Bu fəaliyyət dövlətə alternativdir?

Sual: Dünyanın dörd bir tərəfinə yayılan təhsil könüllüləri və xoşgörü təmsilçiləri haqqında "Bunlar dövlətin edə bilmədiyini edirlər" şəklində təqdiredici ifadələr işlədilir. Bu cür mülahizə və bəyanları necə dəyərləndirirsiniz? Bu kimi hallar qarşısında könüllülər hərəkətinin könüllüləri hansı duyğu və düşüncədə olmalıdır?

Cavab: O yoldaşların bu könüllü fəaliyyətləri dəstəkləyən, maliyyələşdirən insanların mərdliyini, fədakarlığını düşünmək bizi də cəsarətə gətirir, bizi də ürəkləndirir. Bəzən öz düşüncələrimizi ortaya qoyarkən "deyəsən alındı" filan deyirik. Məşəri[1] vicdanın bir şeyə sahib çıxması, nəhəng bir millətin yüzdə səksən, doxsanının bir şeyə sahib çıxması - əgər bir fəaliyyət istiqamətindəsinizsə, müəyyən işlər görürsünüzsə - o yolda sizi ürəkləndirir, sizə cəsarət verir; öz-özünüzə "demək səhv yolda deyilik" deyirsiniz. Çünki "səvadi-əzəm"in[2] yanılması mümkün deyil. Yanılsa-yanılsa, hər şeyi öz həva və həvəsinə görə idarə etmək istəyən oliqarx[3] azlıq yanılar. Gözələ çirkin deməyə alışmış, özlərindən çıxmayan, özlərinə aid olmyan hər şeyi çirkin görən qəribə məxluqlar.. məhz onlar yanılmışdır.

"Dövrün əlamətdar hadisəsi"

Bu məqamda bir haşiyəyə çıxmaq istəyirəm: burada olan və ya olmayan bəzi yoldaşlarımız sözün əsl mənasında bu məsələnin içində ola bilərlər.. vicdanımda bu məsələnin necə, hansı mahiyyətdə, hansı şəkildə olduğunu dəqiq söyləməyə cəsarətim çatmır. Söylədiyim, ortaya qoyduğum məsələlərin onda biri belə həqiqətlə ziddiyyət təşkil edərsə, bunun hesabını verməkdən qorxuram, mən Allaha hesab verəcəyəm. Mən bu işin harasındayam, bu məsələnin nə qədər içindəyəm, Allah bilir. Bu baxımdan heç vaxt sahiblənmədim. Bəli, bir vaxtlar müəyyən qədər təşviqlərim, tövsiyələrim oldu. Ancaq bu fəaliyyət təşviqlərimin on qatına çatdı. Mənim bu işə aidiyyətim yoxdur. Düşünürəm ki, fikir planında da olsa, bu məsələnin, bu fəaliyyətin onda birinə sahiblənmək bu böyük yola qarşı hörmətsizlik olar, o qədər insana hörmətsizlik olar, saymamazlıq olar. Qoy haqsızlıq edən eləsin, haqqı görməyən görməsin. Bütün millətə aid olan, bütün millətin təmsil etdiyi, milli mücadilə sevdası ilə yürüdülən bir fəaliyyət haqqında qoy "bəzi adamlar ciddi müdaxilə edirlər" desinlər. Bu məsələdə bir günah varsa, o da onların ictihad xətasına aiddir.

