İdmanda zorakılıq və iffətli idman

Sual: Bu gün idmanın, xüsusilə də, futbolun, dava-dalaş və şiddətə səbəb olduğunu müşahidə edirik. Bu mövzuda inanclı insanlara hansı vəzifələr düşür?

Cavab: Tarixi uzaq keçmişə söykənən və mədəniyyətimizdə də güləş, qaçış, "cirit" və s. kimi icad edilən müxtəlif idman oyun müsabiqələri çox təəssüf ki, bu gün kin və nifrətə, döyüş və mübarizəyə açıq zəmində həyata keçirilir. Bəli, indiki dövrdə oyunçular arasında olduğu kimi, tərəfdarlar arasında da xoşagəlməz hadisələr yaşanır; stadionlarda bəzi dairələr hərəkətə keçib tamaşaçıları provakasiyaya təhrik edirlər.

Dəyərlərimiz və idman oyunları

Qənaətimcə, hər ictimai məsələdə olduğu kimi, bu mövzunun kökdən həlli də öz dəyərlərimizə qayıtmaqda və bu dəyərlər əsasında formalaşan tərbiyə və əxlaq anlayışı ilə insanımızı yetişdirməkdə axtarılmalıdır. Səs-küy qoparan, nalayiq sözlər deyən insanların bizim tərbiyə anlayışımızdan çox uzaq olması açıq-aşkardır və bu eyni zamanda, ümumi mənada cəmiyyətin yenidən inşaya ehtiyac duyduğunu göstərir. Keçmişdə məktəblər, mədrəsələr həm təlim, həm də tərbiyə verərdi. Burada şagirdlərə təhsil verməklə yanaşı, öz mədəniyyətimiz, öz ənənələrimiz və atalarımızdan miras qalan dəyərlər də öyrədilərdi. Alicənablıq, insana hörmət, nəzakət və rəqib ilə belə alicənab davranmaq da məhz bu dəyərlərimizdən idi.

Təəssüf ki, bu gün yetişən nəsillərin belə bir təlim-tərbiyə gördüyünü demək olduqca çətindir. Bu səbəblə, köklü dəyərlərindən məhrum bu təcavüzkar və azğın nəsil küçələrə tökülüb həm özünə, həm də ətrafa zərər verir. Başqa bir yerdə bu nəsil əlisilahlı bir anarxistə çevrilmiş, günahsız insanları öldürməklə məşğuldur. Bir başqa yerdə insanları təxribatla təhrik edib polis və əsgərə hücum edir. Məhz ali və yüksək dəyərlərdən məhrum bu nəsil futbol sahələrində də dava-dalaş və iğtişaşa səbəb olur.

Əgər bu məsələdə həqiqi mənada köklü bir nəticə əldə etmək istəyiriksə, bu dairədə olan insanımızı dinimizin ali və yüksək insani dəyərlərindən xəbərdar etməli, onları "yamanlığa yaxşılıqla qarşılıq vermək" əxlaqına çağırmalı, insana hörmət anlayışını ibadət olaraq onlara mənisətməli, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bir hədisində buyurduğu kimi, bir insanın üzünə gülməyin ibadət olduğunu (Tirmizi, Birr 36) onlara xatırlatmalı, xülasə onları potensial insan səviyyəsindən həqiqi insan üfüqünə yüksəltməliyik. Beləliklə, onları qəsdən incidən, təhqir edən, yaralayan insan xarakterindən uzaqlaşdırıb yolçuların ayağına batmasın deyə yoldan tikanı götürən, insanlara narahatçılıq olmasın deyə yolları daşdan təmizləyən insanlara çevirməyə çalışmalıyıq. Bütün bunlar İslamiyyətin ali əxlaqına daxil olan əsaslardır. Belə ki, Buxari və Müslimin rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz (əleyhissalətu vəsəlləm): "İman yetmiş və ya altmış şöbədən ibarətdir. Ən fəzilətlisi "Allahdan başqa ilah yoxdur" demək, ən aşağısı isə yolu yol gedənlərə əziyyət verən şeylərdən təmizləməkdir," (Buxari, İman 3; Müslim, İman 57) ifadələri ilə insanları narahat edən şeyləri aradan qaldırmağın imanın bir parçası olmasına işarə etmişdir.

Təməl prinsipləri bu olan bir dinin mənsubları belə hərəkət edir. Və unudulmamalıdır ki, belə hərəkət və davranışların hökm sürdüyü cəmiyyətdə də əmin-amanlıq və asayiş olar. Bunun əksi isə anarxiya və iğtişaşdır. Zənnimcə, ağıllı və vicdanlı heç bir insan cəmiyyəti fəlakətə sürükləyən belə bir iğtişaş və xaosu istəməz. Elə isə cəmiyyətin dəyişib istənilən səviyyəyə çatması üçün öz mədəniyyətini ayağa qaldırmağa çalışan tərbiyəli və insana hörmət edən şəxslərə böyük iş düşür.

