Dəyərlərimiz və bizim yuva

Sual

Keçmişdən süzülüb gələn milli-mənəvi dəyərlər üzərində bina etdiyimiz ənənəvi ailə müəssisəmiz Tənzimatla birlikdə sarsılmağa başladı və get-gedə aşınmalara məruz qaldı. Cəmiyyətdə həyati əhəmiyyət daşıyan ailə qurumunu dirçəltmək üçün hansı yolu izləmək lazımdır?

Tənzimat Fərmanı daha çox Fransız mədəniyyəti ilə yetişən və həyatı, əşya və hadisələri o mədəniyyət aspektindən oxuyub mütaliə edən elitamızın ölkəmizə yenilik gətirmək məqsədi ilə hər şeyi yenidən tənzimləmə cəhdi idi. Mustafa Rəşid Paşa tərəfindən Qərbin kriteriləri əsasında verilən bu fərmanda çox təəssüf ki, bizim ruh və məna köklərimizdən süzülüb gələn dəyərlər nəzərə alınmamışdır.

Bəli, Gülhanə Xətti-Humayununda{qluetip title=[1]}[1] Xətti-Humayun (Padşahın əl yazısı, əmri, fərmanı) -Osmanlı padşahlarınınmühüm məsələlər barəsində verdiyi fərmanların adıdır.

Tənzimat Fərmanını o dövrün Xarici İşlər Naziri Mustafa Rəşid Paşa Gülhane Parkında oxumuşdur. Məhz buna görə də bu fərman Gülhanə Xətti-Hümayun adı ilə tarixə düşmüşdür.{/qluetip} bəlkə də Dövləti-Aliyəni (Osmanlı dövləti) xilas etmə cəhdi vardı, amma bizim dəyərlərimiz yox idi. Burada Mustafa Rəşid Paşa səmimi idimi, deyildimi, bilmirəm. Onu ancaq Allah bilər. Ancaq işin içində yəqin ki, səmimi insanlar da vardı. Ancaq seçdikləri yol-yöntəm doğru deyildi.

Bir şeyi hədəf götürmüşdülər, bir şeyə nail olmaq istəyirdilər; bəlkə də yeni Qanuni və ya Fateh dövrünün xəyallarını qururdular, ancaq yanlış yollarla bu təqdirəlayiq müqəddəs məfkurəyə çatmaq mümkün deyildi. Çünki bizə xas o düşüncə və layihələri Qərbin tərbiyə sistemi, sosioloji prinsipləri və pedaqogika anlayışı ilə həyata keçirmək qeyri-mümkün idi. Tənzimat elitası məhz bu məqamda yanıldı. Çünki qayə, məfkurə və üfüqün haqq olması zəruri olduğu qədər, ona aparan yollar da, metodlar da doğru, haqq olmalıdır. (01:00)

Əgər sizin məqsədiniz təhlükəsiz və sağ-salamat İstanbula çatmaqdırsa, oraya cığırlarla deyil, ancaq şoselərlə gedib çata bilərsiniz. Cığırı seçsəniz, gedib dik yoxuşlara dirənib sıra dağlarla üz-üzə gələ bilər və hədəfə çatmadan yollarda qala bilərsiniz.

Bunu da qeyd edim ki, əslində bizdə tənəzzülün əlamətləri Tənzimatdan da öncə görünməyə başlamışdı. Tənzimat bu tənəzzülün açıq-aşkar özünü biruzə verməsi idi. Bunu təkcə Mustafa Rəşidlə, on doqquzuncu əsrin ilk illəri ilə əlaqələndirmək düzgün olmaz. Bu məsələ baş qaldıran yeniçəri, saray qiyamları, o qiyamlarla hökmdarların taxtdan salınıb, taxta çıxarılması dövrlərinə, Gənc Osman və IV Murad dövrlərinə qədər gedib çıxır. Ta o vaxtdan bəri fitnə, ixtilaf və iftiraq bizi içdən gəmirir və yandırıb kül edirdi. Ona görə də, Tənzimat Fərmanı verilən illərdə onsuz da bizə xas dövlət və idarə fəlsəfəsi, ədalət və haqq anlayışı yerlə-yeksan olmuşdu. Mərhum Mehmet Akifin bu nəfis ifadələri elə bil o dövrü təsvir etir:

Xarab ellər; sərilmiş xanümanlar; başsız ümmətlər;
Düşünməz başlar; aldırmaz ürəklər; paslı vicdanlar;
Əmək məhrumu günlər, fikri-fərda bilməz axşamlar,
Keçərkən, ağladım keçdim, durarkən, ağladım durdum;
Duyan yox, səs verən yox, min pərişan yurda baş vurdum.

