“Ləğviyat” və mömin

Sual: Allah-taala Qurani-Kərimin müxtəlif ayələrində "ləğv" ifadəsini vurğulayaraq möminlərin ondan üz çevirməsini, uzaqlaşmasını istəyir. "Ləğv" nə deməkdir, hansı söz və hərəkətlər "ləğviyat"a daxildir?

Cavab: "Ləğv" insana dünyəvi-üxrəvi, maddi-mənəvi heç bir faydası olmayan, lazımsız, boş, malayani, füzuli söz və hərəkətlərə deyilir. Həmçinin o, heç bir bilik və təfəkkürə əsaslanmayan, sırf dinə və dindara həqarət və istehza məqsədilə ortaya atılan təhqiramiz, çirkin söz və davranışlar mənasına da gəlir. İndi isə gəlin ayələrdən misallar verərək mövzunu az da olsa, izah etməyə çalışaq.

Bir kəlmə ilə batma!

"Muminun" surəsində həqiqi və kamil möminlərin vəsfləri sadalanarkən:

"وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ

- (O möminlər) hər cür boş, faydasız və mənasız söz və davranışlardan üz çevirər və uzaqlaşarlar," buyurulur. Bəli, mömin maddi-mənəvi heç bir faydası olmayan söz, hərəkət və davranışlardan üz çevirər, uzaqlaşar. Çünki o, axirəti qazanmaq üçün vaxtdan elə istifadə etməlidir ki, yaşadığı zaman kəsiyi axirətdə Peyğəmbərimizlə (s.ə.s.) bir süfrə başında oturmağa və Allahın (c.c.) rizasını qazanmağa, Onun Camalını görməyə vəsilə olsun, dolayısilə bu zaman kəsiyində bütün bu gözəllikləri yaşasın. Buna görə də o, vaxtını ya kitab oxumaqla, ya dua etməklə, ya söhbəti-cananla məşğul olmaqla və ya haqq-həqiqət uğrunda xidmət etməklə, Allah yolunda görülən işlərə – xidmətə mane olan problem və düyünlərə həll yolları axtarmaqla keçirər ki, bunların hər biri ibadət sayılır. Çünki bilavasitə xidmətlə yanaşı, xidmətə yol açmaq da, onun  yolunu təmizləmək də bir xidmətdir. Beləliklə, mömin ömrünü bu kimi xeyir əməllərlə süsləyərək vaxtını boş sözlərlə israf etməz, faydasız iş və məşğuliyyətlərlə qəlb və ruhunda  yaralar açmaz.

Çünki diqqətsiz deyilən sözlər, boş-boş söhbətlər, yerli-yersiz kəlmələr qəlb və ruhu zədələyər, lətifələri (duyğuları, qabiliyyətləri) öldürə bilər. Bu baxımdan, çox təkrarlansa da, Həzrəti Pirin mövzumuzla bağlı olan o dərin məzmunlu sözlərini bir daha xatırlatmaq istəyirəm. O deyir: "Özünü qoru, addımını diqqətlə at, batmaqdan qorx. Bir loğmada, bir kəlmədə, bir dənədə, bir ləmada, bir işarədə, bir öpməkdə batma. Üfüqünə dünyalar sığan istedad və qabiliyyətlərini onda batırma, puç etmə". Deməli, yeri gəlsə, boş söhbət, tək bir söz belə insanın həlakına, başaşağı yuvarlanmasına səbəb ola bilər. Elə isə bizim vəzifəmiz "Leyli sözü söylə yoxsa xamuş! - Sevgilidən danış, əks halda sus!" sözləri ilə ifadə edilən həqiqətini dərk etmək,  mənimsəmək, yaşamaq, yəni ya hər an Sevgilini axtarmaq, "Sevgili" deyib inləmək, ya da susmaq olmalıdır. İnsanlığın İftixarı Peyğəmbərimizə (s.ə.s.) istinad edilən bir mübarək kəlamda da: "Möminin sözü hikmət, sükutu da təfəkkür olmalıdır" buyurulur! Elə isə ağız açıb danışanda ya din-dəyanət, ölkə və idealımız naminə faydalı, mənalı şeylərdən danışmalı, ya da bu faydaları təmin edən təfəkkürə dalaraq sükutu təfəkkür meydanına çevirməliyik. Bəli, insanın danışmadan düşünməyə ehtiyacı vardır. Bəli, udmadan çeynəmək nədirsə, danışmadan düşünmək də odur. İnsan ağızda loğmanı çeynəmədən udarsa, bədəndə müxtəlif xəsarətlərə səbəb ola bilər, hətta bununla həyatını itirə bilər. Eynilə bunun kimi insan, yeri gəlsə, yerli-yersiz, düşünmədən dilə gətirdiyi bir sözlə, sadəcə bir kəlimə ilə lətifələrini, yəni qəlbə məxsus zərif duyğularını şaxtaya düşmüş güllər kimi soldurar.

