Yaxınlıq Korluğu

Sual: Bəzi insanlar yaxın ətrafda baş verən gözəlliklərə uzaq, məsafəli davranır. Bunun səbəbləri nələrdir, necə aradan qaldırmaq olar?

Cavab: Uzaqlıq həqiqəti olduğu kimi görüb tanımağa mane olduğu kimi, bəzən yaxınlıq da pərdə olur. İnsanlığın İftixarı Peyğəmbərimizlə eyni dövrdə yaşayasa da, aləmi nura qərq edən o işıq tufanının yanında olsa da, Onu və Onun ulduzlara bənzər səhabələrini görə bilməyən insanlar vardı. Ancaq o biri tərəfdə isə belə bir gözəlliyə yaxınlığı dərk edən, baxmağı bacaran, baxmaqla paralel məsələni görmə ilə dəyərləndirib, görmə ilə dərinləşdirənlər isə başlarının üstündə tülu edən o həqiqət günəşini gördü, Onunla nurlandı, Onun boyası ilə boyandı və Onunla dünya-axirət səadətinə qovuşdular.

Yaxınlıq korluğu, yaxınlıq karlığı, demək olar ki, hər əsrdə olduğu kimi, bu dövrə də şamil oluna bilər. Məsələn, dövrümüzdə səhabətək fədakarlıq göstərib haqq və həqiqət yolunda, insanlıq naminə bütün qüvvəsini səfərbər edən adanmış ruhlara yaxınlığın üstün cəhətləri olduğu kimi, mənfi yönləri də vardır. Ərzurumlular buna "Ev danasından öküz olmaz!" məsəlini çəkirlər. Məsələyə bu cür yanaşanlar ilk baxışın, ilk təəssüratın çərçivəsindən kənara çıxa bilməyib çinar kimi cücərib başını torpaqdan çıxaran, sonra qol-budaq atıb böyük bir ağac olan gözəllikləri görmür, "O da bizdən biridir" deyib ona hələ də bir fidan kimi baxırlar.

Rəqabət hissi və gözü tutan pərdə

Zənnimcə, yaxından tanıma imkan və fürsəti ola-ola məsələyə uzaqdan – bu, onlara yaraşmasa da – baxanlar və buna uyğun fikir yürüdənlər yaxınını görə bilməyən "yaxınlıq korları"dır. Kaş mümkün olaydı, bu insanlar "yaxını görmə" eynəyi alıb baxmaqla yanaşı, görməyi də bacaraydılar. Çox təəssüf ki, belə bir eynək yoxdur. Dolayısilə, gözü tutan bu pərdəni qaldırmaq, görməyə mane olan yanlış mülahizələri silib atmaq və dünyanın hər yerinə yayılan bu gözəllikləri görə bilmək insanın öz iradəsini ortaya qoyub baxış bucağını dəyişdirməsindən asılıdır.

Yaxınlıq korluğu ilə yanaşı qısqanclıq korluğu, həsəd korluğu, rəqabət korluğu və s. kimi müxtəlif korluqlar da var ki, dostlar buna hər zaman məruz qala bilərlər. Hətta dinin mübah saydığı rəqabət niyyətli tənafüs (həsəd) də korluğa səbəb ola bilər. Tənafüsa "bir insanın Allahın lütf edəcəyi nemətlərdə məfkurə yoldaşlarından geri qalmamaq niyyəti ilə yarış havasında çalışıb-çabalaması" kimi baxılanda öz-özlüyündə mahiyyətcə mübah olsa da, qaydalarına riayət edilmədikdə, problemə çevrilə bilər. Bu səbəblə Quranın xas tələbələri daha əngin mülahizə ilə belə deməlidirlər: "Qardaşlarım bu gözəl yola girib Cənnət, riza və röyətə can atırlar. O tərəfdə bu gözəl insanlardan cüda düşməmək üçün mən də onlaraın arasında olmalıyam". Yoxsa "Yarışı mən udum!", "Birinci olum!" kimi mülahizələr Haqq yolunda xeyirli bir xidmətdə şeytanın təhriki ilə ortaya çıxan düşüncələrdir, buna görə də məlundur. Eyni şəkildə, əgər diqqətli olmasaq, həsədlə həmhüdud olan qibtə də məluna çevrilə bilər. Bəli, hüdud və sərhəddi qorumasaq, fərqinə varmadan qibtədən həsədə keçə bilərik.

