İlahi təcəllilər - tənhalıq və gecələr

Sual: "Həqiqəti dərk edib oyanan ruhlar daim təcəlli ovuna çıxar və xüsusən də gecələr təcəlli ovlayar" deyə ifadə olunur. "Təcəlli ovu" nə deməkdir. Təcəlli necə "ovlanar"?

"Təcəlli" məlum olduğu kimi, ibadətlərini gözəl şəkildə əda edən, daim "ibadət, ibadət" deyə hayqıran haqq yolçusunun Allahın xüsusi lütflərinə nail olub iç aləmi ilə birlikdə işığa qovuşması; Haqdan gələn mərifət nurları sayəsində qəlbində ilahi sirlərin açılması; sirlərin açılıb vicdanla hiss ediləcək, könül gözü ilə görüləcək səviyyəyə gəlməsi; sifət və əsmayi-ilahiyyənin öz xüsusiyyətləri ilə qəlbdə inkişaf etməsi kimi mənalara gəlir. Hər haqq yolçusunun istedad və səviyyəsinə görə bu sirlərdən agah olacağını nəzərə alsaq, sualda dilə gətirilən bu xüsusun hər kəs üçün əhəmiyyət kəsb etməsi bilavasitə ortaya çıxır.

Sən ov deyil, ovçu olmağa çalış

"Ovlamaq" əldə olmayan bir şeyi yaxalamağa çalışmaq deməkdir. Yəqin "mövcudu bağlama və məfqudu ovlama" sözü də bu mənada deyilmişdir. "Məfqud" əldə olmayan, ya da itirilmiş olan mənasına gəlir. Həqiqəti dərk edib oyanan, ya da oyanma yolunda yürüyən ruhlar Cənabi-Haqqdan gələn təcəlliləri, əsrar[1], varidat[2], füyuzat[3], mərifət, məhəbbət və zövqü-ruhanini "ovlamaq" üçün daim hazır və ayıq-sayıq olar. Haqq və həqiqətdən bixəbər, qəflətə məğlub olmuş insanlar isə nə əsən təcəlli rüzgarlarını hiss edər, nə də könül badələrinə varid[4] və ya feyz süzməyin həyəcanını yaşayarlar.

"Ovlamaq" təbirini başqa xüsuslar üçün də işlətmək olar. Məsələn, gözəl əxlaq, dinin ruhuna vaqif olma, Allahın və qulların haqqına riayət, bildiklərinə əməl etmə, ixlas və ehsan şüuruna varma kimi ilahi ehsanların ovlanmasından da bəhs etmək olar ki, əksəriyyətimiz bu fövqəl dəyərlərin qiymətini tam dərk edə bilmirik. Ancaq riya, süma[5] və sünilik kimi öldürücü virusların şikarına çevrilmiş, dolayısilə də tarazlığını itirmiş bir qəlblə nə bunları, nə də sözügedən gözəlliklərin hər hansı birini ovlamaq mümkün deyildir. Dolayısilə ov arxasınca düşənlər əvvəla şeytan və nəfsi-əmmarə kimi düşmənlərə ov olmaqdan xilas olmalı, buna görə də qəlblərini daim pak və təmiz saxlamalıdırlar.

