İdeal məşvərət-1

Fəthullah Gülən: İdeal məşvərət

Sual: İslamda məşvərətin üsul və ədəbi necədir?

Cavab: Qurani-Kərimdə məşvərətdən müsəlmanların zəruri bir xüsusiyyəti kimi açıq-aydın bəhs edilmiş və bu əvəzolunmaz düstura həyatın hər bir sahəsində əməl eləmək inanan insanlara əmr olunmuşdur.

Məsələn, Uca Allah “Şura” surəsində:

وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَى بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
“O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər” (“Şura” surəsi, 42/38)

məallı pak bəyanı ilə məşvərəti namaz və infaqla birlikdə sadalamaqla onun mömin bir cəmiyyət üçün həyati əhəmiyyətli bir vəsf, ibadət səviyyəsində bir əməl olduğunu xatırlatmışdır. Maraqlıdır ki, bu surə cəmi bir ayəsi şuradan (məşvərətdən) bəhs etdiyi halda, “Şura” adını almışdır.

Aşağıdakı ayədə də məşvərət açıq surətdə əmr edilmişdir:

فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللهِ إِنَّ اللهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ
“Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanma dilə, işlərində onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (“Ali İmran” surəsi, 3/159)

Rəncidə edilsəniz də, məşvərətə davam edin!

Bildiyiniz kimi, bu ayə Uhud döyüşündə baş verən müvəqqəti bir sarsıntıdan sonra ən təhlükəli anda nazil olmuşdur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) döyüşdən qabaq döyüş üsulu ilə bağlı səhabələrlə məşvərət etmiş və onların hislərini nəzərə alaraq meydan müharibəsinə girməyə qərar vermişdi. Ancaq bəzi səhabələr əmrə itaətin incəliyini qavraya bilmədiklərinə görə özləri də bilməmiş və nəticədə müvəqqəti sarsıntı ilə – məğlubiyyət deməməyə xüsusi diqqət edirəm – üzləşmişlər. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yaralandığı, üzündən mübarək qanının axdığı, bir çox səhabənin (radiyallahu anhum) şəhid olduğıu bir vaxtda Cənabi-Allah bu ayəni nazil etmişdi.

Bu ayədə Cənabi-Allah ilk öncə:

“Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər...” bəyanları ilə Peyğəmbərimizə (salallahu aleyhi və səlləm) iltifatla xitab etmişdir. Gəlin ayəni bir az izah edək: Sevgili Rəsulum! Sən onsuz da daşürəkli, kobud və sərt ola bilməzsən, deyilsən də. Belə olsaydın, bu insanlar Sənə qoşulub döyüş meydanına gəlməz, ətrafına toplanmaz və səpələnib (dağılıb) gedərdilər. Ey Sevgili Rəsulum! Onlar ictihadda xətaya yol verdilər. Bu səbəbdən فَاعْفُ عَنْهُمْ Sən bağışla onları!وَاسْتَغْفِرْ لَهُمْ və onlar adına Allahdan məğfirət (bağışlanma) dilə! Ardıncaوَشَاوِرْهُمْ فِي الْأَمْرِ “məsələni bir daha onlara aç və bir daha onlarla məşvərət et!

Bəli, baş verən sarsıntı hər şeyin altını üstünə çevirmiş, bir çox insan rəncidə edilmişdi. Üstəlik, Allah Rəsulunun qəlbi qırıla bilərdi. Məhz belə bir vaxtda Uca Allah (cəllə cəlaluhu) yumşaq bir üslubla məsələ haqqında məşvərət etməyi əmr buyurmuşdur. Halbuki Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) məşvərətə əsla ehtiyacı yoxdur. Çünki O (sallallahu aleyhi və səlləm), Həzrəti Əbu Bəkirin sözü ilə desək, səhər-axşam göylərlə həmdəm olmuşdur. Hansı sözü deyəcəyini, hansı addımı atacağını, hansı işi görəcəyini Allah (cəllə cəlaluhu) Ona bildirirdi.

Onun (sallallahu aleyhi və səlləm) heç bir işi yarımçıq qalmamışdır. Hansı əngəllə qarşılaşır-qarşılaşsın, Cənabi-Allah onun yollarını açmış və sanki “Buyur, yollar sənindir!” buyurmuşdur. Kamil Rəhbər Allah Rəsulu (sallallahu aleyhi və səlləm) səhabələrlə məşvərət etmək surətilə təkcə öz dövrünə deyil, bütün dövrlərdə yaşayan və Onu təqlid etməklə mükəlləf olan ümmətinə yol göstərir və lisanı-hal ilə (davranış və hərəkətləri ilə): “İstər qaymaqam, istər vali, istərsə dövlət başçısı.... kim olursunuz-olun, amma bir adamın fikirləri ilə hərəkət etməyin. Şəxsi düşüncələrinizlə qərar verməyin. Hər bir məsələni hökmən məşvərət edin”, − deyir.

