Nəfs, şeytan və Ərafda qalanlar

Fəthullah Gülən: Nəfs, şeytan və Ərafda qalanlar

Sual: Qurani-Kərimdə haqq və həqiqəti göstərən ayələr (dəlillər) verilməsinə baxmayaraq, bundan üz çevirib şeytana tabe olan və dolayısilə yolunu azan bədbəxt bir adamdan bəhs olunur (Bax.: “Əraf” surəsi, 7\175). İnsan hansı əməllərinə görə Haqq yolda ola-ola bu cür acınacaqlı aqibətə düçar olur?

Cavab: İnsanın Haqq yolunda ola-ola azmasının başlıca səbəbi bu dünyanın imtahan üçün xəlq olunduğunu və hər şeylə imtahana çəkildiyini unutması, unudaraq nəfsin və şeytanın hiylələrinə aldanmasıdır. İnsan ömür boyu bir tərəfdən nəfslə, digər tərəfdənsə nə vaxt və hansı şəkildə qarşısına çıxıb aldatacağı məlum olmayan şeytanla üz-üzə dayanır. Bu düşmənlər dost cildində insana soxularaq doğrunu əyri, çirkini gözəl, batili haqq göstərir və onu yoldan azdırırlar. Bu hiylələrə aldanmamaq üçün nəfs və şeytanın vəsvəsinə qarşı daim sayıq, ehtiyatlı, sərvaxt olmaq lazımdır. Əks halda ani bir qəflət elə bir aldanışa gətirib çıxarır ki, bunun zərərlərini aradan qaldrımaq çox çətin, hətta qeyri-mümkün olur.

Dünyanın (nəfsani və cismani) cazibədar gözəlliklərini işi-gücü insanı yoldan azdırmaq olan şeytanın illüziya vəsaiti kimi qiymətləndirmək olar. Bəli, bu amansız düşmən – şeytan heç gözləmədiyiniz bir yerdə, ağlınıza belə gətirmədiyiniz şeyləri sizə cazibədar göstərir. Ancaq

وَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَى أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ وَاللّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (“Bəqərə” surəsi, 2\216)

ayəsinin də açıqladığı kimi, bəzi xoşumuza gələn şeylərin axırı zəhər-zəqqumdur. Başqa sözlə desək, dilimizə dəyən zəhərli bal əvvəlcə şirin dad versə də, sonra şiddətli qarın ağrısına səbəb olur. Eyni şəkildə insanın qarşılaşdığı elə hadisələr də var ki, zahirən acı və xoşagəlməz görünürlər, ancaq bu acıya, bu sıxıntıya dözsəniz, iki qanad olub sizi bolluğa, bərəkətə, firavanlığa uçurar. Məsələn, şeytan evinizin önündən axan, təmizliyə yararlı bir çayı sizə çox qorxunc və dərin göstərir. Ancaq siz ağıl, hiss və qəlbinizi işə salıb axtarıb-araşdıraraq bunun mahiyyətini öyrənəndə, öyrənib çaya girəndə, görürsünüz ki, dərinliyi heç topuğunuza da çatmır, üstəlik suyu sizi arındırıb təmizləyir. Şeytan bir tərəfdən xoşagəlməz illüziyası ilə sizi yoldan azdırmağa, digər tərəfdən də zahirən gözəl görünən illüziya ilə da xeyir əməllərdən uzaqlaşdırmağa çalışır. Zira o, Quranın təbirincə “müsəvvil” və “müzəyyindir”, yəni günahları bəzəyib süsləyəndir.

Qəfləti fürsət bilən məlun

Bəli, insanın ən amansız düşməni olan şeytan dayanmadan onda boşluq axtarır, “Hansı nöqtədən vurum?!” deyə hesab-kitab tutur. Şəhvət, qorxu, vəzifəpərəstlik, rahatçılıq, mənafe kimi zəif cəhətlərdən faydalanır və əlinə fürsət keçər-keçməz insanın çiynini yerə vurur. Qurani-Kərim şeytanın insana olan kin və nifrətini belə təsvir edilir:

فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ ثُمَّ لَآَتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ
"Sən məni yoldan sapdırıb azğınlığa məhkum etdiyin üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”

Eyni şəkildə “Sad” surəsinin:

فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
"Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını (haqq yoldan) azdıracağam” (“Sad” surəsi, 38\82)

maəllı ayəsi də şeytanın insana bəslədiyi böyük kin və həsədi təsvir edir. Bütün bunların və digər ayələrin işığında belə bir nəticəyə gəlirik ki, hər bir “sürüşmə”, “büdrəmə”, “yıxılma”nın, xoşagəlməz hərəkət və davranışların, qəflət içində kef-damaq çəkməyin kökündə şeytanın təhrik və vəsvəsəsi dayanır.

