gələn bu hissi məhv etmək mümkün deyil. Mümkün olsaydı, bunu başda Həzrət Adəm (ə.) edərdi. Və elə Peyğəmbərimiz də bu fitrətdən və təbii xüsusiyyətdən danışır: "Mənə qadın sevdirildi" buyururdu. O, fitrətlə, təbiətlə iç-içə olduğunu bilən peyğəmbər idi. Onun gətirdiyi dində rahiblik yox idi. Özünü ibadətə həsr etmək və vaxtının hamısını Allaha (c.c.) ibadətlə keçirmək məqsədilə şəhvət hissini öldürmək istəyən səhabələrinə beə deyirdi: "Allahı (c.c.) ən çox biləniniz və Ondan ən çox qorxanınız mənəm. Amma mən ibadət edirəm, xanımlarımla da yaxınlıq edirəm. İstirahət edirəm, gecə ibadətini də edirəm. Oruc tuturam, yemək də yeyirəm. Bu, mənim yolumdur. Mənim yolumdan üz döndərən isə məndən deyil..."

O, bir müvazinət timsalı idi və obyektiv prinsiplərlə gəlmişdi. Onun dini rahat hənif dini idi və hər kəsin rahatlıqla yaşaya, tətbiq edə bildiyi bir sistemin də adı idi. Onun bəyanları müəyyən bir qövmə və ya qrupa deyil, bütün insanlığa aid idi.

Gözəl qoxuya gəlincə, uca ruhlar gözəl qoxudan xoşlanarlar. Allah Rəsulu ruhaniyyəti ilə (ruhən) incəlmiş və cismən zərifləşmişdi, elə bil ruhuyla yarışır, mələklərlə bütünləşirdi.

Üçüncü xüsusa gəlincə, burada bir az dayanmaq lazımdır, çün­ki Allah Rəsulu: "Namaza gəlincə, o, mənim gözümün nuru, o, mənim həmdəmim və o, mənim şəhvətimdir," - deyir. Birimiz ən çox sevdiyimiz insanın gəldiyini eşidəndə necə sevinir və həyəcanlanırıqsa, Allah Rəsulu da namaza duranda bundan bəlkə də yüz qat artıq sevinc hissi keçirir və mənən coşur. Məsələn, O, uzun müddət Fatimədən (r.a.) ayrı qalsaydı, sonra da “Fatimə (r.a.) gəlir" desəydilər, nə qədər sevinər, necə məsrur olardı. O, namaz vaxtının çatmasını xəbər verən səsi eşidəndə bundan daha çox sevinir, daha çox məsrur olurdu. Çünki namaz Onun sevimlisi, namaz Onun sevgilisi və namaz Onun göz bəbəyi idi.

Allah Rəsulunun qulluğu və Allahla münasibəti və eyni zamanda tövhidi-üluhiyyəti elan və etirafı elə dərin idi ki, indiyə qədər bu dərinliyə çox adamlar ağıl çatdıra bilməmişdir. Elə yuxarıda nəql etdiyimiz hədis də bunun ən bariz nümunəsidir. Həzrət Aişə Anamız (r.a.) nəql edir:

"Bir gecə oyananda, Allah Rəsulunu yanımda görə bilmədim. Dedim, bəlkə də, xanımlarından birinin yanına gedib. Əlim ilə ətrafı yoxladım. Əlim ayağına toxundu. O zaman Allah Rəsulunun namaz qılmaqda olduğunu anladım.. başı səcdədə idi. Qulaq asdım, hıçqıra-hıçqıra ağlayır və belə yalvarırdı:

"Allahım! Sənin qəzəbindən Sənin rızana sığınıram. Şiddətli əzabından əfvinə sığınıram. Allahım! Başqasına deyil, Səndən yenə Sənə sığınıram. (Cəlalından camalına, qəzəbindən rəhmətinə, əzəmət və heybətindən şəfqət və həlimliyinə sığınıram.) Zatını səna etdiyin səviyyədə Səni səna etməkdən aciz olduğumu etiraf edirəm." "Sənin qonşuluğun, yaxınlığın əzizlikdir. (Sənə qonşu olan əziz olmuşdur.) Sənin səna və mədhin ucadır. Sənin ordun məğlub edilməzdir. Sən vədindən dönməzsən. Səndən başqa ilah, Səndən başqa məbud da yoxdur."