Sonrakı illərdə yara daha da dərinləşdi, ağrılar daha bir artdı. Təməl dəyərlərimiz tamamilə - Ustad Nəcib Fazilin ifadəsi ilə desək - "kündə-kündə devrildi". Bu arada ailə yuvası da dağıldı, yuvada ər-arvad arasında sağlam təməllər üstündə qurulmuş həyat fəlsəfəmiz də, ana-ata-övlad arasında isti və səmimi münasibət anlayışımız da.

Buna rəğmən, bu ağrılı-acılı, hüznlü mənzərə qarşısında ümidsizliyə düşmək əvəzinə, hər kəs ailə müəssisəsini yenidən dirçəltmək üçün əlindən gələni ortaya qoymalıdır. Bunu da heç vaxt unutmamalıyıq ki, ailə bütün cəmiyyətlə bağlı olduğuna görə, onun tam mənada islahı və dirçəlişi toplumun bütün sahələrinin islah və dirçəlişindən asılıdır. Məsələn, siz müəyyən dövrdə öz evinizdə mələklərə belə qibtə etdirən hüzur dolu abı-hava təmin edə bilərsiniz. Ancaq əgər çöl-bayır, ətraf bu məna və ruhdan uzaqdırsa, sizin evdə müəyyən qədər qaydaya saldığınız, həll etdiyiniz məsələləri götürüb yenə özünə bənzədəcək. O cümlədən əgər məbəd həmin mövzuda ailəyə dəstək olmur, məktəb onun tərəfində deyilsə, sizin evdə əldə etdiyiniz yaxşı və gözəl xüsusiyyətlər yenə hədər olub gedəcək. Buna görə də heç vaxt unutmayaq ki, ailə qurumunun yenidən dirçəlişi bütün cəmiyyətin dirçəlişindən asılıdır.

Ciddiyyət və inqilabçı ruh

Əsas mövzumuza qayıdaq, hər şey yerlə-yeksan olandan sonra mənə elə gəlir ki, artıq təkrar öz dəyərlərimizə dönüş vaxtı çatmışdır. İndi əsas məsələ öz dəyərlərimizə sahib çıxmaqda daha ciddi cəhdlər ortaya qoymaqdır. Bunun adı nə ricat, nə irtica, nə də gerilikdir. Çünki biz öz dəyərlərimizə sahib çıxmaqla yanaşı, həm də dünyanı bu günə uyğun düzgün oxuyub düzgün mütaliənin, bu mövzuda inqilabçı ruhun zəruriliyinə inanırıq. Əslində mömin üçün burada bir mənada dilemma və həlli çətin bir ziddiyyət var, buna rəğmən o bunu mütləq reallaşdırma əzmində olmalıdır. Yəni bir tərəfdən öz dəyərlərinə sahib çıxıb onu dünyalara dəyişməməli, "min canım olsa o dəyərlərə fəda olsun" deməli, digər tərəfdən isə ən böyük müfəssir olan zamanın təfsirinə, o təfsirin rüzgarına arxalanmaqda əsla laqeydlik etməməlidir. Əks halda zamanı və təkvini əmrləri (fiziki aləmə xas qanunları) daha yaxşı şərh edən insanlar gələr, təzyiq göstərib sizə hökm etməyə başlayar. Sonra da siz indi olduğu kimi, onların hakimiyyəti altına girməyə məcbur qalar, əzilməyə məhkum olarsınız. Məhz buna görə hər kəs inqilabçı, doymaq bilməyən bir mərifət əri olmağa çalışmalıdır. Düşüncədə, təfəkkürdə, araşdırmada, zamanı düzgün qavramaqda ətalət bizi əsirə çevirər. Buna görə də, əşya və hadisələri pambıq və ya yun kimi daim didməli, həllac eləməliyik.

