İmtahan növləri

Fəthullah Gülən: İmtahan növləri

Sual: Danılmaz bir həqiqətdir ki, insan həyatda bir çox sınaqlardan keçir. Xüsusilə, müasir dövrdə möminlər üçün ən təhlükəli sınaq nədir?

Cavab: Cənabi-Allah ilahi qanununa uyğun olaraq insanı ömür boyu müxtəlif sınaqlara, imtahanlara çəkir. Beləliklə almazı kömürdən, qızılı da daş-torpaqdan ayırdığı kimi, xalisini saxtadan, safını da saf olmayandan ayırır. Üstəlik hər bir sınaq, bir mənada bizi bizə göstərir. Yəni əzəldən dəyər və qiymətimizi bilən Allah-taala bizi sınağa çəkərək nəyə nə qədər tab gətirdiyimizi, bəla və müsibətlərə münasibətimizi, harda səbir edib, harda sözümüzü tutmadığımızı, harda dişimizi sıxıb harada taleyə etiraz etdiyimizi bizə göstərir. Bu baxımdan sınağa çəkilmək Allah-taalanın bəndəsinə “Bu arşın, bu da sən. Ölç görüm, boyun nə qədərdir?” deməsinə bənzəyir. Yunus Əmrənin “Bu yol uzaqdır, mənzili çoxdur, keçidi yoxdur, dərin sular var” misrası da insanı dünyada əzab-əziyyət və çətin sınaqlar gözlədiyini təsvir edir.

Qayə nə qədər böyükdürsə, imtahan da o qədər çətindir

“Bəqərə” surəsinin: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, 2\155) maəllı ayəsi insanın müxtəlif imtahanlarla üzləşəcəyini bildirmiş, ardınca da bu bəla və möhnətə səbir edənləri müjdələmişdir. Necə ki ibadətlər insanın mənəvi dərəcəsini yüksəldir, eləcə də “mənfi ibadət” sayılan imtahanlar da (səbir etmək şərti ilə) insanları günahlardan arındırır və yüksək məqamlara ucaldır. Elə isə imtahandan imtahana sürüklənən, müxtəlif həyat süzgəclərindən keçirilən mömin hər bir imtahanda canını dişinə tutub səbir etməli, üstəlik bunu özünü hesaba çəkmək, bir daha gözdən keçirmək, iman və səbatda lazımi səviyyədə olub-olmadığını yoxlamaq üçün bir fürsət bilməlidir.

“Məğnəm” nisbətində “məğrəm”ə məruz qalmaq, yəni məşəqqət və çətinlik mükafat və savabın böyüklüyündən asılı olduğuna görə, - ki bu, dəyişiməz bir düstürdür, - imtahanın ağırlığı da qayənin yüksəkliyi və qiymətindən asılıdır. Məsələn, şəhid olub bir başqa həyata pərvazlanmaq böyük bir lütfdür. Ancaq şəhidlik mərtəbəsinə ucalmaq Allah yolunda savaşmaqdan, yaralanmaqdan və Onun uğrunda canı fəda etməkdən asılıdır. Bu səbəblə yüksək bir məfkurəyə könül verən və bu məfkurəyə sadiq qalmağa çalışan insan qarşılaşdığı bütün bəla və müsibətlərə dözməyi bacarmalı, dişini dişinə tutub səbir etməli və şəxsi istəklərindən keçməyi bacarmalıdır.

Gəlin Həzrəti Pirin sözlərinə bir qulaq verək: “Səksən illik həyatımda dünya zövqü dadmadım. Bütün ömrüm hərb meydanlarında, əsarət zindanlarında, yaxud məmləkət həbsxanalarında keçdi. Çəkmədiyim cəfa, görmədiyim əza qalmadı. Divanı-hərblərdə (hərbi məhkəmə) mənlə bir cani kimi rəftar etdilər, bir sərsəri kimi məmləkət-məmləkət sürgünə göndərdilər. Vətənin zindanlarında aylarla heç kimlə görüşməyə icazə vermədilər. Dəfələrlə zəhərləndim, təhqirlərə məruz qaldım. Elə anlar oldu ki, ölümü həyatdan min dəfə üstün tutdum. Əgər dinim intiharı qadağan etməsəydi, bəlkə də, bu gün Səid torpaq altında çürüyüb getmişdi”. Bu ağır imtahana məruz qaldığına görə də Allah (cəllə cəlaluhu) onu kamilliyin zirvəzinə yüksəltmişdir. Bilmək olmaz, bəlkə də, çəkdiyi əzab-əziyyətlərə səbir göstərdiyinə görə Cənabi-Allah da izni, inayəti, kərəmi və lütfü ilə onu gələcək nəsillərin yollarını işıqlandıran bir rəhbər seçmişdir.

