Üslubda İstiqamət

Sual: “Üslubumuz namusumuzdur” deyə ifadə olunur. Üslubumuzu hansı əsaslar müəyyənləşdirir və xüsusilə, bu günkü şəraitdə üslubumuzu mühafizə etmək üçün nələrə diqqət yetirilməlidir?

Cavab: Üslub –  düşüncə, söz, bəyan, hal və hərəkət, davranış və s. kimi müxtəlif hal və keyfiyyətlərin cəmində müəyyən prinsiplərə bağlı olaraq gedilən yol, metod və tərz deməkdir. Başqa sözlə, üslub müəyyən məsələlərin zamana, şərtlərə, müxatəb və şəraitə görə necə və nə cür icra və ifadə edilməsi lazımdırsa, ona görə icra və ifadə edilməlidir. Yuxarıda verilən təriflərdən də göründüyü kimi üslub sadəcə şifahi olaraq məqsədi bildirmək üçün ortaya atılan üsul və tərz deyil, əksinə insanın hər hal, davranış və hərəkətindəki yanaşma tərzi və əda etmə keyfiyyətini ehtiva edən geniş, çox yönlü, çox şaxəli bir məfhumdur. Məhz buna görə də üsluba sahib olmaq elə asan deyil, hər insanın sahib ola biləcəyi iş deyil, o, dərin idrak, qabiliyyət və əngin bir fərasət tələb edir. Bu səbəbdən, baxırsınız ki, bir nəfər gözəl nitq söyləyir, fikrini, məqsədini rahatlıqla ifadə edir. Lakin gəl gör ki, elə yerdə elə şey deyir ki, insan: "Vay aman, baltanı daşa vurdu" deyib üzülür. Çünki elə bir məqam, belə bir mövzu hər kəsin qəbul edə biləcəyi ümumbəşəri yanaşma tərzində təqdim edilməlidir. Bu isə müəyyən əsas və prinsiplərin ön plana çəkilməsini, münaqişəyə səbəb ola biləcək, səhv anlaşıla biləcək müəyyən məsələlərin gündəmə gətirilməməsini tələb edir. Əlbəttə ki, bu, fərqli görünüb özünü fərqli ifadə edərək insanları aldatmaq demək deyildir. Əksinə başqalarının fərqliliyinə dəyər vermə, bu fərqliliklərlə onları qəbul etmək və bu fərqliliklərə görə münasibət qurmaq, onlara qarşı elə davranmaq, məsələləri bu prinsiplər çərçivəsində və üslubda ortaya qoymaq deməkdir.

