Həyəcan yorğunluğu və diriliş cəhdləri

Sual: Bir vaxtlar haqq və həqiqətə aktiv şəkildə xidmət edən insanlar zaman ötdükcə eşq və şövqdən məhrum, tənbəllik və miskinliyə məğlub ola bilirlər? Bundan xilas olmaq, iştiyaq və həyəcanı yenidən qazanmaq üçün nə etmək olar?

Cavab: İnsan böyük amal uğrunda fəal ömür sürərkən müxtəlif səbəb və amillərə görə birdən hərəkat və aksiyondan uzaqlaşa bilər. Hətta "bir kənara atıldım", "vəzifəm əlimdən alındı" deyə kimi hisslərə məğlub da olar. İnsanın belə mənfi abı-havadan xilas olması üçün onun şəxsən özünə aid işlər olduğu kimi, yoldaşlarının da bir mömin kimi, vəzifə və məsuliyyətləri var. Əvvəla məsələnin qarşıdakı insanla bağlı tərəflərinə nəzər salaq.

İnsanlığın İftixarı Əfəndimiz (s.ə.s.): "Din nəsihətdir (xeyirxahlıqdır)!" (Müslim, İman/95; Əbu Davud, Ədəb/67) buyurur. Bəli, din insanlar üçün xeyir istəməyi, xeyir düşünməyi, xeyir düşüncəsi ilə oturub-durmağı və imkanları dəyərləndirərək onlardakı xeyir duyğularını hərəkətə gətirib xeyrə istiqamətləndirməyi tövsiyə edir. Buna görə, hərəkətsizlik və ətalətə düçar olmuş şəxsə ona yaxın olanlar dərhal əl uzatmalı və ən qısa vaxtda bu boşluğu doldurmaqda ona dəstək olmalıdırlar. Bunun üçün də, insanların qabiliyyəti, istedadı və gücünü nəzərə alaraq mütləq hər kəsə bir iş, bir vəzifə təklif edilməlidir. Çünki məsuliyyət insanın miskinlik və tənbəllikdən xilas olmasında mühüm bir yol, mühüm bir çarədir. Hərçənd ki, insanın bir işin öhdəsindən gəlib buna görə sevinib şad olması və beləcə eşq və həyəcana  gəlməsi Allahın ehsanı xaric, ixlas və səmimiyyətlə düz gəlməyə bilər. Ancaq bu məsələdə ixlaslı, səmimi olmaq həmin şəxsə aid məsələdir, onu maraqlandıran işdir. Məsələnin digər insanlara baxan yönünə gəlincə, bir insanı miskinlik, tənbəllik və ətalətdən qurtarmaq, belə desək "məzarı-mütəhərriki (canlı meyit)" yenidən dirildib, canlandırmaq o heyətin hər fərdinin borcudur.

