Qəlbdəki sevgini ifadə etmə yolları

Sual: Resuli-Əkrəm Əfəndimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifdə məalən "kim bir qardaşını sevirsə, ona sevdiyini desin" buyurur. Möminin sevgi duyduğu bir yoldaşına sevgisini bildirmə yolları və əsasları nələrdir?

Cavab: Hədis qaynaqlarına nəzər yetirəndə, bu hədisin əsil səbəbini tam bilmədiyimiz bir hadisə münasibəti ilə bəyan edildiyini görürük. Belə ki, Kainatın Fəxri Əfəndimiz (sallallahu əleyhi və səlləm) bir şəxslə birlikdə olarkən başqa bir nəfər onların yanından keçir. Allah Rəsulunun hüzurundakı səhabə Rəsulullaha: "Ey Allahın Rəsulu, mən bu gənci sevirəm" deyir. Əleyhissəlatu Vəsəlləm Əfəndimiz: "Yaxşı bəs bunu ona dedinmi?" deyə soruşur. “Xeyr” cavabını alınca Əfəndimiz həmin səhabəyə yoldaşına olan sevgisini bildirməyi tövsiyə edir (Əbu Davud, Ədəb 122).

Yuxarıda ifadə etdiyimiz kimi, hər nə qədər bu hadisənin əsil səbəbi barədə qəti və dəqiq bir məlumatımız olmasa da, ehtimal ki, həmin iki şəxsin xüsusi münasibətlərinə görə belə bir tövsiyə edilmişdir. Çünki fətanəti-üzma (yüksək dərrakə) sahibi Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) əşya və hadisələrə əhatəli, hərtərəfli bir nəzərlə baxdığına görə səhabə əfəndilərimizin bir-biri ilə münasibətini çox yaxşı qavrayır, çox yaxşı bilirdi. Bəli, O, arxasında cərgəyə duran insanların ümumi əhvalına bələd idi. Məsələn, namaz cərgəsində durarkən topuqları, dizləri, çiyinləri bir-birinə dəyəcək qədər binanın daşları kimi sağlam olub-olmamasını, bir-birinə baxışlarını, ürəkdənmi, yoxsa ötəri bir "salam" deyişinə qədər aralarındakı münasibəti daim doğru qavrayır, onlar barədə hökmünü də elə yerli-yerində, elə düzgün verirdi ki, bundan daha mükəmməli ola bilməz. Bəli, bu səviyyədə müxatəbini tanımaq, bilmək və onlar barədə düzgün qərar vermək ancaq fətanəti-üzma sahibi İki Cahan Sərvərinə xas bir keyfiyyətdir.

Digər tərəfdən, mənəvi aləmlərlə daim irtibatda olan Allah Rəsulunun (əleyhissəlatu vəsəlləm) vəhy ilə insanların hər halına bələd olma kimi bir üstünlüyü də var. Bu səbəblə, demək olar ki, Rəsuli- Əkrəm Əfəndimiz (sallallahu əleyhi və səlləm) istər vəhy ilə, istər də üstün fətanət və hissiyyat ilə həmin iki insan arasındakı problemi sezmiş və onlardan birinin "Mən filankəsi sevirəm" deməsi ilə vaxt itirmədən: "Get ona sevdiyini söylə" buyurmuş ola bilər. Ancaq bu hadisədə belə bir ehtimal olsa belə, məsələyə ümumi şəkildə yanaşmağın heç bir qəbahəti yoxdur. Yəni səbəbin xüsusi olması, hökmün ümumiliyinə mane deyil. Buna görə, bu hadisə münasibəti ilə bəyan edilən bu hədisi-şərif ümumi mənada hər kəsə xitab edir və bir qardaşına sevgi bəsləyən möminin sevgisini bildirməsi və ya bir yol tapıb bunu hiss etdirməsi, tövsiyə olunur. Onsuz da məsələyə inanan insanlar arasındakı qardaşlıq və birliyin təmin edilməsi baxımından yanaşanda, Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) buyurduğu bu əsası möminlərin qaynayıb-qarışması, səmimi münasibət qurub bir-birinə etimad etməsi, qəlbən bir-birinə bağlanması və sui-zənnə aparan yolların elə başlanğıcdan bağlanması naminə çox əhəmiyyətlidir.