Dizinizin dibində nəşət etmiş olsa belə...

Bu kimi amillər insanda müəyyən korluqlara səbəb olur və bu korluqlar neçə-neçə həqiqətin hədər getməsinə bais olur. Buna görə də insan daima ətrafına qədirşünas meyarlarla baxmalı, harada bir damla həqiqət varsa, onu ehtiramla qarşılamalıdır. Belə ki, həqiqəti uşaqlığı gözünüzün qabağında keçən, hətta dizinizin dibində böyüyən bir adamdan eşitsəniz də, bu, sizi kor etməməlidir. Məsələyə doğru baxmağı bacarmalı və baxdığınız şeyləri olduğu kimi, mahiyyətinə uyğun şəkildə görməyə çalışmalısınız.

Əgər bu olmasa, insanlıq səmasının ayı, günəşi olan peyğəmbərlərdən tutmuş səhabeyi-kiramı, Abdulqadir Geylani, İmam Rəbbani kimi haqq dostlarından Hz. Sahib Qıranı və Ondan da pak və səmimi Anadolu insanının dünyanın hər yanına saçdığı toxumları, əkdiyi fidanları, yetirdiyi ağacları görməmək kimi müxtəlif korluqlara gətirib çıxara bilər. Haqq Təala bir ayeyi-kərimədə:

وَمَنْ كَانَ فِي هٰذِهِۤ أَعْمٰى فَهُوَ فِي الْاٰخِرَةِ أَعْمٰى

"Bu dünyada həqiqəti görməkdə kor olanlar axirətdə də kor olacaq" ("İsra" surəsi, 17/72) buyuraraq dünyada açıq-aşkar həqiqətləri görməyənlərin o biri tərəfdə də korlar kimi mühakimə olunacağını buyurmuşdur. Burada maddi gözün görməməsi qəsd olunmur. Ayədə bir məcaz işlənmişdir. Yəni ayeyi-cəlilədə haqqında danışılanlar baxdığı halda görməyən insanlardır. Qurani Kərimdə məcaz işləndiyini qəbul etməyənlər belə bu ayədə verilən məcazı qəbul etmək məcburiyyətində qalmışlar.

Başqa bir ayədə isə mənəvi korluğa bu ifadələrlə diqqət çəkilir:

لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ اٰذَانٌ لَا يَسْمَعُونَ بِهَۤا

"Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər". ("Əraf" surəsi, 7/179) Ayə qəlbi olsa da, fiqhdən məhrum qalan insanlardan bəhs edir. Yəni bu insanlar əllərindəki millərlə səbəblə nəticə arasında naxış toxuma qabiliyyətindən məhrumdurlar. Bəli, bu talesizlər ömrü qolu-qanadı qırıq düşüncə həyatı ilə keçirir, analiz və sintezdən uzaq yaşayırlar.

Allahu Təala başqa bir ayədə isə korluqla qəlbi qəsd edərək buyurur:

فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلٰكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

"Əslində (maddi) gözlər deyil, köksdəki qəlb kor olur" ("Həcc" surəsi, 22/46). Demək ki, əsas məsələ bəsirət gözünün açılmasıdır (qəlb gözü). Bəli, əsas məsələ basar (göz) deyil, bəsirət gözünün açıq olmasıdır. Çünki bəsirət bağlı olduqdan sonra basarın açıq olmasının o qədər mənası yoxdur. Çünki belə insan doğru görə bilməz, doğru mütaliə edə bilməz, doğru sintez apara bilməz. Yaxşı bəs, bəsirət niyə kor olur? Bu, bayaqdan bəri diqqət çəkdiyimiz xüsuslarla bağlı bir məsələdir. Həsəd, qısqanclıq, həddini bilməmə, baxış bucağını tənzimləyə bilməmə və s. xüsuslar bəsirət korluğuna səbəb olan amillərdir.

