Peyğəmbərimizin zöhd və təqvasi

Fəthullah Gülən: Peyğəmbərimizin zöhd və təqvasi

Allah Rəsulu zahidlərin ən zahidi idi. Onun vərası, yəni bəsit mənasıyla, şübhəli şeylərdən qaçınma hissi – o səviyyədə olmaq şərtilə – ikinci bir insanda yox idi. Onun bütün davranış və hərəkətləri bu müstəvidə nizamlanmışdı. Allahdan elə qorxurdu ki, az qalırdı ürəyi dayansın. O qədər həssas idi ki, çox vaxt gözlərində yaş və qəlbində ürpərti olardı. O coşarkən bir dənizi, dayanarkən də ümmanı xatırladırdı.

İndi bu düşüncə, bu anlayışla ömür sürən bir insana yuxarıda ərz edilən ayələri yanlış dəyərləndirib ona "dünyaya və günaha meyil" libası biçmək böyük bir hörmətsizlik və qorxunc bir aldanış deyilmi? Allah (c.c.) Onu elə bir ucalıq səmasına yüksəltmişdir ki, yerdə hürənlərin səsi Ona heç vaxt çata bilməyəcək. O da qaldı ki, atdıqları palçıq Ona sıçraya bilsin. Çünki Onun zöhdü, təqvası, Allahdan (c.c.) qorxması və günahlara qarşı fövqəladə həssaslığı "günahla işləməyə meyil" iftirasından çox-çox uzaqdır.

Əvvəla, zöhd dünya verilsə sevinməmək, bütün dünya əldən çıxsa, kədərlənməməkdir. Allah Rəsulu bu fəzilətin zirvəsindədir. Bütün dünya Onun olsaydı, hər halda bir arpa dənəsi qədər sevindirməzdi. Bütün dünya bir anda əlindən çıxsaydı, yenə bir arpa dənəsi qədər kədərlənməzdi. O, dünyanı qəlbən tərk etmişdi. Ancaq bu, dünyanı kəsbən (çalışmaq, işləmək) də tərk etmək demək deyildi. Çünki qazanc yollarının ən məntiqlisini və ən gözəlini bizə göstərən yenə Həzrət Məhəmməd Mustafadır (s.a.s.). O, nə dünyanı kəsbən tərk etmiş, nə də insanları buna təşviq etmişdir. Dünya qəlbən tərk edilməlidir. Buna ən tutarlı dəlil də yenə Allah Rəsulunun qurduğu İslam Şəhər Dövlətinin, qısa zamanda dünyanın ən zəngin və ən güclü dövlətlərindən birinə çevrilməsidir. Bir Qərbli mütəfəkkirin dediyi kimi, Allah Rəsulunun qurduğu bir böyük dövlətdən daha sonralar hər biri bir imperatorluğa bərabər olan düz 25 dövlət doğulmuşdur. Biri də Osmanlı Dövləti-Aliyəsidir. Bəli, zöhd anlayışının təməl düşüncəsi bu olmalıdır.

Allah Rəsulu peyğəmbərliyin işıqlı iqliminə addımını atdığı andan dünya bütün dəbdəbə və ehtişamıyla ayağının altına sərildiyi ana qədər dəyişmədi. Hətta O, dünyaya gələrkən sahib olduğu dünya malına vəfat edərkən sahib deyildi. Çünki varını, yoxunu Allah yolunda vermişdi. Ondan bir neçə keçi və bir də xanımları üçün tikilmiş kiçik otaqlar qalıb. Otaqlar da xalqın malı sayılırdı və analarımızın vəfatından sonra məscidin ərazisinə daxil edilmişdi. Bu otaqların necə kiçik və dar olduğunu oraya gedənlər yaxşı bilir.