"Xalid, Allah şahid ki, səni çox sevirəm"

Əsri-Səadətə baxanda Kainatın Fəxri Əfəndimizin (sallallahu əleyhi və səlləm) bu nurani düsturunu səhabə əfəndilərimizin həyatında çox böyük rol oynadığını və bu ləli-gövhər kəlamın neçə-neçə gözəl hadisələrə səbəb olduğunu görə bilərək. Məsələn, Həzrəti Ömər (r.a.) Yermük müharibəsində Həzrəti Xalidi vəzifədən uzaqlaşdırıb yanına çağıranda sözünə bu kəlmə ilə başlayır: "Ey Xalid! Allah şahid ki, səni çox sevirəm". Həzrəti Ömərin xalqın önündə, bir toplumun qarşısında Həzrəti Xalidə bu şəkildə xitab edərək sözə başlaması növbəti sözlərin hüsni-qəbul olması üçün çox əhəmiyyətlidir. Üstəlik vəzifədən uzaqlaşdırdığına görə Həzrəti Xalidin xoşagəlməz duyğulara qapılmasının başdan qarşısını alır. O böyük xəlifə sözə belə davam edir: "Ancaq, ey Xalid! Xalq əldə edilən zəfərləri səndən bilir. Mən bilirəm ki, bu zəfərləri bizə lütf edən Allahdır. Bu səbəblə, səni vəzifəndən uzaqlaşdırıram". Həzrəti Xalidin əqidəsi də buna zidd deyildi ki, etiraz etsin. Həzrəti Ömər bu sözlərlə şirklə mücadilə apardığını elan edir, Həzrəti Xalid də Ona dəstək verirdi. Həzrəti Ömərin Həzrəti Xalidə olan sevgisini bu şəkildə dilə gətirməsi və sözünə belə bir ifadə ilə başlaması növbəti sözlərin hüsni-qəbul olması və vəhdəti-ruhiyənin təmin edilməsində böyük əhəmiyyət kəsb edir.

Mübaliğə - məddahlıq və təbii sevgi

Bir möminin qardaşına bəslədiyi sevgini duyurması, bildirməsi nə qədər vacibdirsə, bu gözəl əməldə səmimi olmaq, süniliyə, bir növ riyakarlıq olan üstüörtülü yalan olan mübaliğəyə yol verməmək də o qədər vacib və əhəmiyyətlidir. Hər şeydə olduğu kimi, bu mövzuda da yanılmaz və yanıltmaz rəhbərimiz Əfəndimizdir (əleyhi əlfü əlfi səlatin və səlam). Çünki O, duyğuda, düşüncədə, ibadət və taətdə, insanların bir-birlərinə qarşı davranışlarında və s. bütöv bir həyatı təlim etmək missiyası ilə göndərilmişdir. Yoldaşımıza bəslədiyimiz müsbət duyğularımızı necə ifadə edəcəyimizi, üstünlüyünü və fəzilətini necə dilə gətirəcəyimizi və s. bütün bunları Əfəndilər Əfəndisinin söz və bəyan xəzinəsindən öyrənməliyik. Bu baxımdan, səhih hədis qaynaqlarında keçən bu məşhur hadisəni xatırlaya bilərik: Bir səhabə Rəsuli-Əkrəm Əfəndimizin (əleyhissəlatu vəsəlləm) hüzurunda yoldaşının üzünə baxa-baxa onu mədh-səna edir. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ona: "Yoldaşının boynunu vurdun" deyərək bunu üç dəfə təkrar edir və: "Kimsə qardaşını tərifləyirsə, heç olmasa: "Filankəs haqqında mən belə düşünürəm, ancaq işin əslini Allah bilir. Mən heç kimi Allah qatında təmiz çıxara bilmərəm" desin, buyurur" (Buxari, Şehadat 16).

