Nəzəri və əməli millətpərvərlik

Sual: İşlətdiyiniz nəzəri və əməli millətpərvərlik məfhumlarını hansı mənaları yükləyirsiniz?

Cavab: Bu günədək millətçilik sözünə müxtəlif mənalar yükləmişlər. Mən millətpərvərliyi xeyri-şəri, sevinci-kədəri ortaq olmuş, tarix boyu eyni dəyərləri bölüşmüş, eyni ruh və məna kökündən bəslənmiş, düşüncə dünyası bu dəyərlər əsasında formalaşmış və bünövrəsi iki, üç, bəlkə də, dörd min il əvvəl atılmış bir taleyə mənsubluq şüuru kimi başa düşürəm. Ancaq millətimiz üç-dörd min il çəkən bu uzun mərhələdə axtardığını İslamiyyətdə tapmış, ruhunun, qəlbinin səsini ondan duymuş, əbədiyyət düşüncəsini kəşf etmiş, dünya və axirət müvazinətini qurmuş və yeni-yeni aləmlərə qanad açma imkanını əldə etmişdir. Başqa sözlə, tarix boyu bir sıra dövlətlər quran millətimiz İslamiyyəti tapmaqla axtarışına son nöqtəni qoymuş və həqiqi kimliyinə qovuşmuşdur. Allah-taala da: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim" (“Maidə” surəsi, 5/3) bəyanı ilə həqiqi kamilliyin İslamla ortaya qoyulduğunu buyurur. Yəni din Quran və Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) təmsil və bəyanıyla həqiqi kamilliyə qovuşduğu kimi, millətimiz də İslamla şərəflənməklə həqiqi mahiyyətini, kimliyini tapmışdır.

Din ələyindən keçən dəyərlər mənzuməsi

Bundan başqa, qədim dövrlərdən bu günə qədər gəlib çatan örf (İslamiyyətin müsbət qəbul etdiyi adət-ənənələr) və adət-ənənələr də ilahi hökmlər və ilahi meyarlarla süzülmüş və millətimiz tərəfindən mənimsənilmişdir. Bütün bunlara ‒ din ələyindən keçdiyi üçün ‒ dinin icazə verdiyi dəyərlər kimi baxmaq lazımdır. Məlum olduğu kimi İslamda əsl ədilleyi-şəriyyə (şəriətin əsas dəlilləri) adlanan Kitab, Sünnə, icma və qiyas, bir də bunlarla bağlı olan istishab, istehsan, məsləhət, səddi-zərayi, yəni fəri ədilleyi-şəriyyə (şəriətin ikinci dərəcəli dəlilləri) vardır. Bəziləri örfü ikinci fəri dəlillərdən biri kimi qəbul etmişdir. Çünki Qurani-Kərimə görə, Cənabi Haqq örfə də riayət edilməsini əmr buyurmuşdur. Bu baxımdan, örf əsas qaynaqlarla ziddiyyət təşkil etməyən dəyərlər məcmusu deməkdir. Millətimizin mayasını təşkil edən və ona yön verən əsas ünsürlər də məhz ruh və məna köklərimizdən süzülüb gələn bu dəyərlərdir.

Millətçilik və nifaq

Eyni mədəniyyət, eyni inanc, eyni sevinc, eyni dərdlə böyüyən, eyni zülm və müsibətlərə məruz qalan bu millətin övladları yüz illərlə bir yerdə yaşamışdır. Lakin təəssüf ki, son əsrlərdə İslam dünyasında, daha doğrusu, Müsəlmanlar yaşayan ölkələrin bəxtsiz coğrafiyasında nifaq xarakterli düşüncə və davranışlar toplumların taleyinə hökm etməyə başlamışdır. Sözü ilə əməli düz gəlməyən bəzi insanlar yad düşüncələrdən qaynaqlanan fərqli fikirlərlə milləti bölüb parçalamağa çalışaraq ona ən böyük pisliyi etmiş və bir mənada Müsəlmanlar üçün mütləq küfrdən daha təhlükəli olmuşlar. Çünki mütləq küfrü təmsil edən və haşa "Allah yoxdur" deyib hər şeyi təbiət, naturalizm və ya materializmlə əsaslandıranlar yalançı işıqlarıyla parlayandan bir müddət sonra millətin nəzərində sönüb getmişdir. Lakin müxtəlif qiyafələrə bürünüb varlığını davam etdirən nifaq düşüncəsinin sönüb getməsi daha çətindir. Bu baxımdan bir neçə əsrdir, İslam dünyasına müsəllət olan ən təhlükəli güvə nifaq güvəsidir. Qurd gövdənin içinə girib cəmiyyətin qanını sorur, damarlarını kəsir. Millətçilik məfhumu da bu cür şəbəkələrin istismar etdiyi anlayışlardan birinə çevrilmişdir. Bu məfhumdan gəlişigözəl və dəbdəbəli sözlərlə insanların sırf hiss və həyəcanını hərəkətə gətirərək cəmiyyəti parçalamaq və millətin fərdlərini bir-birinə düşmən etmək üçün sui-istifadə etmişlər. Belə ki, zahirən hər kəs əməl və davranışlarıyla cəmiyyətin gələcəyi naminə mübarizə aparır, amma bu “mübarizə” meydanın qanlı-bıçaqlı adamlarla dolması ilə nəticələnir. Bir misal çəkim: yetmiş-səksəninci illərdə fərqli cəbhələrdə bir-biriylə mübarizə edən insanlarla bir nəzarət və ya həbsxana hücrəsində birlikdə oldum. Orada hər iki cəbhənin gəncləri ilə tanış oldum, hamısı səmimi, ürəyitəmiz Anadolu insanı idi. Bu gənclər haqq ideallar uğrunda mübarizə apardıqlarını sanırdılar, əslində isə onları bir vasitə ilə aldatmış, əllərinə silah verib küçələrə tökmüşdülər. Təəssüf ki, onlara qan göstərmiş, “qan”ı düşündürmüş və axırda da əliqanlı qatillərə çevirmişdilər. Halbuki psixoanaliz kimi bu gənclərin iç dünyasına ötəri nəzər yetirib ruhunu gözdən keçirsəniz, ürəklərinin yalnız bu millət üçün döyündüyünə şahid olardınız. Ancaq yad ideologiya və axınlara söykənən nifaq şəbəkələri bu səmimi insanları bir-birinə düşmən etmişdilər.

