Dərd zamanı

Fəthullah Gülən: Dərd zamanı

Sual: Dünyada, demək olar ki, hər gün ürəkyaxan hadisələr baş versə də, bizə o qədər də əsər eləmir. Bunu necə izah eləmək mümkündür? Əsil həssas mömin olmaq üçün nə etməliyik?

Cavab: Hər insanın ən yaxından başlayaraq bağlı olduğu dairələr var. Bu dairələrin mərkəzində özü dayanır. Başqa sözlə, insan əvvəla və bilavasitə, fitri və təbii olaraq özü ilə məşğul olur. Qurani-Kərimin: “Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla” (“Nuh” surəsi, 71/28) ayəsi insana isteğfara (bağışlanma diləməyə) əvvəlcə özündən başlamağı buyuraraq onun təbiət və fitrətini ortaya qoyur.

Bununla yanaşı, həqiqi möminin ətrafında baş verən hadisələrə biganə qalması mümkünsüzdür. Nəinki mömin, insanlığı olan hər kəs əzab-əziyyət çəkənlərə, məsələn, bir-birini öldürənlərə, zülm və zorakılıq edənlərə görə iztirab çəkər. Çünki bütün insanlar bir ağacın budağı, meyvəsi, yarpağı və çiçəkləridir. Qurani-Kərim insana “Bəni Adəm” şəklində xitab edir. Bu səbəbdən vicdanı olan hər insan, eyni atanın bir övladı kimi qardaşının düçar olduğu əzab-əziyyətlə maraqlanar, ondan ötrü ürəyi yanar. Əngin mərhəmət və şəfqət hissinə sahib həqiqi mömin isə eyni qibləyə duran, eyni dəyərlərə inanan, eyni ölkənin dindaş, soydaş və vətəndaşı da daxil olmaqla bütün insanların çəkdikləri məşəqqət, zülm və haqsızlığa görə, - od hara düşür-düşsün, fərqi yoxdur, - dərindən hüznlənər.

“İztirab gecə yarısında vurulan bir qonq kimi”

Xüsusilə İslam dünyasının bügünkü vəziyyətinə bələd olan və müsəlman aləmində baş verən hadisələrin bir oyun olduğunu bilən insanların başını yastığa qoyub rahat yatması, arın-arxayın yaşaması qeyri-mümkündür. Bəli, bir vaxtlar bir və həmrəy yaşayan, xüsusilə, Osmanlı dövründə, müsəlman diyarlarından dörd-beş əsr əmin-amanlıq içində ömür sürən müxtəlif xalqların arasına düşmənçilik salmaq istəyirlər. Onların arasına iftiraq və ixtilaf toxumları səpir, onları bir-birinin üstünə salmaq üçün min cür oyundan çıxırlar. Bəli, dünyada ağalığını qoruyub saxlamaqdan ötrü hər cür vasitəyə əl atmaqdan çəkinməyənlər, “Böl və parçala” siyasətini həyata keçirirlər ki, onları rahat idarə edə bilsinlər.

Müsəlmanlar bir-birinin qanını tökür, düşmən qüvvələr isə onlara hakimlik edə-edə onların sərvətlərini qəsb edirlər. Bir vaxtlar böyük bir dövlətin xalqlarını vuruşduraraq onu parçalayıb yeraltı və yerüstü sərvətlərini ələ keçirdikləri kimi, bu gün də eyni oyunu oynayırlar. Bəli, bir vaxtlar müsəlman xalqlarının arasında ixtilaf və iftiraq atəşini körükləyənlər bu gün də, üstəlik daha da hiyləgərcəsinə əməllərini davam etdirirlər.

Üstəlik bir-biri ilə vuruşan müsəlmanların “immunitet sistemi”, yəni İslami dəyərləri qorumaq istəyi daha da zəifləmişdir, çünki qurd artıq gövdənin içinə girib. Bir-biri ilə didişən insanların sağlam düşünməsi, sağlam mühakimə yürütməsi olduqca çətindir. Zira bir-biri ilə boğuşan fərd və xalqlar məntiqdən uzaqlaşır, hislərlə hərəkət edirlər. Hətta Quranın da buyurduğu kimi, bəzi insanlar heyvani instinktlərlə hərəkət edirlər. “Bu müharibələrin, savaşların İslam dünyasına nə faydası var?” deyə heç düşünmürlər. “Niyə İslam dünyası bir-biri ilə vuruşur, başqaları bizə hakimlik edərək belimizə minirlər?” deyə nəfslərini sorğu-suala çəkmirlər. Bütün bu hadisələri düşünən, analiz etməyi bacaran və hadisələrin mahiyyətini görən bir insan, əgər mütəəssir olmursa, demək, onun bəzi duyğuları ölmüşdür.

“Ağlamırsan, barı gülməkdən utan”

Əslində təmiz vicdanlı insanlar nəinki bəşər aləmində, heyvanlar, bitkilər, hətta cansızlar aləmində belə baş verən xoşagəlməz hadisələrə görə mütəəssir olurlar. Üstəlik bütün aləmlərdə Aləmlərin Sultanına dair əlamətlər var. Ona görə də insan şərəfli, vicdanlı bir məxluq kimi cümlə məxluqata qayğı göstərməli, hamısının dərdini hiss eləməlidir.