İndi də Əbu Zərri (r.a.) dinləyək. Deyir ki: "Bir gecə səhərə qədər namaz qıldı. (Dua ayələrinə çatanda o duaları israrla təkrar edən Allah Rəsulu namazını səmimiyyət, xüşu və itaətin mozaikasına çevirirdi. Nafilə namazlarında, səcdədə, rükuda, qiyamda oxuduğu müxtəlif və çox uzun dualar vardır.)

Onun ibadəti bir bütövlük təşkil edirdi. Namazı mükəmməl şəkildə qılır, başqa bir ibadətə, məsələn, oruca da laqeyd yanaşmırdı. Həftənin bir iki gününü mütləq oruclu keçirir, hətta bəzən də o qədər oruc tuturdu ki, heç iftar etmədiyini sanırdılar. Bəzən də işi təbii axarına buraxır və hər kəs kimi iftar edirdi. Ancaq oruclu günləri daha çox idi.

Namazın canlı təcəssümü

İndi də İbn Məsudu (r.a.) dinləyək: (İbni Məsud Kufənin üzünün ağı, şanlı səhabə.. Hənəfi məzhəbi ona çox şey borcludur. Əlqamələr, İbrahim Nəhailər, Hammad b. Əbi Süleymanlar – Əbu Hənifənin müəllimidir – hamısı onun dərs halqasında yetişmişdir. Səhabələr onu Əhli-Beytdən zənn edirdi. Bəli, O, Allah Rəsulunun evinə çox rahat girib-çıxırdı. Peyğəmbərimiz ona Quran oxudar, dinləyər və ardınca da: "Quranı nazil olduğu kimi dinləmək istəyən İbn Ümmi Abdda (İbn Məsuda) qulaq assın," buyurardı. Həzrət Ömər (r.a.) onu Kufəyə göndərərkən hicran və hüznünü belə dilə gətirmişdi: Kufəlilər! Əgər sizi nəfsimdən üstün tutmasaydım, Abdullah b. Məsudu (r.a.) qətiyyən yanımdan ayırmazdım. Qısa boylu, amma bir elm dəryası idi.)

İbn Məsud (r.a.) deyir ki: Bir gün Allah Rəsulu ilə birlikdə gecə namazı qılmaq qərarına gəldim. Gecəni Onunla keçirəcək və Onun etdiyi ibadəti mən də edəcəkdim. Namaza durdu, mən də durdum. Lakin elə bil heç rükuya getmək fikri yox idi. "Bəqərə" surəsini oxuyub qurtardı, "İndi rükuya gedər," deyə düşündüm, lakin O, davam etdi. Sonra "Ali-İmran"ı, sonra da "Nisa" surəsini oxudu və ardınca rüku etdi. Namaz əsnasında o qədər yoruldum ki, bəzən ağlıma pis düşüncələr gəldi. Dinləyənlər arasından biri soruşdu: Nə düşünmüşdün? İbn Məsud (r.a.): "Namazı pozub Onu namazıyla baş-başa qoymağı düşünmüşdüm."

Abdullah b. Amr da bu hadisəni nəql edir: Bir gecə Allah Rəsulunun arxasında namaza durdum. Dayanmadan bu ayəni oxuyur və hıçqıra-hıçqıra ağlayırdı:

"Ey Rəbbim! Onlar, həqiqətən, çox insanı (haqq yoldan) azdırmışdır. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, Sən bağışlayansan, rəhm edənsən!"

Həftənin duası

Rəbbimiz! Bizə lütfün və bəxş etdiyin nemətin qədər Sənə həmd-səna, iki cahanın səadət vəsiləsi, insanlığı şərəfi, ins və cinnin yeganə rəhbəri Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailəsi və əshabına da sonsuz səlat və salam edirik. Nə olar bizə mərhəmət et. Mərhəmət et ki, dərgahının qürbət qəhrəmanı ünvanına layiq görülmüş və sevdiyin qullar içinə daxil olmuş bəndələrin gözəl vəsfləri ilə bizim də ruhlarımızı bəzə.

Sözün cövhəri

Cənabi-Allahı öz əzəmət və calalına müvafiq şəkildə ancaq insani-kamil olanlar tanıyır. İnsani-kamil isə hər şeyi Onunla görüb, Onunla bilib və Ona əsaslanaraq münasibət qurur. Bu görmə, duyma və münasibətin bir timsalı və qəhrəmanı var o da ki Həqiqəti-Məhəmədiyyədir (sallallahu aleyhi vəslləm).

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.