Yolda qalanlar da var!

Həyatı imtahanlardan ibarət olan insan dünyada təkcə bəla və müsibətlərlə sınağa çəkilmir. O, eyni zamanda maddi-mənəvi müvəffəqiyyət və uğurlarla da imtahan edilir. Bəli, insan həyatda elə yollardan keçir, elə yoxuşları aşır, elə mənzillərdən ötür ki, bəzi yerlərdə “başı fırlanır”, əldə etdiyi bəzi imkanlar və yüksəldiyi bəzi məqamlar, Allah eləməsin, yolunu azdırır, keçdiyi yollarda bəzi “virus” və “mikroblar” mənəvi həyatına daraşır... Qısaca insan keçib getdiyi yollarda bəzən rahatlıqla, bəzən şan-şöhrətlə, bəzən məqam-mənsəblə, bəzən də alqış və təmtəraqlı həyatla imtana çəkiləcəkdir.

İmam Qəzali həzrətləri insanların üzləşdiyi bu imtahanları belə izah edir: “İnsan Cənnət kimi bir mənzilə getmək üçün ciddi əzm və qətiyyətlə yola çıxır. Çünki getdiyi yerin gözqamaşdıran gözəlliyi haqda məlumatı var. Ancaq yolda çayların şırıl-şırıl axdığı, ağacların həzin-həzin rəqs etdiyi, quşların cəh-cəh vurduğu insana “gəl-gəl” deyən sərin və rahat bir bağa rast gəlir... Başı bu gözəlliyə qarışan insan getdiyi mənzili unudub orada qalmağa qərar verir. Özünə bir ev tikir və burada məskunlaşır...”

Düzü, bu misal insanın dünya macərasını çox gözəl təsvir edir. İnsanın yoldan edən bu qəbil əngəllərə başqa misallar da vermək olar, məsələn, tənbəllik və rahatlığa aludəlik. Halbuki, bu maneələri keçmədən Cənnətə və Zati-Üluhiyyətə qovuşmaq mümkünsüzdür.

Mal-mülk ehtirası

Dünya həyatında insanın üzləşdiyi ən böyük sınaqlardan biri də mal-mülk arzusu, pul hərisliyidir. Hətta, demək olar, bəşər tarixi boyu əksər insanların ən zəif cəhəti bu olmuşdur. Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) hədisində bu haqda buyurur: “Adəm oğulunun bir vadi dolu qızılı olsa, birini də istər. Onun ağzını torpaqdan başqa bir şey doldurmaz. Ancaq Allah tövbəkarların tövbəsini qəbul edəndir.” (Buxari, “Riqaq” 10; Müslim, “Zəkat” 116)

Bəli, sonsuz mal-mülk hərisliyi, “daha böyük şirkət, daha böyük holdinq” dərdinə düşmək, hər şeyi ələ keçirməyə çalışmaq əksər insanın zəif cəhətidir. Əslində cəmiyyətdə əksər münaqişə və qarşıdurmaların kökündə məhz bu mənfəət yarışı var.

Mühyiddin ibn əl-Ərabi həzrətləri Şamda təzyiqlərlə qarşılaşanda ayağını yerə vurub “Sizin sitayiş etdiyiniz tanrı bu ayğımın altındadır”, - deyir. Bəziləri bunu dindən çıxma sayırlar. Halbuki Mühyiddin Ərəbi onların Qarun kimi pula-paraya aludə olduqlarını, ona sitayiş etdiklərini düşünürdü. İllər sonra məlum olmuşdur ki, o, “Sizin sitayiş etdiyiniz tanrı ayğımın altındadır” deməklə ayağının altında yatan xəzinəyə işarə edirmiş.