"Hilm" və "silm" qəhrəmanları

Bura qədər ifadə etməyə çalışdığımız xüsuslar "ləğv"in ilk mənası ilə bağlı idi. Ləğvin ikinci mənası ilə bağlı isə "Qasas" surəsinin bu ayəsinə baxa bilərik. Ayədə Cənabi-Haqq belə buyurur:

وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلاَمٌ عَلَيْكُمْ لاَ نَبْتَغِي الْجَاهِلِينَ

"Onlar boş, mənasız, çirkin sözlər eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!"– deyirlər" ("Qasas" surəsi, 28/55). Ayədə açıq şəkildə ifadə edildiyi kimi, möminlər xoşagəlməz söz və davranışla rastlaşanda cavab vermək əvəzinə bu çirkinliyi eşitməməyə, görməməyə çalışar, deyilənlərə cavab vermədən "Bizim işimiz bizə, sizinki də sizə," deyər, yüksək əxlaq və xarakterlərinə uyğun davaranarlar. Sonra da: "Biz cahillərlə yoldaşlıq etmək istəmirik!" deməklə cəhalətə qarşı müəyyən mövqedə olduqlarını ifadə edib oradan keçib gedərlər.

Qurani-Kərim bu ilahi əmrlə inanan insanları təhlükələrdən qoruyur. Belə ki, müsəlmanlar qarşı tərəfin cahilanə rəftarına eynilə cavab versələr, heç istəməsələr də, günün ifadəsi ilə, provokasiyaya şərait hazırlamış olarlar. Qarşı tərəfin təhrik niyyəti varsa, o zaman inanan insanlar onların səviyyəsinə düşə bilərlər. Halbuki dəfələrlə ifadə edildiyi kimi, ədəb və hörmət bilməyən nadanlar nə deyir-desin, biz hər zaman xarakterimizin tələbini nümayiş etdirməli, üslubumuzu namusumuz saymalı və bu mövzuda güzəştə getməyəcəyimizi ortaya qoymalıyıq.

Buna görə hilm və silmi (yumuşaqlıq və sülh, barışıq) təmsil edən bir möminin bu cür nalayiq, yersiz sözlərlə qarşılaşarkən cavab vermək əvəzinə həmin insanı öz sözləri ilə baş-başa qoyub dərhal uzaqlaşması daha müvafiqdir. Çünki həqiqəti bilə-bilə inkar edib səviyyəsiz üslubla müzakirəyə  girən bir adama nəsə müsbət bir şey izah edə bilməzsiniz. Orada qalmaq haqq-həqiqətə faydadan çox zərər verər. Çünki bir az əvvəl də ifadə edildiyi kimi, hislərə toxunan çirkin və incidici üslub – hərəkət və sözlər sizi istəməsəniz də, qeyri-ixtiyari səviyyəsizliyə çəkər. Halbuki məkan dəyişdirmək gərgin və sıxıntılı əhvali-ruhiyyədən qurtulmaq baxımından çox vacibdir. Belə bir vəziyyətlə qarşılaşarkən onları Allaha həvalə edib üz çevirər və həmin məkandan uşaqlaşarsanız, hislərinizə məğlub olmazsınız. Başqa bir ayədə inanan insanlar belə xəbərdarlıq edilir:

وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ

(Ya Rəsulum!) Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir" ("Ənam" surəsi, 6/68). Bəli, dinin, dəyanətin, dindarın məsxərəyə qoyulduğu yer ilahi qəzəbə yaxındır və buna görə də mömin belə bir vəziyyətlə üzləşərkən həmin məkanda dayanmamalı, ilahi mərhəmətdən məhrum olan məkandan özünə yaraşan şəkildə uzaqlaşmalıdır.

Çiynimizdə illərin laqeydliyi

İnanan insan olaraq əgər bizə öz rəng və öz naxışımızı işləmək imkanı veriləcəksə, ancaq bu zaman belə yerdə qala bilərik. Digər aspektdən bunu da deyə bilərik: Əgər biz öz mənəvi dünyamıza xas gözəllikləri əks etdirib bir sevgi ab-havası canlandıra biləcəyiksə, lazım gəlsə, insanların əyləndiyi, vaxt keçirdiyi məkanlara da baş çəkər, insani dərinliyimizi, mənəvi gözəlliklərimizi oralarda da dilə gətirməyə çalışarıq. Burada əsas olan niyyətin təmiz olmasıdır. Bəli, niyyətin saf və duruluğu ilə müxtəlif mədəniyyət, anlayış və dünyagörüşə malik insanlarla dialoqa girər, onlarla eyni məkanı bölüşər və mənəvi dünyamıza xas gözəllikləri, ruhumuzun ilhamlarını müxatəbimizə çatdırmağa çalışarıq.

