İdeal məşvərət-2

Fəthullah Gülən: İdeal məşvərət

Məşvərət şəxsi fikirlərin zorla qəbul etdirildiyi yer olmamalıdır

Məşvərətdə məsələlər insaf və vicdan kriteriləri ilə qiymətləndirilməlidir. Bu cür qiymətləndirmənin əsasını Qurani-Kərimin əməllərin “çəkilməsinə” dair ayələrində bəyan buyurulan meyar təşkil edir.

“Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” (“Zəlzələ” surəsi, 99/7-8). Yəni bir məsələ haqqında fikir mübadiləsi zamanı şər yönü xeyir yönündən zərrə qədər də olsa ağır gələn bir mülahizə kənara qoyulmalı və onun əvəzinə xeyir yönü şər yönündən zərrə qədər də olsa ağır gələn görüşə üstünlük verilməlidir. Əməl tərəzisində xeyir şərdən üstün hesab olunur və Cənabi-Allah buna əsasən bəndə haqqında hökm verirsə, demək, bu düstur məşvərətlərdə də əsas götürülməlidir. Əgər səsləndirilən fikirlərdən biri zərrə qədər daha xeyirlidirsə, buna heç bir vəzifə, ad-san və məqam sahibi etiraz edə bilməz. Əksinə həqiqət göz qabağında ola-ola kimsə vəzifəsindən, məqam-mənsəbindən, ad-sanından istifadə edərək kimlərəsə təzyiq göstərib öz fikirlərini qəbul etdirməyə çalışırsa, məşvərətin ruhuna xələl yetirmiş sayılır.

Bəli, məşvərətdə fikirlərin zorla qəbul etdirilməsi hallarına yol verilməməlidir. İslamiyyətə görə ən bəyənilən insan yarım saatlıq bir məşvərətdə qarşı tərəfi dinləyə-dinləyə on dəfə “Bu mövzuda çox haqlısınız. Fikrinizə etirazım yoxdur. Ancaq mənim də ağlıma belə bir fikir gəlib. Bu barədə nə düşünürsünüz?” deyən adamdır. Məhz odur, məşvərətin şərəfini qoruyan şərəf abidəsi. Qarşı tərəfin fikirlərini dinləməyən və həmişə öz düşüncələrini doğru sayan adamlar nəfsini bütləşdirən zavallılardır. Nəfsinə rüku və səcdə edən bu zavallı adam din adından danışdığını sansa da, əslində danışan onun nəfsidir. Dolayısilə belə adamların irəli sürdüyü fikirlər daima əks-reaksiya və etirazla qarşılanar.

Ona görə də məşvərətdə insan sərt hal, hərəkət və sözlərdən uzaq olmalı və fikirlərinin sivri tərəflərini “yonmalı”dır ki, qarşı tərəfin əks-reaksiyası ilə qarşılaşmasın. Bir məşvərətdə sərtliyə yol verilər, düşüncələr yumşaq bir üslubla dilə gətirilməzsə, orada inciklik və küskünlüklər qaçılmaz olur.

Məqam və vəzifə deyil, Haqqın xatirini uca tutmaq lazımdır

Bəzən məşvərətlərdə bəzi insanlar yaş, təcrübə və vəzifələrindən istifadə edərək öz fikirlərini zorla qəbul etdirməyə çalışırlar. Belələri özləri də bilmədən din naminə gördükləri işlərdən vəzifə və məqamları üçün açıq-aşkar sui-istifadə etmiş olurlar. Ancaq heç kimin egoist və xudbin hərəkətlərlə məşvərətin bərəkətini azaltmağa haqqı yoxur.

Məsələ ilə bağlı bir nümunə vermək istəyirəm. Həsən Bəsri həzrətləri sahəbalərin də olduğu bir söhbət məclisində iştirak edir. Məclisə gələnlər səhabələrə sual verir və onlardan məsləhət alırlar. Bu, çox təbii haldır. Çünki səhabeyi-kiram Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) hüzurunda olmuş və onun boyası ilə boyanmışdır. Zənnimcə, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) hüzurunda bircə dəfə olmaq Qurani-Kərimi başdan sonadək on dəfə oxumaq qədər feyiz və bərəkət gətirir. Çünki Onun hər əməlində Haqqın təcəllisi var. Baxışlarında, qulaq verib dinləməsində, ağzını açmasında, dilini və dodaqlarını tərpətməsində belə Allaha imanın həqiqətləri görünür. Bir şair onun halını: “Səcdə edərkən Onda təcəlli edərdi Allah” misrası ilə tərənnüm edir.

