İnşirah leysanı və şükür çağlayanı

Sual: Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) üçün göz aydınlığı və könül süruru olan "İnşirah" surəsi və xüsusilə, bu sureyi-cəlilədə bəyan edilən "şərhi-sədr" məsələsi bu günün möminləri üçün hansı mənalar ifadə edir?

Cavab: Əsbabi-nüzul[1] nöqteyi-nəzərdən baxanda "İnşirah" surəsi "Duha" surəsindən sonra nazil olmuşdur. "Duha" surəsinin son ayəsində isə Cənabi-Haqq Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) xitab edərək: "

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

- Həbibim! Və Rəbbinin nemətindən danış" ("Duha" surəsi, 93/11) buyurur. Bu ayeyi-kərimədə, həm Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) vəhy neməti ilə sərəfraz olunması, həm də gələcəkdə bəxş olunacaq "inşirahi-sədr" (könlün açılıb genişlənməsi; çətin və dar günlərdən sonra rahata rifaha qovuşma; hüzur, sakitlik, itminan və inbisat[2]) kimi nemətlərə işarələr var.

Bildiyiniz kimi, "Duha" surəsinin nazil olmasından əvvəl vəhy bir müddət kəsilmişdi. Əslində bu ilahi icraatda Cənabi-Haqqın İki Cahan Sərvərinə (əleyhissalatu vəssalam) bildirmək istədiyi xüsuslar vardı. Əvvəla qiblənin dəyişməsində olduğu kimi, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) iztirarla [3] ehtiyac içində gözlərini səmaya dikib gözləməsi, gözləyib Allahın təvəccöhünə nail olması və nəticədə Rəhbəri-Əkməl olan Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qazandığı o ləyaqətin hər kəsə elan edilməsi, göstərilməsi xüsusları vardır. Allah-Təala vəhyin kəsildiyi və İnsanlığın İftixarının (əleyhissalatu vəssalam) "digi-sədrə"[4] məruz qaldığı bir dövrdə "Duha" surəsini nazil etməklə Həbibi-Kibriyasına bir çox nemət bəxş etdiyini xatırlatmış və sonra da nazil etdiyi "İnşirah" surəsi ilə də bu nemətlərin ən böyüyü olan "inşirahi-sədr"i müjdələmişdir.

Stress deyil, müqəddəs iztirab

nşirahi-sədr" mövzusu yalnız bu surədə deyil, Qurani-Kərimin digər surələrində də keçir. Məsələn, "Ən'am" sureyi-cəliləsində belə buyurulur: "

فَمَنْ يُرِدِ اللهُ أَنْ يَهدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلإِسْلاَمِ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا

- Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar" ("Ən'am" surəsi, 6/125). Eyni xüsus başqa bir yerdə isə belə ifadə olunur:

أَفَمَنْ شَرَحَ اللهُ صَدْرَهُ لِلإِسْلاَمِ فَهُوَ عَلَى نُورٍ مِنْ رَبِّهِ

- Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi? " ("Zumər" surəsi, 39/22). Deməli, Allahın insanın qəlbinə inşirah verib köksünü açması çox böyük nemətdir.

Cənabi-Haqq "İnşirah" surəsində: 

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ

- Məgər Biz sənin üçün köksünü açmadıqmı?" ("İnşirah", surəsi 94/1) buyuraraq Quranın mübəlliği Həzrəti Ruhu-Seyyidil-Ənamın (əleyhi əfdaluttahiyyat və əkməlüttəslimat) qəlbinə inşirah verdiyini, bunun Onun üçün necə böyük bir xeyir olduğunu xatırladır.