Əlindəkinə qane olan aldanar

Şübhəsiz belə amansız bir düşməni olan insan ərafdakılar kimi dayanmamalı və inandığı bütün dəyərləri ağlı, məntiqi, mühakiməsi, Quran və Sünnənin əsasları ilə qüvvətləndirməli, yəni “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!” (“Nəhl” surəsi, 16\99) ayəsində təsvir edilən möminlərdən olmaq üçün iman və təvəkkül qalasını möhkəmlədib ilahi siyanətə sığınmalıdır. Başqa sözlə desək, yetişdiyi mühitdən öyrəndikləri ilə qane olan, inandığı dəyərləri ruhuna hopdurmayan və imanını təhqiqi iman səviyyəsinə yüksəltməyən insanın özünü şeytanın hiyləsindən qoruması mümkün deyil. Öz mövqeyini, yerini hələ də müəyyənləşdirməyən bu cür tərəddüdlü insanı Qurani-Kərim baxın necə təsvir edir:

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِي آَتَيْنَاهُ آَيَاتِنَا فَانْسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ
"Onlara ayələrimizi verdiyimiz ədəbsizin xəbərini də söylə (oxu). O, biliyi ola-ola (təkvini və tənzili) ayələrin çərçivəsindən kənara çıxdı. Şeytan onu özünə tabe edib, özünə bənzətdi və o, şeytana qoşulub (haqq yoldan) azanlardan oldu.” (“Əraf” surəsi, 7\175)

Quran ibrət götürmək üçün bir insanın ömür yolundan danışır. Bu adama insanın göz-qulağını açan, dilinə düzlüyə, qəlbini doğru yola çəkən ayələr, yəni gün kimi aydın möcüzə, yaxud da kəramət verilməsindən, ancaq onun bu nemətlərdən üz çevirməsindən bəhs edir. Demək, bu zavallı adam müəyyən səviyyəyə gəlsə də, mövqeyini tam şəkildə müəyyənləşdirməmiş, ayağını yerə bərkitməmiş və ərafdan çıxa bilməmişdir. Başqa sözlə desək, o, gözəl bir mühitdən çıxsa da, yetişdiyi mədəniyyətin dəyərlərini ruhuna hopdurmağı bacarmamışdır. Bu zavallı adam inanc və biliyini çalışıb-çabalayaraq möhkəmləndirmədiyinə, bu yöndə fikir sancısı çəkmədiyinə, iradəsini ortaya qoyub duyğu, düşüncə və əqidəsini yenidən inşa etmədiyinə görə Haqq yoldan azmışdır. Bəzi təfsirçilərə görə, ismi-əzəmi bilsə də, rübubiyyət və üluhiyyət sirlərinə vaqif olsa da, ona heç bir faydası olmamışdır. Çünki bu bilgilər onun ruh dünyasında oturuşmadığına, kök salmadığına görə ona aid deyildir. Bu baxımdan əgər bir insan dədə-babalardan keçib gələn düşüncələri “restavrasiya” etmir, biliyinin hər parçasının yerli-yerində olub-olmadığını bir daha gözdən keçirmirsə, unutmayın ki, şeytan belələrinin qəlbinə hər zaman vəsvəsə və tərəddüd toxumları səpə, ağlını qarışdırıb ürəyini bulandıra bilər.

Aramsız söhbəti-Canan

Qurani-Kərim daha sonra ərafdan çıxmayan bu insanın halını növbəti ayədə belə təsvir edir:

وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ
Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) düşdüyü yerdən çıxardıb ucaldardıq. Lakin o, yerə saplanıb qaldı və nəfsinin istəklərinə (həvasına) uydu.” (“Əraf” surəsi, 7\176)

Yəni o, rahatlığa, cismani həvəslərə, şöhrətə, alqışa, həva və həvəslərə uyub verilən nemətlərin Allahdan gəldiyini unutdu. Bunları unutduğuna görə özü də unuduldu.

Ayə davam edir:

فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَثْ
"O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da, cummasan da, dilini çıxardıb ləhləyər.” (“Əraf” surəsi, 7\176).

Bir neçə ayədən sonra isə “Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər.” (“Əraf” surəsi, 1\179) buyurularaq belə insanların heyvandan da aşağı səviyyəyə düşdükləri bildirilir.

Demək ki, ən şərəfli varlıq kimi yaradılan, ali məqamlara namizəd, mələklərdən də üstün mahiyyətə malik insan “yıxılanda” düz bir yerə deyil, dərin bir çuxura düşür. Yəni nəfsani istəklərə aludəçilik insanın adi səviyyədə qalmasına belə imkan vermir, onu heyvan mərtəbəsinə endirir. İlahi kəlam bu cür insanın halını təsvir edərkən məsələnin ciddiliyini və dəhşətini nəzərə alaraq bəyanda nəzakəti (zəriflik, yumşaqlıq) bir qədər arxa plana çəkir və beləsinin həyatını bir heyvanın hərəkətinə bənzədir.

Xülasə, şayəd insan tutduğu yolda tərəddüd edir, özünü bu yola hazırlamır, mütəmadi özünü yeniləməyə əzm göstərmir,

جَدِّدُوا إِيمَانَكُمْ بِلَا إِلٰهَ إِلَّا اللّٰهُ
"İmanınızı “Lə iləhə illəllah” ilə yeniləyin” (Bax.: əl-Hakim ət-Tirmizi, “Nəvadirul-üsul” 2\204)

həqiqətinə sadiq olmağa çalışmırsa, bu əngəllərin birinə ilişib yolda qala bilər. Elə isə insan bu əngəlləri aradan qaldırıb hədəfə çatmaq üçün bütün gücünü ciddi əzm və qətiyyətlə imanını qorumağa səfərbər etməli, onun ətrafında əlçatmaz qalalar tikməli, qəlb və ruhunu isə mütəmadi olaraq saleh əməl və söhbəti-Cananla bəsləməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.