Həyatın qayəsi

Sual

Haqqın rizası istiqamətində görülən işləri həyatın qayəsinə çevirmək üçün nələr tövsiyə edərdiniz?

Cavab: Görülən işin həyatın qayəsinə çevrilməsi ilk növbədə həmin işin bilavasitə dəyər, əhəmiyyət və qiymətini bilməkdən asılıdır. Məsələn, əgər bir insan imanı "əbədi xoşbəxtlik üçün çox mühüm və əvəzolunmaz məsələ" kimi görürsə, o, həyatını bu istiqamətə yönəldəcək, ömrünü bu qayə ilə bina edəcəkdir.

Haqq-taala Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) məalən "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) sənə həvalə edilən elçilik vəzifəsini yerinə yetirmiş olmazsan" (“Maidə” surəsi, 5/67) buyurur. Peyğəmbərimizə edilən bu xəbərdarlıq, şübhəsiz, ümməti-Məhəmmədə də aiddir. Yəni necə ki, Nəbi Əleyhissalam Ona həvalə edilən vəzifədən qaça bilmir, siz də sizə verilən əmanətdən boyun qaçıra bilməzsiniz.

Müqəddəs hüsnüzənn

Allah (cəllə cəlaluhu) əmanətini əmanətə sadiq olanlara həvalə edər ki, burada da bir hüsnüzənn var. Bəli, insan insana hüsnüzənn bəslədiyi kimi, Zati-Üluhiyyət də insanlara özünəxas mübəccəl, münəzzəh və müqəddəs hüsnüzənn edir. Yəni Allah (cəllə cəlaluhu) bizi əmanətdə sadiq bilib əmanətini bizə həvalə etmişdir. Elə isə heç kim "Mən bu işə layiq deyiləm" deyib məsuliyyətdən qaça bilməz. Sonra Allahın hüzurunda nə deyərik? Deməzlərmi: "Etimad edib sizə iş tapşırdılar, doğru-dürüst başa vurmağınızı gözlədilər, ancaq yarımçıq qoydunuz". İnanan insan o dünyada bu cür suallarla qarşılaşacağını da nəzərə almalı və beləcə işinə etina ilə yanaşmalıdır.

Üstəlik unutmamalıyıq ki, belə bir dairədə, belə bir mövqedə olmaq xüsusi lütf və ehsandır. Buna belə bir örnək də verə bilərik: Bir yerdə böyük bir qapı var və qapının önündən minlərlə insan gəlib-keçir. Qapı hərdənbir aralanır. O vaxt kim oradan keçirsə, ona "Buyur, içəri gir" deyilir. Bəli, həyatınızı gözdən keçirsəniz, belə bir qapıdan dəvət alındığınızı görəcəksiniz.

Ancaq insan həmin qapıdan girməsinə baxmayaraq oranın xoşbəxtliyinə çatmaya bilər. Mən Ərzurumda olanda -Allah onun səylərini məşkur etsin- Qırxıncı Xoca "Spartadan, Hz. Ustadın yanından bir nəfər gəlib, gedib bir dinləyək görək nə deyir, bəlkə, sizdə bəyənərsiniz" deyərək xeyli adam yığıb gələn adamın yanına aparmışdı. Ancaq Ərzurumdan ayrılanda Qırxıncı Xocanın o gün yığıb apardığı adamların bir-ikisi qalmışdı. Bu baxımdan içəri girdikdən sonra geri dönməmək məsələsi insanın iradəsindən, xüsusən də Allahın istəyindən asılıdır. Demək ki, bu, Haqq-taalanın xüsusi ehsanı və lütfüdür. Elə isə insan bu lütfü-ehsana layiq olmağa çalışmalıdır.

Digər tərəfdən Allah yolunda aparılan fəaliyyət və işlərin özünəməxsus həzzi var. Mən şəxsən bunun bütün zövqü-ləzzətini dadmamışam. Hər yerimdən bezginlik tökülür. Bəlkə də, içimdə “imkan olsaydı, bu işdən canımı qurtaraydım” kimi düşüncələr var. Yaxşı və faydalı insan olmadığıma isə tam əminəm. Ömrüm boyu təzyiq və təcridlərə məruz qaldım. Səksəninci il hadisələrindən sonra nələr çəkdiyimi bir Allah bilir. Hal-hazırdakı şəraitdə də elə bir tikan üstə oturmuşam. Buna baxmayaraq deyirəm ki: "Mən bu işi nə qədər dərk edirəmsə-edim, belə böyük bir iş üçün on qat artığını da çəksəm, dəyər".

Tək qalsaq da...

Bildiyiniz kimi hədislərdə bir qəhrəmanlıq və igidlik tablosu öz əksini tapır: İmanla dolub-daşan bir nəfər müharibə meydanında silahdaşlarının bir-bir “budandığını” görüb bir sağına baxır, bir soluna... heç kimin qalmadığını görüncə də atını mahmızlayıb irəli atılır və bir daha geri dönmür. Belə bir anlayış, belə bir məntiqlə hərəkət etmək lazımdır. Yəni siz tək qalsanız da, bütün dünya silahlanıb qarşınızda dayansa da, yenə də inad və qətiyyətlə yolunuza davam etməlisiniz. İnadkarlığın bir yaradılış hikməti var, o da haqq yolda mətanətdir. Məsələyə bu aspektdən baxan insan "İslam və iman haqq olduğu kimi, bunları dünyaya çatdırmaq da çox mühüm və vazkeçilməz bir məsələdir. Əks halda həyatın bir mənası yoxdur" deyər və bu anlayışla yaşayar.