Təəssüf ki, bu gün insanların əksəriyyəti pul-para üçün can qoyurlar. “Bir evim olsun”la başlayıb “oğluma da ev alım, qızıma da tikdirim, nəvəmə də bir villa bağışlayım...” arzuları ilə yaşayan minlərlə dünyapərəst insan var. Hətta Allah üçün yola çıxan, amma sonra pula sitayiş edən, bu cür arzularla oturub-duran insanlara da rast gəlmək mümkündür. Bəziləri verilən əmək haqqına qane olmur, “çoxlu pul qazanım” deyib din və millət yolunda həyati əhəmiyyət daşıyan bu fəaliyyətləri tərk edir, sələfi-salehinin yolundan uzaqlaşıb əhli-dünyanın yolunu tuturlar.

Şəhvət

Daha çox da müasir dövrdə çətin imtahanlardan biri də şəhvətdir. Şəhvət bəlası bəşər tarixi boyu həmişə çətin imtahan olmuş və bu gün daha da təhlükəli şəkil almışdır.

Həzrəti Mövlana “Məsnəvi” adlı əsərində şəhvətlə bağlı bir hekayə danışır. Bu hekayədə Mövlana şeytanın Cənabi-Allahla mükaliməsindən, daha doğrusu, ədəbsiz danışmasından bəhs edir. Qurani-Kərim və hədislərdə şeytanın ədəbsiz ifadələrinə yer verilsə də, həzrəti Mövlananın hekayəsi bunlardan fərqlənir. Şeytan Cənabi-Allaha onu rəzil-rüsvay etdiyini deyib, arxasınca da Ondan insanların əleyhinə istifadə etmək, onları yoldan azdırmaq, ağlını başından almaq üçün bəzi şeylər istəyir. Cənabi-Allah ona sərvət, vəzifəpətəstlik, şöhrət və s. verir. Ancaq şeytan heç birindən məmnun olmur. Ancaq “Sənə kişini qadının əleyhinə, qadını da kişinin əleyhinə istifadə imkanı verim” təklifini eşidən kimi sevincindən oynamağa başlayır.

Bu hekayə əsas mənbələrdə keçməsə də, mühüm olan orada əksini tapan həqiqətdir. Bəli, xüsusilə bəzi insanların bu dünyada ən böyük imtahanı şəhvətdir. Bu həqiqəti aşağıdakı hədislə də əlaqələndirmək olar: “Cəhənnəm şəhvətlə əhatə edilmişdir. Cənnətsə çətinliklər və nəfsin istəmədiyi şeylərlə əhatələnmişdir.” (Buxari, “Riqaq” 8; Müslim “Cənnət” 1)

Bəli, Cənnətə gedən yollar uzun, mənzillər saysız-hesabsız, sular coşqun və dəryalar qan-irindir. Cəhənnəmə gedən yolun üstündə isə yemək-içmək, tənbəl-tənbəl yatmaq kimi nəfsə xoş gələn şeylər var. Bu ikinciyə aludə olan insan özü də bilmədən addım-addım sürüklənib əsfəli-safilinə yuvarlanar.

Şöhətpərəstlik ehtirası

Etibar, məqam və mənsəb arzusu, təqdir, alqış niyyəti ilə iş görmək də bir imtahan olub çoxlarının savabına balta çalır. Bəzi insanları yoldan edən nəfsani arzulardan biri də Həzrəti Pirin “Hücumatı-sittə” adlı əsərində “hübbu-cah” deyə xarakterizə etdiyi, “Məsnəviyi-Nuriyə”də “zəhərli bal”a bənzətdiyi şöhrət ehtirasıdır. Unutmayaq ki, (cənazəmdə çoxlu adam olsun niyyəti ilə) hətta o biri tərəfi belə düşünən şöhrət aludəçiləri bu yolda heç bir şeydən çəkinməz.

Rəbbim hamımızı bu amansız boşluqlara düşməkdən qorusun və ömrü iman və ihsan şüuru ilə başa vurmağı nəsib etsin!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.