Mədəniyyət

Mədəniyyət zənginlik, zahiri kübarlıq, fiziki həzlərin tətmini və cismaniyyətin səfahət içində üzməsi deyil. O, könül zənginliyi, ruh nəzakəti, düşüncə dərinliyi və başqalarına yaşama haqqı verib onları da qəbul etmək deməkdir.

* * *

Həqiqi mədəniyyət daim elm və əxlaqın bərabər olduğu atmosferdə təşəkkül tapmışdır. Bu etibarla, hər şeyə yalnız elmlə baxan Qərb mədəniyyəti iflic vəziyyətində, elmə qapıları örtüb öz içinə qapanan Şərq mədəniyyəti isə hazırkı durumu etibarilə, qismən də olsa, vəhşət içindədir. Gələcək mədəniyyət Qərbin elm, Şərqin də inanc və əxlaq bağçasında boy atıb inkişaf edəcək.

* * *

Əxlaq və fəzilətə əsaslanmayan, ağıl və vicdan çeşməsindən su içməyən mədəniyyət bəşəriyyətin səadətinə deyil, yalnız bir neçə zəngin, bir neçə də həvapərəstin həvəslərinə xidmət edən fani bir şadyanalıqdır. Vay onun yanıb-sönən işıqlarına aldananlara!

* * *

Mədəniyyət təbiət elmlərində və müxtəlif fənlərdə irəlidə olmaq, gəmi, qatar, təyyarələr kimi müasir imkanlara sahib olmaq və böyük şəhərlər, geniş küçələr və yüksək binalarda yaşamaqdan ibarət deyil. İnanclı və müstəqim əllərdə olan bu mədəniyyət vasitlərini mədəniyyət kimi qəbul etmək aldanışdan başqa bir şey deyil.

* * *

Fərdlərin mədəniləşməsini insanın özündəki yaxşılıq toxumlarını inkişaf etdirib ikinci bir fitrət qazanmasında axtarmaq lazımdır. Onu hər cür geyim-keçim və cismani zövqlərin istifadəsindən ibarət sayanlar mühakiməsiz və bir ovuc maddi həyatın altında əzilən talesizlərdir.

* * *

Vəhşi, bədəvi millətlərin qansız, zalım və soyğunçu olması şübhəsizdir. Bu da bir həqiqətdir ki, hər kəs onları bu şəkildə yaxşı tanıdığından başqalarına çox da zərər verə bilmirlər. Bəs, müasir silahlarla müsəlləh və qana susamış mədəni bədəvilərə nə deyək?!

* * *

Əgər mədəniyyət bir millətin öz varlığını təşhir etməsidirsə, bu möhtəşəm xütbənin məzmunu həmin millətin elmi, əxlaqi və texniki nailiyyətləri olmalıdır. Çünki ictimai tərbiyə, çeşidli hünər və sənətlər mədəniyyəti şəkilləndirir, əxlaq isə bəlağətli bir dil kimi onu elan edir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.