Xüşu, xəşyət və qəlb incəliyi

Sual: "İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!" (“Hədid” surəsi, 57/16) məallı ayə nöqteyi-nəzərindən baxanda hər qəlb üçün bir şeh nöqtəsindən bəhs etmək olarmı? Hansı amillər qəlbdə xəşyət hissini oyadır?

Cavab: İbn Məsud Həzrətlərinin rəvayətinə görə, bu ayeyi-kərimə Məkkədə nazil olmuşdur. Bildiyiniz kimi, bu böyük səhabə sabiqunu-əvvəlundandır[1] və İslamın ilk illərindən həmişə İnsanlığın İftixarı Peyğəmbərimizin yanında olmuşdur. Bu baxımdan Ənəs b. Malik kimi o da Peyğəmbərimizin xüsusiyyətlərini çox yaxşı bilirdi. Eyni zamanda o, hədis rəvayətində çox həssas olan bir səhabədir. Məsələn, ondan bir hədis soruşulanda, ciddiyyətlə, təmkinlə, sayıqlıqla, "Lə havlə və lə quvvətə illə billah" deyib Allaha sığınar, soruşulan hədisi həssaslıqla nəql edərdi ki, Rəsulullaha yalandan istinad etmiş olmasın. Çünki İbn Məsuda görə, hədisin bir sözünü belə dəyişdirib demək axirətdə insanı batıra bilər. Bu həssaslığına görə hədis elmində İbn Məsud Həzrətlərinin bambaşqa yeri, dəyəri və etibarı var.

Hədis rəvayətində bu qədər həssas və diqqətli olan İbn Məsud Həzrətlərinin bildirdiyinə görə, bu ayə Məkkeyi-Mükərrəmədə, bisətdən (pəyğəmbərliyin başlanğıcı) çox keçməmiş nazil olmuşdu (Müslim, Kitabü't-tefsir 2). Mənə elə gəlir ki, mövzunun dərinliyini qavramaq üçün bu xüsus çox vacibdir. Bəli, vəhyin başlanğıcından çox keçməmiş Qurani-Kərimin:

"Allah anılanda möminlərin qəlblərinin xəşyətlə ürpərdiyi, xüşu ilə iki qat olduğu an, oxunan ayələri eşidib könüllərin ürpərmə və həssaslıq vaxtı gəlib çatmadımı?" ifadəsi ilə xəbərdarlıq etdiyini görürük. Halbuki məsələnin səmaviliyi (lahutiliyi) hələ könüllərdə hiss edilirdi. Məna aləminin səsi yarpağın üstünə düşən bir şəbnəm və şeh kimi idi. Lakin belə bir dövrdə Allah (cəllə cəlaluhu) səhabələri daha dərin bir ihsas, ixtisas (zahiri və batini hiss və duyğular) və həssaslıq üfüqünə çağırırdı. Çünki siz məsələlərə ölgün bir baxışla, ülfət və ünsiyyətlə yanaşsanız, o məsələlər qəlbinizdə lazımi həyəcanı oyatmaz. Bəli, burada bir xəbərdarlıq var. Hətta bu sözün sahibi Zati-Uluhiyyət olduğuna görə, güman ki, burada bir təvbih (məzəmmət, ləvm etmə) də var. Əlbəttə bizim səhabeyi-kiram haqda belə bir mütaliəmiz olmaz, ola bilməz. Amma Allah (cəllə cəlaluhu) vəli məqamında olan qullarına, səhabeyi-kirama, ənbiyai-əzəmə (böyük peyğəmbərlərə) bunu deyə bilər. Çünki O, Xaliqi-Külli-Şeydir (Hər şeyi yaradandır). Bu baxımdan bu ayeyi-kərimədə bir təvbih və qınama vardır.