Qora çevrilən təqdir hisləri

Burada bir xüsusu vurğulayıb bəzi hislərimi sizinlə bölüşmək istəyirəm. Nə qədər yoldaşların ixlas, səmimiyyət, vəfa və sədaqətini tam və layiqincə təqdir edə bilməsəm də, səy və cəhdlərini görməyə çalışdığımı deyə bilərəm. Bir tərəfdən lazımi səviyyədə onların yanında və arxasında ola bilməməkdən utanc hissi keçirirəm. Digər tərəfdən də vəsilə olduqları gözəl xidmətləri görüb təqdir hisləri ilə dolub-daşır və o hisləri bir məşələ və ya qora çevirib hərarət mənbəyitək canlı saxlamağa çalışıram. Çünki bu gözəlliklərin ən kiçiyinin belə təqdir edilməli olduğunu düşünürəm. Bəli, nemətin qədri bilinər, təqdir edilər və qarşısında şükür və həmdlə boyun bükülərsə, Haqq Təala o neməti artırar. Allah (cəllə cəlaluhu) bir məsələ haqqında "bu belədir" deyə fərman buyuranda artıq onda "and" axtarılmır. Buna baxmayaraq Allah (cəllə cəlaluhu):

لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ

"Əgər (verilən nemətlərə) dil, hal, hərəkət, təfəkkür və zikrlə şükür etsəniz, and olsun sizə (olan nemətimi) artıraram" ("İbrahim" surəsi, 14/7) ifadələri ilə and içərək bu həqiqəti dilə gətirir. Ayənin ardınca isə insanı tir-tir əsdirən, ürək qoparan bir xəbərdarlıq gəlir:

وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

"Yox əgər nankorluq etsəniz, nemətləri görməməzliyə vursanız, (bilin ki,) Mənim əzabım şiddətlidir" ("İbrahim" surəsi, 14/7).

O halda inanan könüllər olaraq bu cür korluqlara tutulmamaq üçün həmişə diqqətli, təmkinli və ayıq-sayıq olmalıyıq. Əgər gözlərimiz kiminsə sayəsində açılıb bəzi həqiqətləri görürsə, biz də haqq və həqiqətə qarşı gözlərimizi həmişə açıq saxlamalı; həqiqət kimin vasitəsilə ortaya çıxırsa-çıxsın, onun qədir-qiymətini bilməliyik. Məsələn, biri beş adama, başqa biri beş yüz adama, bir başqası da beş min adama təsir edibsə, bunların hamısını baş tacı qəbul etməli və alqışlamalıyıq.

Son olaraq bir məsələni də ifadə edim ki, əgər kimsə Haqq Təalanın sizə ehsan etdiyi nailiyyətləri, müvəffəqiyyətləri götürə bilmir, qısqanır, həsəd aparır, hətta bəzən bu hislərini təxribatla büruzə verirsə, siz yenə də canınızı dişinizə tutub səbr etməli, eyni cür qarşılıq, cavab vermə kimi bir səhvi etməməlisiniz.

Bəlkə də bəzi zəif xarakterli insanlar üçün:

وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بِمِثْلِ مَا عُوقِبْتُمْ بِه

"Cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin" ("Nəhl" surəsi, 16/126) ayəsi əsas götürülə bilər. Ancaq ayənin davamı daha üstün davranışı təlqin edib:

وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابِرِينَ

"Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir" ("Nəhl" surəsi, 16/126) üfüqünü göstərir. Buna görə, misli ilə qarşılıq vermə yolunu seçmək əvəzinə "gəlsə cəlalından cəfa, yaxud camalından vəfa, ikisi də cana səfa" deyərək canı dişə tutub dözmək bizim üçün daha xeyirlidir.

Əlbəttə qarşımıza çıxan hər bir hadisədə, hər bir imtahanda bu xüsusları həyata keçirə bilmək üçün də onları təmrinat və alışdırma ilə mütləq ruha hopdurmaq, xarakterin bir dərinliyinə çevirmək lazımdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.