Ov tənha yerlərdə olar

Mövzunun başqa bir aspekti də budur: Daha çox insanların olmadığı, gəliş-gediş, yol üstü olmayan, kimsəsiz, tənha yerlərdə ov edilir. İnsanların tez-tez gəlib keçdiyi yerlərə ov gəlməz. Bu nöqteyi-nəzərdən insan qəlbi və ruhi həyatın ənginliklərinə baş vurmaq, o ənginliklərə axıb gələn təcəlliləri ovlamaq istədiyi zaman tənha yerləri seçməlidir. Əlbəttə, bu "başqa insanlar olan məkanlarda təcəlli ovlamaq olmaz" demək deyildir. Hətta demək olar ki, camaat şəklində edilən ibadətlərin insana qazandırdığı elə varidat və mövhibələr[6] var ki, bunları tək başına əldə etmək qeyri-mümkündür. Məsələn, bəzən elə olur ki, camaatın içində bir nəfərin həyəcan və ruhi-mənəvi gümrahlığı bütün camaata həyəcan və ruhi-mənəvi gümrahlıq gətirir. Bəli, ayıq-sayıq bir könlün içdən, o coşğun, səmimi halı digər insanların durğun hissiyyat və həyəcanını hərəkətə gətirə bilər. Qəlb səsi ilə namaz qıldıran bir imamın və ya kəmərbəstlə namaza duran camaatdan hər hansı bir insanın hıçqıra-hıçqıra ağlaması birdən-birə hər şey dəyişdirib ümumi ab-havanı lahuti bir mahiyyətə bürüyə bilər. Həcdə bu sözügedən xüsusa bir çox misal göstərmək olar. Məsələn, Həzrəti-Ruhu-Seyyidil-Ənamın (əleyhi əkməlüttəhaya) hüzurunda, Müvacihə[7] qarşısında yaşananlar bu xüsusa misal təşkil edir. Çünki insan orada özünü Rəbbinə daha yaxın hiss edir. Orada kövrələn qəlblər bütün telləri ilə riqqətə gəlir, göz yaşları da çağlayantək axır. Kim bilir, o Müvacihə neçə-neçə hiss və həyəcanlara şahid olur! Qəlblərin kövrəlib yumşaldığı və qapılarını təcəllilərə açdığı belə bir məkanın və o məkanda yaşanan bambaşqa zaman dilimlərinin mütləq dəyərləndirmək və fasiləsiz axan o təcəlliləri ovlamaq lazımdır. Ancaq insanların toplu şəkildə yerinə yetirdiyi əməllərdə riya, süma kimi xəstəliklərin gəzməsi və İlahi feyz və təcəllilərin axmasına mane olması mümkündür. Bəli, ortaya çıxan hislərə, yüksələn səslərə, hətta bəzən göz yaşlarına belə bu öldürücü viruslar sirayət edə bilər. İmam Qəzali həzrətləri: "Ağlayan da ziyandadır, ağlamayan da!" deyərək bu xüsusa diqqət çəkir. Bəli, ağlamayan ziyandadır. Çünki Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yaşarmayan gözdən Allaha sığınmışdır. Digər tərəfdən, göz yaşları ilə özünü ifadə etmə, özünü göstərmə kimi riyakar bir düşüncə daşıyan da ziyana uğrayar.

Buna görə də Haqdan axıb gələn feyz və təcəlliləri qəbul etmə həyəcanını yaşayan səmimi bir qəlb mümkün qədər tənha yerləri seçər, kimsəsiz sakit məkanlarda Rəbbi ilə baş-başa qalmağa çalışar. Bəli, o, heç kimin görüb eşidə bilmədiyi kimsəsiz bir məkanda kəmərbəsti-übudiyyətlə[8] hüzura çıxar, alnını səcdəyə qoyar; qoyar və bəzən səcdədə o qədər qalar ki, ikinci səcdəni unudar. Həmin an "Qulun Rəbbinə ən yaxın olduğu" anı yaşadığını dərk edərək, bəlkə də, yüz dəfə "

سُبْحَانَ رَبـّـِـيَ اْلأَعْلَى

- Uca Rəbbim; hər cür nöqsandan münəzzəhdir!" deyər və qulluğunu hayqırar. Aqibəti və əbədi həyatı barədə narahatlıq keçirdiyi məsələləri Rəbbin kəlamı ilə bir daha dilə gətirər. Bəlkə, yüz dəfə:

"رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا

- Ey Rəbbimiz, bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!" ("Ali İmran" surəsi, 3/8) deyərək dualarla yalvarar. "Rəbbim, nəfsimə çox zülm elədim. Nasəza[9], nabəca[10] işlərə girdim, nə olar bağışla məni!" kimi mülahizələrlə ürəyini boşaldar. Qul bu şəkildə Rəbbinə yönələndə Rəbbi də onu təvəccöhlə qarşılayar və əliboş qaytarmaz. Demək olar ki, bu hal bir mənada təcəlli ovlama halı, səcdələr də pusquya ən uyğun zaman kəsiyidir.

Gecələrin işıqlı qaranlığı

Təcəlli ovuna çıxanlar üçün ən münasib zaman kəsiyindən biri də, şübhəsiz, gecələrdir. İnsan gecələr təfəkkür toru ilə mənən coşan qəlb, ruh və lətifeyi-Rəbbaniyəsi[11] ilə təcəllilər ovlaya bilər. Bəli, Allaha vüslət gecələrdə olar. Ən işıqlı işlər qaranlığın sinəsində gerçəkləşər. Uzaq məsafələr gecələr qət olunar. Meraca yüksəlmə gecələr mümkün olar. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) demək olar ki, bir gecəni əhyasız keçirməyib. O Nəbilər Sərvəri bəzi gecələr "Ali İmran" surəsinin sonunda keçən təfəkkürlə bağlı ayələri oxuyar, hətta bəzən bir neçə dəfə təkrar edər, dolan gözəl gözlərini səmaya dikib hönkürtü ilə ağlayardı. Sonra da uzun qiyam, rüku və səcdələrlə gecə namazını qılardı.