Yol yorğunluğu və heyətin məsuliyyəti

Bu mühüm vəzifə vəziyyəti vaxtında təsbit edə bilən bəsirətli, fərasətli müdrik insanlar tərəfindən də yerinə yetirilə bilər. Ancaq bu mövzuda boşluq yaranmasın, heç kəs gözdən qaçmasın deyə bir heyət bu işi öhdəsinə götürə, gəzib-dolaşdığı hər yerdə bu işin həll yollarını axtarıb tapa bilər. Belə ki, yol yorğunu, məsafələrə məğlub olan bir insan gözə çarpan kimi, dərhal ayağına gedib: "Sən haradasan?" deməli.. millətimizə məxsus mərdliyi, qəhrəmanlığı nümayiş etdirən o səmimi ab-havanı yenidən ciyərinə çəkməsinə kömək etməli.. başqa ölkələrə dəvət etməli, oradakı fəaliyyətlərimizlə tanış etməli.. xülasə, bir yol tapıb o insanın həyəcan yorğunluğundan xilas olması üçün bəzi təkliflər verilməli və ona diriliş yolları yenidən göstərilməlidir. Burada bir məqama diqqət yetirmək lazımdır, həmin insana birdən-birə qaldıra bilməyəcəyi yük yüklənməmək, görə biləcəyi işi təklif etməkdir. Bu da yavaş-yavaş, öyrəşdirə-öyrəşdirə onu müəyyən bir səviyyəyə gətirməklə və ona digər insanlarla birgə addımlama imkanını verməklə mümkündür. "Bu adam bizimlə eyni sürətdə gedə bilmir, yoldan çıxsın" və ya "Bizim bir gediş alternativimiz var. Ya buna uyğunlaşar, ya da yolda qalar" kimi anlayış əsla möminin vəsfi deyildir. Bizim bu mövzuda bir çox alternativimiz olmalıdır. Yəni qabiliyyət və istedada görə: "Filan sürətlə qaçanlar, filan sürətlə gedənlər və ancaq filan sürətlə məsafə qət edənlər…" kimi müxtəlif alternativ olmalı və beləcə dinə və millətə xidmət kimi müqəddəs bir dairədə mütləq hər kəsin yol gedə biləcəyi, nəbzin ritmi pozulmadan qaça biləcəyi bir sahə, yol və cığır olmalıdır. Bəli, bu şəkildə hər kəsə öz istedadına görə bir iş və məsuliyyət təklif olunsa, Allahın izni və inayəti ilə, vəzifə və məsuliyyət alan, hərəkətdə olan insan da iş gördükcə, müvəffəqiyyət qazandıqca yenidən özünü qayıdacaq və yenidən diriləcəkdir.

Ülfət pərdəsini qaldıran səyahətlər

Zənnimcə, indi keçmişə görə qəlbləri həyəcana gətirmək və eşq-iştiyaq duyğularını hərəkətə gətirmək üçün mühit və imkanlar əvvəlki dövrlərə nisbətən daha əlverişlidir. Keçmişdə insanımız qarşılıqlı şəkildə bir-birinin fəaliyyətini və canlılığını görüb həyəcanı alovlandırma imkanından məhrum idi. Bir ovuc insan qapalı bir məkanda toplanar, kitab oxuyub gedərdi. Daha sonra ölkə daxilində gəzintilər təşkil olunmağa başlandı. Yola düşüb başqa bir şəhərə gedir, oradakı insanlarla bəzi fəaliyyətlərə qatılır və beləcə qarşılıqlı eşq və həyəcan mübadiləsi olurdu. Anadolu insanı tədricən ölkə xaricinə də səyahət etməyə başladı. İndi isə dünyanın ən uzaq yerlərinə getmə, göz yaşardan və həyəcan verən fəaliyyətləri şəxsən görmə və beləcə eşq və həyəcanla dolma imkanı mövcuddur.

Mümkünsə miskinlik və ətalətə düşən və ya əvvəlki sürətini itirən şəxslər canlı və müsbət fəaliyyətlərin həyata keçirildiyi dünyanın müxtəlif yerlərinə dəvət edilib aparılsın. Bu məqamda ağıla belə bir sual gələ bilər: Bu gözəl fəaliyyətlərin qaynağı bir mənada Türkiyədir. Həzrəti Mövlananın sözü ilə, əlində məşəl getdiyi hər yerdə yeni-yeni məşəllər alovlandıran insanları ölkəmizdə görmək mümkündür. Elə isə, başqa ölkələrdə eyni mənzərəni müşahidə etməyə ehtiyac varmı?

