Kamil niyyətin xüsusiyyətləri-1

Sual: “Niyyəti-tammə” nə deməkdir? Möminin əməlindən daha xeyirli olan niyyət hansı xüsusiyyətlər daşıyır?

Cavab: İstər fiqh alimləri (fəqihlər), istərsə də hədis şərhçiləri niyyətə "qəlbin məqsədi" şəklində tərif vermişlər. Kamil niyyət hər bir əməli ilə Cənabi Allaha yönəlməsi, üzünü Ona tərəf çevirməsi və Onun muradını axtarması deməkdir. Bildiyiniz kimi, niyyət haqqında ən məşhur hədis İmam Buxari həzrətlərinin “Səhih” adlı əsərində birinci verilmiş hədisdir: "Əməllər (başqa deyil) ancaq niyyətlərə görədir. Kimin niyyəti nədirsə, əldə etdiyi şey də ona uyğun olacaq. Kim Allah və Rəsulu (rizasını və razılığını qazanmaq) üçün hicrət edirsə, onun hicrəti Allah və Rəsuluna yönəlmiş sayılır. Kim də bir dünya malı və ya bir qadın üçün hicrət edirsə, onun hicrəti də istədiyi şeyə görə olur" (Buxari, Bədül-vəhy,1). Bu hədisi-şərifə görə, əgər bir insan yalandan, sırf müsəlman görünmək üçün dəstəmaz alıb namaz qılırsa, axirətdə bu əməlin mükafatı olmaz. Çünki onun qəlbi Allahın razılığını deyil, insanların rəğbətini axtarır. Əslində bu münafiqlərin işidir. Çünki onlar inanaraq dəstəmaz almaz, inanaraq namaz qılmaz, inanaraq irşad yoluna çıxmaz və inanaraq, xeyirxahlıq niyyəti ilə insanlığa və xalqına xidmət etməzlər. Bu hədisi-şərif hər bir əməlin niyyət sayəsində dəyərli olduğunu bildirərək başqa düşüncə və niyyətlə edilən əməllərin isə Allah qatında heç bir dəyər daşımadığını göstərir.

Mərifət üfüqünə görə niyyətin dərəcələri

Digər tərəfdən danılmaz bir həqiqətdir ki, hər niyyət hər insanda eyni səviyyədə olmur. Çünki niyyət mərifət üfüqü ilə düz mütənasibdir. Yəni insan Allaha nə qədər inanmış, Rəbbini nə qədər dərk etmiş və ihsan anlayışı qəlbdə nə qədər kök salmışsa, niyyət də ona uyğun müxtəlif səviyyələrdə olacaq. Ona görə də mərifət üfüqü əngin olan insanlarda ibadətin ilk addımı sayılan niyyət ali olmalıdır. Çünki ibadətlərin “bismillah”ı sayılan niyyəti sağlam olan insan namaz, oruc və zəkat kimi ibadətləri hiss edərək və daha şüurlu şəkildə yerinə yetirəcəkdir.

Hənəfi fiqhinə görə, namaza başlayanda dillə niyyət etmək müstəhəbdir. Lakin fiqh alimi kimi məşhur olmasa da, məna aləminin böyük şəxsiyyətlərindən biri olan İmam Rəbbani həzrətləri niyyət dillə edilməsini nöqsan sayır. Onun fikrincə, niyyət qəlbən qəsd etmək olduğuna görə, insan gərək ürəyindən bütün masivanı (Allahdan qeyri hər şeyi) çıxarıb atsın, yalnız və yalnız Ona yönəlsin və Onu düşünsün. Dillə niyyət etmək isə insanın ağlını qarışdıra bilər. Dolayısilə, insanın belə bir ziddiyyətdən sıyrılıb lazımi səviyyədə Allaha yönəlməsi çətin olar. Bəli, Həzrətin namaz niyyəti mövzusunda belə dərin və əngin bir fikri var.

Şəxsən, namaza duranda dillə niyyət etsəm də, onun bu görüşünə üstünlük verirəm. Çünki dillə niyyət etmək bəzən insanı aldadır. Bu vəziyyətdə insan dillə niyyət etməklə kifayətləndiyinə görə, zahiri və batini hislərlə, yəni bütün varlığı ilə Cənabi Allaha yönələ bilmir. Bəzən qəlbin səsini, nəfəsini dildən tökülən sözlər müşayiət etmir. Halbuki, niyyəti təkcə dillə demək kifayət etmir. Söz ancaq qəlbin səsi və nəfəsi olmaqla bir dəyər kəsb edir.

