“Sizin üçün bunu etdim” demə!

Bəşəriyyətin Mümtaz Şəxsiyyəti (s.ə.s.) həyatında, əlbəttə, heç vaxt etdiyi işlərin əvəzini istəməmiş və "Sizin üçün filan şeyi etdim!" deyib heç kəsi minnət altında qoymamışdır.

Ancaq bəzən müxtəlif hikmət və məsləhətə görə özünün necə böyük bir nemət olduğunu xatırlatmışdır. Məsələn, Huneyn müharibəsindən sonra baş verən hadisə buna misal ola bilər. Bildiyiniz kimi Allah Rəsulu Huneyn müharibəsində ələ keçirilən qəniməti daha çox İslama isindirmək istədiyi insanlara paylamış və bəzi şəxslərə xüsusi pay ayrımışdı.

Bununla O (s.ə.s.), yeni iman gətirmiş şəxsləri könüllərini fəth etmək, onları da gələcəyin qəhrəman səhabələrinə çevirmək, səxavətini nümayiş etdirməklə onların qəlbində imanın kök salmasını istəyirdi. Üstəlik bu şəxslərin çoxu qəbilələr içində sözükeçər insanlar idi. Bəlkə, siz kasıb-küsuba əl tutur, onlara yardım əli uzadırsınız; ancaq elə insan var ki, onun qəlbini qazanmaqla minlərlə insanın hidayətinə vəsilə olursunuz. Belə insan: "Buyurun gəlin!" deyəndə sözükeçən minlərlə insan sizə qatılar. Böyük Fətanət – Allah Rəsulu (s.ə.s.) qənimət paylayarkən bu və buna bənzər hikmət və məsləhətləri daim nəzərə alırdı.

Hal-hazırda biz müəyyən qədər bunları düşünüb dərk edə bilirik, ancaq o dövrdə bir neçə gənc ənsar bunu düşünə bilməmişdi. Və: "Qılıncımızdakı qanları hələ qurumayıb, amma ən böyük payı onlar götürürlər!" demişdilər. Bu zaman Peyğəmbərimiz (s.ə.s.) yalnız ənsarın bir çadırın altında toplanmasını əmr edir. Əlbəttə, Allah Rəsulunun bu usulu da böyük əhəmiyyətə malikdir. Çünki ətrafda gəzən, dedi-qodu, fitnə qoxusu gəlirdi. Fitnə və dedi-qodunun böyüməməsi üçün mühacirin bu söhbətdə olmaması vacib idi. Həmçinin Peyğəmbərimiz (s.ə.s.) bütün ənsara xitab edərək həm dedi-qoduya səbəb olanlarla pərdə saxlayır, həm də bilavasitə onları hədəf alıb başqalarının yananında utandırmır. Bu da insanın günahlandırmamaq, günahkarlıq psixologiyasına salmamaq üçün böyük əhəmiyyət kəsb edir.

Xülasə, Peyğəmbərimiz (s.ə.s.) ənsarı toplayır və zahirən minnət ifadələrinə bənzər bu sözləri deyir:

"Mən gələndə siz zəlalətdə deyildiniz? Allah mənimlə sizə hidayət vermədimi? Mən gələndə siz yoxsulluq çəkmirdinizmi? Allah mənim vasitəmlə sizə var-dövlət vermədimi? Mən gələndə siz bir-birinizə düşmən deyildinizmi? Allah mənimlə sizi barışdırmadımı?" Əlbəttə orada olanların çoxu Ona (s.ə.s.) səmimi qəlbdən inanan insanlar idi. Peyğəmbərimizin (s.ə.s.) verdiyi hər suala toplu şəkildə: "Əl-minnəti lilləhi və lirasulihi – Bəli, bəli, minnət Allaha və Rəsuluna məxsusdur!" – deyə cavab verirdilər. (Buxari, Menakıbül-ensar 1-2; Megazi 56) Gördüyümüz kimi, bu, –haşa– başa qaxınc deyil, əksinə onları təhlükədən xilas etmək, fitnənin qarşısını kəsmək və məsələni həll etməkdir.

Bir addım ata bilməyən talesizlər

Məsələnin bizə baxan yönü isə, hər nə olur-olsun, etdiyimiz yaxşılıqları minnət edib dilə gətirməyimiz, hətta sezdirməyimiz belə doğru deyil. Biz belə düşünməliyik: Allaha sonsuz həmd-səna olsun ki, bizi sizinlə birlikdə belə bir yola qoydu. Həyatımız, mənəvi dünyamız həqiqi bayramı hələ duya bilməsə də, Rəbbimiz bizə əl-ələ, çiyin-çiyinə belə bir bayram sevinci yaşatdı.