Mən həmişə yoldaşlara deyirəm: bu "dövrün hadisəsi"dir. Qoy bunu korlar, nankorlar görməsin. Bəzi mütəfəkkir və siyasətçilərin açıq və dəqiq şəkildə ifadə etdiyi kimi, Cənabi-Haqq bizi ən güclü dövrlərdə, dövləti-aliyə dönəmində belə bu miqyasda bir fəaliyyətə müvəffəq etməmişdi. Bu sözlərlə sözügedən fəaliyyətin təmsilçilərinə xüsusi qüdsilik vermək niyyətim yoxdur. Buna haqqım da yoxdur. Bunu iddia etmək Allaha qarşı hörmətsizlik olar. Ancaq Cənabi-Haqqın adəti-sübhaniyəsi var: bəzən çox kiçik, əhəmiyyətsiz görünən şeylərlə böyük işlər görür. Və orada Öz böyüklüyünü xatırladır. Əslində, Cənabi-Haqqın adəti- sübhaniyəsi həmişə belə cərəyan edir. Məsələn, fiziki aləmə baxsanız, bu nəhəng dünyanın mənşəyinə nəzər yetirsəniz, ionları görərsiniz, azca yuxarı çıxsanız elektronları görərsiniz, neytronları görərsiniz, protonları, atomları görərsiniz. Bu əzəmətli sistemləri, insan kimi möcüzəvi varlığı, şüur kimi heyrətamiz qabiliyyəti Allah (cəllə cəlaluhu) bu mürəkkəbatla, tərkiblə meydana gətirir. Zahirən çox kiçik, çox dəyərsiz şeylərlə qiymətli sənət əsərləri nümayiş etdirərək Öz böyüklüyünü vurğulayır, "Mən buyam" deyir. Bu mövzunu bir az daha aça bilərsiniz, deyə bilərsiniz ki, Allah Fateh (cənnət məkan, aleyhirrahmətü vəlğufran) həzrətləri, Yavuz (cənnət məkan aleyhirrahmətü vəlğufran), Səlahəddin, Alparslan kimi nəhəng insanlara deyil, - Allah (cəllə cəlaluhu) onlara da çox böyük işlər gördürmüşdür - bəzən böyüklüyünü göstərmək üçün sadə, adi insanlara böyük işlər gördürür. Bu Cənabi-Haqqın böyüklüyünə dəlalət edir. O baxımdan mən bu fəaliyyətdə olanları müqəddəsləşdirmirəm, "Bunlar xariqüladə, qeyri-adi insanlardır" demirəm. Burada nə qədər qüdsilik, ülvilik, münəzzəhlik varsa, hamısı Allaha aiddir (cəllə cəlaluhu). Ona minlərlə həmd-səna olsun. Bizə gəlincə, biz bu işdə bir vasitəyik. Yəni Həzrəti Mövlana kimi neyə baxıb "səsi ney çıxarır" deməmək lazımdır. Onun arxasında ona üfləyəni görmək lazımdır. Buna görə də nə mən bu fəaliyyətin zərrəsinə sahiblənməyə çalışmalıyam, nə də başqası. Bu, həddi bilməzlikdir. Onu görməmək korluq və nankorluq olduğu kimi, o fəaliyyətə sahiblənmək də doğru deyildir, həddi bilməməkdir.

Yeni iqbal dövrü

Dolayısilə, gözəl şeylər olur, bunu görməyən qoy, görməsin. Məncə, Türk Millətinin iqbal dövrü yenidən başlamışdır. Ta qədimdən həmişə belə olub, millətimiz iqbal dövrünə doğru addımlayır, Türk Millətinin iqbal dövrü kimi şərh olunan və qəbul edilən əlamətlər, sanki, təkrar təzahür edir. Bunu da Allah tanımadığımız, adını-sanını bilmədiyimiz insanların əli ilə həyata keçirir. Bir az əvvəl dediyim kimi, mən tövsiyə etsəm də, bu fəaliyyətin sərhədləri tövsiyədən on qat geniş ərazilərə yayıldı. Qaldı ki, bu tövsiyənin o qədər təsirli olduğuna inanmıram. Bəlkə də, millət bu məsələ ağıla, məntiqə uyğun olduğu üçün bir araya gəlir. Yəni siz bir şey ortaya atın, o işin gələcəyi parlaq olsun, bir də insanlar onun səmərəsini görsün.. millət uça-uça gedər o yola. Dolayısilə, millət bu fəaliyyəti mənimsəyib, Allah bu işi bütün millətə gördürür.

Yeri gəlmişkən deyim: korlar, nankorlar bütün sistemlərini işə keçirsələr, hərəkətə gətirsələr, əllərindən gələni etsələr millətin sahib çıxdığı bu fəaliyyəti dayandırmağa gücləri çatmaz. Bu fəaliyyət davam edəcək, onlar da kindən, nifrətdən yana-yana qalacaqlar.