Unutmaq olmaz ki, hər kəsin bu fəaliyyətləri başqa məkan, başqa atmosfer və başqa bir mühitdə görməyə ehtiyacı var. Çünki heç gözləmədiyi bir ölkədə eyni gözəlliklərə şahid olmaq insana daha çox təsir edir, onu daha çox həyəcana gətirir. Mən şəxsən dəfələrlə buna şahid olmuşam. Belə ki, Türkiyədə illərlə bu işin içində olan, hətta işin mərkəzində olan bir insan uzaq bir ölkədə, millətimizi tanıtma adına fəaliyyətlərin olduğu bir yerdə gördüyü mənzərə qarşısında məsələlərə daha fərqli baxır, daha fərqli dəyərləndirir. Xaricdən, yad ölkədən gələnlərə yuxarıdan baxılan belə bir ölkədə Allahın izni və inayəti ilə alqışlanan məktəblər.. kültür dərnəkləri.. eyni zamanda, yüksək səviyyəli təmsillə alimlərdən senatorlara qədər cəmiyyətin müxtəlif təbəqələri ilə keçirilən görüşlər.. bəli, hal-hazırda xatılamadığım hələ bir çox xeyirli fəaliyyətlərə şahid olunca ülfət pərdəsi qalxır, duyğular yenilənir və qəlblər şövq və iştiyaqla dolub-daşır.

Rəbbimizə həmd olsun ki, indi bu cür yerlər dünyanın hər yerində var. İstər Afrikaya gedin.. istər Şimali Amerikada gəzin.. istər Cənubi Amerikanı dolaşın.. istərsə Uzaq Şərqə yollanın.. demək olar ki, hər yerdə Allahın izni və inayəti ilə çox böyük ağlasığmaz fəaliyyətlərlə qarşılaşacaqsınız. Əgər insanlar getdikləri yerdə bu cür bir mənzərə ilə qarşılaşıb hissiyatında yeni həyəcan oyanacaqsa, məncə, belə bir imkanı dəyərləndirməkdən qaçmamalı, bu məsələyə laqeyd yanaşmamalıyıq.

Buraya qədər izah olunanlar bir yöndən aktiv fəaliyyətdən ayrı düşmüş cüda olmuş şəxsə deyil, o şəxsin ətrafındakı insanlara aid olan vəzifə və məsuliyyətlə bağlı ağlıma gələn məsələlər idi. İndi də qarşıdakı – bunu şəxsən yaşayan insan nöqteyi-nəzərindən məsələyə yanaşmağa çalışaq.

Problemin əsas qaynağı

Təməl bir qayda olaraq, demək olar ki, insanın doğru davranış nümayiş etdirməsi, doğru işlər görməsi onun doğru qərar verməsi ilə mümkündür. Bəli, sağlam və möhkəm inanc, istiqamətli və saf düşüncə varsa, davranışlar da müstəqim və düz bir müstəvidə formalaşar. Bu səbəblə, imana və bəşəriyyətə xidmətin bir damla himmətə və səmimi uzanan bir ələ möhtac olduğu belə bir dövrdə tənbəllik, miskinlik və ətalətə məğlub olan bir insanın, deməli, etiqad və düşüncədə problemi var. Çünki həqiqi mənada Allaha inanmış, mərifətullaha çatmış, din-dəyanətin əsaslarına dinin-dəyanətin tələb etdiyi, istədiyi ölçüdə iman etmiş bir insanın qəlbində Allahı və Onun dinini-dəyanətini könüllərə duyurmaq üçün qarşısı alınmaz eşq və iştiyaq duyğusu olar.