Bu mövzuda ən böyük məsuliyyət isə işin başında duran şəxslərə düşür. Məsələn, idman naziri, baş müdir, onların müşavir və məsləhətçiləri, həmçinin idman klubları və onların idarə heyəti bu işə sahib çıxmalı, razılığa gəlməli və deməlidir ki: "Biz necə ki, idmançıları müəyyən yerlə təmin edib məşq etdiririk. Eyni şəkildə, onların təhsili üçün də vaxt ayırmalı, bir yer təmin etməliyik. Burada onlara alicənablıq dərsi verməli, həqiqi insanlıq üfüqünü göstərməli və idmanda öz zərifliyimizi, nəzakətimizi təmsil etdirməliyik".

Bu nöqtədə bir məsələyə diqqətinizi çəkmək istəyirəm. İdmana baxan dövlət adamları və bu işlə məşğul olan klub idarəçiləri bir tərəfdən sözügedən əxlaq, tərbiyə və insana hörmət anlayışını aşılayarkən, digər tərəfdən həyatını tamamilə zorakılığa, sərtliyə bağlamış, bu fəlsəfə ilə oturub-duran, bu mədəniyyətlə yetişən, təcavüzkarlıq və şiddətlə yoğrulan insanlara qarşı da bəzi tədbirlər görə bilərlər. Çünki belə insanları məktəbə qoysanız, orada da intizamsızlıq çıxarar; sinfi və məktəbi xaosa çevirər, verilən kitabları bir-birinin başına keçirər. Laboratoriyaya salsanız, laboratoriya alətləri ilə bir-birlərini yaralarlar. Hərbiyə qoysanız, silah çəkər. Çünki belə insanların duyğu və düşüncəsi bu istiqamətdədir. Bu səbəblə idman oyunlarını tərtib edənlərlə dövlət nümayəndələri birlikdə bu insanları təsbit edib stadionlardan uzaqlaşdırmaqla xalqı təhrik edib ayağa qaldıran mənfiliklərin də başdan qarşısını ala bilərlər.

İnsana hörmət və ibadət

Ancaq bir az əvvəl də ifadə etməyə çalışdığım kimi, məsələni kökündən həll etmənin yolu öz dəyərlərimizin həyata keçirilməsindədir. Bu edildiyi təqdirdə inanıram ki, idmançılarımız hər hansı musabiqədə – futbol və ya voleybol oyunlarında alicənablıqla, insana yaraşan bir şəkildə dünyaya gözəl nümunə olma səviyyəsinə çatacaqlar.

Bəli, yetər ki biz insanımızı ruhundakı dəyərlər dünyasına yenidən istiqamətləndirə bilək, insana hörmət etmənin ibadət olduğunu onun ruhuna bir daha duyuraq. Çünki Allah-Təala: "Biz, Adəm övladını şərəfli və hörmətli elədik" ("İsra" surəsi, 17/70); "Biz insanı ən gözəl biçimdə yaratdıq!" ("Tin" surəsi, 95/4)

ayələri ilə bizə hər insanın mükərrəm və əhsəni-təqvimdə yaradıldığını bəyan edir. Əlbəttə ki, burada insanın şərəfli və mükərrəm yaradılmasında yalnız onun göz-qaşı, burnu, qulağı və siması, yəni fiziki quruluşu nəzərdə tutulmur. Bütün bunlar əhsəni-təqvimin sadəcə xaricə əks olunan qəlibidir. Allah-Təalanın nəzərdə tutduğu əhsəni-təqvim əsasən insanın daxili aləmi ilə, özü ilə, əsası ilə bağlıdır. Yəni insanın potensial olaraq bəzən mələklərdən də üstün səviyyəyə yüksələ bilən mahiyyətə və dərinliyə sahib olması nəzərdə tutulur. İnsanlığın İftixarı Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) şəxsində bu böyüklüyü, bu ululuğu və bu neməti açıq-aydın görə bilərik.