Üslub Qəhrəmanı: Həzrəti Mövlana

Yaşadığı dövrün irşad dairəsinin mərkəzində duran və yeddi əsr keçməsinə baxmayaraq, səsi-sədası indiyə qədər əks-səda verən böyük mürşid Həzrəti Mövlananın həyatı mövzumuz baxımından gözəl nümunələrlə doludur. Həyatına nəzər yetirəndə onun heyrətamiz təvazökarlığı ilə.. hər kəsə qapısını açan əngin xoşgörü və dünyagörüşü ilə.. müxtəlif dünyagörüşlü insanlara göstərdiyi hörməti ilə.. və nəticədə özünü kiçik bir zərf və qiyməti olmayan bir qutuda gizlətməklə həqiqi böyüklüyün nə olduğunu hal dili ilə nümayiş etdirməsi ilə zamanı işıqlandıran böyük bir şəxsiyyət olduğunu görmək olar. Məsələn, günlərin bir günü ona baş çəkən keşiş sağollaşanda Mövlananın əlindən öpmək istəyir. Həzrəti Mövlana onu qabaqlayıb keşişin əlini öpür. Bəziləri bunu böyük bir tənəzzül kimi görə, "Heç mömin mömin olmayanın əlindən öpər?" deyə tənqid edə bilər. Hətta bəzi müfritlər (ifrata varanlar) bu və buna bənzər davranışlarına görə o böyük şəxsiyyətə qarşı daha ağır ittihamlar irəli sürə bilər. Əlbəttə ki, o şəxs haqqında belə düşünmək sui-zəndır və böyük günaha səbəb ola bilər.  Halbuki, Həzrət bu hərəkəti ilə həqiqi böyüklüyün nə demək olduğunu ortaya qoymuşdur ki, əlini öpdüyü keşiş dərhal Mövlananın əl-ayağına qapanmış və "Mənsubu bu qədər təvazökar olan bir din mütləq haqdır" deyərək kəlmeyi-şəhadət gətirib müsəlman olmuşdur. Yaxşı, bir insanın könlünə girib ona iman və əbədi səadəti qazandırmaq üçün başınızı o insanın ayaqlarının altına qoymazsınızmı? Bəli, əsrlər boyu qəlblərə imanın həyatverici nurunu yayan Həzrəti Mövlana belə bir üslub insanı idi. Yunus Əmrə də eyni yolun yolçusu olaraq "Döyənə əlsiz, söyənə dilsiz və qəlb qırana da könülsüz..." üslubunu seçmişdir. Əlbəttə ki, o böyük şəxsiyyətlərin bu hal və hərəkətlərinin mənbəyi İslamın prinsipləridir. Çünki İslamiyyət bizə: "pisliklərə yaxşılıqla qarşılıq verin", haqq-həqiqətə dəvət etmək üçün fironun qarşısına çıxanda da qövlü-leyyin, tövrü-leyyin, hali-leyyin, (yumşaq söz, yumşaq rəftar və yumşaq hal) yolunu  əmr və tövsiyə buyurur. Bu səbəbdən də bu cür yanaşmanın qaynağını dində, onun əsaslarında və ruhunda axtarmaq lazımdır.

Dəyişməz Üslub

Bəli, haqq və həqiqəti təbliğ və təmsildə üslub çox əhəmiyyətlidir, ancaq bundan da əhəmiyyətlisi onun mütəmadiliyi və davamlılığıdır. Çünki siz bir yerdə ehtiramla, yumşaq söz və yumşaq davranışlarla həmsöhbətinizin könlünə girirsiniz, ancaq qəflətən gələn çirkin söz və davranışa eyni qarşılıq göstərər, üslubunuza sadiq qalmasanız, bu müxatəbinizin  etimad və güvənini sarsa, sizi gözdən sala bilər.  Belə halların qarşısını almaq üçün doğru bildiyimiz və doğru qəbul etdiyimiz prinsip və əsaslara vərdiş etməli və hər şəraitdə onlara möhkəm bağlı qalmağa səy göstərməliyik ki, xətaya düşməyək, bir yerdə qurduğumuzu başqa bir yerdə öz əlimizlə yerlə-yeksan etməyək. Bəli  biz, əsas da döyənə əlsiz, söyənə dilsiz və qəlbimizi qırsalar da, könülsüz həyat üslubunu seçmiş, düstur olaraq bunu qəbul etmiş, "yol budur" deyib ondan ayrılmamağa qərar vermişiksə, elə isə üslubumuza sadiq qalaraq verdiyimiz qərardan dönməməli, hər şəraitdə onun əsaslarını yerinə yetirməyə çalışmalıyıq.

Nümunə baxımından Həllac Mənsurun son dəqiqələri ilə bağlı rəvayət edilən hadisəni qeyd etmək istəyirəm. Rəvayətlərə görə, Həllac Mənsuru düşmənləri, onu qısqananlar – haşa - "ilahlıq iddiasındadır" deyə məhkəməyə verirlər. İstiğraq (ekstaz) halında dilə gətirdiyi "ənəlhaqq" sözünü anlamayan o dövr məhkəmə heyəti isə Həllac Mənsurun əllərinin kəsilməsi hökmünü verir. Qərar yerinə yetirilir və Həllacın əlləri kəsilir. Bədənindən qan axarkən üzü sapsarı saralır. Belə halda o kəsilmiş əllərini Rəbbinə qaldıraraq: "Allahım! Mənə bunları rəva görənləri bağışlamayınca ruhumu Sənə təslim etmək istəmirəm" deyə dua edir. Bu hadisədə də olduğu kimi, ən ağır və çətin şərait altında belə üslubdan ayrılmama böyük əhəmiyyət kəsb edir.