Elə isə oturub-durub "söhbəti-canan" deməli, bir yerə toplaşıb bu cür məsələləri müzakirə etməli və daim mənən dərinləşməyə cəhd göstərməliyik. Çünki insan iman və mərifət baxımından dərinləşdikcə: "Allahım, Sən varsan, amma bu insanlar Səni tanımırlar. Mən necə qulam ki, onlar Səni tanımırlar, mən isə hələ də bu məsələyə qarşı laqeydəm. Belə bir insana qul demək olmaz, deyilsə-deyilsə, tənbəlin, miskinin biri deyilər" deyə özünü sorğu-suala çəkəcək və Allahı (c.c.) tanıtmaq, Rəsuli-Əkrəmi (s.ə.s.) təbliğ etmək üçün daxilən yanıb-yaxılacaq. Bəli, zənnimcə, əsas problem mənəvi qidalanma baxımından geridə qalmağımızdan irəli gəlir. Hərçənd hal-hazırda deyə bilərik ki, kitab oxumağa böyük arzu və istək oyanıb. Məsələn, bu yaxınlarda kitab oxumaqda müəyyən səviyyəyə gəlmiş, müəyyən bir saya çatmış bir çox insanın adlarını dua etmək xahişi ilə yazıb gətirmişdilər. Öz halıma baxanda: "Mənim duamdan nə olacaq!" deyirəm. Lakin Allahla aramdakı münasibət baxımından, məndən dua istəyən o insanların tələblərinə cavab verməyi vəfa borcu sayıram. Məhz bu mülahizə ilə adları yazılı kağızları əlimə alıb duaya başladım. Adları tək-tək oxuyub bitirə bilmərəm deyə gecə namazını qıldıqdan sonra trenajorda (yerimə alətində) yeriyərkən işığı yandırıb səhər namazına qədər o adları bitirməyə çalışdım. Duamda: "Allahım! Bu qardaşlarım üçün Səndən, Sənin əfvini, rizanı, təvəccöhünü, ehsanını, dostluğunu, yaxınlığını, uca şanına yaraşan məhəbbətini, hifz və siyanətini, köməyinlə zəfəri, himayəni… istəyirəm!" deyərək özüm üçün nə istəyirəmsə onlar üçün də Allahdan dilədim. Bu kitaba qarşı istəyin oyandığını göstərir. Ancaq ümumi mənada, istənilən səviyyəyə gəlindimi? Zənnimcə, bu suala heç birimiz könül rahatlığı ilə "Bəli" deyə bilməyəcəyik. Yadınıza salın keçmişdəki o düşərgələri, hər gün Külliyyatdan iki yüz səhifə oxumaq adi hal idi. Bu insanlar eyni zamanda, xüsusi dərs də alırdılar. Məsələn, təfsir və hədis kitablarını da oxuyurdular. Düşərgənin iki ay çəkdiyini nəzərə alsaq, bir düşərgə boyunca tək Külliyyatı başdan ayağa iki-üç dəfə bitirilirdi. Belə olunca da o dövrün insanları mövzuları mündəricat kimi yadda saxlayıb, əhatəli bir nəzərlə əsərlərə baxa bilirdilər. Bu səbəbdən onların tərkib etmə, sintez etmə qabiliyyətləri vardı. İmanı-billah, mərifətullah, məhəbbətullaha dair "filan yerdə belə, filan yerdə belə keçir…" deyə bilir, zehində o mövzuları canlı şəkildə bir yerə cəmləyə bilir, tərkib meydana gətirir, o tərkiblərdən müxtəlif məna və müxtəlif üfüqlərə yönəlir və yeni ixtiralara imza atırdılar.

İstanbulun fəthi də olsa

Təəssüf ki, zənnimcə, zamanla başımıza: "Bu qədəri bizə bəsdir, biz bunları oxuduq, artıq bu mövzuları bilirik" xəstəliyi və fəlakəti gəldi. Əlbəttə, bu hal da qəlbimizdə və zehnimizdə durğunluq və ətalətə səbəb oldu. Bu baxımdan "Bismillah" deyib yenidən oxuma başlatmalı, daha çox oxuyub daha çox müzakirə etməyimiz üçün başqa işlərimizi ikinci plana keçirməliyik.

