Qəlb və ruh qəhrəmanları

Sual

Müxtəlif yerlərdə İslamı ən kamil təmsil edənlərin sufilər olduğunu qeyd etmişsiniz. Bununla nəyi qəsd etmişdiniz və bu ifadədə diqqətə çatdırılan qəlb və ruh qəhrəmanlarının ümumi xüsusiyyətləri nələrdir?

Cavab: Sualın cavabına keçmədən mühüm bir məsələyə təmas etməkdə fayda görürəm. Heç kimin müsəlmanlığı -kim olur-olsun- kiçik görülməməlidir. Nəzərə almaq lazımdır ki, İslam yolunda kiçik-böyük bütün əməllər Allahın dərgahında qəbul oluna bilər. Bu əməllərin ilki olan kəlmeyi-tövhid və kəlmeyi-şəhadətin Cənnət qapısının sirli açarları olduğunu unutmamalıyıq. Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

مَنْ قَالَ: لَا إِلٰهَ إِلَّا اللّٰهُ دَخَلَ الْجَنَّةَ

(Tirmizi, İman 17) buyuraraq "Lə iləhə illəllah" deyən hər kəsin Cənnətə gedəcəyini müjdələmişdir. Bu hədisi eşidən bir yoldaşımız "Bəs əməl olmasa?!" demişdi. Biz heç kimin qəlbini, niyyətini və düşüncələrini bilmirik, buna görə də bu haqda qəti söz demək doğru olmaz.

نَحْنُ نَحْكُمُ بِالظَّاهِرِ

düstüruna əsasən biz zahirə görə hökm verir və kəlmeyi-tövhidi deyən hər kim olur-olsun ona hüsnüzənn bəsləyirik.

Bir döyüşdə Üsamə b. Zeyd Həzrətləri düşmən cərgəsində bir nəfərlə üz-üzə gəlir, qılıncını çəkib öldürmək istəyəndə həmin adam kəlmeyi-şəhadət gətirir. Ancaq Hz. Üsamə onun səmimi deyil, qılınc qorxusundan şəhadət gətirdiyini düşünərək onu öldürür. Həzrəti Üsamə kimi böyük bir səhabənin hislərinə qapılıb qeyz və nifrətlə kimisə öldürməsi mümkün deyil. Yəqin ki, məsələnin incəliyini hələ qavramamışdı. Çünki hər dövrdə səhabələr yeni şeylər öyrənir və dərhal həyata keçirirdilər. Allah Rəsulu (əleyhissalatu vəssalam) öyrətməsə, onlar haradan biləcəkdilər! Bundan xəbər tutan Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Hz. Üsaməni (r.a.):

هَلْ شَقَقْتَ عَنْ قَلْبِهِ

"Yarıb ürəyinə baxdın?" deyə elə tənbeh etdi ki, bu cəsur sərkərdə və Zeyd b. Harisənin övladı: "Kaş indiyə qədər, Müsəlman olmayaydım" dedi. Yəni: "Kaş bu hadisədən sonra Müsəlman olaydım ki, Peyğəmbərimizin bu tənbehini də eşitməyəydim”.

İnsanlara hüsnüzənn bəsləmək

Məsələlərə bu kriterilər çərçivəsində baxanda az-çox ibadətü-taət edən insanların da, inşaallah, qurtuluş yolunda olduğunu deyə bilərik. Çünki Rəsuli-Əkrəm (əleyhi əkməlüttəhaya) belə buyurur:

مَنْ صَلَّى صَلَاتَنَا وَاسْتَقْبَلَ قِبْلَتَنَا وَأَكَلَ ذَبِيحَتَنَا فَذَلِكَ الْمُسْلِمُ الَّذِي لَهُ ذِمَّةُ اللَّهِ وَذِمَّةُ رَسُولِهِ فَلَا تُخْفِرُوا اللَّهَ فِي ذِمَّتِهِ

"Hər kim bizim namazımızı qılar, qibləmizə yönələr və kəsdiyimizdən də yeyərsə, o, Allah və Rəsulunun əhdü-əmanına haqqı çatan müsəlmandır. Allahın əhdü-əmanına xəyanət etməyin" (Buxari, Salət 28). Bəli, hədisdə sadalanmış əməlləri yerinə yetirən bir insan əsla kiçik görülməməlidir.