Ancaq hər kəsə bu səviyyəyə məcbur etmək bütün insanları eyni qəlb və ruh üfüqünə səsləmək olardı ki, bu da obyektiv deyildir. Buna görə də ən doğru yol təmiz niyyətlə Allaha yönələn bir insanın namazının da, zəkatının da, orucunun da, həccinin də qəbul olunacağına inanmaqdır. Bu yanaşma həm Cənabi Allahın mərhəmətini nəzərə almaqdan, həm dinin ruhuna xas asanlıq prinsipindən, həm də insanlar haqqında gözəl düşünməkdən qaynaqlanır. Unutmayaq ki, hüsnü-zənn də bir ibadət formasıdır.

Təmiz niyyətin əməllə əlaqəsi

Niyyətin tərifində keçən "qəlbin qəsdi" ifadəsini düzgün başa düşmək üçün mövzuya bir az aydınlıq gətirək. Niyyətdə qəlbin qəsdi bir şeyi təkcə ağıl və qəlbdən keçirmək demək deyildir. Əksinə niyyətdə əzmkar və qətiyyətli olmaq və onu dərhal əmələ çevirməyə cəhd göstərmək deməkdir. Başqa sözlə, Allaha yönəlmək niyyətin nəzəri, onun praktikaya çevrilməsi isə əməli yönünü təşkil edir. Odur ki, niyyəti həyata keçirmək və əmələ çevirmək üçün qətiyyətli olmaq lazımdır. Belə ki, niyyət dinə aid bir məsələdir, onu həyata keçirməksə diyanətlə bağlıdır. Niyətin ciddiliyi də niyyət edilən məsələnin nəzəri və əməli cəhətini birlikdə götürməklə üzə çıxır. Buna görə də təkcə niyyət kifayət deyil, onu əmələ çevirmək üçün əzm və səy göstərmək lazımdır. Bu məsələ təkcə namaz, oruc və zəkat kimi ibadətlər üçün deyil, həsənat (gözəl əməllər) çərçivəsinə daxil olan bütün əməllər üçün də keçərlidir.

Niyyət əməllə (diyanətlə) birlikdə dəyərlidir. Bunu Həzrəti Pirin bu ifadəsində də görürük: "Təvazökarlığa niyyət etmək təvazökarlıq sayılmır, təkəbbürə niyyət etmək onun (kibrin) qarşısını alır". Təvazökarlıq İslamın ali əxlaqının ən bariz xüsusiyyətlərindəndir. Ancaq "Mən bir az təvazökar görünüm" düşüncəsi onu dəyərsiz hala gətirir. Çünki həmin adamın niyyəti təvazökar olmaq deyil, təqdirlə qarşılanma, alqışlanma, barmaqla göstərilmə kimi nəfsani arzu-istəklərə çatmaqdır. Təkəbbürlü olmağa niyyət etmək də onun (kibrin) qarşısını alır. Məsələn, təkəbbürlü bir adamla münasibətdə təkəbbürlü olmağa niyyət etmək təkəbbür deyil. Çünki burada məqsəd başqadır. Demək ki, niyyət əsl dəyərini əməllə əldə edir, başqa sözlə, əsl məqsəd əməllə ortaya çıxır.

Niyyətə düşən savab

Allah Rəsulu (əleyhissalatu vəssalam) bir hədisi-şərifdə niyyətin əməldən daha xeyirli olmasından bəhs edir, başqa bir hədisdə də şərə niyyət edib ondan vaz keçənlə bir yaxşılığa niyət edib yerinə yetirə bilməyən şəxsin də savab qazanacağını buyurur. Odur ki, pis bir işə niyyət edib onu yerinə yetirmək əzmində olan bir insan Allah üçün bu işdən əl çəkərsə, bir savab qazanar. O cümlədən bir yaxşılığa niyyətlənib onu yerinə yetirməyə imkan tapa bilməyən insan da bu niyyətinin müqabilində savab qazanmış olur.

Məsələn, deyək ki, siz Allahın izni və inayəti ilə dünyanın dörd tərəfinə gedərək Allahın adını dalğalandırmaqda, Məhəmmədi ruhu hər yana yaymaqda, ruh və məna köklərimizdən süzülüb gələn dəyərləri bütün dünyaya çatdırmaqda səmimi, əzmli və qərarlısınız. Hətta bu məfkurəni düşündükcə gözləriniz yaşarır, ürəyiniz yerindən atlanır. Bütün imkanlarınızı bu qayənin gerçəkləşməsi uğrunda səfərbər edirsiniz. Amma şərait əl vermir və niyyətinizi həyata keçirə bilmirsiniz. Rəsuli-Əkrəm Peyğəmbərimiz (əleyhissalatu vəssalam) məhz belə bir möminin niyyətinin əməlindən daha xeyirli olduğunu və bu niyyət sayəsində həmin əməli yerinə yetirmiş kimi savab qazanacağını bəyan edir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.