Buna görə də, həmişə məni təhqir edənlərə belə "bəy" olaraq xitab  etmişəm. Hətta onlardan birinə eyni ifadəni istifadə edincə dəyərli dostlarımdan biri həmin şəxsin belə bir ifadəyə layiq olmadığını dilə gətirərək, ona niyə bu şəkildə xitab etdiyimi soruşmuşdu. Halbuki bu mənim əsla poza bilməyəcəyim yolum və üslubumdur. Çünki bir dəfə üslubunuzdan dönsəniz, artıq ondan sonra nöqsan və çatlar ard-arda düzülər. Əgər həyat boyu bir yanlış çat səsin də sizdən gəlməməsini istəyirsinizsə, heç vaxt yanlış səs çıxarmamağa səy göstərməlisiniz.

Təsəvvür edin ki, sizə bir iynə batırıldı və siz bu əziyyətə səbir etməyin bir çox xeyirə səbəb olacağını düşünərək dözdünüz, bağışladınız. Görəsən, qolunuz qoparılsa, siz eyni səbri göstərə bilərsinizmi? Üslubda əsas məsələ hər iki halda da eyni davranışı nümayiş etdirməkdir.

Əyri Ağacın Kölgəsi

Əlbəttə ki, bu səviyyədəki üslub, başda da deyildiyi kimi, elə asan əldə olunmur. Bunun üçün səy göstərilməli, iradənin haqqını verməyə çalışılmalı və nəfs daim nəzarətdə saxlanılmalıdır ki, belə bir ali xarakter əldə edilsin.

Məsələn, ictimai həyatda düzgün omayan münasibətlər və nöqsanlı davranışlar qarşısında təmkinli olmalı, eyni ilə cavabı verməməli, əsla qeybət və dedi-qodu kimi hallara meyil etməməliyik. Bəlkə, ilk başda çətinlik çəkəcəyik, udquna-udquna qalacağıq, amma dişimizi sıxıb səbir etməyi öyrənməli, mənliyimizin, hissiyyatımıza rəğmən davranmalı və səhvləri, xətaları üsuluna uyğun şəkildə düzəltməyə çalışmalıyıq. Deyək ki, düzgün olmayan, səhv bir davranışla üzləşdik. Bu davranışa bilavasitə “səhv” ifadəsini işlədə bilərik, amma eyni zamanda bu davranış "bu, bir az doğrudan fərqlidir" şəklində də qələmə verilə bilər. Həmçinin bəyənmədiyimiz, hətta ürəyinizi bulandıran, diksindiyiniz bir yeməyə üzümüzü turşudub bəyənmədiyimizi demək əvəzinə, "Allahın gözəl nemətidir, amma nəysə mən bu gözəlliyi hal-hazırda hiss edə bilmirəm!" ifadələri ilə özümüzü də sorğu-suala çəkə bilərik. Belə edə-edə üslub məsələsi insan fitrətinə yerləşər, onunla bütövləşər. Beləcə o insan zamanla: "Axı o qəzəblənən şəxsə necə cavab verdim? Necə oldu üzünü turşudub duran o insana mən hörmətsizlik elədim?" deyər, haqsızlığa məruz qaldığı hallarda belə özünü, daxili aləmini sorğuya çəkər. Çünki əsas məsələ üzünü turşudanın qarşısında şirindilli olmaq, əyrinin yanında düz dayanmaqdır.