Haqq Təala ayeyi-kərimənin davamında isə belə buyurur:

وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ
"Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir". Yəni sizdən əvvəl kitab göndərilənlər tədricən ülfət (alışqanlıq, adiləşmə) və ünsiyyətə məğlub oldu, səmavi leysan başlarına dayanmadan yağsa da hissizləşdilər və:
وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ
"Onların çoxu (Allaha asi olub) fasiq oldular!"

Başlanğıcda yenilik, yol boyu yenilənmə cəhdi

İndi isə gəlin, tədricən ortaya çıxan qəlb qisvətinin, ülfət və ünsiyyətin bəzi amillərinə bir qədər diqqət çəkək. Demək olar ki, hər yeni və orijinal şey insanda az-çox həyəcan oyadır. Başlağıcda bizim kimi qatı qəlbli, Haqqa qapalı insanların qəlbini belə yeniliyin hasil etdiyi eşq və həyəcan dalğası bürüyə bilər. Sizə bir hissimi daha əvvəl də bildirmişdim. İlk dəfə Hz. Pirin yanından gələn bir şəxsi görəndə onun o saflığı, o paklığı, o zərifliyi və mənən doyurucu ab-havası mənə çox təsir etmişdi. Kiçik yaşlarımda atam səhabələrdən çox danışardı. Mən o adamı ilk dəfə görəndə "Bu zəmanədə də səhabə kimi insanlar olarmış!" dedim öz-özümə. İlk dəfə qarşılaşdığınız gözəl mənzərə sizdə belə bir ürpərmə hasil edir. Vicdan bütün vüsəti ilə açılır və onu dəyərləndirməyə, istifadə etməyə çalışır. Lakin unutmamaq lazımdır ki, insan tədricən bu nemətin dərinliyinə enməsə, yeni şərhlər əlavə etməsə, kənar-bucağına qeydlər qoymasa, bəzən formatında dəyişikliklər etməsə, heç olmasa həmin məsələnin izah formasında dəyişiklik etməsə, fərqinə varmadan ülfət və ünsiyyət toruna düşə bilər. Belə ki, bir yerdə insanlara namaz qıldırar, Quran oxuyar, ancaq nə qıldırdığı namazda, nə də oxuduğu Quranda həyəcan, ürpərmə hiss edər. Qəlbi  canlılıqdan əsər-əlamət olmayan yalın qayaya çevrilər

Bəli, başda hər kəsdə az-çox yeniliyin və orijinallığın verdiyi ürpərmə (həyəcan) hissi, xəşyət və ehtiram olur. Lakin övradü-əzkarla, gecənin dərinliyində edilən ibadətü-taətlə, mühasibə, muraqibə və təfəkkürlə yenilənməyə çalışmayan, müntəzəm olaraq yenilənmə pillələrindən keçməyən, keçmədiyinə görə də eqoist hislərdən sıyrıla bilməyən insanın qatılaşması qaçılmazdır. Dolayısilə bu şəxsin şeh nöqtəsini (əvvəlki ilk hiss-həyəcanını) qoruyub saxlaması qeyri-mümkündür. Bu cür qəlb qisvətinə tutulmamaq məsələlərə daim yeni baxış bucağından yanaşıb həmin mövzuda dərinləşmədən asılıdır. Bir baxın, Qurani-Kərimin nazil olduğu birinci əsrdən bu vaxta qədər nə qədər təfsir yazılıb, nə qədər fikirlər yoğrulub, nə qədər fikri cəhdlər göstərilib. Məsələn, səhabələrin bir xeyli təfsiri olsa da, tabiun bununala kifayətlənməyib yeni təfsirlər yazmışdır. Sonrakı dövrlərdə İbn Cərir, Zəmahşəri, Fəxrəddin Razi, Əbu Xayyan, Bəyzavi kimi alimlər də öz dövrlərinə qədər bir çox təfsir yazılmasına baxmayaraq, yazılanlarla qane olmamış, yeni haşiyələr vermiş, daim şərhlər vermyə çalışmışlar. Bu günə qədər dövrün neçə-neçə abidə şəxsiyyəti bir az da zəmanənin şərhinə arxalanaraq öz üfüqlərində təkvini əmrlərlə təşrii əmrlərin əlaqəsini qavramağa, Quranı bir daha anlayıb izah etməyə çalışmışlar. Məsələn, Bəyzavinin öz şərhlərindən ibarət iki cildlik təfsiri var. Elm tarixçiləri – istər şərh, istər haşiyə, istər təfsir tərzində olsun – bu təfsirlə bağlı 250-dən çox araşdırma aparıldığını göstərir.