Lakin "inşirahi-sədr" məsələsinin düzgün anlaşılması üçün əvvəla İnsanlığın İftixarının (sallallahu əleyhi və səlləm) öz üfüqü, öz səviyyəsində müvəqqəti çəkdiyi "digi-sədr"i, yəni qəlbin sıxılmasını düzgün anlayıb, düzgün şərh etmək lazımdır. Əvvəla ifadə etməliyəm ki, "digi-sədr" məsələsini (haşa) Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) stress keçirməsi şəklində izah etmək qətiyyən doğru deyil. Bəli, nəinki İnsanlığın İftixarının (əleyhi əlfü əlfi salətin və saləm), heç adi bir möminin belə stress keçirəcəyinə inanmıram, çünki stress və bu kimi hallar Allaha, həşrə, qəzavü-qədərə inanmayan rəhbərsiz insanların çəkdiyi ruhi, qəlbi sıxıntılardır. Peyğəmbərimizin (əleyhissalatu vəssalam) keçirdiyi hislər isə haqq duyğusunun o iztirab dolu könüldə hasil etdiyi həyəcan və xəfəqandan,[5] batil duyğu və düşüncəyə etiraz cəhdi və səyindən başqa bir şey deyildir.

Həsrətlə gözlənilən vəhy leysanı

Vəhyin dayandığı bir dövrdə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) öz səviyyəsinə görə özünü hesaba çəkmə nöqteyi-nəzərindən qəlbinə: "Görəsən, nə iş gördüm ki, vəyh kəsildi?" və ya buna bənzər bir fikir gəlmiş ola bilər. Digər tərəfdən müstəsna şəkildə xəlq edilən Peyğəmbərimiz (əleyhi salavatullahi və səlamuh) bəşəriyyəti xilas etmə naminə vəhy leysanına, o səmavi sərmayə və təchizata ehtiyac duyurdu və bilirdi ki, onsuz bu yollarda yürüyə bilməyəcək, onsuz insanlara nəyisə tam mənada izah edə bilməyəcək və onsuz insanlar həqiqəti görə bilməyəcək. Bəli, əzəmətli fətanətə sahib Həzrəti Ruhu-Seyyidil-Ənam (əleyhissalatu vəssalam) öz böyüklüyü nisbətində bu məsələni yaxşı dərk edirdi. Bu baxımdan illərlə yağışa həsrət qalan insanların yağış duasında gözlərini səmaya dikdiyi kimi, O da Cənabi-Haqqdan ilahi mərhəməti – vəhy leysanını gözləyirdi. Elə həsrətlə gözləyirdi ki, bir gün Cəbrail Əleyhissalama demişdi: "Ey Cəbrail! Bizə daha çox gəlməyinə nə mane olur?" (Buhari, Tefsir, Meryem/2) Bu suala müqabil ayeyi-kərimə nazil olmuşdu:"

وَمَا نَتَنَزَّلُ إِلاَّ بِأَمْرِ رَبِّكَ

- Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik" ("Məryəm" surəsi, 19/64).  

Surənin ardında: "

وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ الَّذِي أَنْقَضَ ظَهْرَكَ

- Yükünü səndən götürmədikmi? Onlar belini bükürdü" ("İnşirah" surəsi, 94/2-3) buyurulur ki, ayədə keçən "vizr" ifadəsini mənəvi yük və məsuliyyətin ağırlığı şəklində izah edə bilərik. Yəni bəşəriyyətə rəhbərlik vəzifəsi ilə şərəfləndirilmiş Rəsuli-Əkrəm (əleyhi əkməlüttəhaya) üçün ən böyük sərmayə, istinadgah olan vəhy – bu səmavi nemət o qədər əhəmiyyətli idi ki, onun müvəqqəti dayanması "digi-sədr"ə səbəb olmuşdu. Belə ki, bir tərəfdən bəşəriyyətin qurtuluşu və ona rəhbərlik məsuliyyəti, digər tərəfdən də mənəvi güc, möhkəm sığınacaq, insanları qurtarma yolunda məşəl, işıq mənbəyi olan vəhyin kəsilmə əndişəsi... Bütün bunlar qəlbini sıxdığı bir vaxtda Allah (c.c.) bu ayeyi-kərimə ilə o ağır yükü qaldırdığını bəyan etmişdir. 