Bəli, insanın davranışları onun daxili dünyasının güzgüsüdür. Əgər insanın ruhu düzdürsə, onun kölgəsi də həmişə düz olar. Əyri ağacın kölgəsi düz olmaz, düz ağacın kölgəsi də əyri olmaz. İnsan bunu bilməli və öz ruhunun düzlüyü və əyriliyini buna görə ölçüb biçməlidir. Elə isə özümüzə bu sualı verməliyik: “Hər şeyi gözəl görə bilirəmmi? Əşya və hadisələrə gözəl nəzərlə baxıb, onları gözəl qiymətləndirə bilirəmmi? Bu mömin dünyagörüşünə malikəmmi?” Əlbəttə ki, insan zahirə baxan yönü ilə bəla və müsibətlərin bilavasitə həqiqətini dərk etməyə bilər. İnsan zahirən naxoş mənzərəyə baxıb bəla və müsibətlərdə gizlənmiş bal-şərbəti görməyə bilər və hadisənin şoku ilə işin başında sarsıntı keçirə bilər. Ancaq ağlı başında olan insan başda ağır gəlsə də, sonra düz yolu tapar, yuxarıdakı misallarda olduğu kimi, hadisələrin izahını tapar və öz-özünə "Yəqin bu işdə bir az da günah məndə idi” deyər səlim ağılla, səlim hislərlə və səlim qəlblə hadisəyə yanaşar və Allahın izni ilə də bunun öhdəsindən gələr.

Əfəndilər Əfəndisinin (sallallahu əleyhi və səlləm) Bənzərsiz Üslubu

Hər ali xislətdə olduğu kimi, üslub mövzusunda da zirvə yenə də Əfəndilər Əfəndisinindir (sallallahu əleyhi və səlləm). Bildiyimiz kimi, Uhudda Onun mübarək yanaqlarına batan dəbilqəsi dişinin sınmasına səbəb olmuş, vücudu qan içində qalmışdı. Hətta dəbilqənin qırıqlarını çıxarmağa çalışarkən Əbu Ubeydə b. Cərrah Həzrətlərinin də qabaq dişləri qırılmışdı. Kin və nifrətlə dolu düşmənlərinin Onu öldürmək istədiyi belə bir şəraitdə belə Əfəndimizin (s.ə.s.) mübarək qanı yerə düşsə, Allah o milləti həlak edər təşvişi ilə: "- Allahım! Qövmümü bağışla, çünki onlar məni tanımırlar" (Buxari, Ənbiya 54; Müslim, Cihad 104-105) deyə dua etmişdi. Həmçinin, Taifdən dönəndə başı-gözü yarılmış, hətta dabanlarından qanlar axmışdı, amma O (əleyhissalatu vəssalam), bütün bunlara; "Allahım, gücsüzlüyümü, zəifliyimi və insanlar nəzərində alçaq görülməyimi Sənə şikayət edirəm. (…) Əgər mənə qarşı qəzəbin yoxsa, çəkdiyim möhnətə, bəlalara heç məhəl qoymaram." (İbn Sad, ət-Tabakatü'l-kübra, 1/211-212; İbn Hişam, əs-Siratün-nebeviyye) deyərək, dilinə bəddua gətirməmiş, sadəcə öz halını Rəbbinə ərz etmişdi.

Üslubdakı bu mütəmadilik sayəsində hər kəs İnsanlığın İftixarı Əfəndimizə (əleyhi əkməlüttəhaya vəttəslimat) inanmışdır. Bəli, O, qarğış və bədduaya amin deməmiş, qəhr  etməmiş, Ona ömür boyu pislik edənləri belə sadəcə Allaha həvalə etmişdir. Belə ki, bir gecə səhərə qədər Həzrəti İbrahimin duası olan: "Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!" (İbrahim, 14/36) məallı ayə ilə; Həzrəti İsanın duasından, "Ya Rəbbi! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)" (Maidə, 5/118) məallı ayələri dəfələrlə oxumuş, ümmətini diləmiş, əllərini qaldırıb: "Allahım, ümmətimi bağışla! Allahım, ümmətimi bağışla!" deyə yalvarmışdı. Nəticədə, Həzrəti Cəbrayıl gəlmiş və "Ümmətin haqqında Cənabi-Haqq Səni kədərləndirməyəcək" (Müslim, iman 346) müjdəsini vermişdi.

Bu bir üslubdur və Əfəndimiz (sallallahu əleyhi və səlləm) nə olur-olsun üslubuna sadiq qalmışdır. Elə isə bizim vəzifəmiz də üslub məsələsini namus bilib buna görə hərəkət etmək olmalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.