Əməli-salehlər və əhli-elm

Fəthullah Gülən: Əməli-salehlər və əhli-elm

Sual: “Tövbə” surəsinin: “Möminlərin hamısı birdən döyüşə çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün qalsın ki, camaatı döyüşdən qayıtdığı zaman onları Allahın əzabı ilə qorxutsun. Beləcə, onlar da xətaya düşməkdən çəkinsinlər!” (“Tövbə” surəsi, 9/122) məallı ayəsi müasir möminlərə nə öyrədir.

Cavab: Allah-taala bu ayədə əvvəla “وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَآفَّةً” buyuraraq möminlərin hamının eyni vaxtda səfərə çıxmasının və döyüşdə iştirak etməsinin doğru olmadığını bildirir. Ardınca “فَلَوْلاَ نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَآئِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ” ayəsi ilə bir dəstə möminin dinin ruhuna nüfuz etmək üçün öz yurdlarında qalmasının vacibliyini bəyan edir və “وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ” ifadəsi ilə də elm əhlini döyüşdən dönən qövmdaşlarını əyri yolun pis aqibətindən çəkindirməyə, onlara dini öyrətməyə və əsas elmləri təlim etməyə səsləyir. Çünki düşmənlə vuruşan mücahidlər ola bilsin, bu mənəvi ehtiyacı tam təmin etməmişlər, vacib bir iş görsələr də, elmdən uzaq qalmış, dinlərini öyrənməmişlər.

Elmi keyfiyyət və müvəffəqiyyət

İslamın yeni-yeni yayıldığı dövrlərdə möminlər haqq-həqiqəti təbliğ elədiklərinə, ədaləti təmsil və bəyan etdiklərinə görə din-dəyanət düşmənlərinin hücumuna məruz qalırdılar. Belə bir vaxtda möminlər üstlərinə qılınc çəkən düşmənlərə: “Gəlin əvvəlcə bir məsciddə oturub söhbət edək” deyə bilməzdilər. Desəydilər belə, kin-küdurətlə kükrəyən düşmənlər o məscidi onların başına uçurardılar. Möminlər də buna yol verməmək üçün, yəni namus, ismət, din, dəyanət, vətən və bayrağını qorumaq üçün hücuma keçən düşmənə müqavimət göstərmiş və özlərini müdafiə etmişlər.

Peyğəmbərimizdən sonra, Rəşid Xəlifələr dövründə də möminlər oxşar problemlərlə qarşılaşmış və müxtəlif cəbhələrdə düşmənlə vuruşmağa məcbur olmuşlar. Məsələn, Həzrət Əbu Bəkir dövründə meydana çıxan irtidad üsyanlarını yatırmaq üçün möminlər düz səkkiz cəbhədə vuruşmuşlar. Bununla bərabər, o dövrün hegemon dəvlətlərinin – Sasanilər və Roma imperiyasının gözü də müsəlmanların üstündə idi. Onlara zərbə vurmağa fürsət axtarırdılar.

Belə bir vəziyyətdə hamı döyüşə getsəydi, elm sahəsində ciddi boşluq meydana gələrdi. Yuxarıdakı ayədən də göründüyü kimi, Allah-taala bir zümrənin yurdlarında qalıb elmlə məşğul olmasını, döyüşdən qayıdanların mənəvi və bilgi boşluğunu doldurmasını əmr etmişdir. Beləcə möminlər elmi, ruhi-mənəvi səviyyələrini qorumuş, zəmanənin tələblərinə uyğun hərəkət edərək məqsədlərinə çatmış olarlar. Çünki müəyyən mənəvi, elmi keyfiyyəti qorumadan müxtlif cəbhələrdə düşmənə müqavimət göstərib zəfər əldə etmək mümkünsüzdür.