Müəyyən dövrdə bir mövzuda ən mükəmməl yolu siz tapmış ola bilərsiniz. Nədir o ən mükəmməl olan? Məsələn, Quran və Sünneyi-Səhihəni düzgün oxuyub mütaliə edərək bir məsələ haqqında irəli sürdüyünüz ən məqsədəuyğun ictihad və istinbat. Lakin bir mənada ona da bənd olmamalı və onu yaşadığınız dövr və şərait aspektindən bir daha oxumalı, bir daha mütaliə etməli, bunun ən məqsədəuyğun olub-olmadığını yenidən gözdən keçirməlisiniz. Yanlış anlaşılmasın, bu, - haşa - dövrə görə ibadətü-taətdə islahat aparıb dəyişikliklər etmək demək deyildir. Əksinə bununla qəsd etdiyim şey təkvini əmrlərin düzgün oxunub mütaliə etmək, qavramaq, ictimai həyata, tərbiyə anlayışına bu zaviyədən yanaşmaq və insanlara lazımi şeyləri verməklə yanaşı, başqalarından da lazım olanları - süzgəcdən keçirmək, təməl dəyərlərimizə zidd olub-olmamasını yoxlamaq şərti ilə -götürməkdir. Biz bu zəmanənin övladıyıq və bütün bunlar da bu dövrün tələbidir.

Bu səbəbdən bu baxış bucağı ilə bir daha öz dəyərlərimizə yönəlməli və onları təkrar gözdən keçirdikdən sonra xalqın fikrinə həvalə etməliyik. Məhz o zaman, Allahın izni ilə maarif, məbəd, ailə yadlaşmaqdan xilas olacaq və təkrar ruhunun abidəsini öz dəyərlərinin üstündə ucaldacaq. Əlbəttə, bütün bunlar bir anda, bir həmlədə, bir nəfəsdə olası işlər deyil. Baxın, söhbət və hüzurunda dərin bir insibağ, eyni zamanda o insibağı layiqincə təmsil edən kamil əshabı olan Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) belə hər şeyi yerli-yerinə oturtmaq və təkrar İbrahimi əxlaqı yaymaq üçün iyirmi üç il əzmlə çalışıb-vuruşmuşdur.

Bu nə haqpərəstlikdir, Allah xatirinə!

İndi də gəlin ailə problemlərinin həlli üçün qiyamətə qədər bütün məsələlərin həll yolunu göstərən o Fəridi-Kövnü-Zamanın həyatına nəzər yetirək: Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) ailə üzvlərini mükəmməl idarə etməsi onun fətanəti-üzma xüsusiyyətinin bir təzahürüdür. Əgər Allah Rəsulunun (əleyhissalatu vəssalam) peyğəmbərliyinə dəlil olan barmaqlarından su axması, bir işarə ilə qəmərin ikiyə bölünməsi, bir oğlaqla üç yüz nəfəri doyurması və s. möcüzəsi olmasaydı, eyni vaxtda doqquz mübarək anamızı səssiz-küysüz idarə etməsi, onları bir yerdə saxlaması peyğəmbərliyinə dəlil kimi kifayətdir. Üstəlik əzvaci-tahirat (pak zövcələr) cahiliyyədən yenicə çıxmış qadınlar idi. Hələ də o dövrün bəzi xüsusiyyətlərini daşıyan o mübarək analarımız Onun səadət xanəsinə girən kimi birdən-birə dəyişirdilər. Bəşərilikdən uzaqlaşır, sanki mələkləşirdilər. Onlar da insandır, əlbəttə onların da özlərinə görə hissi, duyğusu vardı, lakin onlar o Qüdsi-Cazibə ətrafında hissiyyatın öhdəsindən gəlmiş və hüzur dolu abı-havanı meydana gətirmişdilər. Allah Rəsulu (əleyhissalatu vəssalam) ciddi bir problemin çıxmasına imkan vermədən onları idarə etmişdi. Bəli, təkrar edirəm, Fəxri-Kainatın heç bir möcüzəsi olmasaydı, nikah altında saxladığı doqquz qadın Onun peyğəmbərliyinə dəlil kimi kifayət edərdi.

Rəsuli-Əkrəm Peyğəmbərimiz (əleyhi əlfü əlfi salətin və salam) bunu necə bacardı, hansı metodlardan istifadə etdi və s. kimi xüsuslara diqqət yetirmək lazımdır. İlk öncə bunu deməliyik ki, O, mübarək analarımız arasında həmişə haqqı qorudu, ədaləti təmsil etdi. Belə ki, Aişə Anamızın rəvayət etdiyi bir hədisi-şərifdə, "bir ay, bir ay da, bir ay da keçərdi, hücrəmizdə ocaq yanmazdı" deyilir. (Buhari, rikak 17; Müslim, zühd 20-36). Bu çox çətin bir məsələdir. Çünki Onun həyatı fəqru-fəna içində keçir (bu, peyğəmbərlik yolunun tələbi idi), insanların zehininə peyğəmbərliyə aid ən kiçik ləkənin bulaşmasına imkan vermirdi. Bəli, O,

فَمَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللّٰهِ

"Mən (bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir." ("Yunus" surəsi, 10/72) həqiqətinə möhkəm bağlı idi.

اِتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ

Sizdən (haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!("Yasin" surəsi, 36/21) həqiqətinin canlı timsalı idi. O, ruhunun üfüqünə yürüyəndə (vəfat edəndə) zirehinin bir Yəhudidə girov olduğunu hamınız bilirsiniz. Ailəsinin güzəranını təmin etmək üçün pul tapa bilməmişdi, borc pul əvəzində zirehini bir Yəhudiyə girov vermişdi. Özü bərk, quru bir yerdə yatırdı. Hətta "İla" hadisəsində yanına gələn bir səhabə gördüyü mənzərəni belə təsvir edir, "həsir üstündə yatırdı, üzündə həsirin izləri qalmışdı". O, bu qədər sadə həyat yaşadığına görə, pak zövcələri də daxil olmaqla heç kimin Ona bir şey deməsi mümkün deyildi. O xanədə elə bir ədalət, haqq-hüquq var idi ki, kiminsə buna etiraz etməyə haqqı ola bilməzdi.

Digər tərəfdən ailəsinin hüququnu görüb güdmədə də tükü qırx yararcasına bir həssaslığa sahib idi. İnsanlığın İftixar Tablo/cədvəlinin ibadət və ubudiyete qarşı necə bir iştiyak içində olduğunu bilirik. Məsələn bir hədisi-şərifdə O:

حُبِّبَ إِلَيَّ مِنَ الدُّنْيَا اَلنِّسَاءُ، وَالطِّيبُ، وَجُعِلَ قُرَّةُ عَيْنِي فِي الصَّلاَةِ

"Mənə (üç şey) sevdirildi: Qadın, gözəl ətir; namaz isə gözümün işığı" (Nesai, işretü-nisa 1) buyurur. Başqa bir hədisdə isə belə buyurur:

إِنَّ شَهْوَتِي فِي قِيَامِ اللَّيْلِ

"Mənim şəhvətim gecə namaz qılmaqdadır" (Taberani, əl-Mu'cemü'l-kebir, 12/84). Yəni: Sizin yemə, içmə və başqa cismani arzularınız təmin etməklə axtardığınız ləzzəti mən ibadətdən alıram. Buna baxmayaraq, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) gecə ibadətə qalxarkən Hz. Aişədən icazə istədiyini görürük. Bəli, O, gecə ibadətinə qalxarkən: "Ya Aişə! İcazə ver, bu gecə Rəbbimə ibadət edim" buyururdu. Hz. Aişə Anamız da: "Səninlə birlikdə olmağı sevirəm, lakin Sənin xoşuna gələn şeyi də sevirəm" cavabını verir (İbn Hibban, Sahih, 2/386). Bu necə haqpərəstlikdir, Allah xətrinə! Çünki pak zövcələrin haqqı məsələsi var, o vaxt o yerdə onunla birlikdə olmalıdır. Ancaq digər tərəfdən də ibadətə dərin, böyük eşqi iştiyaqı var. Gördüyünüz kimi, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) zövcəsindən icazə istəyərək bu ziddiyyətin öhdəsindən gəlir.