Allah Rəsuluna tabe olan səhabeyi-kiram, bir çox tabiun da gecələri oyaq keçirmiş; zamanın o qızıl kəsimini namaz, dua və təfəkkürlə dəyərləndirməyə çalışmışdır. Bəli, qaynaqlara baxanda Allah dostlarının gecələrini qiyamla əhya etdiklərinə şahid olarsınız. O nurlu zaman kəsiyi bu əhəmiyyətinə görə tərənnüm edilmişdir. Lakin Ərzurumlu İbrahim Haqqı həzrətlərinin bu beytləri zənnimcə, ən gözəllərindən biridir:

"Ey didə nədir uyku gəl oyan gecələrdə
Kövkəblərin et seyrini seyran gecələrdə
Bax, heyəti-aləmdə bu hikmətləri seyr et
Bul Sanini, ol Ona heyran gecələrdə
Çün gündüz olursan necə əğyar ilə qafil
Qo qəfləti, Dildardan utan gecələrdə
Qəflətlə uyumaq nə rəva əbdi-həqirə
Şəfqətlə nida eylə Rəhman gecələrdə
Cümlə gecəni uyuma Qəyyumu sevərsən
Ta hay olasan Hayy ilə ey can gecələrdə
Aşiqlər uyumaz gecə, həm sən uyuma kim
Könlün gözünə görünə Canan gecələrdə
Dil beyti-Xudadır onu pak eylə sivadan
Qəsrinə nüzul eylər o Sultan gecələrdə
Az ye, az yat, heyrətə var, fani ol ondan
Bul cani-bəqa, ol Ona mehman gecələrdə
Allah üçün ol xalqa müqarin gecə gündüz
Ey Haqqı, nihanı-eşq oduna yan gecələrdə."

Bəli, əhlullah gecələrin səssizliyini çox yaxşı dəyərləndirmişlər, torunu qurmuş və daim təcəlli ovlamışlar. Bu mənada insanın toru imani-nəzərdir. Belə bir imani-nəzərlə diqqətini cəmləyə bilən təcəlli ovçusunun köksünə daim təsəvvüredilməz duyğular axar, dilindən də dürr, inci tökülər. Bəli, insan tam təvəccöhə müvəffəq olduğu belə anlarda Allah-Təalanın sonsuz qüdrətinə tərcüman olub elə həyəcan tufanları keçirər ki, sanki, Cənabi-Haqqın sonsuz qüdrəti ilə Allahın izni ilə yer kürəsinin orbitini bir həmlədə dəyişdirəcək.

Məkan, zaman və hal

Qəlbin riqqətə gəldiyi, gözün və könlün dolub boşaldığı bu "hal"ları fürsət bilib səmərəli dəyərləndirmək haqq və həqiqət yolçuları üçün çox əhəmiyyətlidir. İnsanın Kəbədə, Ərafatda, Müzdəlifədə, Müvacəhədə, ya da Qədr gecəsi, cümə günü birin minə çevrildiyi şərəfli dəqiqələri dərk etməsi Cənabi-Haqdan gələn feyzləri qəbul etmədə böyük əhəmiyyət kəsb ediyi kimi, qəlbin kövrəldiyi, istiğraq[12] kimi halların yaşandığı anlar da Haqqdan gələn təcəlliləri ovlama və dua etmək üçün çox əhəmiyyətlidir. Bu səbəblə insan belə hallarda özünü tamamilə unutmalı və "Allahım! Yer üzünün hər yerində uca dinini bir daha ucalt. Bizim və bütün qullarının qəlblərini iman, İslam və ehsana aç!" deyərək dua etməlidir. Bu bir mənada "Millətimin imanını səlamətdə görsəm, Cəhənnəmin odunda yanmağa razıyam" üfüqü, bir mənada da hər möminin vəzifəsi sayılmalıdır. O üfüq ki, orada insan öz iztirabını unudur, başqalarının iztirabını çəkir.

Bircə dəqiqən var

Sözgəlişi Cənabi-Haqq mənə: "Sənə bircə dəqiqə verirəm, nə istəsən qəbul edəcəyəm!" buyursa, mən evi, kəndi, sandıqlarla qızılı, hətta İstanbulun, Belqradın fəthini deyil, yalnız Allah adının yer üzündə bir daha ucalmasını, Ruhi-Rəvani-Məhəmmədinin hər tərəfdə qanad açmasını istəyərəm. "Allahım! Bütün qəlblər Sənin və Rəsulunun sevgisi ilə dolsun. Hər yerdə Sənin adın eşidilsin və biz bu işin xidmətçiləri olaq" deyərəm. Bəli, Rəbbimdən yenə Rəbbimi istəyərəm. Çünki hər şeyin əsası və hər şeyi verən yalnız Odur. İstəniləcək bir şey varsa, o da yalnız Onun rizası, Onun xoşnudluğudur. Zənnimcə, yoldaşlarım da mənim kimi yalnız bunu istəyərlər.

