Dəlillər... Dəlillər... Və Yenə də Dəlillər...

Bədəndə meydana gələn yaranın üstü örtülür, qaysaq bağlayır və sonra da vücud o qaysağı atmaqla özü özünü necə deyərlər, təmir edirsə, bu proses həmin yaranın əmələ gəldiyi bədən üzvündəki canlılığa bir sübutdur.

Meyvə meyvəni yetişdirən ağacı göstərir, yol üstündəki izlər, oradan keçəni nişan verir. Gəzib dolaşdığımız yerlərdə su sızıntıları görürüksə, demək orada yeraltı sular vardır. İnsanda da elə izlər, elə sızıntılar və sağalma əlamətləri vardır ki, bu əlamətlərə baxanın axirəti görməməsi mümkün deyildir.

Bəs görəsən qapalı və məhdud qəliblər içərisinə sıxışmış bir insanın ağlına əbədiyyət kimi əngin fikir haradan gəlmişdir? Onun öz-özünə belə bir düsüncəyə malik olduğunu demək mümkün deyildir, çünki ona bu dünyada belə bir ilhamı verəcək varlıq da yoxdur. O zaman ondakı bu duyğu, əsasən bir başqa aləmdən göndərilən məlumatdan ibarətdir. Torpaq üzərində su sızıntıları yeraltı suların varlığına necə qəti sübutdursa, əbədiyyət çeşmələri də əbədi aləmin varlığına bu cür qəti sübutdur.

İnsan daxili aləminin leduniyyatı ilə maddi aləmdə əldə edə bilmədiyi səmərələri əldə edər. İnsan elə coşar, dünya və dünyadakılara elə arxa çevirər, onları ayaqları altına elə atar ki, bu hal və keyfiyyət onun bu mümkün aləmdə mümkün olmayan bir varlıqla münasibətini xatırladar. Bu məhdud, get-gedə abad edilməyəcək şəkildə dağılmağa üz tutub gedən dünya özlüyündə əbədi, heç vaxt bərbad olmayacaq bir yurdun varlığına dəlalət edir. Bu vəziyyətdə olan hər varlıq bir tərəfdən sahibini göstərirkən, digər tərəfdən də o biri aləmdəki məskəninə işarə edir.

İnsan orqanizmində hüceyrələr necə bir-birilə qaynayıb-qarışır, əlaqəyə girirsə, birində meydana gələn bir xətanı aradan qaldırmaq üçün o birilər onun imdadina necə tələsirsə, bir bədən də eyni ilə onlar kimi ayrı-ayrı əyalətlər kimi fəaliyyət göstərirsə, lazım gələndə bu əyalətlər düsməni dəf etmək üçün bir-biri ilə ”sözləşərək“ bir yerə toplanıb onunla mübarizə aparmaq üçün bir mərkəzdən müştərək hərəkətə keçirlərsə, eyni ilə onlar kimi də kainatin sinəsində, yerinə görə ürək kimi döyünən, göz kimi işıq saçan, bəzən tutub özünə çəkən, bəzən də açılıb genişlənən, ən kiçik zərrələrdən ən böyük qalaktikalara qədər bütün kainat bir növ ayrı-ayrı üzvlərdən əmələ gəlmiş bir bütöv bədən kimidir.

Bəlkə bütün kainata vəkil olan bir mələk vardır ki, kainatın ruhu odur. Kainat möhtəşəm keyfiyyətilə və insandakı kiçik nümunəsi ilə canlı olaraq Cənabi-Haqqın isimlərini özündə əks etdirir. Eyni ilə insan üzvləri kimi o da yaralanır və yaraları sağaldılır. Eynşteyn: “Bilmədiyimiz bir sirlə kainatın uzaq yerlərində yeni-yeni cisimlər əmələ gəlməkdədir,”-deyir. Əlbəttə, bu kainat adlanan sarayı qurub düzəltdikdən sonra Cənabi-Haqq onu bir insan vücudu kimi şərəfləndirəcək və o da vəzifəsini başa çatdıracağı ana qədər öz işini davam etdirəcəkdir.

Yer üzündə insanlığın vəzifələsi başa çatanacan o, bir ürək kimi döyünəcək, göz kimi görəcək və günəş kimi işıq saçacaqdır. Ozünə düşən vəzifəni də şüurlu bir mömin ədası ilə yerinə yetirəcəkdir. Bunun üçün də xarab edilmiş yerləri təmir ediləcək, işə yaramayan ”hissələri“ dəyişdiriləcək və bu aləmin işarə etdiyi ikinci bir aləm, bu kainatın bir küncündə inşa ediləcəkdir.

