Münafiq əməli, riya və süma

İnanan insan inancı nəyi tələb edirsə, onu yerinə yetirmək mükəlləfiyyətini və məsuliyyətini daşıyır. Bəli, mömin nəyə və necə inanır, hansı gözəlliklərə könül verir və necə düşünürsə, onları öz hərəkət və davranışlarında əks etdirməlidir. Məsələn, Allah-Təala ilə sağlam münasibəti, Rəsuli-Əkrəmə (s.ə.s.) möhkəm bağlılığı olan və bunu təbiətən mənimsəyən bir insan, qəlbən mənimsədiyi bu inanc əsaslarını digər maddi-mənəvi üzvləri ilə də ortaya qoymalı və həyatın hər anında bu imanın tələbini yerinə yetirməlidir. Bu məqsədlə o, ibadətlərini kamil şəkildə yerinə yetirməli, namazlarını layiqincə əda etməlidir. Əlbəttə, bütün bunları "filan kəs görsün, filan kəs eşitsin," deyə deyil, sırf Allahın (c.c.) əmrini yerinə yetirib Onun rizasına qovuşmaq üçün etməlidir.

Digər tərəfdən saleh əməl yolunda gedərkən qəlbimiz həmişə ixlasa zidd təhlükələr qarşısında titrəməlidir. Duyğu və düşüncəmizi təmiz saxlamaq, qəlbimizin saflığını qorumaq üçün də daim səy göstərməliyik. Bu məqsədlə gündə, bəlkə, yüz dəfə: "Allahım! Hislərimizə, xəyal və təsəvvürlərimizə "filankəs görsün, filankəs alqışlasın" kimi fikirlər girməsin. Nə olar! Bizi bir an belə ixlasdan ayırma!" deyə dua edib Allah-Təalaya sığınmalıyıq. Çünki biz insanıq. Müxtəlif zəf və boşluqlarımız var. İçimizdəki bu boşluqlar şeytanın rahat girib-çıxdığı yerlərdir. Şeytan bu mənfəz və boşluqlardan könlümüzə qəlbimizin saflığını, niyyətimizin xalisliyini bulandıran şeylər axıda bilər, axıdıb qəlb və ruhumuzu yaralaya bilər.

Bunu da ifadə edim ki, bir insan şeytanın tələsinə və vəsvəsəsinə qarşı oyaq, diqqətli, əzmkar və qərarlı olsa, (Allahın izni ilə) şeytanın hücumlarına məğlub olmasa, həm vəzifəsini yerinə yetirər, həm də əməl dəftərinə (niyyətinin xalisliyinə görə) böyük savablar yazdırar. Bəli, insan onun xəyal və təsəvvür dünyasına şığıyan və onu sarsıtmaq istəyən bu kimi fırtınalara mətanətlə sinə gərə bilirsə, o, mütləq savabını alar. Bəlkə, birə on, bəlkə, birə yüz, bəlkə də, birə yeddi yüz - mütləq bu cəhd və səyin mükafatını alar.

Bəşəri boşluq və zəflərdən qaynaqlanan, insanın qəlb və ruh həyatını məhv edən riya (göztəriş üçün edilən əməl), süma (eşitdirmək üçün edilən əməl) kimi mənəvi xəstəliklər özünü müxtəlif şəkillərdə büruzə verir. Bəzən birbaşa sırf başqaları görsün, başqaları eşitsin deyə edilən əməllər vardır. Bu, açıq-aşkar nifaq vəsfidir. Bəzən isə əməlin keyfiyyətini yüksək, dərin göstərmək və görülən işlə insanların təqdirini qazanmaq istəyi də ola bilər.

İstəməyə-istəməyə namaza gedənlər

Münafiqlərin ayaqlarını sürüyə-sürüyə, əsnəyə-əsnəyə namaza gəlmələri ilə bağlı Qurani-Kərimdə təsvir olunan bu mənzərə birinciyə misal ola bilər. Ayədə belə buyurulur: "Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər" ("Nisa" surəsi, 4/142).