Rəsuli-Əkrəm Əfəndimizin bu xəbərdarlıq və tənbehini düzgün anlayıb, düzgün şərh etmək üçün yuxarıda izah gətirməyə çalışdığım bir məsələni, icazənizlə, bir daha dilə gətirmək istəyirəm. İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) həmsöhbətini əlinin içi kimi bilər, başa düşər, yaxşı tanıyardı. Bu məsələyə, yəni insanı tanıma məsələsinə, qənaətimcə, bir sabit əsas kimi baxıb Əfəndimizin kəlamlarına bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Çünki belə bir yanaşma şəkli o nur saçan bəyanlar haqqında düzgün hökm verməyə kömək edəcək. Məsələyə bu aspektdən baxanda bunu deyə bilərik: Deməli, birbaşa, üzbəüz tərif edilən şəxs hələ bunu həzm edəcək ruhi-mənəvi səviyyəyə çatmamışdı, tərif dolu sözlərə tab gətirə bilməzdi. Bu səbəblə, bilmək lazımdır ki, sevmə, sevdiyini hiss etdirmə başqa, məddahlar kimi mübaliğə söyləmə, Qırxpinar güləşçiləri kimi ətrafa yağ töküb gəzmə; "onun tayı-bərabəri yoxdur", "bir sənginə yekparə acəm mülkü fədadır" kimi ifadələri işlətmə tamam başqa məsələdir. İkincisi, insanın boynunu vuran ifadələrdir ki, qadağan olan məhz budur. Üstəlik belə ifadələr mədh-səna edilən şəxsin ağlını başdan ala və onun üxrəvi həyatının məhvinə səbəb olmaqla birlikdə, başqalarında qibtə duyğusu oyada da bilər. Qibtə üzrsüz görünsə də, unudulmamalıdır ki, qibtə ilə həsəd həmhüduddur. Bu səbəblə, qibtəni təhrik etmək, insanı təhlükəli zəminə çəkmək deməkdir. Bəli, siz bir nəfəri təriflədikcə digər insanlarda həmin şəxsə qarşı qısqanclıq və həsəd duyğuları  oyanır, bir çox süni düşmən yaranır.

Bu səbəblə, məncə, mübaliğələrlə qardaşlarımızı böyük payə, böyük ünvanlarla yad etmək; onları həsəd və qısqanclığın hədəfinə çevirmək əvəzinə, onlara sədaqət göstərməklə qardaşlığın haqqını vermək lazımdır. Bu baxımdan, üstüörtülü yalana – mübaliğəyə yol vermədən, ağıl, məntiq və qəlbin təsdiq etdiyi, ruhanilərin və səma sakinlərinin razı olacağı, dinin ruhuna və Quran aqilliyinə uyğun bir üslubla sevgi və məhəbbətimizi dilə gətirməliyik.

Bu mövzuda nəyin doğru, nəyin yanlış olduğunu vicdan seçə bilər. Bəli, siz vicdanın hakimliyinə müraciət edin, nəyin mübaliğə, nəyin saf, səmimi sevgi olduğunu sezib anlayacaqsınız.

Sevginin ifadəsində yol və vasitələr

Əlbəttə, sevgini ifadə etmək üçün sözdən başqa yollar da vardır. Məsələn, sevilən insana dua etmək ən gözəl və ən doğru vasitələrdən biridir. Kainatın Fəxri Əfəndimiz (sallallahu əleyhi və səlləm): "Ən tez qəbul olunan dua qaibin qaibə duasıdır" (Tirmizi, Birr 50) buyurur. Bir insanın sevdiyi bir yoldaşına onun xəbəri olmadan qiyabən dua etməsi həm bu sevginin Allah üçün olmasına bir sübutdur, həm də o iki insan arasında səmimi bir sevginin qurulmasında böyük bir vəsilədir.

Sevgini ifadə etmənin əvəzolunmaz bir yolu da insanın sevdiyi şəxs haqqında duyduğu hüsnü-zənni, müsbət düşüncələri həmin şəxsə çatdıra biləcək üçüncü bir şəxsin yanında dilə gətirməsidir. Məsələn, bir nəfər: "Mən indiyə qədər filankəsin heç bir pis əməlinə şahid olmadım. Hətta bəzən ona pislik etdim, amma ondan həmişə yaxşılıq gördüm. O, etdiyim pisliyə heç vaxt pisliklə qarşılıq vermədi" kimi ifadələrlə başqalarının yanında ona olan müsbət duyğu və gözəl düşüncələrinizi dilə gətirə bilərsiniz. Müsbət düşüncələrin ünvanlandığı yoldaşın bundan xəbərdar olması o iki nəfərin arasında sevgi körpülərinin qurulmasında böyük rol oynayacaq.

