Təsəvvüf

Təsəvvüf insan vicdanının İslam həqiqətini duyub hiss etməsi sənətidir. Onu yaşadığı həyatın şüuruna varmayanlar idrak edə bilməyəcəyi kimi, başqalarına aid mənqibələrlə təsəlli tapanlar da anlamayacaqlar.

* * *

Təsəvvüf nəticə etibarilə, insanın öz acizliyini, fəqirliyini, heçliyini dərk edərək varlığının əsasını təşkil edən Haqqın vücudunun[1] şüaları və sifətlərinin təcəlliləri qarşısında əriyib yox olmasının baş­qa bir ünvanıdır.

* * *

Təsəvvüf insan ruhunun saflaşıb öz-özü ilə bütünləşməsi, bütün zaman və məkanları aşaraq bilinməz bir hüduda yüksəlməsi keyfiyyətidir. Hər fərd ancaq bunun sayəsində Miracı-Nəbəvi[2] ilə açılan qapıdan girərək Rəbbinə qovuşar, bir növ meraca məzhər olar.. sözsüz ki, öz istedad və qabiliyyət səviyyəsində meraca...

* * *

Fəlsəfə və hikmət insanın düşüncə üfüqünü genişləndirər, əşya və hadisələri tanımasına kömək edər. Təsəvvüf isə dərkedilməz bir aləmdə əşya və hadisələrin Xaliqi ilə insanın təmasını təmin edər və onu Allahın dostu və ənisinə[3] çevirər.

* * *

Təsəvvüf əhli təriqətdə də müşahidə edildiyi kimi, zikir və fikir yolu ilə insan ruhunun, namütənahi "Kamalati-İlahiyyə"[4]dən feyz alaraq nurlanmasından ibarətdir. Əvvəli insan mənliyini miqyas götürərək sonsuza bəzi fərziyəvi xətlər qoymaqla başlayır, sonu da mənlik və mənliyin sirlərindən üz çevirib hər şeyi Odan bilməklə nöqtələnir.

* * *

Təsəvvüf fəlsəfə əli çatmayan üluhiyyət[5] həqiqətinin qəlb əli, qəlb ayağı və qəlb gözü ilə araşdırılmasıdır. Ağılın ayaqyalın və başaçıq xəyalları ilə alt-üst edildiyi bu yolda qəlb bir göyərçintək qanadlanar, öz qədirbilən meyarları ilə o Mövcudu-Məçhulu[6] tanımağa çalışar. Sonra da əldə etdiyi ürfanını "ma arafnəkə haqqa marifətik"[7] sözləri ilə elan edər.

* * *

Təsəvvüf İslamın ruhudur. İslamı onsuz təsəvvür etmək olmaz. Təriqətlər isə bunu sistemləşdirmişdir.


[1] Varlığı
[2] Peyğəmbər meracı
[3] Dost, ünsiyyət qurulan.
[4] İlahi Kamillik
[5] İlahlıq
[6] Varlığı Məçhul olan Allah
[7] Səni layiqincə tanıyammadıq

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.