Məşvərət bir işdə hamının iştirakını təmin edir

Ümuma aid qərarların verilməsində və fəaliyyətlərin həyata keçirilməsində məşvərət çox əhəmiyyətlidir. İnsanlar bir məsələ haqqında fikirlərini bildirəndə − fikrin tutumundan asılı olmayaraq – həmin işi öz işləri kimi görür və ağır da olsa, bir qulpundan yapışırlar. Əksinə, bir məsələdə onların fikir və təklifləri nəzərə alınmayıbsa, nə işə yaxın durarlar, nə də onun bir qulpundan tutarlar. O halda, görüləsi işlərin vacibliyini dərk etdirmək və bir çox adamın köməyindən faydalanıb ağır yükü xəfiflətmək üçün insanların sözügedən məsələnin müzakirəsində/məşvərətində iştirakını təmin etmək lazımdır. Nəticə etibarilə; məşvərət düsturuna hansı sahədə − istər bir ailədə, istərsə, bir heyətdə, istərsə də dövlətdə − biganə yanaşılarsa, həmin sahə miqyasında ciddi problemlər meydana çıxar. Bəli, Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) ümumi mənada: “Məşvərət edən zərər-ziyan görməz” (Təbərani, “Əl-Mücəmül-kəbir”, VI/365) buyurmasından belə nəticə çıxarmaq olar ki, məşvərət düsturu həyatın ən kiçik dairəsindən tutmuş ən böyük halqasınadək bütün sahələrdə tətbiq edilməlidir.

Məşvərətdə münazirə və müzakirə ədəbi

Məşvərətin vacibliyinə toxunduqdan sonra, gəlin indi də ideal məşvərət məsələsinə keçək.

Əvvəla qeyd edək ki, bir insanın öz ağlına görə bir qərara gəlməsi, bu qərarı dəyişməz düstura çevirməsi və məşvərətdə müzakirə edilən bütün məsələlərə sözügedən düsturları ilə yön verməyə çalışması məşvərətin ruhundan bixəbərlik sayılır. Halbuki insan hislərinin məsələyə qarışmasını, nəfsani arzularının ağıl və məntiqini üstələməsini istəmirsə, məşvərətdə görüşüləsi məsələlərə dair ağlına gələn fikirləri əqli-səlim (doğru düşünən ağıl), hissi-səlim (müvazi, ifrat və təfritdən uzaq hislər) və qəlbi-səlimlə (doğru yolda olan qəlb) yanaşı, batini duyğularının süzgəcindən də keçirib bir yerə yazmalı, görüşüləsi məsələlərin çərçivəsini müəyyənləşdirməli, ardınca da fikrini məşvərət heyətinə təqdim etməlidir. Yeri gəlmişkən, irəli sürdüyümüz fikir və təklifləri orijinal hesab etsək də, məşvərətdə səsləndirilən təkliflərin həmişə qəbul edilməsini gözləmək doğru deyil. O baxımdan, məşvərət məclisinə təqdim etdiyimiz təklif və fikirlər qəbul edilməyəndə “Demək, mən bu məsələyə dərindən bələd deyilmişəm və ya bildiklərim səhv imiş” deməyi bacarmalı, israr və inadkarlıq etməməliyik.

Əslində, məşvərətin üsulu münazirə və müzakirə olmalıdır. Münazirə və müzakirə isə mübahisə və didişmə deyildir. Bu günədək münazirə ədəbinə dair bir sıra əsərlər qələmə almış, Kitab və Sünnəyə əsaslanaraq münazirənin prinsiplərini ortaya qoymuşlar. Əslində, münazirə bir məsələ ilə bağlı qarşılıqlı nazir (fikir, baxış, görüş) ortaya qoymaq deməkdir. Məsələn, iqtisadiyyatla bağlı bir məsələ müzakirəsində hamı eyni sahədə fikirlər irəli sürdüyünə görə, şübhəsiz oxşar düşüncələr səsləndirilir. Bir-birinə oxşayan bu “nazir”lərin mübadiləsinə münazirə deyilir. Burada əsas məqsəd həqiqətin təbəllür etməsi, büllurlaşıb ortaya çıxmasıdır. Çünki “müsadimeyi-əfkardan bariqeyi-həqiqət təcəlli edər” (fikirlərin toqquşmasından həqiqət şimşəyi çaxar). Mübahisədən isə həqiqət parıltısı deyil, parçalanma, bölünmə, təfriqə doğar. Çünki münazirədə insaflı olmaq və qarşı tərəfin düşüncələrinə hörmət etmək əsas şərtdirsə, mübahisədə insanlar “dediyim dedikdir” düşüncəsi ilə hərəkət edir və qarşı tərəfi utandırmağa çalışırlar.

Əslində, bir məsələnin müazkirə edildiyi yerdə haqsız çıxan insan heç bir şey itirmir. Çünki öz fikrinin yanlış olduğunu görmüş və yeni bir şey öyrənmiş olur. Haqlı çıxan adam isə yalnız öz fikrini təkrar etmiş sayılır. Hətta bu adamın “Gördün? Mənim dediyim düz imiş” deyə düşünərək təkəbbürlənmə ehtimalı da var.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.