Bəli, hər kəs hər zaman Quran haqqında yeni şeylər söyləyə bilər. Hətta Hz. Pir kimi söylədiyi hər şeyi yerli-yerinə ortaya qoyan bir insanın sözlərini belə zamanın rüzgarı və şərhini də nəzərə alaraq izah etmək lazımdır. Əksinə hər səhər onun əsərlərini oxumağı adətə çevirməklə  və ya axşamçağı bir yerə dərsə gedib o əsərlərdən bir yeri səthi yanaşma ilə oxumaqla vəzifənizi yerinə yetirdiyinizi düşünsəniz, onun gerçək dərinliyini və zənginliyini anlaya bilməzsiniz. O halda, müzakirəyə baş vurmaqla, yeni-yeni tərkib və təhlillərlə oxuduğumuz mətndən fərqli nəticələr çıxarmaqla, yeni şeylər təsbit etməklə qəlb və vicdan kültürümüzə yeni mərifət çeşməsi açmalıyıq. Həzrətin "Ayətül-Kübra"da işarə etdiyi kimi, könül dünyamız etibarilə "Həl min məzid?" fərdi olmalı və daim "Daha yoxdurmu?" deməliyik. Belə ki bir insan bir gün Zati-Uluhiyyətlə üz-üzə gəlsə, yenə də "Həl min məzid?" anlayışı ilə "Allahım bunun ardı yoxdurmu. Hal-hazırda bu ruhi-mənəvi halətim qəlbimə görədir. Nə olar Allahım, Səni Zati-Uluhiyyətinə layiq daha necə tanıyıb bilməliyəmsə, mənə həmin üfüqü aç" deməlidir.

Əmanət huşyar və canlı könüllərə təslim edilir

Yeri gəlmişkən bir məsələni də xatırlatmaq istəyirəm: Dünyanın iki yüzə yaxın ölkəsində məktəb aça bilərsiniz. Bu iki yüzə yaxın ölkədə açdığınız müəssisələr barmaqla göstərilə bilər. Həmin ölkələrdə insanlar açdığınız kültür dərnəklərinə böyük rəğbət göstərib sizin duyğu-düşüncənizin rənginə və naxışına boyanmaq istəyə bilər. Hər yerdə insanlar gözünüzün içinə, ağzınızdan çıxan sözə baxa bilərlər. Ancaq bir Hz. Əbu Bəkir, bir İbn Məsud imanı ilə Allaha üz tutmasanız, gördüyünüz bütün bu işlər Allahın yanında bir qiymət, bir məna ifadə etməz.

Allah neçə-neçə insana neçə-neçə lütf ehsan etmişdir. Əsas məsələ lütflərlə düz mütənasib olaraq Allahla irtibatı gücləndirməkdir. Əgər siz, "Allahım, mənə bu nemətləri lütf etdin. Halbuki mənim günahkar və zülmətli halım zəlalət və küfrə daha müvafiq idi. Amma Sən elə etmədin. Məni küfrün içində qoymadın. Qəlbin qisvətinə məruz qoymadın. Zəlalətə atmadın. “Mağdubi” ndən (qəzəbə, zəlalətə düçar olanlardan) etmədin. Hidayət verib məni bu işdə istixdam etdin. Allahım, bildiyim-bilmədiyim, fərqinə vardığım-varmadığım bütün nemətlər üçün Sənə sonsuz həmd-səna olsun" duaları ilə Haqq Təalaya ciddi mənada üz tutaraq daim Allahla münasibətinizi möhkəmləndirmirsinizsə, Alvar İmamının sözü ilə desək, daim, "Deyildir bu mənə layiq bu bəndə. Mənə bu lütf ilə ehsan nədəndir?" mülahizəsinə sadiq deyilsinizsə, bütün bu gördüyünüz işlərdə niyyətinizin Onun rizasını qazanmaq olub-olmadığını bir daha gözdən keçirməlisiniz.