Peyğəmbər zamanında müsəlmanların hakim olduğu dövrdə münafiqlər ya qənimətdən pay almaq üçün, ya da hər hansı mənafe xatirinə namaz qılırdılar. Buna görə də məscidə istəksiz gəlir, namazı könülsüz qılıb tez-tələsik məsciddən getməyə çalışardılar. Göründüyü kimi münafiqlər namaz dərdində deyildilər, onların dərdi sadəcə belə görünmək, özlərini belə göstərməkdi. Bunlar digər ibadətlərə də şamil olunur. Məsələn, Allahı zikir etmə dərdi olmayan, saatlarla oturub laqqırtı vuran bir insan sırf özünü nümayiş etdirmək məqsədi ilə əlinə təsbeh götürüb birdən-birə zikir edirsə, o da yuxarıda təsvir olunan çərçivəyə daxildir.

Bəzən də insan əməli sırf başqalarına göstərib eşitdirmək üçün deyil, əməlin keyfiyyətini dərin göstərmək üçün edə bilər. Məsələn, bir insan tək olduğu yerdə namaz qılarkən tədili-ərkana ( Namazı onun bütün rüknləri, əsaslarını layiqincə yerinə yetirərək qılmaq. Məsələn: "Səcdəni sükunətlə yerinə yetirmək və iki səcdə arasında "Sübhanallah" deyəcək qədər oturmaq. Qiyamda və rükudan sonrakı qiyamda namazın bütün dualarını diqqətlə oxumaq. Namazın hər rüknünü yerinə yetirmək, tələsik qılmamaq.) riayət etmədən onu başdansovdu edir. Bir dəfə də: ""Sübhanə Rabbiyəl Azim (Uca Rəbbimi tənzih və təqdis edirəm!)" deyib-demədiyi anlaşılmır, rükuya getməklə qalxması bir olur; rükudan qalxanda da tam doğrulmadan dərhal səcdəyə gedir. Səcdəsi də rükudan seçilmir. Halbuki bəzi füqəha (fiqh alimləri) ən az üç dəfə hər hərfin haqqını verərək (həm tələffüz, həm də mənasına diqqət edərək) "Sübhanə Rabbiyəl Ala (Uca Rəbbimi tənzih və təqdis edirəm!)" deyənə qədər səcdədə qalmağı səcdənin səhih olması üçün vacib hesab edir. Tək olanda bu şəkildə - üzr istəyirəm - "süb.. süb.." deyə rüku və səcdəni başdansovdu edən bir insan başqalarının yanında diqqətli, etina ilə namaz qılırmış kimi özünü göstərməyə çalışırsa, hədisin ifdəsi ilə bu şəxsdə "gizli şirk"ə səbəb olan davranış var. Bəli, belə davranışlara şirk qarışar. Çünki burada Allah və Onun rizası deyil, əksinə başqalarının xoşnudluğu nəzərə alınmışdır. Halbuki zahirə əks olunan dərinlik qəlbdə də varsa, dəyərlidir. Yoxdursa, insanın özünü bəyəndirmək üçün dərin görünməyə çalışması çox təhlükəli şeydir və - Allah qorusun, - bu şəxs mömin də olsa, bu davranış əməl dəftərinə şirk (günahı) kimi yazılar.

Halbuki müsəlmanlıq insanları şirkdən qurtarmaq üçün gələn ilahi qanunlar məcmuəsidir. Bir daha xatırladım ki, Allah (c.c.) Allah olduğu üçün məbud, məhbub, məqsud və mətlubdur, ibadət edildiyi üçün deyil. Dolayısilə, bütün mülahizələrin Ona aid edilərək ibadət edilməsi və bu qulluq vəzifəsində heç nəyin Ona ortaq qoşulmaması Onun haqqı, bizim də vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən başqa mülahizələri bu işə qarışdırmaq həmin əməli kirlətməkdir.

İdmanın da bir üslubu var

Tarixi uzaq keçmişə söykənən və mədəniyyətimizdə də güləş, qaçış, "cirit" və s. kimi icad edilən müxtəlif idman oyun müsabiqələri çox təəssüf ki, bu gün kin və nifrətə, döyüş və mübarizəyə açıq zəmində həyata keçirilir.