Mədəniyyət elçiləri

Müasir dövrdə elm və nitqin əhəmiyyəti xeyli artmışdır. Belə bir zəmanədə mövcudluğumuzu ancaq elm, qələm və bəyanın gücü ilə qoruya bilərik. Bədiüzzaman həzrətlərinin sözü ilə desək, “Müasir dövrdə mədənilərə ancaq iqna (inandırma, razısalma) metodu ilə qalib gəlmək mümkündür”. Bu səbəbdən müasir dövrün mədəniyyət elçiləri dəyərlərini müxtəlif ölkələrə qılıncla, tankla, topla, tüfənglə, silahla, zorla deyil, elmlə, ürfanla, sevgi və xoşgörü ilə yaymalıdır. Çünki sevgi və sülh könüllərə aparan yolu açır, zorakılıq isə kin və nifrətin baş qaldırmasına səbəb olur. Buna görə də düşmən orduları qapını kəsdirmədikcə, döyüşməyə məcbur qalmadıqca silaha əl atılmamalıdır. Maddi gücə gəlincə, ondan ancaq özünümüdafiə və ya gələn təhlükəni sovuşdurmq məqsədi ilə istifadə edilməlidir.

O baxımdan, bu gün həm İslam, həm də bəşəriyyət naminə ən vacib vəzifəmiz dəyərlərimizi dünyanın dörd tərəfinə aparmaq və əsas prinsiplərə sadiq qalmaq şərtilə getdiyimiz yerlərin mədəni dəyərlərini mənimsəməkdir. Bəli, könül ərənləri getdikləri yerlərdə insanlarla təmasda həm öz dəyərlərinin “fəxri təmsiçiliyi”ni yerinə yetirməli, həm də gözəl və faydalı dəyərləri öz xalqının istifadəsinə verməlidir. Bu məfkurə yolunda gecə-gündüz çalışdıqları üçün, bəlkə də, elm və mənəviyyatla kifayət qədər məşğul ola bilmirlər. Ona görə də məna köklərimizdən süzülən dəyərlərə vaqif, əsas mənbələri yaxşı bilən fərdlər yetişdirməli, onların vasitəsilə də gecə-gündüz çalışan insanların mənəviyyatı qorunmalıdır. Elm və fiqh sahəsi ilə məşğul olanlar bir bulaq kimi çağlamalı, o fədakarların qəlbini “sulamalı”dır. Onlar da bu sahənin bilicilərindən faydalanmalı, elm öyrənməli və beləcə özlərini müntəzəm yeniləməlidirlər.

Maddi və mənəvi elm

“< span class="arabic">لِيَتَفَقَّهُوا فِي الدِّينِ” ayəsindən belə bir nəticə çıxır ki, Allah yolunda səfərdən qalanlar ilk öncə iman, İslam və bir mənada imanla İslamın insan təbiətinə hopması sayılan ehsana dair məsələləri öyrənməlidir. Bununla yanaşı, bu dəyərlərin bir cəmiyyət tərəfindən asanlıqla mənimsənilməsi, dünyada fərqli mədəni mühitlərdə yetişən insanların diqqət və marağını çəkməsi və rəğbətlə qarşılanması şəriət elmləri ilə birlikdə təkvini qanunları da düzgün qavramaqdan asılıdır. Bu səbəbdən dinlə yanaşı, dəqiq elmlərin mənbəyi, laboratoriyası və araşdırma mərkəzi sayılan təbiət elmlərinin dərindən öyrənilməsi, bu sahədə tədqiqatlar aparılması, yer üzünü bəzəyən məxluqatın müşahidə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Bədiüzzam həzrətlərinin sözü ilə desək, bir tərəfdən din elmləri öyrənərkən, digər tərəfdən dəqiq elmlərə etinasız yanaşılmamalıdır. Tələbənin səyi ancaq hər ikisinin birləşməsi ilə pərvaz edəcək. Bunlardan birinə qarşı etinasızlıq digərinin qol-qanadını qırar. Bəli, nə qəlbin ziyası olan dini elmlərə, nə də ağıl, məntiq və mühakimənin işığı sayılan dəqiq elmlərə qarşı etinasızlıq göstərilməməlidir.