Həsir üstündə yatması

Həzrət Ömər (r.a.) bir gün Allah Rəsulunun hüzuruna girdi.­ Peyğəmbərimiz həsirin üstündə uzanmış, üzündə də həsirin izləri qalmışdı. Otağının bir tərəfində işlənmiş bir dəri, bir başqa küncündə də, içində bir neçə ovuc arpa olan kiçik bir kisə vardı. Allah Rəsulunun otağında olan əşyalar bundan ibarət idi. Həzrət Ömər (r.a.) bu mənzərə qarşısında riqqətə gəldi və ağladı. Allah Rəsulu nə üçün ağladığını soruşanda:

"Ya Rəsulullah! İndi kəsralar, padşahlar saraylarında quş tükündən yataqlarda yatır, (hörmətinə kainat yaradılan) Sən quru bir həsir üstündə yatırsan və üzündə həsirin izi qalır. Gördüklərim məni ağlatdı, cavabını verdi.

Allah Rəsulu Ömərə (r.a.) belə buyurdu: "İstəmirsənmi, ya Ömər! Dünya onların, axirət də bizim olsun. Başqa bir rəvayətdə isə Peyğəmbərimiz belə buyurur: "Dünya ilə mənim nə əlaqəm var. Mən bir yolçu kimiyəm. Bir ağac altında kölgələnən daha sonra da oranı tərk edib yoluna davam edən bir yolçu…

Sədəqə həssaslığı

"Axşam yatağa uzanmışdı, lakin səhərə qədər yata bilməmişdi. Sağına dönür, soluna dönür, "uflayırdı. Səhər xanımı soruşdu: "Ya Rəsulullah, bu gecə narahat idiniz? Çox iztirab çəkdiniz. Və Allah Rəsulunun cavabı bu oldu: Yatağımı hazırlayanda yerə düşmüş bir xurma tapdım. Onu ağızıma qoydum. Lakin sonra ağlıma gəldi ki, bizim evdə sədəqə və zəkat xurmaları da olur. Birdən bu xurma onlardan olar! Elə səhərə qədər bunu düşündüm, bunun iztirabı ilə sağa-sola döndüm. Heç cür gözümə yuxu getmədi.

Sədəqə və zəkat Ona haram buyurulmuşdu. Ancaq bu xurma hədiyyə gətirilən xurmalardan da ola bilərdi. Hətta bu ehtimal digər ehtimaldan daha qüvvətli idi. Çünki Onun evində sədəqə və ya zəkat malları gecələməz, gələn kimi paylanardı. Ən kiçik şübhədən belə narahat olan və həyatını həmişə belə həssaslıq içində keçirən bir insanın qəti haram olan bir işə yaxın getməsi mümkündürmü? O, ən xırda və şübhəli bir şeylə belə ruh dünyasına toz qonmasın deyə fövqəladə həssaslıq göstərirdi. Belə möhkəm bir iradə açıq-aşkar günah qarşısında rahat ola bilərdimi? Xeyr, O heç bir günaha güzəştə getmədi və ruhunda heç bir günaha yol vermədi. Ruhu və iradəsi daima pak idi, tərtəmiz idi, bu cür yaşadı və Rəfiqi-Alaya (Uca Dosta) da bu cür yük­səldi.

"Məni "Hud" surəsi qocaltdı"

Həzrət Əbu Bəkir (r.a.) Allah Rəsulundan soruşur: "Ya Rəsulullah! Saçınızda ağ tüklər görürəm. Birdən-birə qocaldınız, bir dərdinizmi var? Və İki Cahan Sərvəri cavab verir: "Məni "Hud", "Vaqiə", "Mürsəlat" surələri qocaltdı. Hud surəsində Ona: "Sənə əmr edildiyi kimi, düz (yolda) ol deyilmişdi. Bu, Allahın Həbibi üçün çərçivəsini çəkdiyi doğ­ruluq idi. Və Onun bu cizgini qorumasını istəyirdi...

"Mürsəlat" surəsi Cənnət və Cəhənnəmin ayrıldığını, insanların dəhşət içində ikiqat olduğunu təsvir edirdi. Bu surələrdə bəyan edilənlər Allah Rəsulunu dəhşətə salır və qocaldırdı...

Onun təfəkkürü

Bir gecə Allah Rəsulu mənə "Ya Aişə! İcazə verərsənmi, bu gecə Rəbbimə ibadət edim" dedi. Mən də "Səninlə olmağı sevirəm, lakin sənin xoşuna gələn hər şeyi də sevirəm," dedim.