Nemət-şükür saleh dairəsi

Növbəti ayeyi-kərimədə isə: "

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

- Biz adını sənə görə ucaltmadıqmı?" ("İnşirah" surəsi, 94/4) ifadələri ilə nemət silsiləsində növbəti nemətin adı çəkilmiş, ayrıca müjdələnmişdir. Allah (c.c.) Peyğəmbərimiziə (s.ə.s.) hər zaman ayrı bir lütf və ehsan bəxş etmişdir. İki Cahan Sərvəri (əleyhi əkməlüttəhaya) hər nemətə şükürlə müqabilə etmiş, həmd-səna duyğuları ilə dolub-daşmışdır. Buna müqabil Cənabi-Haqq da Onun üzərinə leysantək rəhmətini yağdırmış, Onu hər dəfə başqa bir "riza üfüqü"nə yüksəltmiş və "ilahi xoşnudluq"la qəlbinə bambaşqa inşirah duyurmuşdur. Bəli, elə bir "saleh dairə" meydana gəlmişdi ki, Cənabi-Haqq Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) köksünə inşirah saçmış, O Şərəfi-Növü-İnsan və Fəridi-Qövnü-Zaman da bu inşirahı Ona qovuşma yolunda dəyərləndirmişdi. Beləcə surənin sonunda ifadə edildiyi kimi, "üsr[6]"də "yüsr[7]"ü görmüş, çətinliklərin öhdəsindən asanlıqla gəlmiş;  "yüsr"də də "üsr"ləri aşmaq üçün mənən dolub boşalmış, "fərağ[8]"dan "iştiğal[9]"a, "iştiğal"dan "fərağ"a yönəlmiş; müqabilində Cənabi-Haqq da O Fəridi-Qövnü-Zamanın köksünə inşirah çağlayanları axıtmışdır. Bu inşirah halı Peyğəmbərimizdə (sallallahu əleyhi və səlləm) yeni bir əzm, yeni bir cəhd, yeni bir səy və yeni bir həyəcan oyandırmış; buna müqabil O da bu həyəcanı yerli-yerində istifadə etmiş və həyatında heç bir boşluq buraxmadan ömür boyu ağlasığmaz səy, fəalllıq, qulluq nümayiş etdirmişdir. 

Buna bənzər bir mübadiləni "İnşirah" surəsindən əvvəlki iki surədə; "Duha" və "Leyl" surələrinin ayələrində də görə bilərik. Belə ki, Cənabi-Haqq "Leyl" surəsinin son ayəsində: "

وَلَسَوْفَ يَرْضَى

-O, mütləq razı qalacaqdır! ("Leyl" surəsi, 92/21) buyurur. Bu ayəni "Duha" surəsində keçən: "

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى

- Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan" ("Duha" surəsi, 93/5) ayeyi-kərimə ilə birlikdə nəzərə alsaq, qarşılıqlı müqabiləni görə bilərik. Bəli, Allah (celle celaluhu) razı olsa, insanda da riza duyğusu şahlanar. Digər tərəfdən, bir insan öz iradəsi ilə daim ilahi rizanı qazanmağa çalışar, Cənabi-Haqdan gələn hər şeyi (qədərin hər üzünü) məmnuniyyətlə qarşılayarsa, Allah da (cəllə cəlaluhu) o insandan razı olar.

Elə oxu ki, sanki, özünə xitab edirsən!