Əvvəllər də dediyim kimi, dövr açıb dövr bağlayacaq qədər tarixi əhəmiyyətə malik və Əfəndimizin (s.ə.s.) müjdəsinə nail olduğuna görə bizim üçün böyük əhəmiyyətə malik olan İstanbulun fəthi üçün belə bir yerə toplansaq, birinci dərəcəli işimiz "söhbəti-canan" olmalıdır. Bəli, belə bir amal uğruna gedərkən belə: "Görəsən, Allahla münasibətimiz yerindəmi? Kifayət qədər mənəvi dərinliyimiz varmı? Onun bizi gördüyünü düşünüb tir-tir titrəyirikmi?" kimi mülahizələri əsas götürməli, digər vəzifə və məsuliyyətlərimizi isə o əsasa görə sıralamalıyıq. Cümlənin başında İstanbulun fəthinin qəlbimdə olan yerinə işarə edib əhəmiyyətini vurğuladığıma görə ümid edirəm ki, səhv anlaşılmaz. Əgər belə bir hadisə belə bizim Allahla, Əfəndimizlə, Quranla münasibətimizin yanında ikinci dərəcəli bir işdirsə, günümüzdəki siyasi və aktual mövzuların, üstəlik magazinvari məsələlərin bizim üçün nə ifadə etdiyi, etməsi açıq-aşkardır. Məncə, hansı məsələyə, harada, nə qədər əhəmmiyyət verəcəyimizi əvvəlcədən təyin etməliyik. Bu səbəblə hər yerdə Həzrəti Mövlananın sözü ilə "söhbəti-canan" deməli, əvvəla Allaha imanımızı bir daha yeniləməli, ilahi mərifət və məhəbbətlə bir daha cuşa gəlmə yollarını axtarmalıyıq. Stəkanın daşma səviyyəsinə qədər dolmasına "ləbriz" deyilir. Könül badəsi dolub daşsın deyə o məsələni köpürtməli, mərifət və məhəbbətlə dolub boşalmalı, daha sonra isə digər mövzulara keçməliyik.

Bəli, bir yerə toplaşanda əsas məqsəd iman və imanda dərinləşmə olmalı, bu yöndə lazımi iş görüldükdən sonra: "Elə yığılmışkən, bir məktəb açma mövzusu vardı, bu məsələyə də bir baxaq" deməli, nəyi, haraya qoymalıyıqsa, oraya qoymalı və işlərimizi bu müstəvidə sıralamalıyıq. Zənnimcə, bu məqamda böyük nöqsanlarımız var. Bəli, sanki məsələlərin yeri dəyişib. Hətta bəzən iman və Qurana xidmət mülahizə və niyyəti ilə keçirilən yığıncaqlarda belə dinə-dəyanətə laqeyd yanaşır, dünyəvi məsələlərə qərq olur, onların müzakirəsini edib gedirik. Əsas məsələlər isə arada unudulur gedir. Halbuki, unutmamalıyıq ki, biz unutsaq unudulacağıq. Quran buyurur ki:

"Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!" ("Həşr" surəsi, 59/19). Beləcə mənəvi böhran keçirdilər, ruhunu itirdi, getdikləri yoldan çıxdı və başqalaşma rüzgarına qapılıb getdilər. Elə isə bir yerə toplananda: "Bura gəldik, oturduq, bir çox məsələdən söz açdıq, amma bütün bu məsələlərin özü-əsası, balı-qaymağı olan əsrarı-üluhiyyət və rübubiyyətə dair məsələlərdən bəhs etmədik. Allah xatirinə, bu, Rəbbimizə qarşı vəfasızlıq deyilmi?! İndiyə qədər heç bir mömin Allaha qarşı bu qədər vəfasız olmamışdır" deyərək rahatlıqla bu məsələləri bir-birimizə xatırlatmalıyıq. Bu ruhu qoruya bildiyimiz qədər eşq və həyəcanla imana və Qurana xidmət edəcək, yol yorğunluğu çəkməyəcək, həyəcan yorğunluğuna qapılmayacaq və Allahın izni ilə, son nəfəsə qədər köhlən atlar kimi şövq və iştiyaqla yolumuza davam edəcəyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.