Allah Rəsulu qalxdı və namaz qılmağa başladı. O gecə səhərə qədər "Hə­qiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır." ayəsini oxudu və göz yaşı tökdü. Səhər olunca əzan oxumağa gələn Həzrət Bilal Ona: "Ya Rəsulullah! Özünü nə üçün bu qədər çətinliyə salırsan? Allah (c.c.) Sənin keçmiş və gələcək bütün günahlarını bağışlayıb," dedi. Peyğəmbərimiz (s.a.s.): buyurdu: "Mənə bu qədər nemət verən Rəbbimə lütfü səviyyəsində şükür edən qul olmayımmı?"

Məgər Allah Rəsulu nə üçün göz yaşı tökürmüş? O, öz səviyyəsində şükür zirvəsini qoruya bilməməkdən qorxur və bunun üçün ağlayır! Belə bir Zatın günah işləyəcəyini və ya günaha meyl etmiş ola biləcəyini düşünə bilərsinizmi?..

Peyğəmbərimiz Allahın (c.c.) qadağalarını etməməkdə nə qədər həssas, günah işləməməkdə nə dərəcə diqqətli idisə, əmrləri dinləməkdə də eyni dərəcədə həssas və əmrə müntəzirdi. Onun mə­sumluq və paklığına yalnız bu cəhətindən baxılsa, zənn edirəm, başqa dəlil axtarmağa ehtiyac olmayacaq.

Əslində, Onun kimi yaşamağa heç kimin gücü çatmazdı. Şəxsi ibadətlərində özünə qarşı çox tələbkar, nəfsinə qarşı çox ciddi idi. Onun bütün həyatı ibadətlə yoğrulmuşdu, ömrünün demək olar, hər an; ibadətlə keçirdi. Təbii ki, ibadəti namaz, oruc və s.-lə məhdudlaşdırmaq olmaz. O, hər işi ibadət şüuruyla görürdü.

Xeyirdə tələsməsi

Bir gün məscidə gəldi, camaatın qarşısına keçib namaza durdu. Ardınca namazını pozdu və təlaşla otağına sarı getdi. O qədər həyəcanlı idi ki, deyərdin hardasa yanğın var, ora qaçır. Bir qədər sonra gəldi. Əvvəlki həyəcanından əsər-əlamət qalmamışdı. Keçdi namazı qıldırdı. Namazdan sonra səhabələr bir az əvvəlki həyəcan və təlaşının səbəbini soruşdu. O da bu cavabı verdi: "Bir az əvvəl mənə kasıblara paylamaq üçün bəzi şeylər gətirdilər. Mən paylamağı unutdum. Elə namaza başlayırdım ki, xatırladım. Evimdə belə bir mal ola-ola, namaz qılmaq istəmədim. Gedib Aişəyə (r.a.) o malı paylamağı tapşırdım." Baxın, buna zöhd deyilir, buna incəlik deyilir, buna təqva deyilir və buna Onun dünya ilə əlaqəsi deyilir...

Dünya dəfələrlə Onun gözü önündə canlanmış, özünü qəbul etdirmək istəmişdi, amma O, gözünün ucu ilə də baxmamışdı.

Həftənin duası

Ey dua edənlərin səsini eşidən, çağırışına cavab verən… Ey dərgahına sığınanların səsinə səs verən Rəbbim!.. Nə qədər dua etmişəmsə, hamısına cavab vermisən. Təkrar Səndən diləyirəm: bəndəni ünsünlə bəslə, könlünə məxafətini duyur… Və mənə dostuna şəfqətlə davranan, ona daim yaxşılıq edən və heç vaxt yalqız qoymayan bir qonşu ol.

Sözün özü

Zavallı müasir insan neçə-neçə dəyərlərini itirdiyi kimi, peyğəmbərlərə, xüsusilə də Peyğəmbərlər Sultanı Həzrəti Məhəmməd Əleyhissalama yanaşması, münasibəti, düşüncəsi tamamən ült-üst olmuş vəziyyətdədir. Halbuki, Ona adi bir insan kimi bəşəri kriterilərlə qiymət vermək qətiyyən doğru deyildir. Çünki O, yer üzünə yenilik gətirmək və yeni dünyaların qapılarını açmaq üçün misilsiz ruh və misilsiz qabiliyyətlərlə göndərilmiş bir insandır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.