Bu bir reallıqdır, yoldaşlardan xahiş edirəm bunun tarixini yazsınlar. Biz içində deyilik bu məsələnin, amma bu, millətimiz, dövlətimiz və gələcəyimiz üçün mühüm hadisədir, bir dönüş nöqtəsidir. Millət böyüməyə doğru gedir.. özünü ifadə etməyə doğru gedir.. xarakterində olan şeyləri ortaya qoymağa doğru gedir. Məncə, bunlar adi hadisələr deyil. Bunlar bizim sənət anlayışımıza əks etməlidir: aktyorlar bunu səhnəyə qoymalı.. bu haqda filmlər çəkilməli.. əli qələm tutan romanlar yazmalı.. şeirlər bunu tərənnüm etməli; nəsr əsərləri gələcək nəsillərə bunlardan bəhs etməli.. və bunu bir mənada əbədiləşdirməlidir. Cənabi-Haqq bizim bir səhvimizə görə, bu ətasını, üzümüzə çırparsa, o başqa məsələ. Amma biz verdiyimiz sözə sadiq qalsaq, doğru yoldan ayrılmasaq, verdiyimiz sözü yerinə yetirsək, Cənabi-Haqq bu işi tamamlayacaq.. vaxtı-vədəsi var, vaxtı-vədəsi çatanda Türk Milləti o zirvəyə yüksələcək, dövlətlər müvazinətində möhtəşəm yerinə keçəcək, Allahın inayət və kərəmi ilə. Allah, bunu kimin əli ilə edir-etsin, ağlı başında, millətimizi sevən, dövlətimizə hörmət edən hər kəs bu işə sahib çıxmalıdır.

Dövlətə alternativdir?

Bəzi insalar durub deyir ki, "Siz fəxri elçilik edirsiniz, fəxri konsolluq edirsiniz. (Dövlətin alternativisiniz?)" Əgər sizin əliniz çatmayan yerlərdə kimsə bu işi görürsə, onları alqışlamaq lazımdır. Deməli, orada bir boşluq varmış.. - layiqdirlər, ya da deyillər - bu boşluğu o insanlar doldurursa, buna sevinmək lazımdır, arxa durmaq və dəstək olmaq lazımdır. Lakin narahatçılığa səbəb olan və sualda da keçən məsələ (əsasən bu məsələ aydınlaşdırılmalıdır): "görəsən bunlar dövlətin alternatividir" məsələsidir.

Fəqiri (özünü qəsd edir) tanıyanlar bilir; mən dövlətə qarşı ehtiramımı (müqəddəslik səviyyəsində) aləmə car çəkərək ifadə etdim. Hətta bu mövzuda bəzi insanlardan ciddi mənada tənqid eşitdim, "Dövlət o qədər müqəddəsləşdiriləcək şeydir?" dedilər. Nəyin müqəddəs olub, nəyin olmadığını acizanə bir az bilirəm, "tam bilirəm" deyə bilmərəm. Müqəddəsləşdirmə işinin də kimə aid olduğunu bilirəm. Dedim ki, müqəddəs hesab ediləcək səviyyədə.. dövlət millət üçün vacib müəssisədir, çox mühüm faktordur.. ən pis dövlət dövlətsizlikdən yaxşıdır... Bunu, bəlkə, otuz dəfə təkrar etdim: "Dövləti qəbul etməmək anarxiyanın qaynağıdır. Siz müsbət bir iş görmək istəyirsinizsə, hər halü-karda ancaq kürəyinizi bir dövlətə söykəyərək bunu edə bilərsiniz," - dedim. Dövlətlə bağlı o qədər çox şey demişəm ki, əslində kiminsə durub "Dövlətə alternativdir?" deməsi məntiqli deyil. Və heç kimin ağlının ucundan da belə bir şey keçməz. Bu insanların belə bir düşüncəsi olsaydı, indiyə qədər, bu və ya digər şəkildə bunu büruzə verərdilər. Məsələn, siyasətə meyil edərdilər. Məsələn, bir yerdə başa keçmək istəyərdilər. Məsələn, görünmək istəyərdilər. Məsələn, dünyaya göz dikərdilər. Lakin onların heç bir tələbi olmadı.

davamı var.


[1] Xalq

[2] İnsanların əksəriyyəti. Ən böyük ölkə

[3] Siyasi gücün bir neçə nəfərlik bir qrupun əlində cəmləşdiyi idarə sistemi

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.