Biz əşya və hadisələrə bütöv halda nüfuz edə bilmirik. Onların arasında haldan və dildən anlamayan seyrçi və müşahidəçilər kimi dolaşırıq. Ona görə də hansı şeydən nələr olar, hələ bunları anlaya bilmirik. Ola bilər ki, bir gün əşya və hadisələrin ruhunu qavrasaq, bunların var edilmələrinin keyfiyyətinə tam nüfuz etsək, həyatımıza tələ qurmuş mikroblardan çox geniş şəkildə istifadə etmək mümkün olacaqdır. Bəlkə də müxtəlif mikroblar istehsal edən fabriklər quracaq və ölkənin gəlir mənbələrindən ən böyüyünü kəşf etmiş olacağıq. Lakin biz hələlik axan çayı təkbaşına seyr edən və ondan daha çox və müxtəlif yönləri ilə istifadə edə bilməyən insanlara bənzəyirik.

Bəli, əşya və hadisələr axır, biz isə yalnız seyr edirik. Halbuki, Allah Rəsulu (səs) bir duasında Cənabi-Haqqdan əşya və hadisələrə nüfuz edə bilməyi tələb edir və “Allahım, mənə əşyanın həqiqətini göstər,”-deyirdi. İnsan üçün ideal üfüqlərdən biri və bəlkə də ən birincisi əşyanın həqiqətinə nüfuz edə bilmək keyfiyyətini qazana bilməsidir. Əgər kainat bu keyfiyyətlə tədqiq edilsə, axirət incə bir pərdə ilə gizlədilibmiş kimi hər əşya və hadisənin arxasında görünəcək, müşahidə ediləcəkdir.

Yer üzündə tikan güllə, bülbül qarğa ilə bir yerdə yaşayır. Əsasən bir-birinə zidd kimi görünən əşyaların biri digərini tamamlayır. Kainatda əbəs və boş nə bir hadisə, nə də bir əşya yoxdur. Məsələn, yer üzündəki bütün köpəkləri yox etsək, kainatın sinəsində bir boşluq meydana gələr. Bir zaman bir Qərb mütəfəkkirlərindən biri mətbuatda bir quş növünün nəslinin kəsilməkdə olduğunu və bunun nəticəsində də kainatda mühüm bir gədiyin açılacağını elan etmişdi.

Kainatda hər kəsin və hər şeyin özünə aid vəzifəsi olduğunu görürük. Buna görə də kainatın sinəsindən nəyi götürürsünüz götürün, orada bir boşluq hay-küylə “Kainatda bir boşluq əmələ gəldi,”- deyəcəkdir.

Buxari və Müslimdə Nəbilər Nəbisi (səs): “Əgər köpəklər başlı-başına bir millət olmasaydı, hamısını öldürərdim,”-buyurduğu bildirilir.64 Köpəklər belə, özlüyündə eyni ilə insanlar kimi bir millətdir. Onlar da çiyinlərinə böyük vəzifələr götürüb bir boşluğu doldururlar. İnsanlara hücum edən, evlərə mələklərin girməsinə mane olan və insan orqanizminə zərərli olan bir sıra mikrobları daşıyan köpəklərin bəlkə də nəslini kəsmək lazım gələrdi. Lakin onları öldürmürlər, çünki bu kainat sarayında onların da öz yeri vardır. Əsas məsələ onun yerini bilmək və onu yerinə qoymaqdır. Onlar öldürülsə, meydana gələcək zərər qarşısı alınamayacaq qədər böyük olacaqdır.

Ağacların içindəki bakteriyalar yox edilsə, bir neçə il sonra meyvələrə elə şeylər hücum edər ki, artıq onları bu bəladan qurtarmaq mümkün olmaz. Çünki Cənabi-Haqq, Kainatda tarazlıq və düzəni bir-birinə mütənasib varlıqlarla qurmuşdur. Əgər bu tənasüblərdən birini aradan götürsək, onda başqalarının istilası ilə üzləşəcəyik.

Bəli, kainat elə bir binadır ki, bu binanı əmələ gətirən daşların hamısı bir-biri ilə əlaqədardır. Oradan kiçicik bir daşı çixartmaq istəsəniz, bütün binanı başınıza uçurarsınız.

Bundan başqa, hadisələrə dövrlər hakimdir. Yeddi illik fasilələrdə toxumların, on dörd illik fasilələrə isə balıqların çox bol şəkildə əldə edildiyini bir elm adamı təsbit etmişdir. Əgər bu dövrlər məsələsi elmi əsaslarla və tam mənası ilə tədqiq edilsə, bəşər övladının bir çox ictimai və iqtisadi məsələləri də həll ediləcəkdir.