Məsələnin bizə aid yönünə gəlincə: Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) öz üfüqündə yaşadığı müvəqqəti çətinlikdən sonra "inşirahi-sədr"ə nail olmuşdur. Biz də məruz qaldığımız müxtəlif çətinlik, sıxıntı, inciklik hətta qəzəb və hirs (ki bütün bu zəf və boşluqlar bizim üçün keçərlidir, bu kimi halların İnsanlığın İftixarında olmasının qeyr-mümkün olduğunu yuxarıda da qeyd etmişdik) uzaqlaşma və ayrılıq da görə bilərik. Mənəvi həyatımız süqut edə bilər, daxili aləmimiz işıqsız qala, zülmətə qərq ola bilər. Məhz belə bir vəziyyətdə Allahın lütf və inayəti ilə hələ də istiqamətimizi qoruya bilir və qayıdıb təkrar Cənabi-Haqqa yönələ biliriksə, (zahiri planda) biz də "inşirahi-sədr"ə məzhər ola bilərik. Allah (cəllə cəlaluhu) bizim köksümüzə də inşirah verər, qəlbimizi açar, könlümüzü coşdurar və bizi yenidən şahlandırar. Benzini qurtaran sürücünün yanacaq doldurma stansiyasına gəlib benzin doldurduğu kimi, Cənabi-Haqq da enerjisi bitib tükənən həqiqət yolçularının miniyini səmavi enerji ilə təkrarən doldurar. Dolayısilə, deyə bilərik ki, (xüsusi planda) Peyğəmbərimizə (əleyhissalatu vəssalam) xas olan "inşirahi-sədr" məsələsi (zahiri planda) ümməti-Məhəmməd üçün də keçərlidir. Çünki O (əleyhissalatu vəssalam) hansı süfrə başına keçmiş, Allahın hansı nemətindən istifadə etmişsə, gözü o süfrədə olan peyrəvlərini[10] də o nemətlərdən məhrum etməmiş, qapıları onlar üçün də taybatay açmışdır.

Bəli, hamımızın Cənabi-Haqdan belə bir şeyi istəməyə, diləməyə haqqı çatır. İstəsəniz, bu diləyinizi: "Allahım, "Ələm nəşrəhləkə" surəsinin sirri ilə məni sərəfraz et!" şəklində ifadə edə bilərsiniz. Əgər israrla bu şəkildə dua etsəniz, inanıram ki, Allah da (cəllə cəlaluhu) həqiqətləri dərk etmə, dəyərləndirmə, analiz və sintez, təhlil və tərkib etmə mövzusunda sizə fövqəladi istedadlar bəxş edəcək.

Ancaq bu cür məziyyətləri qazanmaq üçün elmi bünövrənin olması da çox vacibdir. Çünki Allah (cəllə cəlaluhu) insanların biliyinə və bu istiqamətdə tələbinə, diləyinə görə lütf edir, nemət bəxş edir. Məsələn, bir çoban öz işi və məşğuliyyəti çərçivəsində bir şey diləsə, Cənabi-Haqq ona qoyunlarını harada otarmağı, təmiz suları, yaxşı otlaqları harada tapmağı, sürünü yırtıcılardan necə qorumağı və s. məsələləri ilham edər. Buna müqabil bir elm adamı da mərifətullah və məhəbbətullah üçün dua etsə, Cənabi-Haqq da həmin şəxsin elmini və müqtəsəbatını onun üçün bir məşələ çevirər, həqiqətə gedən yolları üzünə açar, könlünü ürfanla doldurub dilindən hikmət bulaqları axıdar. Buna görə də hər bir mömin "İnşirah" surəsini özünü nəzərdə tutub oxumalıdır; oxuyub ondakı sirri açıb dərk etməyə çalışmalıdır. Əksinə bu dövrün bir mömini əzəldən əbədə gedən Quran-Möcizül-Bəyana qədim və nazil olduğu dövrə xitab edən bir kitab nəzəri ilə baxsa, Onu mütaliə və müzakirə edərkən yalnız qədim alimlərin fikirlərini mütaliə etsə, yalnız Quranın başqaları ilə münasibətini görər, fərqinə varmadan da öz-özünü Onun işığından məhrum edər. Elə isə bizim vəzifəmiz "Fatihə" surəsindən "Nas" surəsinə qədər başdan-ayağa bütün Qurani-Kərimi xüsusi planda olmasa da zahiri planda özümüzü nəzərə almaqla oxuyub mütaliə etməkdir.


[1] Ayələrin nazil olma səbəbləri
[2] Şad, sürurlu, qəlbən rahat olmaq
[3] Əlacsız, naçar
[4] Köksün, qəlbin sıxılması
[5] Ürək çırpıntısı
[6] Çətinlik, zəhmət, sıxıntı, ehtiyac
[7] Rahatlıq, dinclik
[8] İstirahət, rahatlıq
[9] İş görmək, məşğuliyyət
[10] İzində gedənlər

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.