İslam tarixində nifaq şəbəkəsinin mənşəyi əsasən Fars mədəniyyətinə söykənir. Hz. Əbu Bəkirə və Hz. Ömərə bəslənən düşmənçilik hissi İslamda ilk nifaq şəbəkəsinin meydana gəlməsinə, İslam torpağına ilk nifaq toxumlarının atılmasına gətirib çıxarmışdır. Onun ardınca şərlilər, təxribatçılar və facirlər (açıq-aşkar günah işləyənlər) nifaq düşüncəsini müxtəlif dövrlərdə, fərqli forma və şəkillərdə təmsil etmişlər. “Millətçilik” düşüncəsi də belə bir nifaq anlayışının məhsuludur. Tənəzzül dövründə ‒ bir şairin dediyi kimi ‒ “millətçilik” düşüncələrini ortaya ataraq millət iddiasını fisqə (fasiqliyə) bürümüş, diyanəti (dinin əməli yönü) ayaq altına atmış və Türkün ruhunu həm peyğəmbərinə, həm də Allahına zorla asi göstərməyə çalışmışlar. Sizin də yaxşı tanıdığınız bu filosof şair işlədiyi günahları etiraf məzmununda "Sultan Əbdülhəmid xanın ruhundan imdad!" adlı şerini qələmə almış və bu şeirində həm bizə nəyin necə yanlış göstərildiyini bildirmiş, həm də bir mənada günahlarına görə tövbə etmişdir. Bu baxımdan, biz millətpərvərlik düşüncəmizdən Allahı, Peyğəmbəri və Quranı çıxarıb ata bilmərik. Nəinki onları bir kənara atmaq, hətta onlara laqeyd yanaşmaq belə millətpərvərliklə üst-üstə düşmür. O müqəddəslər haqqında belə adi nəsnələr kimi danışa bilmərik. Onlara yalnız hörmət bəsləyər, təzim edərik. Bizim millətpərvərlik düşüncəmizin çərçivəsi budur.

Millət sevgisi

Biz inanırıq ki, millətimizin varlığını davam etdirməsi bu dəyərlərin mənimsənilməsindən asılı olduğu kimi, millətimizin bir gün yenidən yüksəlib dövlətlər arasında layiqli yerini tutması, insani fəzilətlərə bayraqdarlıq edərək insanlıq gəmisinin sükanına oturması da bu dəyərlərdən asılıdır. Bəli, biz inanırıq ki, bu dəyərlər sayəsində, haqq və hüquq öz yerini tapacaq, qan və göz yaşı dayanacaq, həqiqi və nisbi ədalət gerçəkləşəcək və bəşəriyyət layiqli insanların rəhbərliyi ilə yenidən əmin-amanlığa qovuşacaq. İndi bu düşüncəyə inanan bir insan öz dəyərlərini bütün dünyaya çatdırmağı niyə düşünməsin ki!

Bu yerdə nəzəri və əməli millətpərvərlik məsələsi ortaya çıxır. Bilirsiniz ki, insan təbiəti inancı əməl vasitəsilə mənimsəyir. Alman filosofu Kant da saf ağılı təhlil edərkən bildirir ki, “Allahı nəzəri ağılla deyil, ancaq əməli ağılla dərk etmək mümkündür”. Bu düşüncəni Berqsonun irəli sürdüyü intuisiya fikri ilə də izah edə bilərsiniz. Həzrəti Pir də vicdanın sezişini diqqətə çatdırmış, insanın öz acizliyini və fəqirliyini hiss edərək Allaha yönəlməsinin və işlərini Allah sayəsində həll etməsinin zəruri olduğunu bildirmişdir.