“Qur’ani-Kərim”də və xüsusən də ”Yusif” Surəsində dövrlər məsələsinə işarələr vardır. Bu kiçik dövrlərin bir intizam və nizam içində baş verməsi və dövr etməsi göstərir və isbat edir ki, dünya həyatı da bir dövrdür. O da bir gün başa çatacaq və ardınca başqa bir dövr başlayacaqdır. Dünyada bolluq və bərəkət içində yaşayan insan, qıtlıq mənasını daşıyan qəbir həyatını da yaşayacaqdır. Sonra da apaçıq bir həşr dövrünə daxil olacaqdır. Onun ardınca, sıxıntı və iztirab içində bir hesab vermə həyatı, daha sonra da siratdan65 geçmə dövrünü gələcək. Keçə bilən cənnətə daxil olacaq, görə bilən Cənabi-Haqqın camalını görəcəkdir. Lakin verilən nemətlərdə və ya əksinə, iztirablarda ülfət və vərdiş olmayacaq. Cənnət və ya Cəhənnəmdə də ayrı-ayrı dövrlərlə qarşılaşılacaqdır.

Dünyanın ən cömərd insanı Xatimi-Tainin oğlu əvvəlcə xristianlığı qəbul etmiş, sonra isə haqq din olan İslamı tapmış Ədiyyb. Xətm (r.a.) - belə deyir: “Allah Rəsulu (səs) dünyaya aid bəzi hadisələri hələ baş verməzdən əvvəl xəbər vermişdi. Bir də ayrıca, axirətə aid xəbərlər verdi. Dünyaya aid verdiyi xəbərlər eyni ilə düz çıxdı. Buradan da anlayıram ki, axirətə aid verdiyi xəbərlər də eyni ilə zühur edəcəkdir.”66

Allah Rəsulu (səs) həz. Ənəsə (r.a.) dua etmisdi: “Allahım, onun ömrünü uzun və övladlarını çox et. Onu cənnətinə qoy!” Həz. Ənəs (r.a.) yüz ildən çox yaşadı və öz ifadəsi ilə yüz övladını öz əlləri ilə dəfn etdi. Həz. Ənəs (r.a.) belə deyirdi: “Allah Rəsulunun (səs) mənə etdiyi duadan ikisini gördüm, üçüncüsündən də ümidliyəm.”67

Biz Cənabi-Haqqın qoyduğu bir dövrlər aləmi içində yaşayırıq. Lakin bu dövran, qafiyəsiz bir şeir kimi başa çatır. Bu şeirə qafiyə o biri aləm olacaq, bunu tamamlayacaqdır. Bu dünyaya aid xəbər verilən hadisələrin eyni ilə üzə çıxması mömini sevindirəcək və kafiri kədərləndirəcək hadisənin də üzə çıxacağını isbat edir.

İnsan doğular-doğulmaz bir tərəfdən yaşamağa, digər tərəfdən da ölməyə başlayır. Hər doğuş bir ölümdən və hər ölüm də yeni bir doğuşdan xəbər verir. Əgər nəticədə əbədi bir doğus yoxdursa, yer üzünün ən bədbəxt varlığı insan, insanlar içərisində ən bədbəxti nəbilər, nəbilər içində də İki Cahan Sərvərinin olması lazım gələr. Halbuki, O, bütün bir cahanın yaradılmasının səbəbidir. İnsanlıq ağacı Onun kimi bir meyvə əldə etmək üçün əkilmişdir. İnsanın yer üzünə gəlməsindən başlamış insanlıq içində zühur edən nəbilərə qədər hər hadisə nəticədə axirəti isbat edir.

Bundan başqa, Cənabi-Haqqın Allah, Peyğəmbərimizin Rəsulullah və “Qur’an”ın Kəlamullah olduğunu isbat edən bütün dəlillər eyni zamanda axirəti də isbat edir. Çünki iman bir bütündür, bölünməyi və parçalanmağı qəbul etməz.


64. Əbu Davud, Ədahi, 22; Tirmizi, Səyd, 16-17; Nəsəi, Səyd, 10; Ibn Macə, Səyd, 2; Darimi, Səyd, 3; Əhməd b. Hənbəl, 4/85; 5/54; 56, 57.

65. Sirat - Məşhərdən sonra insanların Cənnətə getmək üçün üzərindən keçəcəyi körpü.

66. Buxari, Münakib, 25; Bə’zi kiçik ifadə fərqi ilə Əhməd b. Hənbəl, 4/257, 378.

67. Buxari, Dəalət,18, 47; Müslim, Fədailü’s-Səhabə, 1441, 142; Məsacid, 268; Əhməd b. Hənbəl, 3/248. 68. Uill (Will) - Misirdə Fir’onların qəbirlərində böyük tədqiqat aparmış arxeoloq-alim.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.