Yəni Ona baxan bir insan sanki Allahla qarşılarşırdı, çünki ilahi dərgahda Ondan əsər-əlamət qalmırdı. Haşa bu, zati-nübuvvətdə Zati-Üluhiyyəti təsəvvür etmək deyil, əksinə Onun hər hərəkət və davranışında Allahı xatırlatması deməkdir. Ona görə də belə bir Möhtərəm Nəbinin hüzurunda olan səhabələr tamam başqa boya ilə boyanırdılar. Üstəlik Rəsulullaha (sallallahu aleyhi vəsəlləm) ürəkdən bağlı olan bu insanlar ömür boyu ən az gündə bir neçə dəfə nəbi hüzuruna çıxmışlar ki, bu da onların sözlərini dinləməyə və onlarla məsləhətləşməyə əsas verir. Digər tərəfdən, o dövrdə iqtisadi, inzibati-idarə və ictimai həyatın bünövrəsini din və dini nəslər təşkil edirdi. Məhz bu səbəbdən də Həsən Bəsri həzrətlərinin dövründə yaşayan insanlar dinin əsas mənbəyindən öyrənən və hələ sağ olan səhabeyi-kirama baş vururdular.

Bir gün bu məclislərin birində bir səhabəyə (radiyallahu anh) sual verirlər, o da cavablandırır. Səhabə sözünü bitridikdən sonra danışmaq növbəsi arxa tərəflərdə oturan təxminən 25-30 yaşlarında olan Həsən Bəsriyə gəlir. Həsən Bəsrinin söhbətinə qulaq asan həmin səhabə ona heyran qalır. Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm) əsil əxlaqı öyrənən bu haqpərəst və insaflı səhabə məclis iştirakçılarına: “Bu şəxs ola-ola niyə bizə sual verirsiniz?” – deyə səslənir. Gördüyünüz kimi, səhabeyi-kiram Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) bağlılıqdan, bu bağlılıqdan doğan etibar və məqamdan istifadə edib öz fikirlərini kiməsə təkidlə qəbul etdirməyə çalışmırdılar. Gözəl nitq qabiliyyəti və güclü mühakiməsi olan bir gənci irəli çəkir və onun sözlərinin daha faydalı olduğunu düşünürdülər. Məncə məşvərətin ruhunu qavramaq üçün məsələlərə bu cür yanaşmaq çox əhəmiyyətlidir.

Təəssüflər olsun ki, hal-hazırda bu səvviyyədə haqpərəstliyə rast gəlmək çətindir. Yaşa dolmuş, az-çox təcrübəsi olan insanlar istəyir ki, həmişə özləri danışsın, başqaları da ağzına su alıb onları inləsin. Üstəlik məşvərətdə iştirak edənlər qarşı tərəf danışanda onu dinləmək əvəzinə, ona cavab vermək üçün söz hazırlayırlar. Bəzən də yersiz inadkarlıq edir və illlah da etiraz etməyi özlərinə borc bilirlər. Hətta bəzən qarşı tərəfin “yerinə oturtmaq” üçün şeytani planlar qururlar. Beləcə məşvərət məclisində deyilən sözlər həqiqət də olsa, onlardan faydalanmaq mümkün olmur.

Halbuki “Haqq hər şeydən üstündür və onu heç bir şeyə qurban vermək olmaz”. Ona görə də bütün söz və əməllər haqqa söykənməlidir. O böyük insan Həzrəti Pir də tələbələrinə öyrədirdi ki, bir şeyi sırf o söylədi deyə qəbul etməsinlər, çünki o da yanıla bilər. Məhz bu cür geniş fikirli olmaq lazımdır. Heç kimə göydən vəhy gəlmirsə, demək, hamı xəta edə bilər. Bunu heç vaxt unutmamaq lazımdır.

Təki danışan həqiqət olsun!