Düzü, müqəllidin[1] imanının məqbul olub-olmaması məsələsi alimlər arasında çox müzakirələrə səbəb olmuşdur. Onların fikrincə mühəqqiq[2] məsələlərə vicdanının səsi-nəfəsi ilə duyaraq məsələlərə yanaşan, dəlillərə söykənən, Hz. Pirin ifadəsi ilə desək, hədsin[3] gözü ilə baxan, hədsin qulağı ilə eşidən və hədsin oyatdığı hislərlə hərəkət edən, hərəkət edib imani məsələlərə bu üfüqdən baxa bilən insandır. Müqəllid isə sadəcə təqlidlə kifayətlənən adamdır. Bu səbəbdən bəzən bu insanlara: "Bunlar əməli olmayan nəzəri Müsəlmanlardır" deyirik. Ancaq yenə də hüsnüzənnə üstünlük vermək lazımdır. Məsələn, namazda başını qaşıyan bir adam gördük və ya əməli-kəsr[4] edən bir nəfərlə qarşılaşdıq. Yenə də "Bəlkə mənə elə göründü" deməliyik. Çünki Allah bizi onunla sınayır və ya hüsnüzənnimizin səviyyəsini bizə göstərmək üçün bizi özümüzlə yoxlayır. Bəli, biz kiminsə şalvarını çəkməsi ilə, başındakı təkkəsini oynatması ilə, yoxsa başqa bir əməli-kəsri ilə sınağa çəkilib-çəkilmədiyimizi, bilmirik. Buna görə də, daim hüsnüzənn etməli və ətrafa bu gözlə baxmalıyıq.

Sufilikdə müxtəlif yollar

Əsas mövzumuza qayıdaq: sufiliyin də çeşidli yolları, müxtəlif məqam və mərtəbələri var. Məsələn, bir sufi seyrü-suluqi-ruhanidə qəlb və ruh həyatının pillələrini qət edə-edə müəyyən bir dərəcəyə çata bilər. Bəzən elə olur ki, İmam Rəbbani, Muhyiddin b. Ərəbi və Şahı Geylani kimi şəxsiyyətlər yüksəldikləri məqamda özlərini də, öz məqamlarını da dərk edirlər. Buna görə də onlar nəfsini çox ağır hesaba çəkməklə yanaşı, "Ayağım bütün övliyaların çiynindədir" deməkdən də çəkinmirlər. Bu kimi sözlər onların öz məqamını dərk etdiyini göstərir. Hətta bizim kimi avam insanlar da belə şeylərlə qarşılaşa bilər. Ancaq belə hallarda insanın Allahla irtibatı möhkəm olmasa, Allah eləməsin, eqoizmə və ya eqosentrizmə sürüklənə bilər.

Bəli, bəzi böyük zatlar öz dərəcələrini dərk edərək zirvələrə yüksələ və həmin zirvələrdə də bu məqamlarını dərk edə bilərlər. Əgər onlar başqalarına suizənn bəsləməz, və yuxarıdan baxmazlarsa, zirvədəki yerlərini qoruya, qəlbi və ruhi həyatda zirvələrə ucalaraq abidə şəxsiyyətə çevrilə bilərlər.

Heç kimə təminat verilməyib

Ancaq zirvədə də olsa, heç kimin əlində təminat və bəraət sənədi yoxdur. Bəs onda insan niyə qorxmasın ki? Bir qüdsi hədisdə Haqq-taala belə buyurur:

لَا أَجْمَعُ عَلٰى عَبْدِي خَوْفَيْنِ وَأَمْنَيْنِ

"Mən quluma iki əmniyət (arxayınlığı) və iki xövfü birlikdə vermərəm" (İbn Hibban, əs-Səhih 2/406; əl-Bəyhaqi, Şuabül-iman 1/483). Bu səbəbdən unutmamalıyıq ki, dünyada özündən arxayın olanın aqibətindən qorxmaq lazımdır. Başqa sözlə, aqibətindən qorxmayanın aqibətindən əndişə edərlər.

İnsanlığın İftixarı Peyğəmbərimizin (əleyhi əlfü əlfi salatin və salam) hal və hərəkətlərinə bir baxın! O, insanlığın qurtuluşu və yenidən dirilişi üçün göndərilmişdir. Bəli, Onun dünyaya təşrif gətirməsi ilə insanlıq dirilmiş və insanlığın üfüqü Onunla açılmışdır. O (əleyhi əkməlüttəhaya), insanlığın mənəvi atasıdır. Kim bilir, bəlkə də Peyğəmbərimizin:

كُنْتُ نَبِيًّا وَآدَمُ بَيْنَ الْمَاءِ وَالْطِّينِ

"Adəm (əleyhissalam) torpaqla su arasında olanda mən nəbi idim" hədisi də bununla bağlıdır. Yəni Adəmin övladı ondan üstün bir varlıqdır. Ancaq Onun (sallallahu əleyhi və səlləm) dua və münacatlarına bir nəzər yetirin, görün Allahdan necə qorxmuşdur. Hifz edilsə də, bir çox şeydən Allaha sığınmışdır. Biz Allah Rəsulunun bu davranışını, -hörmətimizdən- Onun rəhbər olması ilə izah edə bilərik. Yəni "Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) duaları ilə bizə necə dua edəcəyimizi göstərir" deyə bilərik. Ancaq bununla birlikdə bu mülahizələrdə Onun hissəsinin az olmadığını da görmək lazımdır.

Zirvələrdə belə adi insan olmaq

Vəlayətin (övliyalıq) başqa bir növünə görə zirvələrdə dolaşan və yüksək məqamlara çatan insanın özünü adi bir adam kimi görməsi çox əhəmiyyətli əsas və prinsipdir. Vilayətin bu dərəcəsinə çatan insan heç kimi dəyərsiz, kiçik görməz. Başqalarını kiçik görmək bir yana qalsın, ancaq özünü hesaba çəkər və nəfsinə aman verməz. Bu vilayət digər vilayətdən daha dəyərli və daha üstündür.

Hz. Ömər buyurur:

حَاسِبُوا أَنْفُسَكُمْ قَبْلَ أَنْ تُحَاسَبُوا

"Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin". Əslində hər kəs özünü hesaba çəkməlidir. Ağılından keçən, xəyallarını çirklədən, bir nizə kimi gəlib təsəvvürlərinə saplanan çirkin və xoşagəlməz düşüncələri yaddaşına yazıb yuxuya getmədən əvvəl gözdən keçirməli və öz-özünə: "Allahım, mən necə də alçaq adamam. Bu çirkin mülahizələr necə oldu ki, zehinimə girdi, halbuki o, təmiz olmalıdır” – deməlidir.

Bəli, hər kəs özünə baxmalı və başqalarını özündən üstün görməlidir. "Filankəs hələ məsələlərin nəzəriyyəsindədir, hələ elmihalı keçə bilməyib" deyərək heç kimə suizənn etməməlidir. Çünki Hz. Pirin sözü ilə desək, “nəfs cümlədən ədna, vəzifə cümlədən əla”dır.[5] Başqa bir haqq dostu isə bu həqiqəti belə dilə gətirir: "Hər kəs yaxşı, mən yaman; hər kəs buğda, mən saman". Bəli, öz xətaları ilə məşğul olan insan kimsəni kiçik görməz, kimsəyə suizənn etməz. Kiminsə haqqında "Niyə səcdəyə gedəndə başını qaldırmağı unudub namazlaşmır. Niyə iftar vaxtı gələndə oruc açmağı belə unutmur?" deyə düşünməz.

Dini həyatında çox həssas olan insanlar belə düşünməlidirlər: "Düzü, bu imkanlarla mən mütləq müəyyən səviyyəyə gəlməli idim. Ancaq filankəsin bu imkanları heç olmadı! Quranı yaxşı tanıya bilmədi, abi-həyat bulağından və ya mənhəlul-əzbil-məvurddan (şirin su mənbəyindən) içə bilmədi, əlimizdəki nurəfşan kitabları oxuya bilmədi, Abdülqadir Geylani, Şazili və Mustafa əl-Bəkri kimi böyük şəxsiyyətləri tanıya bilmədi. Mənə isə, layiq olmasam da, Allah bu qədər nemət bəxş edib, mən Onun istədiyi kimi ibadətü-taət etməliyəm. Əks halda aqibətim yaxşı olmaz!"

Çünki Haqq-taala əgər bir insanı harəm otağının qapısının önünə gətiribsə, demək ki sübyektiv mükəlləfiyyət baxımından ona bəzi məsuliyyətlər yüklənib. Hz. Pir “İxlas Risaləsi”ndə: "Səmimi ixlası qıran adam bu hillətin (səmimi dostluq) hündür qülləsinin başından yıxıla bilər. (belə bir insanın) Dərin quyuya düşmə ehtimalı var, ortada tutmağa yer də tapa bilməz" deyir. Yəni bir şeyin cəriməsi məzhəriyyəti[6] nisbətindədir. Harəm otağına qəbul edilən, oraya məxsus bəzi şeyləri qəlbən duyan insan oraya layiq olmağa cəhd göstərməsə, ona heç dəhlizdəki və ya ümumi qəbul salonundakı insanlara göstərilən hörməti da göstərməzlər, hətta qova da bilərlər. Məhz buna görə Haqq-taala ismət sifətinə sahib olan və məsuniyətlə hifz edilən ənbiyayi-izamla bağlı ağır ifadələr işlədir. Çünki onların çox böyük məzhəriyyətləri var.