Bəli, bu işi mənimsəmək və həyatın qayəsinə çevirmək çox mühümdür. İnsan yatanda da, duranda da: "Bu iş olmasa, yaşamağın bir mənası yoxdur. Mən bu işi görə bilmirəmsə, dünyada qalmağın nə mənası var?!" deməlidir. Hələ siz bir beş-on il bunu təkrar edin. Hətta gələcəkdə qaçmağa bəhanəniz olmasın deyə, bu əhdinizi həyat yoldaşınızın, uşaqlarınızın yanında dəfələrlə təkrar edin. Onların yanında otuz dəfə, qırx dəfə: "Əgər mən bu işdən üz döndərsəm, Allah canımı alsın" deyin. Bir gün sözünüzdən dönsəniz, evdən yüksələn bir səs "Sən bir vaxtlar belə-belə demirdinmi?" deyəcək və əhdinizi sizə xatırladacaq. Beləcə, bu əhdlə əl-qolunuzu bağlamış olacaq, həm də başqalarının dəstək və gücünü arxanızda hiss edəcəksiniz. Çünki sözünüzdən dönmək sizin üçün ar və ayıb olacaq, heç olmasa vicdan əzabı ilə yola davam edəcəksiniz.

Bu baxımdan hər bir mömin özünü əlli alternativ kəməndlə bu uca məfkurəyə -Allahı anlatma və sevdirmə yoluna- bağlamalı və ömrünün axırına qədər də var gücüylə bu yolda olmağa çalışmalıdır.

"Qədrimi bilmədilər" deyib incinmək

Üstəlik unudulmamalıdır ki, qəlblərdə bu uca məfkurənin öz təravət və canlılığını itirməməsi üçün insan mütləq bir məsuliyyət altına girməlidir. Bəzən kiməsə özünə layiq bilmədiyi bir iş verilir. Məsələn, filankəs bir alayı idarə edə bilər ancaq onu bir batalyona başçı təyin edirlər. O adam bundan daha yüksək vəzifəyə layiq olsa belə, "qədrimi, qiymətimi bilmədilər, batalyona düşdüm" demədən, inciyib, küsmədən öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmalıdır.

Yeri gəlmişkən, idarəçi vəzifə bölgüsündə insanların istedad və qabiliyyətlərini düzgün müəyyənləşdirməli, xüsusilə də, onları uğur qazanacaqları sahələrə yönəltməlidir. Yəni elə iş bölgüsü aparılmalıdır ki, insan uğurları ilə Allaha həmd etsin, sevinsin, şükürlə şahlansın, işini şövqlə görsün. Həmçinin elə zəmin və imkan hazırlanmalıdır ki, uğursuzluğa düçar olanda da müəyyən qaynaqlara baş vururaraq səhvlərini düzəldə bilsin.

"Mütləq məndən soruşmalıdırlar" anlayışı

Təəssüf ki, bizim millətimizdə bu prinsiplər hələ tam oturuşmamışdır. Bəli, çox təəssüf ki, iş və fəaliyyətlərimizdə “fikirdə inhisarçılıq” anlayışı hökm sürür. "Mütləq gözümün içinə baxmalı, mütləq məndən soruşmalıdırlar" kimi düşüncələr və idarəçilik anlayışı var. Halbuki bacarıqlı idarəçinin vəzifəsi birlikdə işlədiyi insanlara müəyyən bir iş və məsuliyyət verərək onları yoxlamaq və müvəffəqiyyət qazanmaları üçün əlverişli olan sahələrə yönəldərək qabiliyyətlərinin inkişafını təmin etməkdir.

Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya) insanların qabiliyyətlərini ortaya çıxarmış, onlara müəyyən məsuliyyətlər yükləyərək heç ehtimal etmədikləri vəzifələri tapşırmışdır. Məsələn, Zeyd b. Harisəni (radiyallahu anh) Mutə kimi əhəmiyyətli bir döyüşdə üç-dörd minlik orduya sərkərdə təyin etmiş, o da bu işin öhdəsindən gəlmişdir. O dövrdə ordunun başına azad edilmiş köləni gətirmək böyük bir hadisə idi. Allah Rəsulu (əleyhissalatu vəssalam) həm bu işə layiq bir cövhəri ortaya çıxarmış, ona vəzifə tapşırmış, həm də cəmiyyətdəki yanlış anlayışı aradan qaldırmışdır. Rəsuli-Əkrəm (əleyhi əkməlüttəhaya) iş bölgüsünü elə aparırdı ki, insanlar istedad və qabiliyyətini bütünlüklə ortaya qoyub inkişaf etdirirdilər.

Bu baxımdan, hər kəsə öz səviyyəsinə uyğun iş təklif edilməli və o şəxs də bunun məsuliyyətini çiyninə götürməlidir. Unutmamalıyıq ki, əgər insanların bu işlərdə iştirakını təmin etməsək, onlara məsuliyyət yükləməsək, qabiliyyətləri heç vaxt inkişaf etməyəcək. Dolayısilə, işini eşqlə, şövqlə görməyəcək, get-gedə bezəcək ki, bu da haqq və həqiqəti hörmətdən salmaq deməkdir.

Bizim ən parlaq dövrlərimizin əsasında dayanan ən mühüm dinamilərdən biri də məhsuldar iş bölgüsüdür. Bu baxımdan bu incə məsələnin dərk edilməsi millətimizin gələcəyi üçün çox vacibdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.