Digər tərəfdən, həqiqətin başqa insanlarının sözləri ilə ortaya çıxmasından, başqalarının əli ilə ortaya qoyulmasından narahat olmamaq lazımdır. Əgər kimsə ağlabatan və məntiqi bir fikri irəli sürübsə, orada, “illah da mən danışmalıyam, yaxşı fikirlər məndən çıxmalıdır, hamının təqdirini qazanan mən olmalıyam” düşüncəsi möminə yaraşmaz. Ancaq vacib bir məsələ haqqında heç kimin deməyə bir sözü yoxdursa və bu məsələ dilə gətirilməsə, bəzi insanlar zərər çəkəcəksə, o halda haqq naminə danışmaq lazımdır. Bu zaman da məclis əhlinin söyləyəcəyiniz sözləri qəbul etməyə hazır olub-olmadığına diqqət etməlisiniz ki, sözünüz əks-reaksiya ilə qarşılanmasın. İnsan sözə hörmət olmayan bir yerdə susmaqla həm daha düzgün hərəkət etmiş, həm də öz düşüncəsinə hörmət etmiş olar. Çünki başlanğıcda bir fikrə etiraz edənlərin – deyilən sözlər haqq olsa da – daha sonra onu qəbul etməsi çox çətin olur. Hətta belə bir vəziyyətlə qarşılaşıb məclisdən ayrılanlar həmin fikrin həyata keçməməsi üçün başqa bahanələr uydura bilərlər. O baxımdan insanların həqiqətə hörmət etməyə hazır olduğu anı gözləməli və belə bir fürsət ələ düşəndə fikrinizi irəli sürməlisiniz ki, hamı ondan faydalana bilsin

Bundan savayı, məşvərətdə iştirak edən hər kəs haqpərəst olmalıdır. Xüsusilə böyük insanlar bu barədə çox həssas hərəkət etməlidir. Çünki onlar nə deyir-desin hörmətlə qarşılanır. Halbuki onlar da xətaya, səhvə yol verə bilərlər. O baxımdan böyüklər bu məqama diqqət etməlidir: Onlıarı dedikləri bir sözün yanlış olduğunu anlayar-anlamaz dərhal xətalarından geri dönməyi bacarmalıdırlar. Üstəlik layiqli insanların söz deyəsi yerdə susması, susmalı insanların isə danışması həm faydalı fikirlərin hədər olmasına, həm də yersiz dedi-qodulara gətirib çıxarar.

Qeybətdən uzaq olun!

Məşvərətin vacib məsələlərindən biri də məclisdə qeybət etməmək və lüzumsuz yerə başqalarının arxasınca danışmamaqdır. Yoxsa Haqq yolunda xidmət etdiyimizi sanaraq dilimizi çirklətmiş, ruhi-mənəvi həyatımızı qaraltmış olarıq. Ona görə də qeybət məsələsində çox həssas olmaq, qəzadan qeybət edilibsə, qeybət edilən şəxsin yanına gedib halallaşmaq lazımdır. Hətta müəyyən məsələlərin müzakirəsində söhbətin çərçivəsi dəqiq müəyyənləşdirilməlidir ki, insanlar yalnış yönə yönəlməsin, sui-zənnə zəmin hazırlanmasın. Bu kimi hallara imkan verməmək üçün hər sözü həqiqət olan insanlar belə, lazım gələndə susmağı bacarmalıdır. Əvvəlcə susmalı və “Görəsən heç kimi rəncidə etmədən bu həqiqəti necə çatdır bilərəm?” deyib ətraflı düşündükdən sonra fikirlərini söyləməlidir.

Bəli, möminin susması təfəkkür, danışması hikmət olmaldır. Yəni sözündə hikmət varsa, danışmalı, əks halda susmalıdır. Şairin dediyi kimi “Leyli sözü söylə, yoxsa xamuş!” Yəni danışacaqsansa, sevgilidən söz et, əks halda sus! Bir yerdə insanlara Allaha gedən yolları göstərməyən, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) aparan yolları onların üzünə açmayan və İslami həqiqətlər baxımından bir dəyər kəsb etməyən məsələlər haqqında lüzumsuz sözlər danışma ehtimalı varsa, qəlbin sözünə baxmayan o dili dişləmək və sükut etmək lazımdır. Sən onu dişləməsən, o başqalarını dişləməkdə davam edəcək. Unutmayın ki, qılınc yarası sağalar, şəfa tapar, ancaq sözlə yaralanmış qəlbləri sağaltmaq çox çətin olur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.