Eyni bunun kimi, əməldən uzaq nəzəri millətçilik sadəcə qəhrəmanlıq dastanları ilə ovunmaq deməkdir. Halbuki, əhəmiyyətli olan o yöndə dayanmadan çalışmaq, bir təmənna ummadan əzmlə səy göstərmək, nə lazımsa, onu etməkdir. Məsələn, mən doğma dilimi niyə dünya dillərindən birinə çevirməyim? İngilis dili dünya dili olursa, Türkcə niyə insanlar arasında ünsiyyət vasitəsi olmasın, onların qaynayıb-qarışmasında yaxından iştirak edən beynəlxalq dilə çevrilməsin? Əli Şəriəti müasir ərəbcə, türkcə və farsca haqqında "Bu qədər yoxsullaşdırılmış və dayazlaşdırılmış bir dillə elm yazmaq olmaz" demişdir. O halda niyə Asiyadakı türk dillərinə müraciət edərək, məhəlli sözləri gözdən keçirərək, hekayə və romanlardan faydalanaraq, lüğətlərdə yatıb qalmış sözləri dirildərək dilimizi zənginləşdirib beynəlxalq dilə çevirməyək?! Əgər bizim millətpərvərliyimiz əməlidirsə, həm əsrlərdir işlənən bu gözəl dilimizi inkişaf etdirməyə və beynəlxalq dilə çevirməyə cəhd edər, həm də milli hislərimizi və keçmişdən miras qalan dəyərlərimizi bütün dünyaya tanıtmağa can atarıq.

Türkiyəni dünyaya tanıtmaq bir çox insanın idealı və amacıdır. Yaxşı, nə ilə tanıdacağıq ölkəmizi? Görəsən, indiyə qədər böyük pullarla həyata keçirilən lobbi fəaliyyətləri bu ölkəni dünyaya nə qədər tanıdıb? Bir verilişdə görmüşdüm. Aparıcı əlində mikrofon Nyu Yorkun mərkəzi küçələrində insanlara: "Türkiyə adlı ölkə eşitmisiniz?" ‒ deyə sual verirdi. Çoxu cavab verə bilmədi, hətta bəziləri: "Yəqin, Afrikada yerləşən bir ölkədir," ‒ dedi. Bu da göstərir ki, Türkiyənin tanıdılması istiqamətində görülən işlər kifayət etmir.

İndi isə qloballaşan dünyada qloballaşma ilə ayaqlaşmaq, onun tələblərini yerinə yetirmək əzmində olan bəzi yoldaşlar Allahın izni və inayəti ilə dünyanın müxtəlif yerlərinə gedərək bu amalı reallaşdırmağa çalışırlar. Kaş Türkiyənin iqtisadi vəziyyəti daha yaxşı, imkanları daha əlverişli olaydı və vəfalı Anadolu insanının açdığı məktəblərin sayı bu gün minə deyil, iki minə çataydı. O zaman bu məktəblərdə milyonlarla insan türkcə öyrənər, millətimizə sevgi ilə oturub durar və ölkəmizə hörmət bəsləyərdi. Türkiyəyə bir “çırtma vurulanda” dünyanın müxtəlif yerlərindən iniltilər eşidilər, səslər yüksələrdi. Bu yerdə qeyd edim ki, hər şeyə baxmayaraq, xalqımız vəfa borcu ilə əlindəki imkanları səfərbər edərək istər ölkə daxilində, istərsə xaricdə çox gözəl işlər gördü. Həyata keçirilən fəaliyyətləri görməməzliyə vursaq, vəfasızlıq olar. Bəli, toplumun vicdanı bu müsbət fəaliyyətlərin üstündə tir-tir əsir, bu işlərin görülməsinə ürəkdən sevinir. Cənabi Haqq kədər verməz, bir rüzgar əsməzsə, bünövrəsi bu millətin alın təri ilə qoyulan müəssisələr bu gün olmasa da, sabah ikiqat artacaq və inşallah, yerləşdiyimiz coğrafiya qibtə ilə baxılan röyalar diyarına çevriləcək. Məhz bu uca məfkurə istiqamətində yüksək performans sərgiləməyə və əzmlə çalışmağa biz əməli millətpərvərlik deyirik.

Xülasə, əgər siz dəyərlərinizin öz mənbəyini ilahi hövzədən götürməsinə inanır və əzəldən gəlib əbədə getməsi etibarilə onları çox əhəmiyyətli və dəyərli hesab edirsinizsə, bu dəyərləri bütün insanlığa çatdırma arzusuyla oturub durarsınız. İnsanlar bu dəyərlərin hamısını qəbul etməyə bilər, ancaq heç olmasa, gerçək simanızı və mənəvi gözəlliklərinizi görmüş olarlar. Beləcə ətrafınızda dostlardan, tərəfdarlardan, rəğbət bəsləyənlərdən ibarət halqalar meydana gələr, siz də kiçilib büzüşən dünyada bir yerdə oturub qalmamış və təcriddən qurtulmuş olarsınız.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.