İbadətə qarşı şövq

Bəli, sufilik mühüm bir yoldur. Sufilər məsələnin əməli yönünü duyan insanlardır. “Əməli” deyəndə əməllərin qəlb və ruh həyatına əsasən tənzimlənməsini qəsd edirik. Məsələn, ibadətü-taət təbiətinizə hoparsa, yemə-içməyi arzuladığınız qədər ibadəti də arzulamağa başlayacaqsınız. “İmanda dərinləşmə” də, ancaq o zaman həyata keçər. Bəli, imani məsələlər təbiətinizə hopubsa, sizdə daxilən Ona qarşı bir şövq meydana gələr ki, işin həqiqəti də budur.

Hz. Pir "Heyvaniyyətdən çıx, cismaniyyəti burax, qəlb və ruhun dərəceyi-həyatına yüksəl" deyir. Demək ki, qəlb və ruhda cismaniyyətdən, bədən və nəfsanilikdən daha yüksək bir həyat var. Əgər belə bir həyatı tədəbbür, təzəkkür, təfəkkür və əməllə əldə etmək mümkünsə, buna laqeyd qalmaq olmaz.

İndiyə qədər milyonlarla əsfiya, övliya, əbrar və müqərrəbin peyğəmbəranə əzm və qətəyiyyətlə bu istiqamətdə çox səy göstərmiş və yolları addım-addım qət etmiş, Allahın izni və inayəti ilə -İmam Rəbbani Həzrətlərinin bu mövzuda fərqli düşüncəsi istisna olmaqla- həqqəl-yəqin dərəcəsinə yüksəlmişlər. Nəzəri imanı əməli imana çevirmiş, "bal"ın adını eşitməklə kifayətlənməyib dadına baxmış və onun nə olduğunu dərk etmişlər. Sizə bal və ya qaymağın dadını nə qədər tərif etsələr də, dilinizə vurmadan onların dadını həqiqi mənada hiss edə bilməzsiniz. Məsələn, sizə təmtəraqlı təsvirlərlə Cənnətdən danışsalar, desələr ki "Bir dəqiqə röyəti-camal minlərlə il Cənnət həyatına bərabərdir", bunu yaşamadan necə dərk etmək olar!

Qəlb və ruh həyatı ilə bağlı məsələlər də bunun kimidir, ancaq yaşamaqla duymaq mümkündür. Ərəblərdən dilimizə keçən bir atalar sözü var:

مَنْ لَمْ يَذقْ لَمْ يَعْرِفْ

"Dadmayan bilməz". Yəni insan gərək qəlb və ruh həyatını dadsın və onunla bütünləşsin ki, onun nə olduğunu anlasın. Bu baxımdan həqiqi mənada inanan insanlar qəlb və ruh qəhrəmanları olmuşdur. Bir daha xatırladım ki, bu sözlərimlə digər insanların imanını kiçik görmürəm. Heç bir mömin imanından əsla şək-şübhəyə düşməməlidir. Mən burda qəlb və ruh qəhrəmanlarının iman dərinliyini, iman ənginliyini çatdırmaq istəyirəm.

[1] “Təqlid edən”, mənasında imanı təqlidi olan insan deməkdir.
[2] Həqiqəti araşdırıb öyrənən.
[3] Çox düşünmədən, dəlilə ehtiyac olmadan hasil olan elm. Ani ve doğru idrak. Dəlildən nəticəni əldə etmək.
[4] Namazda namaza aid olmayan bir hərəkəti üç dəfə dalbadal etmək və ya iki üzvlə bir hərəkət etmək (paltarı düzəltmək və s.), bu hərəkət namazı pozur.
[5] Nəfs hər şeydən alçaq, vəzifə isə hər şeydən ucadır.
[6] Məzhər və nail olma, nailiyyət, müvəffəqiyyət. Məzhəriyyət zahir sözündən törədiyinə görə, daha çox Allahın təccəllilərinin müəyyən bir yerdə zahir olması, ortaya çıxması, görünməsi. Yəni bir yerdə gördüyümüz gözəlliklər həmin obyektə məxsus deyil, onda təcəllilərin görünməsidir.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.