Elə isə bizim məqsədimiz mahiyyətimizə yerləşdirilmiş bu dərinliyi ortaya çıxarmaq və daim onu xatırlatmaq olmalıdır. Məktəbdə tələbəyiksə, bu dərinliyi ifadə etməli, müəllimlik ediriksə, bu ənginliyi tələbələrin ruhuna duyurmalı və eyni şəkildə əgər bir idman oyunundayıqsa, bu dərinliyi və bu zərifliyi nümayiş etdirməli və beləcə hər sahədə özümüzü ifadə etməyə çalışmalıyıq. Burada "özümüzü ifadə edək" deyərkən nəzərdə tutduğum məqam insanın yaradılış baxımıdan ayna olma məsələsidir. Çünki bir misrada deyildiyi kimi: "Mirati-Muhamməddən Allah görünər daim". Bəli, insan bir aynadır. İnsanda təcəlli olan isə Allahdır. İnsanda Rəhman sifəti təcəlli etmişdir, mahiyyətinə ilahi əxlaq yerləşdirilmişdir. Biz hər yerdə Allahı xatırlatmaq və Onu əks etdirən parlaq, şəffaf bir ayna olmaq mahiyyətini daşıyırıq. Nə voleybol, nə futbol, nə də digər idman sahələri buna mane olmamalıdır. Bu səbəblə bir müsəlman harada olur-olsun barmaqla göstərilməli, haqqında "insan bax belə olar" deyilməlidir.

Yumruq və gül

Baxın çox vəhşi, təəssübkeş, öz övladlarını öldürən, daşürəkli, hər pis əməli edən cahiliyyə dövrünün insanları Allah Rəsulunun (əleyhissalətu vəsəlləm) təlim və tərbiyəsi, Quranın ruhu ilə qarışqanı belə öldürməyən insanlara çevrilmişdilər. Çünki Rəsuli-Əkrəm Əfəndimiz (sallallahu əleyhi və səlləm):

"Allah-Təala həzrətləri hər şeyə qarşı yaxşılığı əmr edir; elə isə öldürərkən (ölümə layiq olanları) ehsan duyğusu ilə öldürün! (Bir heyvanı) boğazlarkən ehsan hissi ilə boğazlayın (yəni) bıçağınızı yaxşı itiliyin və kəsəcəyiniz heyvanı rahatlatdırın!" (Müslim, Sayd 57) buyuraraq müharibə aparmağa məcbur olan; dini, torpağı, isməti, namusu, gələcək və azadlığı üçün mübarizəyə məcbur olan müsəlmanları müharibə meydanında, döyüşün qızğın anında belə ehsan şüuru ilə hərəkət etməyə çağırmış və öldürmək üçün gələn ölümə layiq olan düşmənə belə vəhşilik etməməyi, işgəncədən uzaq olmağı əmr etmişdir. Hədisin davamında isə heyvan boğazlarkən belə ehsan şüuru ilə hərəkət etməyi təlqin olunur. Məsələn, bıçağın yaxşıca itilənməsi, heyvanın əziyyət çəkmədən kəsilməsi tövsiyə edilir. Bütün bunlar bir müsəlmanın xarakterini, şəfqət və mərhəmətini ortya qoyması və hər işdə yaxşılıq hissi ilə hərəkət etmə zərurətini göstərməsi baxımından çox əhəmiyyətlidir.

Məhz belə bir dinin mənsubları hər yerdə, hər zəmində bunu ortaya qoymalıdırlar. Bu baxımdan bizim idmançımız yeri gələndə yumruqla belə üstünə gələn rəqibinə gül uzatmağı bacarmalıdır. Bu davranış həm rəqibi yumşaldacaq, həm də onun fikrini dəyişdirəcəkdir. Çünki insan rəqibinin üzünə güləndə onun ədavəti birdən-birə sevgi və şəfqətə çevrilər. Düşmənin düşmənçilik duyğularını insani duyğulara çevirmək bir uğurdur, bir zəfərdir. Bu dövrdə bu ali duyğunu təmsil edə bilən yüksək xarakterli insanlara ehtiyac vardır. Əslində fitrətimiz buna uyğundur. Fitrət insan xarakterinin nüvəsi olan təbii quruluşdur. Əsas olan fitrətimizdə olan bu duyğuları işlədə-işlədə təbiətimizin bir dərinliyinə çevirməyə çalışmaqdır.

Xülasə, illərlə mədəni millətlərə mədəniyyət öyrətmiş, onların qəlbində taxt qurmuş, özünü haqq və ədalətlə onlara qəbul etdirmiş millətimizin idmançıları da idmanda gözəl nümunə olmalıdırlar. Biz idmanın da iffətlisini təmsil etməliyik. Bizdə dopinq tapılmamalı, oyunumuzda hiyləyə rast gəlinməməli, qəsdi-iradi heç bir qayda pozuntusu olmamalı, hər şeyi namusla ortaya qoymalı və dünyaya hər şeydə namusun ola biləcəyini göstərməliyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.