Bəli, bu gün bəşəriyyət Allaha və Rəsulullaha, Rəbbimizin Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) əli ilə insanlığa nazil etdiyi nurlu və mübarək mesaja möhtacdır. Dolayısilə, qəlbləri sözügedən istiqamətə yönəltmək üçün görüləcək hər iş, zahirən kiçik görünsə də, Allah qatında çox böyükdür. Belə düşünmək, bu barədə cəhd göstərmək və dualarla yalvarmaq da peyğəmbəranə bir davranışdır. Peyğəmbərlik zənciri o zəncirin ən müqəddəs halqası olan Həzrəti Məhəmməd Mustafa (əleyhi əlfü əlfi salətin və saləm) ilə tamamlanmış və ileyi-kəlimətullah Nəbilər Sərvərindən ümmətinə ən böyük miras kimi qalmışdır. Bu mirasın həqiqi varisləri isə Həzrəti Zəkəriya (ala nəbiyyina və əleyhissalam) kimi: "Allahım, diləsən başımı ərrə ilə kəs, lakin insanların qəlblərinə iman ver!" deyəcək qədər ali hədəfli və uca insanlardır.

Madam söz dönüb dolanıb ileyi-kəlimətullah mövzusuna gəldi. Gəlin biz də sözlərimizi bir dua ilə bitirək:

اَللّٰهُمَّ أَعْلِ كَلِمَةَ اللّٰهِ وَكَلِمَةَ الْحَقِّ فيِ كُلِّ أَنْحَاءِ الْعَالَمِ، وَاشْرَحْ صُدُورَنَا وَصُدُورَ عِبَادِكَ فيِ كُلِّ أَنْحَاءِ الْعَالَمِ إِلىَ اْلإِيمَانِ وَاْلإِسْلاَمِ وَاْلإِحْسَانِ وَالْقُرْآنِ وَإِلَى خِدْمَةِ اْلإِيمَانِ، وَاسْتَخْدِمْنَا فِي هَذَا الشَّأْنِ وَضَعْ لَنَا الْوُدَّ بَيْنَ عِبَادِكَ فِي السَّمَاءِ وَاْلأَرْضِ وَاجْعَلْنَا مِنْ عِبَادِكَ الْمُخْلِصِينَ الْمُخْلَصِينَ الْمُتَّقِينَ الْوَرِعِينَ الزَّاهِدِينَ الْمُقَرَّبيِنَ الرَّاضِينَ الْمَرْضِيِّينَ الْمُحِبِّينَ الْمَحْبُوبِينَ الْخَاشِعِينَ الْمُتَوَاضِعِينَ الْمُتَخَلِّقِينَ بِأَخْلاَقِ الْقُرْآنِ. آمِينَ. أَلْفُ أَلْفِ آمِينَ. وَصَلِّ وِسِلِّمْ وَبَارِكْ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلَى آلِهِ وَصَحْبِهِ أَجْمَعِينَ.

Allahım! Kəlimətullahı və kəlimətülhaqqı dünyanın hər yerində bir daha ucalt. Bizim və dünyadakı bütün qullarının qəlblərini imana, İslama, Qurana və iman xidmətinə aç və bizi bu vəzifədə istehdam et. Göydəki və yerdəki qullarına bizə qarşı sevgi və məhəbbət ver. Bizi müxlis, müttəqi, vəra'lı, zahid, qürbiyyətə məzhər, Rəbbindən məmnun və Rəbbi də ondan məmnun, Səni sevən və dərgahında sevilən, aqil, təvazökar, Quran əxlaqı ilə əxlaqlanmış bəndələrindən elə. Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailəsinə və bütün səhabələrinə də salət və salam elə! Amin! Sonsuz amin!


[1] Sirlər
[2] İçə dolmaq, xatirə gəlmək
[3] Feyzlər, ali duyğular
[4] Gələn, enən feyzlər
[5] İxlassızlıqdan irəli gələn, eşidilsin və bilinsin deyə edilən iş, gizli riyakarlıq.
[6] İlahi ehsan, hədiyyə
[7] Rövzə ilə üz-üzə
[8] Qulluğa hazır, əmrə müntəzir
[9] Yaraşmaya, münasib olmayan
[10] Yersiz, münasibətsiz
[11] Allahı dərk edən ən zərif hiss
[12] Bir şeyin içinə qərq omaq, təsəvvüfdə bir hal, eşqdə qərq olma

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.