Bəli, gördüyümüz işləri, etdiyimiz yaxşılıqları sayıb-tökərək insanları incitməməli, onları üzməməliyik. Bəzən bizi anlamadıqlarına, bizi hiss etmədiklərinə görə, bir insan olaraq qəlbimiz qırıla, inciyə bilər. Ancaq bu zaman hislərimizi dilə gətirməz və bu hisləri öz içimizdə boğarsaq, inşallah, xətaya düşmərik. Üstəlik: "Mən olmasaydım, bu yolu haradan tapacaq, həqiqəti hardan öyrənəcəkdiniz?" – deyə qürrələnib başa qaxmağa heç kimin haqqı yoxdur. İstanbul kimi bir şəhəri fəth edə bilər, Belqrada, Vyanaya gedə bilər, Peyğəmbərimizin (s.ə.s.) adını dünyaya yaya bilərsiniz. Üstəlik insanlar bunun sizin məharətiniz olmasına inana bilərlər. Ancaq bu nailiyyətləri sizinlə birlikdə arxanızca gələn insanların başına qaxıb minnət qoysanız, gördüyünüz bütün işlər heç olar, savabınız silinər və axirətdə əlinizə bir şey keçməz. Bu qədər iş görsəniz də, axirətdə bir addımlıq savab qazanmadığınıza oturub ağlayarsınız.

Ehtimallar əsasında hökm verilməz

Hər işdə etidal və tarazlıq çox vacibdir. Tolerantlıq mövzusunda da qəlbimizin müvazinəti düzgün tənzimlənməlidir.

İddiasız deyirəm ki, biz tolerantlıq məsələsində müvazinətdə olduğumuza inanırıq. Amma xoşgörülü olmaq millətimizin və ölkəmizin gələcəyini təhlükəyə atanlara, tariximizə, milli-mənəvi dəyərlərimizə xələl gətirənlərə qarşı tolerantlı davranmaq deyildir və bunu əsla, edə biləmərik. Əslində hal-hazırda və gələcək üçün nəyin faydalı və nəyin faydasız olduğu açıq-aşkardır. Ancaq ümid edirəm ki, cəmiyyətimiz zamanla bir-biri ilə qaynayıb-qarışaraq o müvazinəti əldə edəcək. Hal-hazırda bizə düşən vəzifə bu demokratik şəraitdə mübahisəli mövzulardan uzaq durub bir cəmiyyət və millət olaraq bizi bir-birimizə bağlayan əsasları ön plana çəkib hər kəsi olduğu kimi qəbul edərək tolerant olmaqdır.

Biz nəfsimizə aid məsələlərdə fədakarlıq edə bilərik, ancaq cəmiyyətin hüququnu şəxslərə qurban verməyə gəlincə, bu cəmiyyətə qarşı böyük bir haqsızlıqdır. Bəli, mən pulumu, yaxud əynimdəki paltarı birinə verə bilərəm; bu bir fədakarlıqdır. Ancaq millətə aid pulu, millətin malını kiməsə verməyim zahirən xeyir kimi görünsə də, zülmdür.

Bununla yanaşı, hökm ehtimala görə verilməməlidir. Əgər hökm ehtimallara görə verilsə, susi-zənn edilmiş və günaha girilmiş olar. Hökm hadisələrə, yəni olub bitmiş hadisələrə görə verilir. Meydanda bir işarə və bir dəlil yoxsa, əsas olan insanların təqsirsiz olmasıdır. Bu bir hüquqi prinsipdir. Bu baxımdan: “Siz tolerantlıq deyib millətin və mənəviyyatın əleyhinə iş görür, hər şeyi yerlə-yeksan edirsiniz, bəzi dairələrin dəyirmanına su tökürsünüz” kimi əsassız və tamamilə sui-zənə bağlı ittihamlar böhtan olduğu kimi, “İndi tolerantlıq deyirsiniz, ancaq əlinizə imkan keçsə, filan-filan şeylər edərsiniz” kimi fikirlər də dəlilsiz bir fərziyyədir. Dolayısilə, biz buna “paranoyya” deyib keçirik.

Hal-hazırda bizim vəzifəmiz könül verdiyimiz əsaslara el-aləmin inanıb inanmamasının dərdini çəkmək deyil, səmimi qəlbdən inandığımız sevgi və tolerantlıq davasında Risalətin şəmsi, qəməri olan peyğəmbərlərin o müqəddəs vəzifələrini yerinə yetirərkən göstərdiyi əzmkarlıq, səbat və qərarlılığı bu işdə ortaya qoymaqdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.