İncəlik, zəriflik və vəfa

Ər-arvad arasında incəlik, zəriflik və nəzakət çox əhəmiyyətlidir. Həyat yoldaşına qarşı bu qədər bağlı, sadiq olma məsələsi... Əslində bizim toplumumuz belə idi. İcazənizlə dar çərçivədə ailəmdə gördüyüm bəzi şeyləri çatdırmaq istəyirəm. Onlar müəyyən mənada pozulmuş, aşınmış bir cəmiyyətin qalıqları olsalar da, hələ də bir ailə olaraq Osmanlının izlərini daşıyırdı. Rəhmətlik babam elə sərt adam idi ki, evdən çıxıb məscidə gedərkən yolda onu görən hər kəs özünü yığışdırardı. Şamil Ağa gəlir deyə ürəyi ağızlarına gəlirdi. Munisə nənəm isə tamamilə başqa təbiətdə insan idi. Yanında "Allah" sözü deyiləndə iyirmi dörd saat ağlayan, ürəyiyumşaq bir qadın idi. Mən on bir, on iki yaşına girənə qədər onlar yaşayırdılar. O sərt və heybətli adamın bir gün belə yoldaşına qaşqabaq tökməsinə şahid olmadım. O ürəyiyumşaq, gözüyaşlı qadın ömrünün axırlarında iflic olub yatağa düşmüşdü. Anam hər gün ona təyəmmüm etdirib namaz qılmağına kömək edərdi. Anam deyirdi ki: "Vəfatından əvvəlki son cümə gecəsi məndən dəstəmaz aldırmağa kömək etməyi xahiş etdi. Mən də aldırdım. Ondan sonra qəhqəhə çəkib belə dedi: "Dünyadan kam almamışıq. İkimizin meyiti də bu gecə evdə qalacaq". Əslində Şamil babanın heç bir şeyi yox idi. Buna baxmayaraq, nənən can verib bir tük kimi yastığa düşəndə onun gözlərini təzəcə bağlamışdım ki, o biri otaqda da babanın fəryadı qopdu və o da can verdi". Bəli, onlar bir-birinə bu qədər bağlı idilər.

Rəhmətlik atam 1974-cü ildə vəfat etdi. Mən o vaxt otuz beş-otuz altı yaşındaydım. Rəhmətlik atamın da yalnız bir dəfə anama qaşqabaq göstərdiyini xatırlayıram. Onda da nənəm araya girib "Ramiz! Əgər ona bir şey eləsən, sənə südümü, əməyimi haram edərəm" – dedi. Bəli, dağılmış Osmanlıdan qalma ailə quruluşumuz hələ də belə idi.

Bir misal da böyük əmimdən vermək istəyirəm. Yoldaşı ilə münasibətləri haqqında o qədər də məlumatım yoxdur. Ancaq yoldaşı vəfat edəndən sonra hər həftə Ərzurumdan maşına minib kəndə, qəbrinə ziyarətə gedər, məzarın başında da yarım saat ağlayardı. Sonra təkrar maşına minib Ərzuruma qayıdardı. Hətta bir gün bacım mənə gəlib: "Bu əminə bir nəsihət versənə. Ölmüş adamın arxasınca bu qədər ağlamaq doğrudurmu?" deyə xahiş etmişdi. Mənim dar dairədə tanıdığım, bəlkə də, bütün ailələr belə idi. Bəli, bizim, pozulmuş, bir çox yöndən aşınmış ailəmiz belə idi.

Mənim dərdim burada, nə Şamil ağadan nə Munisə xanımdan, nə də bir başqasından danışmaqdır. Bu misallarla bir xüsusa diqqət çəkmək istəyirəm: Vəfaya vəfa ilə cavab verilir. Siz o səviyyədə vəfalı olmasanız, sizə də vəfalı olmazlar. Toplumumuza vurulan o qədər zərbədən sonra ər-arvad arasında hələ də bu qədər vəfanın olması mənə çox əhəmiyyətli gəlir.

Xülasə, siz qarşı tərəfə əmniyyət və güvən təlqin etməli və onu inandırmalısınız ki, o da sizə inansın. Vəfalı olmalısınız ki, vəfalı olsun. Ona qayğı göstərməlisiniz ki, o da sizə qayğı göstərsin. Bu cəmiyyətin "molekul"u olan ailədə keçərli bir prinsip olduğu kimi, kənd, şəhər və dövlət çərçivəsində də belədir. Vəfaya vəfa ilə, təvəccöhə təvəccöhlə, nəzərə nəzərlə, sədaqətə də sədaqətlə cavab verilir. Əslində Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də məhz bunu edirdi. O (əleyhissalatu vəssalam), Vida Xütbəsində "Onlar sizə əmanət, siz də onlara əmanətsiniz" buyurmuşdu. Məsələyə Onun məsləhətləri çərçivəsindən baxsaq, hazırda qadın hüquqları müdafiəçilərinin bu mövzuda gerilərin, gerilərin, gerilərin gerisində qaldığını görürük. Ona Allahın minlərlə salət və salamı olsun. Ona inanan, Onu istisnasız qəbul edib Onun yolu ilə gedənlərdən də Allah əbədiyyən razı olsun!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.