Üstəlik bu ayə elm və araşdırma eşqinin əhəmiyyətini də vurğulayır. Bu səbəbdən insan həm dini elmləri, həm də dəqiq elmləri öyrənməyə ciddi səy göstərməli və son nəfəsinədək öyrnməlidir. Çünki “tələbə” bir işin arxasınca düşən və onu tələb edən şəxs deməkdir. İnsan istər şəriət elmləri, istərsə də, dəqiq elmləri öyrənsin, fərqi yoxdur, araşdırmalarından əldə elədiyi nəticələri Allahı tanımağa və eyni zamanda dünya və axirət arasında tarazlıq qurmağa yönəldirsə, tələbəyə layiq mükafatla qarşılanacaq. Yaxşı, tələbə kimi qarşılanmaqla nə qazanacaq? Allah Rəsulu buyurur ki, Allah-taala elm üçün yola çıxana Cənnətə aparan yolu asanlaşdırar (Müslim, “Zikir”, 38).

Madam ki, elm öyrənmək bu qədər vacibdir, alimin cəmiyyət üçün bu qədər faydası var, o halda cəmiyyət də tələbələrə arxa-dayaq və dəstək olmaqda əlindən gələni əsirgəməməlidir. Çünki həyatını elmə həsr edən insanın başqa bir işlə məşğul olması çox çətindir. Ona görə bəzi fəqihlər atlasdan libas geyinsə, qapısının eşiyi qızıldan olsa belə, tələbəyə zəkat və sədəqə düşdüyünü buyururlar. Çünki bir millətin gələcəyi belə bir təhsildən asılıdır. Əks halda millət tənəzzülə uğrar və parçalanar. Belə ki, İslam aləmində özünü göstərən durğunluqla birlikdə V əsrdə “çatlar” məhz bu səbəbdən meydana gəlmiş, XIII və XIV əsrdəki tənəzzül edib dağılmışdır. O gün, bu gündür belimizi dikəldə bilmirik.

İsteğna və minnət

Tələbələr də xalqın bu hüsnü-rəğbətini doğrultmağa çalışmalı, əlindən gələni əsirgəməməli, bir saniyəni hədər etməməli, ciddi iş tənzimi, iş bölgüsü və yardımlaşma prinsipləri ilə çalışmalıdırlar. Onlar millətin rəğbətinə layiq olmaq üçün cidd-cəhdlə çalışmalı, lazım gəlsə, dörd saat yatmalı və günün iyirmi saatını işə ayırmalıdırlar. Nə bilmək olar, bəlkə, onların bu səyi hörmətinə Allah (cəllə cəlaluhu) da on ilə başa gələn nəticəni iki ilə verər.

Yeri gəlmişkən, fikrimi sizlə bölüşmək istərdim: Mən doktorantura oxumaq üçün xaricə gedən və on ildə bitirə bilməyən insanlardan inciyirəm. Ölkəmizin və millətimizin savadlı insana tələbatı göz qabağındadır, Allah bu qədər vaxt israfını yerdə qoymaz. Vaxt insanın ən böyük sərmayəsidir. Əgər bir insan bu yolu tutubsa, dişini sıxmalı, baş yormalı, bütün arqumentləri dəyərləndirməli, əliçatan bütün mənbələrdən faydalanmalı və imkanı varsa, vaxtı uzatmalı, əksinə, doktoranturasını qoyulan vaxtdan tez bitirməlidir.

Elmlə məşğul olan insanlara son olaraq bu xüsusu söyləmək istəyirəm: isteğna (göz-könül toxluğu) elm əhlinin izzət düsturudur. Əslində peyğəmbər yolu da buna əsaslanır. Qurani-Kərimin bir çox ayəsində bu yolun yolçularına aid isteğna şüarı bəyan edilir: “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 26/127). O baxımdan elm adamları heç vaxt; nə tələbə, nə müəllim, nə də müəəllimlər müəlimi olanda mümkün qədər kiminsə yanında gözükölgəli olmamamalıdır.

Allah qorusun, əgər bir insanda isteğna hissi yoxdursa və gördüyü işdə niyyəti müdir, direktor, millət vəkili, nazir, baş nazir olmaqdırsa, belə insanın kiminsə yanında gözükölgəli olması qaçılmazdır. Təəssüf ki, bunun cəzasını təkcə özü deyil, milləti də çəkər. O baxımdan elmlə məşğul olan insanlar həyatını isteğna prinsipi ilə tənzim etməli, valideynləri imkanlıdırsa, onlardan kömək almalı, bacarırsa, özü işləyib güzəranını təmin etməli, qənaətlə yaşamalı, amma qətiyyən kimsəyə minnətli olmamalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.