Qənaətimcə, hər ictimai məsələdə olduğu kimi, bu mövzunun kökdən həlli də öz dəyərlərimizə qayıtmaqda və bu dəyərlər əsasında formalaşan tərbiyə və əxlaq anlayışı ilə insanımızı yetişdirməkdə axtarılmalıdır. Səs-küy qoparan, nalayiq sözlər deyən insanların bizim tərbiyə anlayışımızdan çox uzaq olması açıq-aşkardır və bu eyni zamanda, ümumi mənada cəmiyyətin yenidən inşaya ehtiyac duyduğunu göstərir. Keçmişdə məktəblər, mədrəsələr həm təlim, həm də tərbiyə verərdi. Burada şagirdlərə təhsil verməklə yanaşı, öz mədəniyyətimiz, öz ənənələrimiz və atalarımızdan miras qalan dəyərlər də öyrədilərdi. Alicənablıq, insana hörmət, nəzakət və rəqib ilə belə alicənab davranmaq da məhz bu dəyərlərimizdən idi.

Təəssüf ki, bu gün yetişən nəsillərin belə bir təlim-tərbiyə gördüyünü demək olduqca çətindir. Bu səbəblə, köklü dəyərlərindən məhrum bu təcavüzkar və azğın nəsil küçələrə tökülüb həm özünə, həm də ətrafa zərər verir. Başqa bir yerdə bu nəsil əlisilahlı bir anarxistə çevrilmiş, günahsız insanları öldürməklə məşğuldur. Bir başqa yerdə insanları təxribatla təhrik edib polis və əsgərə hücum edir. Məhz ali və yüksək dəyərlərdən məhrum bu nəsil futbol sahələrində də dava-dalaş və iğtişaşa səbəb olur.

Əgər bu məsələdə həqiqi mənada köklü bir nəticə əldə etmək istəyiriksə, bu dairədə olan insanımızı dinimizin ali və yüksək insani dəyərlərindən xəbərdar etməli, onları "yamanlığa yaxşılıqla qarşılıq vermək" əxlaqına çağırmalı, insana hörmət anlayışını ibadət olaraq onlara mənisətməli, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bir hədisində buyurduğu kimi, bir insanın üzünə gülməyin ibadət olduğunu (Tirmizi, Birr 36) onlara xatırlatmalı, xülasə onları potensial insan səviyyəsindən həqiqi insan üfüqünə yüksəltməliyik. Beləliklə, onları qəsdən incidən, təhqir edən, yaralayan insan xarakterindən uzaqlaşdırıb yolçuların ayağına batmasın deyə yoldan tikanı götürən, insanlara narahatçılıq olmasın deyə yolları daşdan təmizləyən insanlara çevirməyə çalışmalıyıq. Bütün bunlar İslamiyyətin ali əxlaqına daxil olan əsaslardır.

Həftənin duası

Yeri beşik, dağları dirək, günəşi şam, ayı nur, gecəni istirahət üçün örtü, gündüzü dolanışığı qazanma vaxtı kimi yaradan.. Yuxunu hüzur və sükunət vasitəsi edən, göyləri də dam kimi başımızın üstünə çəkən və bütün bunları insan oğlunun əmrinə verən Aləmlərin Rəbbi Allahımız! Taha və Yasin haqqı üçün, Peyğəmbərlərin Sultanı hörmətinə, Hafiz (qoruyub himayə edən) isminlə və sevdiyin qullarını siyanət edib qoruduğun digər isimlərinlə bizi də bütün şər və şərirlərdən (şər iş görənlərdən) hifz et!...

Sözün cövhəri

İnsan fərqinə varıb-varmadan, xəyal xanəsində yaxşı hislərlə yanaşı, fəna hiss və düşüncələri də qonaq edə bilər. Fəna şeyləri xəyal etmək insanı fəna təsəvvürlərə, fəna təsəvvürlər fəna təfəkkürlərə, fəna təfəkkürlər də fəna planlara sövq edə bilər. Bu cür təsəvvür və xəyallarla oturub duran insanların – xüsusilə də, gənclər – arzu olunmaz və dəhşətli fənalıqları etməsi hər zaman mümkündür. Bu baxımdan günaha açılan hər bir xəyal pəncərəsi zəlalətə doğru atılan bir addım deməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.