Həmçinin, hər bir yaxşılıq sevginin ifadə yollarından biridir. Heç unutmuram, yoldaşlardan biri digərinə belə demişdi: "Allah mənə bağ-bağçamdan filan qədər məhsul verdi. Əgər qardaşsaq, mən bunu səninlə bölüşmək istəyirəm". Bu elə alicənablıqdır ki, siz dəfələrlə "mən səni sevirəm, qardaşım!" desəniz, bu qədər təsirli olmaz. Əlbəttə ki, siz öhdənizə düşəni edib, “Belə bir təklifi qəbul edə bilmərəm”, deməlisiniz. Bu, başqa məsələ. Mənim vurğulamaq istədiyim şey həmin insanın düşüncə və davranışı, bu davranışla sevginin qəlblərdə çiçək açmasıdır.

Əlbəttə, bu düşüncəni sadəcə maddi ehsan şəklində; yeməyib yedirmə, geyməyib geydirmə kimi anlamaq, bununla məhdudlaşdırmaq doğru deyil. Bəlkə də, yeri gələndə hissiyyatımızı, görüşümüzü, düşüncə və fikirlərimizi bir kənara qoyub qardaşımızın hissiyyat, görüş, düşüncə və fikirlərinə üstünlük vermək bəzən maddi fədakarlıqdan çox sevgi tellərini qüvvətləndirir. Bəli, qarşı tərəfin düşüncələrinə hörmət edib onları qəbul etmək, öz hissiyyatımızı qardaşımızın hissiyyatında əridib yox etmək elə bir vasitədir ki, onunla könül qapılarını taybatay aça bilərsiniz. Məsələn, bir yoldaşınız sizə bir mövzuda bəzi tövsiyələr verdi. Siz də buna cavabən səmimi olaraq, "Qardaşım! Allah səndən əbədi olaraq razı olsun! Mən bu günə qədər bu məsələni heç belə düşünməmişdim. Bu fikir və təkliflərin zehnimi elə açdı ki, Allahın izni ilə bir çox problemi bu sirli açarla həll edərəm" deməklə sevginizi ifadə etmiş və qardaşınızın qəlbini özünüzə  qarşı məhəbbətlə süsləmiş olarsınız.

Gördüyünüz kimi, sevgini ifadə etmək üçün bir çox yol var. Sözlə, qiyabən edilən dua ilə könüllər fəth edə və bunları da bir mənada "səni sevirəm" şəklində anlaya bilərsiniz.

Sizə utopik gələ bilər, lakin mən bu məqamda bir hissiyyatımı ifadə etmək istəyirəm. Kaş ki, inanan insanlar bir-birini aşiq-məşuq kimi sevsələr. Biri Leyla isə digəri Məcnun, biri Vamık isə o biri Azara, biri Şirin isə digəri Fərhad, biri Kərəm isə o biri Əsli olsa. Bir-birini görmək üçün hər cür çətinliyə, məşəqqətə və təhlükəyə sinə gərsələr, bir-birinin arxasınca qaçsalar. Lakin insan təbiətinin zəifliklərini nəzərə alanda sevginin eşq dərəcəsində reallaşmasının o qədər asan olmadığını da bilirik.

Məhz bu məqamda möminə yaraşan əməl yoldaşlar arasında yaşanan bəzi problemləri böyütməmək və pis əmələ pis əməllə cavab verməməkdir. Bəli, pislik görsək də, bizim vəzifəmiz ona öz dilində cavab vermək  deyil, əksinə ona yaxşılıq etməkdir. Beləcə, pis əməllərin əlini-ayağını yaxşılıq və ehsanla bağlamış oluruq. Həmçinin özümüzü qardaşımızın yerinə qoyub, o, xoşladığı şeydən bizim də məmnun olacağımızı düşünmək, yəni qarşıdakını anlamağa çalışmaq da böyük əhəmiyyət kəsb edir. Çünki siz başqalarına dəyər verdikcə, onlar da sizə dəyər verəcək. Beləcə qarşılıqlı hörmət artar və qəlblər arasında dərin sevgi və bağlılıq meydana gələr.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.