Çünki bir vaxtlar belə bir təşəbbüs həyata keçirilmədiyinə görə müxtəlif təbəqələrlə münasibət qurulmamış və bunun nəticəsində bir cəmiyyət olaraq dağınıq, pərişan və dərbədər vəziyyətə düşmüşük. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): "

اذْكُروُا محَاسِنَ مَوْتَاكُمْ، وَكُفُّوا عَنْ مَسَاوِيهِمْ

- Ölənlərinizin gözəl cəhətlərini yad edin, pis cəhətlərini deməkdən çəkinin!" (Ebu Davud, Edeb 50) buyurduğundam bu mövzu ilə bağlı çox şey demək istəmirəm. Lakin hal-hazırda əl uzatmadığımız, imanın, Quranın gözəlliklərindən məhrum olan insanları gördükcə etiraf edim ki, özümü sorğu-suala çəkməkdən saxlaya bilmirəm. Bəli, için-için "niyə?" deyib inləyirəm:

"Niyə bizə düşən vəzifə tam müəyyənləşmədi?
Niyə bu layiqincə yerinə yetirilmədi?
Niyə belə vacib məsələdə ləng tərpənildi?
Niyə, niyə, niyə?…"

Səbəblər uzanıb gedir və inanın bütün bu "səbəblər" bir xəncər kimi ürəyimə saplanır.

Bunları sizin hüzurunuzda dilə gətirərkən əsasa məqsədim bu dərdimi ifadə etmək idi: Gəlin, keçmişimizi sorğulamaq əvəzinə bu dəhşətli günahın bir daha işlənməməsi və gələn nəsillərin hədər getməməsi üçün üzərimizə düşən məsuliyyəti yerinə yetirək. İslamın ruhunu dirçəltmək naminə İslam heyətindən ayrılmadan, yeri gəlsə, yarıya qədər bataqlığa girmək bahasına da olsa, hər kəsə əl uzatmağa çalışaq. Bəli, bir tərəfdən Mövlananın ifadəsi ilə, ayağımızın birini sağlam bir zəminə basıb mərkəzdən uzaqlaşmayaq, digər tərəfdən də könülləri dirçəltmək və qurtuluş axtaran nəsillərin imdadına çatmaq üçün gedə bildiyimiz hər yerə getməyə, ola bildiyimiz hər yerdə olmağa çalışaq.

Və Rəhmanın xas qulları

Əlbəttə ki, bu yolda gözləmədiyimiz, ummadığımız, hesablamadığımız sərtliklə, kobudluqla, cahilliklə üzləşə bilərik. Bu zaman "Furqan" surəsində təsvir edilən Rəhmanın xas qullarının vəsflərini xatırlayacaq və o cahillərin "ləğviyat"ına əhəmiyyət vermədən yolumuza davam edəcəyik. Bəli, "Furqan" surəsində təmkinli, təvazökar və ciddi, yəni oturuşu, duruşu, baxışı, addım atışı, qısaca bütün hal və hərəkətləri möminə yaraşan Rəhmanın qulları belə təsvir olunur:

وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلاَمً

- Rəhmanın (xas) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər" ("Furqan" surəsi, 25/63). Səma mələklərinin yer üzündə bir nümunəsi olan Rəhmanın o xas qulları yeriş, duruş və danışıqlarında nəzakətli, alicənab, həlimdirlər. Və bu fəzilətlər ilk baxışda  diqqəti cəlb edər. Daxildə yetkinləşib zahiri bəzəyən bu davranışlar onların təbii hallarıdır. Çünki onlar daxili aləmin müvazinətini məhz bu anlayışa görə qurub, bu anlayışa görə nizamlayıblar. Bəli, daxili və xarici aləmi etibarilə bir bütöv olan ibadürrəhman (Rəhmanın qulları) Allahı tanımayan və ya bildiyini əməlinə hopdurmayan o cahillərlə qarşılaşanda təhlükəsiz, etibarlı insanlar olduğunu, onlara zərər verməyəcəyini ifadə edər və qarşı tərəfi təhrik edən hər cür hal və hərəkətdən uzaq olar.

Əslində bütün bunlar bu günün insanı üçün son dərəcə vacib həqiqətlərdir. Bəli, bu günün müsəlmanları "Biz bu prinsipləri həyata keçirərək bir Mövlana, bir Yunus Əmrə və bir Həzrəti Piri Muğan kimi hərəkət edib xarakterimizin tələbini nümayiş etdirməliyik. Bu cəhətədən heç kəslə işimiz olmadığını, gizli planlar yürütmədiyimizi, qəlbimizin hər kəsə açıq olduğunu lazım olan hər yerdə yorulmadan, usanmadan ifadə etməli və İslamın sülh dini olduğunu göstərməliyik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.