Allah (cəllə cəlaluhu) cədidə (yeni, təzə, işlənməməmiş) və cəyyidə (saf, xoş, gözəl) dəyər verər. Dinə aid məsələlərin səmadan yenicə nazil olurmuş kimi eşidilməsini, eşidilib dəyərləndirilməsini təqdirlə qarşılayar. Buna görə də, deyə bilərik ki, Haqq-Təala dilərsə, zəif olsanız da, dövlətlər arasında müvazinət amili mövqeyini başqalarından alıb sizə verə bilər. Belə ki, xordan çıxan güclü bir səs kimi, duyğu və düşüncənizi bütün dünyaya çatdıra bilərsiniz. Lakin siz bu işi lazımi şəkildə təmsil edə bilməsəniz, əbəs iş görməkdən münəzzəh və mübərra olan İlahi Qüdrət o vəzifəni sizə niyə versin ki?! Çünki o vəzifə layiqincə təmsil edilmədiyinə görə, sizdən alınıb bir başqasına veriləcək.

Bu baxımdan insan qəlb qisvətinə həmişə ciddi, ayıq-sayıq yanaşmalıdır. Lakin bu acınacaqlı halımıza baxanda dözə bilməyib öz-özümə bu sualı veririəm: "Niyə biz təhəccüd namazını çeşid-çeşid nemətlər düzülmüş bir süfrəyə dəvət kimi dəyərləndirmir, eşqlə, şövqlə, dərin iştiyaqla qalxa bilmirik? Niyə dəstəmaz alanda eyni nəşvəni hiss etmirik? Niyə başımızı səcdəyə qoyanda, “Allahım kaş, bu səcdə heç bitməyəydi!” deyə bilmir, bu səviyyədə Allahla münasibətdə deyilik?"

Əgər Onunla münasibətə bir Şahı-Geylani, Həsən Şazəli, Əhməd Bədəvi, Əhməd Rufai həzrətləri kimi arzu və iştiyaq ortaya qoymuruqsa,  “Daha yoxdurmu, Allahım?" deyə bu işi götürüb daha da irəliyə aparmırıqsa, gördüyümüz iş və əməllərin bir yerə qədər qiyməti olsa da, rahatlıqla deyə bilərik ki, lazımi dəyər və qiymət ifadə etmir. Buna görə də əsla unutmamaq lazımdır ki, Haqq Təala əmanətini əmanətə sadiq, cədid və cəyyid olan insanlara verir. Çünki o əmanət ancaq onlarda daimi olur.

Xülasə, əgər biz qəlbimizdə xəşyət hissini hərəkətə gətirmək istəyiriksə, söhbəti-canan məsələləri ətrafında müzakirələr aparmalı; mövzuları bu nöqteyi-nəzərdən daha əhatəli anlamağa çalışmalı və beləcə imanımızı aramsız möhkəmləndirməliyik. Çay və ya yemək süfrəsində belə sözü Allaha gətirməliyik, hər dəfə yeni bir mərifət üfüqü ilə işi Onunla əlaqələndirməli və Onunla yekunlaşdırmalıyıq. Əks halda heç fərqinə varmadan həyəcan və yol yorğunluğuna yenilər, əhval-ruhiyyəmizi itirər və daxilən çürüyərik. Rəbbim hamımızı belə bir aqibətdən qorusun!


[1] İslamiyyətin ilk qəbul edən səhabələr

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.