İllər əvvəl bir sənədli filmdə gördüyüm mənzərə mənə çox təsir etmişdi. Bir neçə şir bizonu dövrəyə almış, biri belinə atlamış, biri ayağından, bir başqası da boğazından yapışmışdı və beləcə onu yemişdilər. Bu mənzərə gözümün qabağından getmir. O məsum heyvanın buynuzları olsa da, şirlərin iti dişləri və güclü pəncələri qarşısında əlindən bir şey gəlməmişdi. Bəzən yerimə girəndə və yorğanı başıma çəkəndə haradasa iyirmi il əvvəl sənədli filmdə gördüyüm o şirlərə xəyalımda tələlər qurur, yayı çəkir, oxu yerləşdirir və “Niyə məsum heyvanı parçaladınız? Alın, cəzanızı!” deyib atıram.

Halbuki heyvanlar aləmində qida zənciri yaradılmışdır. Yırtıcı heyvanlar digər heyvanlarla qidalanır. Ot yeyən heyvanların balaları dünyaya gələr-gəlməz ot axtardığı kimi, ət yeyənlər də ət dalınca gedirlər. Çünki fitrətləri bunu tələb edir. Bəşər övladı belə ehtiyac olanda bıçağı götürüb heyvan kəsir. Bu təbii hadisəni əqlən qəbul etsək də, hiss baxımından təsir altına düşürük, yırtıcıların məsum heyvanı parçalamasına ürəyimiz yanır, özümüzü pis hiss edirik. Mənə elə gəlir, vicdanın səsinə qulaq asan hər kəs eyni hisləri keçirər.

Bir insanı heyvanlar aləmində seyr etdiyi hadisə narahat edirsə, öldürülən insanları görəndə təbii ki, rahatsız olar, iztirab çəkər. Nəticə etibarilə bir insan istər ölkəmizdə, istərsə də başqa bir İslam ölkəsində baş verən ürəkdağlayan hadisələrdən mütəəssir olmursa, demək, insanlığını itirib. İnsanlığını itirməmiş insanlar isə hal-hazırda dünyanın bir çox yerində baş verən xoşagəlməz hadisələrdən mütləq mütəəssir olurlar.

Mehmet Akif bir şeirində müsəlmanların vəziyyətini bu cür təsvir edir:

İrzimizdir çeynənən, övladımızdır doğranan!
Ey sıxılmaz! Ağlamırsan, barı gülməkdən utan!

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisdə belə buyurur: “Müsəlmanların dərdinə, iztirabına şərik olmayan, onlardan deyildir” (ət-Tabərani, “əl-Mücəmül-övsat”, I/151, 7/270; əl-Hakim, “əl-Müstədrək”, IV/356). Yəni bir insan azacıq da olsa, özünü müsəlman sayırsa, müsəlmanların çəkdiyi iztirabı heç olmasa özünə dərd eləməlidir. Bunu özünə dərd eləməyən insan sözügedən məsələlərə həll yolları da axtarmaz.

Ancaq bu məsələdə hamı ilk növbədə özünü sorğu-suala çəkməli və başqalarına sui-zənn bəsləməkdən çəkinməlidir. Bilmirik, bəlkə də, insanların zahirən biganə görünməsi onların səbrli və dözümlü olmasından irəli gəlir. Bəlkə, onlar da bizim kimi mütəəsir olurlar. Bəlkə, onlar da müsəlmanların problemlərinə baxanda ürəkləri qan ağlayır. Ancaq iztiraba, dərdə dözümlü olduqlarına görə, “bəlayi-dərddən ah etmək, ah edib əğyarı agah etmək” istəmirlər.

Müharibə polemikası bəşəriyyəti məhv edə bilər

İnsanların başına gələn bəla və müsibətlərin iztirabını çəkməklə bağlı bir məqama diqqət yetirmək lazımdır: nə bu cür hadisələrə biganə qalmaq, nə də çığır-bağır salmaq, hər yanı dağıdıb-tökmək, zorakılığa əl atmaq kimi hərəkətlərə yol vemək əsla doğru deyildir. Çünki həll variantı kimi ortaya qoyulan bu cür mövqelər nə müsəlmanlıqla, nə də insanlıqla bir araya sığmır. Bu səbəbdən, bu cür səs-küylü reaksiyalara heç vaxt imkan verilməməli, əksinə insani dəyərləri ön plana çəkilərək vəhşətin qarşısı alınmalıdır.

Bu səbəbdən də uşaq, qadın, qoca fərqi qoymadan məsum insanların ölümünə səbəb olan zorakılıq və terrorizmin – zülm və haqsızılığa etiraz şəklində meydana çıxsa da – dinimizdən çox-çox uzaq olduğunu vurğulamaq lazımdır. Bu cür cinayət işləyənlərin açıq şəkildə qınanması və zorakılığın qarşısının alınması vacib vəzifədir. Bu məsələdə yanlış fikirlərə qapılan insanları mümkünsə, bu zəlalətdən qurtarmaq lazımdır. Digər tərəfdən ağlı başında olan siyasətçilər, sosioloqlar, filosoflar, pedaqoqlar bir araya gəlməli, mədəniyyətlər arasında zorakılıq və savaşı körükləmək əvəzinə, insanları sülhə çağırmalıdırlar. Bəzi dövlətlər öz mənafeyi üçün xalqı qızışdırmağa çalışsalar da, müştərək ağıl ortaya qoyularaq sülh bərqərar edilməlidir. III Dünya müharibəsinin fitilini alışdırmaq üçün edilən təhrik və ajitasiyalara müqabil alternativ layihələr hazırlanmalı, planlar cızılmalıdır, mümkünsə bəziləri dərhal həyata keçirilməlidir. Əks halda, dünya müharibəsinin başlanması və dəhşətli silahlardan istifadə bəşəriyyətin məhvi ilə nəticələnə bilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.